Salam, xoş gəlmisiniz.

Bir təyinatın sirri: İqtisadi cinayətkarlığa qarşı daha EFFEKTLİ MÜBARİZƏ

2019-06-21 19:30:53

Bir təyinatın sirri: İqtisadi cinayətkarlığa qarşı daha EFFEKTLİ MÜBARİZƏ

“Çörəyi ver çörəkçiyə, birini də üstəlik”.
Qədirbilən Azərbaycan xalqının bu atalar sözü işinin əhli olan şəxslərə verilən ən gözəl qiymətdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Əli Nağıyevi DTX-ya rəhbər təyin etməsi də məhz bu niyyətdən irəli gəlir. Çünki həqiqətən də Əli Nağıyev öz işinin ustasıdır. Onun hələ mərhum Prezidentimiz Heydər Əliyevin zamanında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbər təyin olunması bu mənada təsadüfi deyildi. Məhrum Prezidentimiz təcrübəli dövlət başçısı olduğu kimi, həm də təhlükəsizlik sahəsinin ən yaxşı bilicilərindən idi. Milli dövlətimizin ilk quruculuq illərində ən strateji sahələrdən sayılan iqtisadi təhlükəsizlik işinin Əli Nağıyevə həvalə edilməsi ona bəslənən etimadın göstəricisi idi.
Təcrübəli və dövlətçiliyimizə sədaqətli generalın öz işinin öhdəsindən ləyaqətlə gəlməsi Prezident İlham Əliyevin də gözündən yayınmadı. Cənab Prezident hakimiyyətə gəldiyi ilk aylarda Əli Nağıyevi daha yüksək vəzifəyə gətirdi, 2004-cü ildə onu Milli təhlükəsizlik nazirinin birinci müavini təyin etdi. Üzərindən 2 il keçdikdən sonra yenə Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı Sərəncamla Əli Nağıyevə general-mayor hərbi rütbəsi verildi. İstər mərhum ulu öndərin, istərsə də onun siyasi varisinin Əli Nağıyevə bu qədər etimad bəsləməsi səbəbsiz ola bilməzdi. Görünür, hər iki siyasi lider Əli Nağıyevin dövlətə və onun rəhbərinə sədaqətini dəfələrlə sınamış, savadını, iş qabiliyyətini yüksək qiymətləndirmişdilər.
Hər bir böyük şəxsiyyətin düşmənləri də çox olur. Onların öz karyeralarında qazandıqları hər uğur kimlərinsə kürkünə birə saldığından yeni düşmənlər, rəqiblər meydana gətirir. Sözsüz ki, dövlətçilik və ölkə rəhbərliyi qarşısında qazandığı etimad Əli Nağıyevin də nüfuzu kimi, düşmənlərini də artırırdı. Xüsusilə Azərbaycanın inkişafını istəməyən xarici qüvvələr və onların yerli əlaltıları Əli Nağıyev kimi vətəninə bağlı şəxsiyyətlərin ucalmasını öz məkrli siyasətləri üçün təhlükə mənbəyi kimi görür, nəyin bahasına olursa olsun, belə insanları öz postundan uzaqlaşdırmağa, müxtəlif bəhanələrlə ali siyasi rəhbərliyin gözündən salmağa çalışırdılar. Etiraf etməliyik ki, buna qismən nail ola bildilər də. Yalançı çuğulçuların məkrli təbliğatları nəticəsində General-mayor Əli Nağıyev 11 aprel 2011-ci il tarixində milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edildi. Amma belə bir peşəkar insanın tamamilə işsiz qoyulması da dövlətçilik maraqlarına cavab vermirdi. Görünür, elə bu səbəbdən işdən azad olunandan cəmi 1 ay sonra Əli Nağıyev yeni bir posta təyin olundu: 12 may 2011-ci il tarixində Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə.
Sözsüz ki, bu vəzifə Əli Nağıyev kimi bir peşəkarın əyninə çox dar gəlirdi. Bir çox xudpəsəndlərdən fərqli olaraq, hörmətli general isə ona həvalə edilən yeni işinə də yuxarıdan aşağı baxmadı, yenə eyni sədaqət və təcrübəsini nümayiş etdirərək şəxsinə bəslənən etimadı doğrultmağa çalışdı. Məhz bu xidmətləri ilə də amal və qayəsinin vəzifə deyil, Vətənə xidmət etmək olduğunu sübuta yetirdi. Sübuta yetirdi ki, mövzu dövlətin milli maraqlarıdırsa, Əli Nağılyev hətta sıravi bir əsgər kimi də ona həvalə edilən vəzifə borcunu yerinə yetirməyə hazır və qadir şəxsiyyətdir.
Əli Nağıyevin düşmənlərinin isə, gec də olsa, əsl simaları gün üzünə çıxdı. Maskası cırılan Eldar Mahmud çetesinin təkcə Əli Nağıyevə deyil, həm də Azərbaycan dövlətçiliyinə düşmən kəsildiyi təsdiqləndi. Məlum oldu ki, əslində onların Əli Nağıyev kimi dövlətçi xadimlərininə düşmən kəsilmələrinin də kökündə daha dərin mətləb yatırdı. Bəlkə də bu cür dövlət adamlarının hədəf seçilməsi milli maraqlara bağlılqlarından irəli gəlirdi.
Əli Nağıyevin tam 8 ildən sonra yenidən DTX-ya, həm də daha yüksək posta qaytarılması taleyin Azərbaycan dövlətinə qarşı olan qüvvələrə ironiyasıdır. Türklər demişkən, “son gülən iyi gülər” aforizminin təzahürüdür.
Fikrimcə, Əli Nağıyevə 8 ildən sonra bugünkü yüksək postun həvalə edilməsinin əsas səbəbi onun uzun illər boyu qazandığı təcrübə və bu təcrübənin millli təhlükəsizlik strategiyasının tələblərinə cavab verməsi ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Əli Nağıyevin dövlət təhlükəsizliyi sahəsindəki karyerası iqtisadi cinayətkarlığa qarşı mübarizə ilə başlayıb. Uzun illər MTN-nin müvafiq şöbəsinə rəhbərlik edən Əli Nağıyev dövlət əmlakının dağıldılmasına bacardığı qədər mane olmuş, daha sonra nazirin I müavini kimi fəaliyyətini daha effektli davam etdirmək fürsəti qazanmışdır. MTN-dəki işindən uşaqlaşdırıldıqdan sonra Əli Nağıyevə verilən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin sədr müavini vəzifəsinin də əsas hədəfi mahiyyət etibarilə iqtisadi cinayətkarlığın qarşısını almaqdır.
Maraqlıdır ki, məhz Əli Nağıyev MTN-dəki postundan uzaqlaşdırılandan sonra Azərbaycan iqtisadiyyatında arzuolunmaz hadisələr yaşanmışdır. Eldar Mahmudovun komandası bir yandan Azərbaycanın qeyri-neft sektorunda çalışan iş adamlarını soyur, digər yandan isə MTN nazirinə arxalanan Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev müxtəlif vasitələrlə ölkəmizin maliyyə gücünün xaricə daşınmasına şərait yaradırdı.
Dövlətimizin iqtisadi təhlükəsizliyinə qarşı vurulmuş bu ağır zərbənin nəticələri bu gün də davam edir. Ölkəmiz bir ovuc məkrli insanın pul hərisliyi və xarici güclələrə bağlılığı nəticəsində qaçırdığı fürsətləri yenidən əldə etməyə çalışır. Belə mənfi tendensiyalara qarşı daha operativ və peşəkarcasına mübarizə aparılmalı və cənab Prezidentimizin dediyi kimi, əzmlə qeyri-neft dönəminə qədəm qoyulmalıdır. Xüsusilə dünya bazarında enerji daşıyıcılarının yenidən ucuzlaşması şəraitində Azərbaycan ənənəvi neft siyasətinə bel bağlaya bilməz. Belə bir vəziyyətdə ölkəmizi dərin böhrandan çıxara biləcək yeni iqtisadi təhlükəsizlik siyasətinə ehtiyac var. Görünür, Prezident də indiki mərhələdə iqtisadi təhlükəsizlik siyasətini ən vacib məsələ olaraq görür və DTX-ni də məhz buna görə Əli Nağıyevə həvalə edib.
Mən iş adamı olaraq bu təyinatı alqışlayır və Əli müəllimə yeni postunda yeni-yeni uğurlar arzulayıram.
Vaqif Əsədov
İş adamı


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru