Salam, xoş gəlmisiniz.

Beynəlxalq nəşriyyat ADPU-nun professorunun kitabını nəşr etdi

2019-04-02 11:01:11

Beynəlxalq nəşriyyat ADPU-nun professorunun kitabını nəşr etdi

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəri, professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi dünyanın ən nüfuzlu nəşriyyatı və yayım təşkilatı olan “LAMBERT Academic Publishing” tərəfindən çap olunmuşdur. Professor E.Quliyev uzun illərdir ki, Türk və Şərq dünyası ədiblərinin həyat və yaradıcılığının araşdırılması ilə məşğuldur. Belə ki, müxtəlif illərdə professor E.Quliyevin “M.Şəhriyar: Gəldim sizi görməyə” (Bakı, 1992), “S. Tahir. Lirika” (Bakı, 1992), “M. Şəhriyar. Heydərbabaya salam” (Bakı, 2004),“Türk xalqları ədəbiyyatı” (Bakı, 1998), “Şərq xalqları ədəbiyyatı” (Bakı, 1998), “Ümumtürk ədəbiyyatı” (Bakı, 2005), “Qədim türk ədəbiyyatı” (Bakı, 2010), “Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri” (Bakı, 1997), “Seyid Məhəmmədhüseyn Şəhriyar” (Bakı, 1999), “Müasir Özbək ədəbiyyatı tarixi” (Bakı, 1999), “Heydərbabaya salam” necə varsa” (Bakı, 2001), “Türkiyə türk ədəbiyyatı” (Bakı, 2003), “Şəhriyar poeziyası və milli təkamül” (Bakı, 2004), “Şəhriyar poetikası” (Bakı, 2006, birgə müəlliflə), “Özbək ədəbiyyatı” (Bakı, 2009), “Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri” (Bakı, 2010, birgə müəlliflərlə), “Orta əsrlər türk xalqları ədəbiyyatı” (Bakı, 2010), “Türk xalqları ədəbiyyatı” (Bakı, 2009; 2011), “Şərq xalqları ədəbiyyatı”, 2 cilddə, (Bakı, 2011), “Qədim və orta əsrlər türk xalqları ədəbiyyat” (Bakı, 2012), “Türk xalqları ədəbiyyatı” (Bakı, 2017) və s. kitabları işıq üzü görmüşdür.Məlumdur ki, müstəqillik illərindən başlayaraq, türkologiya sahəsi yeni istiqamətdə inkişaf etməyə başladı. Bu sahənin bünövrəsini qoyanlar sırasında professor E.Quliyevin özünəməxsus yeri var. Professor E.Quliyev ilk dəfə olaraq ali məktəblər üçün türk xalqları ədəbiyyatının tədrisi ilə bağlı proqram hazırlamış və vahid bir dərslik ərsəyə gətirmişdir. Bu gün bütün ali məktəblər professor E.Quliyevin müəllifi olduğu “Türk xalqları ədəbiyyatı” dərsliyindən bəhrələnməkdədir. Bununla yanaşı, professor E.Quliyev türkologiya sahəsində bir sıra xidmətlər göstərmiş, neçə-neçə türkoloqun yetişməsi naminə əlindən gələni əsirgəməmişdir. Professor E.Quliyev göstərdiyi xidmətlərə görə dövlət və beynəlxalq təşkilatların bir sıra mükafatlarına layiq görülmüşdür.

Çağdaş türkologiyaya dəyərli bir töhfə verən professor E. Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi özündə bir sıra mühüm nəzəri və elmi mülahizələri əks etdirən yüksək səviyyəli bir kitabdır. Dərsliyin beynəlxalq nəşriyyat tərəfindən çap olunaraq beynəlxalq miqyasda yayılması isə olduqca təqdirəlayiq haldır.

“Türk xalqları ədəbiyyatı” dərsliyi müəllifin ən dəyərli kitabları sırasında yer almaqdadır. Belə ki, Turan dünyasının ədibləri haqqında araşdırmaların, məlumatların yer aldığı bu dərslik Azərbaycanda olduğu kimi, dünya miqyası üçün də dəyərli bir elmi mənbə və bilik xəzinəsidir. “Türk xalqları ədəbiyyatı” dərsliyi gərgin əməyin və zəhmətin məhsuludur. Çünki burada ən qədim türk dastanlarından başlayaraq çağdaş dövrədək özbək, türk, qazax, qırğız, tatar, türkmən və s. xalqların şair və yazarlarının həyatı, eləcə də yaradıcılığı yer almaqdadır. Hər bir xalqın ədəbiyyatı haqqında dolğun təəssürat yaradan bu dərsliyin elmi dəyəri olduqca yüksəkdir. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə Bakıda nəşr olunan bu kitab bu gün türk dünyasının bir çox ali məktəblərində kifayət qədər tanınan və tələbat yaranan kitablar cərgəsində yer alır. Dərsliyin elmi redaktoru professor Himalay Qasımov, rəyçiləri isə akademik İsa Həbibbəyli, akademik Gövhər Baxşəliyeva, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev, professor Əsgər Rəsulov, professor Nizami Tağısoy kimi ziyalılarımızdır. Belə ziyalı insanların kitaba rəy vermələri dərsliyin elmi sanbalından, dəyərindən xəbər verən mühüm məqamdır.

Daha öncə qeyd etdiyimiz kimi, professor E.Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyinə artıq dünya miqyasında tələbat yaranmışdır. Bu tələbatı nəzərə alan “LAMBERT Academic Publishing” nəşriyyatı kitabı çap edərək dünya miqyasında yaymağa başlamışdır. Belə ki, adıçəkilən nəşriyyat professor E. Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabını nəşr etdikdən sonra Amerika və Avropada, ümumən dünya miqyasında tanıtmağı və yaymağı nəzərdə tutur. Qeyd edək ki, kitab İSBN 978-613-9-45859-2 beynəlxalq kodu ilə çap olunmuşdur. Professor Elman Quliyevin müəllifi olduğu “Türk xalqları ədəbiyyatı” dərsliyinin dünya ölkələrinin ali məktəblərində və kitabxanalarında yer alması həm də Azərbaycan elminin uğurundan xəbər verir.

Biz də Elman müəllimi bu münasibətlə təbrik edir və yeni-yeni elmi uğurlar arzulayırıq.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru