“Bizə ayrılan mənzili başqasına veriblər” – Məcburi köçkün “Qaçqınkom” rəhbərliyini İTTİHAM EDİR

30 May, 2020, 12:38
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Vüsal Zeynalov: “84 yaşında anamı aldadan adamlar məsuliyyətə cəlb olunsunlar”

Taleh Tanrıverdiyev: “Mən onu qeydiyyata almada iştirak etməmişəm”

Möhlət Nəzərov: “Vüsal Zeynalovu heç kim aldatmayıb”

İndiyədək ümumilikdə məcburi köçkünlər üçün 4 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik, həyətyanı sahəsi olan fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 110 müasir qəsəbə və yaşayış kompleksi salınmasına rəğmən, hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər var. Təəssüf ki, ağır yataqxana şəraitində, uçuq-sökük daxmalarda yaşayan məcburi köçkünlər bu ağır şəraitə dözmək məcburiyyətindədirlər. Baxmayaraq ki, məcburi köçkünlərin sosial problemlərinin həllinə indiyədək ümumilikdə 7,7 milyard manata yaxın vəsaitin sərf olunduğu bildirilir. Əslində, əksər dövlət qurumlarında korrupsiyanın, rüşvətin tuğyan etdiyi bir vaxtda bu vəsaitin hamısının məcburi köçkünlərə sərf olunması özü də sual doğurur. Bu, məcburi köçkün və qaçqınların mətbuatda yer alan şikayətlərində də özünü aydın göstərir. Hətta sosial şəbəkələrdə və mətbuatda məcburi köçkün olmayan vətəndaşlara belə, rüşvətlə mənzillərin verilməsi də vurğulanır ki, bu da məsələnin araşdırılmasını zəruri edir.  Araşdırılması zəruri olan faktlardan biri isə Ağdam rayonu, Umudlu kənd sakini, Tərtər rayonu Mamırlı yol ayrıcında yaşayan məcburi köçkün Zeynalov Vüsal Yəhya oğlu ilə bağlıdır. Hansı ki, o, bir müddət öncə, sosial şəbəkə üzərindən rayon rəhbərliyindən və “Qaçqınkom”un nümayəndəsindən prezident İlham Əliyevə şikayət edib.

V. Zeynalov “Hürriyyət”ə deyir ki, onun şikayəti bu qəzetdə gedəndən sonra da nə icra hakimiyyətindən, nə də “Qaçqınkom”dan onlarla maraqlanan olmayıb: “Mənim evimi şəxsən yazıb verməyən “Qaçqınkom”un departament rəhbəri Natiq Hüseynovdur. Evi yazan odur, o, yazmasa, ev verilmir. Tərtər icra başçısının müavini Abbas Cavadov və rayonun “Qaçqınkom” idarəsinin rəhbəri Möhlət Nəzərov heç maraqlanmırlar da. Çox acınacaqlı bir vəziyyətdə qalmışam. Hazırda mən Tərtərin Qapanlı kəndində şərəfsiz ermənilərlə 300 metr məsafədə yaşayıram. Məcburiyyət qarşısındayam, anam iflicdir. 2017-ci ildə cənab prezident Tərtərdə Şıxarx qəsəbəsinin tikintisi üçün sərəncam verəndə həmin ev qeydiyyatında mənim də, anamın da adı var idi. Mən anamın üstündəyəm. Bunlar əlbir oldular, anamın yaşlı olmağından istifadə etdilər. Şəxsən “Qaçqınkom”un rayon şöbəsinin rəhbəri Möhlət Nəzərov özü də təsdiqlədi ki, adınız bu siyahıda var. Əhali köçürüləndən bir həftə qabaq mən qonşuda ot yığırdım, gəldilər bizi də qeydiyyata aldılar. Tərtərin “Qaçqınkom”u Möhlət Nəzərəv, icra nümayəndəsi İdris müəllim gəlmişdi. Bizi qeydiyyata aldılar ki,  geridə qalan qaçqınların hamısını Tərtərə köçürəcəyik. Ağdamın icra nümayəndəsi Taleh Tanrıverdiyevin yanında bizim evimiz yazıldı. Sənədləri aldılar ki, “verin, yazaq, sizi köçürək”. Mən də sənədləri verdim. Dedi, “qonşuları da yazaq, bir yerdə köçəcəksiniz”. Qonşuların hamısını köçürdülər, məni kimsəsiz görüb saxladılar. İndi də evim uçub. Səsim də cənab prezidentə çatmır. Mən bilirəm ki, cənab prezidentin bundan xəbəri yoxdur, əks halda mən orada qalmazdım. Bunlar əlbir olublar. Mən şər atmıram. Natiq Hüseynov mənim nömrəmi “qara siyahı”ya atıb, mən sözümü deyə bilmirəm. Yaxşı, bu evləri ağır şəraitdə yaşayan adamlara verirsənsə, mənim də gəlsin, şəraitimlə tanış olsun. O boyda Tərtər torpağında məndən ağır şəraitdə yaşayan bir insan yoxdur, axırda evim uçdu. Mən yenə də çöllərdə qaldım. Gəldin, məni qeydiyyata aldın ki, “sənə ev verirəm”. Niyə məni aldatdın? Niyə mənim anamın yaşlı olmağından istifadə etdin? Tərtər “Qaçıqınkom”una dəfələrlə müraciət etmişəm, özü də ağdamlıdır, bizim kəndçidir. Yalandan mənim ağzımı yumur, deyir, “narahat olma, tapşırmışam”. Deyirəm, necə tapşırmısan ki, məni qeydiyyata aldılar, ancaq mənim eivmi başqa şəxsə verdilər?! Deyirəm, mənim evimi satdınızmı, kiməsə verdinizmi,  bilmirəm, nə üsullasa vermədiniz. Deyir,  “narahat olma, mən Natiq müəllimə demişəm, köməkdarlıq edəcək”. Bu, yalandır, iki ildir mənə kömək etmir. Mənim nömrəmi “qara siyahı”ya salıb. Mən belə başa düşürəm ki, bunlar əlbirdir.  Qonşularım hamısı köçdülər. Belə çıxır, mənim pulum olmayıb ki, köçəm”.

“Şıxarx qəsəbəsində 30 boş mənzil var”

“Şikayətdən sonra Natiq Hüseynov Tərtərin “Qaçqınkom”una zəng edərək deyib ki, “Vüsal Zeynalova mən Ağdamda ev vermişəm, istəmir”. Denən ki, guya, “burada ev yoxdur”. Amma fakt Şıxarx qəsəbəsində 30 boş mənzil var. Deyir, “Vüsal Zeynalova denən ki, Ağdamdan ev verək, ora köçürək”. Dedim, mənim qonşularım, qohum-əqrabam Şıxarxa köçürüldü, anam ölüm ayağındadır. Mənim Ağdamda nə işim var? 2018-ci ildə Ağdamda ev tikilmirdi, axı. Həmin vaxtı mən orada tək qalmışdım, deyərdin ki, “orada ev yoxdur, Ağdamdan verirəm”. Bu, yalan ifadədir. Sadəcə olaraq burada üzləşmək lazımdır. Mənim ərizəmdə yazılıb. Əgər mən yalan deyirəmsə, mənim qoluma-ayağıma qandal vurulub, həbsə getməyə razıyam. Yox, əgər onlar yalan deyirsə, onlar məsuliyyətə cəlb olunmalıdır. Onlar birbaşa hökumətin, millətimizin, prezidentmizin adına ləkədirlər. 84 yaşında anamı aldadan adamlar məsuliyyətə cəlb olunsunlar”,-deyə şikayətçi tələb edir.

“Mənimlə qonşu olan Şıxarx qəsəbəsinə köçənlərin kommunalı haradan idi?”

V. Zeynalovun sözlərinə görə, onların yaşadıqları ərazidə olan bütün məcburi köçkünlərin kommunal təlabatlarını Bərdə rayonu Uğurbəyli kəndi verir: “Bunlar özlərini təmizə çıxarmaq üçün ortaya bir variant da atırlar, deyirlər  ki, “Zeynalov Vüsalın kommunalı Uğurbəylidən çıxır”. Mən bunu başa düşdüm, çıxsın. Mənimlə qonşu olan Şıxarx qəsəbəsinə köçənlərin kommunalı haradan idi? Nə Tərtərdən, nə də Ağdamdan ora kommunal xətti gəlmir. Oranın bir kommunal gələn yeri var, o da Bərdə rayon Uğurbəyli kəndidir. Biz məcburi köçkün kimi Tərtər torpağında məskunlaşmışıq. Bizim qaldığımız yer Tərtər  rayon Mamırlı yol kənarında yol ayrıcıdır. Qaçıqınlar o vaxt gəlib burada məskunlaşıb. Mən Tərtər torpağında olduğuma görə, Tərtərdə salınan qəsəbəyə köçürmək üçün bizi qeydiyyata almışdılar. Onlar yalan ifadə verir. Dəfələrlə kompyuterə vurublar, bizim kommunal həmişə oradan çıxıb, nəinki mənim, bütün qaçqınların hamısının da”.

“Cənab prezident, bizi qəbul edin, çox acınacaqlı  vəziyyətdəyik”

V. Zeynalov qeyd edir ki, o, Rövşən Rzayevin də qəbulunda olub: “Məni ora çağırımışdılar, amma aldadıblar, söz veriblər ki, “baxılacaq, narahat olma”, amma köməkdarlıq etməyiblər. “Qaçqınkom”da Eldar Zeynalovun da yanında olmuşam. Rövşən Rzayev özü rayona gələndə də yanında olmuşam. Onda da müraciətimə baxılmayıb. Yalandan deyirlər ki, “köməklik olacaq”, etməyiblər. Xahiş edirəm, cənab prezident, bizi qəbul edin, çox acınacaqlı vəziyyətdəyik.

Mən həmçinin DTX rəhbəri Əli Nağıyevə, baş prokuror Kamran Əliyevə müraciət edirəm, xahiş edirəm, bizi qəbul edin, bu iş ciddi araşdırılsın. Bunlar mənə və anama zülm veriblər, suyun içində yaşamaqdan və fikirdən anamı iflic etdilər. Bizi aldadıb haqqımıza giriblər. Bizə ayrılan mənzili başqasına veriblər”.

V. Zeynalov onu da nəzərə çatdırdı ki, Rövşən Rzayevin qəbulundan çıxandan sonra, Komitənin Faiq adında işçisi onu təhqir edərək qovub.

“Mən “Qaçqınkom”da işləmirəm ki, kiməsə ev verəm”

Ağdamın icra nümayəndəsi Taleh Tanrıverdiyev V. Zeynalovun şikayəti ilə bağlı “Hürriyyət”ə deyib ki, Azərbaycan Respublikasında ev paylama işinə  “Qaçqınkom” və onun yerli rayon şöbələri baxır: “Mən “Qaçqınkom”da işləmirəm ki, kiməsə ev verəm. O, yalan deyir. Mən onu qeydiyyata alınmsında iştirak etməmişəm, nə görməmişəm, nə də bilmirəm. O, nə məqsədlə mənim adımı çəkir, mənə çatmır. Gah deyir ki, Taleh mənə ev versin. Mən ev işinə baxıram? Get, “Qaçqınkom”a. Mən “Qaçqınkom”un işçisi deyiləm”.

