Bir gün geri dönmək ən böyük istəyi idi – II HİSSƏ

1

Böyük Nazim Hikməti xatırlayarkən

Nazim Hikmət həbsdə olanda ona su ilə edilən işgəncələrə görə sudan nifrət edirdi. Yuyunduğunu heç vaxt görmədim. Buna görə də həmişə Qalina xanımla dava edərdi…

Taleyin qəribə gəlişmələri var. Bəlkə də ən böyük xoşbəxtliyim elə qəribə taleyimin gəlişmələrində iki böyük sənət fədaisinin ailəsində dünyaya göz açmağımdır. Özümü dərk edəndən müxtəlif zaman kəsiklərində bir şəxs haqqında daha çox söhbətlərin şahidi olurdum. Hətta deyim ki, bu söhbətlərə mərhum valideyinlərim Respublikanın Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva ilə yanaşı Gəncəmin Xan Çinarı olan Altay Məmmədovun, Gəncə yazarlarının mənəvi anası şairə, dramaturq Fəridə Əliyarbəylinin və onun ömür-gün yoldaşı Kəramət Tağızadənin, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Bağır Bağırovun da dəfələrlə qoşulduğunun şahidi olurdum. İlk vaxtlarda o qədər də dərindən bu söhbətləri anlamasam da sonralar orta məktəbin yuxarı siniflərində artıq Nazim Hikməti tanımağa başladım. O Nazim Hikmət ki, həbsdən canını qurtarsa da türk hökuməti onu əsgərliyə çağırdığı üçün Moskvaya qaçmışdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/bir-gun-geri-donm%c9%99k-%c9%99n-boyuk-ist%c9%99yi-idi/)

2015-ci ilin mart ayında yaradıcılıq məsələləri ilə bağlı bir müddət Bakıda yaşamalı oldum. Eyni qaydada demək olar ki, günaşırı iş saatlarından sonra Aqşin Babyevlə görüşür, Park Bulvar ərazisində bir xeyli söhbət edirdik. Bir gün eyni qaydada görüşərkən onunla birlikdə nurani ağ saçlı şəxslə gəldiyini gördüm. Müəllimim bizi tanış edərək dedi: “Anar, oğlum tanış ol, bu Çingiz Fərəcovdur. Eşitmisən belə bir adam? Sənə burada bir faktı da deyəcəm ki, daha yaxından tanıya biləsən. Çingiz müəllimi Nazim Hikmət övladlığa götürüb”.

Bu tanışlıqdan sonra Çingiz müəllimə olan marağım daha da artı və ondan Nazim Hikmət haqqında danımasını xahiş etdim. Çingiz müəllim bir xeyli mavi dənizi seyr etdi. Sanki xəyallarında yenə də böyük Nazim Hikmətlə dərdləşirdi. Bir anlıq sükut mavi dənizin dalğalarının səsi ilə əvəzləndi: “1952-ci ildə 10 yaşında bir uşaq idim. Füzulidəki uşaq evlərinin birində qalırdım. Bu zaman SSRİ-yə aid bütün uşaq evlərindən 100 uşaq seçilərək Moskvaya aparılacaqdı. Məni də bu qrupa daxil etdilər. Bakıya gəldik, bizi konfrans salonlarından birinə yığdılar. Nazim Hikmətin şeirini səhvsiz və əzbərdən dedim. Hamı məni böyük sevinclə alqışladı. Paltarlar tikildi və qatarla üç günlük səfərdən sonra Moskvaya çatdıq. Bizi Dilarə Salamovaya tapşırdılar. Burada Dilarə xanım mənə “Sabah Yazıçılar Birliyinə gedəcəyik, bir çox yazıçıyla tanış olacaqsınız. Hətta Stalin də orda olacaq”, – dedi.

Stalini görməyi biz heç xəyal belə etməzdik. Növbə ilə o dövrün şairlərinə aid şeirləri söylədik. Mənim növbəm sona yaxın idi. Şeri söylədim. Bəyənildi, alqışlandı. Qabaq sıradan uzunboylu, dalğalı saçlı, qızılı bığlı biri mənə yaxınlaşdı. Məni qucaqladı, öpdü. Onu tanıyıb-tanımadığımı soruşdu. “Tanımıram” deyincə, bildirdi: “Dediyin bu şeiri mən yazmışam. Nazim Hikmət”.

Haralı olduğumu soruşdu. Mən rusca yaxşı bilmirdim. Dilarə xanım yanımıza gəldi. Uşaq evində böyüdüyümü biləndə yenidən bir neçə dəfə mənə sarıldı. Dedi: “Mənim də sənin yaşda bir oğlum var, amma məndən çox uzaqdadı”.

Məni gəzməyə aparmaq üçün icazə istədi. Yanında bir qadın da vardı. Qalina Qriqoryevna Kaleşnikovanın həyat yoldaşı və həkimi olduğunu söylədi. O gün məni Moskvada gəzdirdilər. Nazim Hikmət mənə ağ köynək və şalvar aldı. Bütün günü yedik, içdik, gəzdik. Nazim əmi elə hey ağlayırdı. Axşam olan kimi məni otelə apardılar. Səhəri gün Azərbaycana geri qayıtdıq.

Qısa zaman kəsiyində uşaq evi Şuşaya köçürüldü. Bir gün müəllimim məni rayon rəhbəri İdris Məhərrəmovun yanına gətirdi. O, Nazim Hikmətin məni övladlığa götürmək istədiyini, Moskvaya aparıb oxudub böyüdəcəyini bildirdi. Məndən getmək istəyib-istəmədiyimi soruşdu. Tərəddüd etmədən getmək istədiyimi dedim. Müəllimimlə birlikdə Moskvaya gəldik. Vağzalda bizi Nazim Hikmət və Qalina xanım qarşıladılar. Evlərinə getdik. İki mərtəbəli, balkonlu çox gözəl bir ev vardı. Onlarla qaldığım zamanda mənimlə çox yaxşı rəftar edirdilər. Demək olar ki, həyatım bir şeirlə tamamilə dəyişmişdi. Təzə məktəbə gedirdim, çoxlu dostlarım hətta oyuncaqlarım da vardı. Bütün bunlar mənə yuxu kimi gəlirdi.

Nazim Hikmət həbsdə olanda ona su ilə edilən işgəncələrə görə sudan nifrət edirdi. Yuyunduğunu heç vaxt görmədim. Buna görə də həmişə Qalina xanımla dava edərdi. Hər zaman Nazim əmini losyonla silib təmizləyirdi. Qalina xanım həkim idi və onu həmişə müayinə edirdi. Türkiyə sevgisi həmişə Nazim Hikməti ağladırdı. Bir gün geri dönmək onun ən böyük istəyi idi. Rusca yaxşı bilmədiyimdən öyrəşə bilmirdim, vətənimdən ötrü darıxırdım. Hər dəfə geri qayıtmaq istəyəndə Nazim Hikmət məni fikrimdən çəkindirməyə çalışırdı. Bir məsələ vardı, bunu Qalinaya deməməli idim, ancaq dedim. Buna görə Qalina Nazimlə dava etdi, səs-küyə qonşular gəldi. Nazim əmi mənə bir sillə vurdu. Həmin gün geri qayıtmağa qərar verdim. Qonşuların köməyi ilə yük qatarı ilə beş günə Bakıya, oradan da Şuşaya çatdım.

Amma Nazim Hikmət məni heç unutmadı, həmişə məni axtardı, hədiyyələr göndərdi. Bir neçə dəfə də Bakıya gələrkən görüşdük. O, 1963-cü ildə vəfat edəndə dəfninə getdim. Münəvvər xanım və Məhmət də gəldilər. Moskvada dəfn olundu. Nazim Hikmətlə hər dəfə görüşəndə deyirdi: “Ən böyük arzum bir gün Türkiyəyə geri dönməkdi. O da olmasa məzarım orda olsun mənə bəs edər”.

Mən lap sonralar bildim ki, Çingiz Əliş oğlu Fərəcov Azərbaycanda uzun illər məsul vəzifələrdə çalışıb, son olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” MMC-nin Texnologiya şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Təəssüf ki, Çingiz müəllim 15 dekabr 2016-cı ildə qəflətən ürək tutmasından vəfat etdi.

İndi düşünürəm ki, məhz bu şəxslərin sayəsində böyük Nazim Hikməti daha yaxşı tanıya bilmişəm. Hər birinizin əziz xatırəsi mənə Nazim Hikmət tək doğmadır. Ruhunuz şad olsun.

Anar  Burcəliyev, teatrşünas