 “Son iki il müddətində onun Mamırlı yol kənarında yaşadığı evdə heç bir enerji sərfiyyatı olmayıb”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin sədri Möhlət Nəzərov isə “Hürriyyət”ə bildirib ki, Vüsal Zeynalovu heç kim aldatmayıb: “Heç kim də onun evini başqa adama verməyib. Xahiş edirəm, o haqda “Qaçqınkom”a müraciət edin. O adam qərəzli mövqedədir. O adamın kommunal haqqı başqa yerdən çıxıb. Son iki il müddətində onun Mamırlı yol kənarında yaşadığı evdə heç bir enerji sərfiyyatı olmayıb. Komissiya sayğaclarına baxdı, araşdırma aparıldı. Ona görə də onun sənədləri araşdırmaya getdi. Araşdırılandan sonra anasının vəziyyətini nəzərə alaraq, ona dəfələrlə Ağdam rayonunda ev təklif olunub. O adam evdən imtina edir. O, Ağdam vətəndaşıdır. Mən də Ağdam vətəndaşıyam, məcburi köçkünəm, mənə də ev veriməyib. Dedilər, “sənə ikinci mərhələdə veriləcək”. Ağdam vətəndaşısan, Ağdamdan da sənə ev verilir. Ya Tərtər, ya da Ağdam, bunun nə fərqi var ki?! Bunu prezidentimiz tikir, Allah onu qorusun. Bunu kimsə tikmir ki, ona pay verə, yaxud verməyə. Mənim də könlümdən Bakının mərkəzindən ev keçir. Qohum-əqrabamın hamısı oradadır. Görüm düşür? Düşmür. Özümü öldürüm, yandırım? Qərəzli mövqe lazım deyil. Bu adam ev istəmir. Elə tutub ki, belədir”.

“Kirayə verənlər var, “Qaçqınkom” məhkəməyə verib”

M. Nəzərov qeyd edib ki, hazırda Tərtərdə bir dənə də olsun sənədsiz boş ev yoxdur: “Onun dediyi 30 ev sənədli evdir, verilib. Həmin evin sahibləri mövsümlə əlaqadar kənarda işləyirlər və yaxud neynirlər, dövlət “Qaçqınkom”un sərəncamında olan şeydir.  O da məhkəməyə verib. O evlər boşalanda təmin olunar. Əgər bir dənə ev məhkəmənin qərarı ilə boşalsa, ona verilməsə, onda nə deyir, desin. O, məhkəməni də gözləmir. Düzdür, kirayə verənlər var, “Qaçqınkom” məhkəməyə verib, 30 evdir. Məhkəmənin qərarı ilə evlər boşalsın, o da təmin olunsun. Bizim ixtiyarımız yoxdur. Şəxsən mən kiməsə ev vermək səlahiyyətində deyiləm, nə də ev boşaltmaq səlahiyyətim yoxdur”.

“Qonşuları köçürülüb, onlarına adına sayğacında sərfiyyat var idi”

M. Nəzərov əlavə edib ki, evlərin paylanmasına dövlət “Qaçqınkom”un komissiyası baxır,  o da 6 nəfərdən ibarətdir: “Komissiyanın da sədri Eldar müəllimdir. Onlar araşdırır, kimə düşür, kimə düşmür. Kim burada yaşayır, onun adına sayğacında sərfiyyat varmı, həqiqətən burada yaşayır, yoxsa kənarda yaşayır. Onun hamısı araşdırılır  və evin verilməsi təmin olunur. Daha qabaqkı vaxt deyil, getdi o babalar. Bu, biryolluq vətəndaşa çatmalıdır. İndi struktur başqadır. Artıq Komitənin işçiləri dəyişibdir. Evlər komissiyanın iştirakı ilə paylanır. Gözünü yumub yetən yetənə ev vermir. Mənim adımı niyə çəkir? Mənim ev vermək səlahiyyətim var? Qonşuları köçürülüb, onlarına adına sayğacında sərfiyyat var idi. O, orada yaşamırdı, son bir həftədə ora gəldi. Heç onun adına sərfiyyat yox idi.  Bu adam qərəzl iddia aparır”.

Məsələdə adı keçən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzər Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynovun mövqeyini öyrənmək üçün əlaqə nömrəsinə zəng etsək də, o, telefona cavab vermədi.

Şamo EMİN, Hurriyyet.org

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93