“Biz Qərbi Azərbaycan Ordusunun komandanını gözləyirik” – BƏDRƏDDİN QULİYEV

11

“Qərbi Azərbaycan Dövlətinin yaradılması məsələsini siyasi müstəvidə biz çoxdan gözləyirdik”

“Qərbi Azərbaycan Mühacirət Hökuməti dünyanın siyasi, iqtisadi və hərbi mənada güc mərkəzinə çevrilən Türk Dünyasının bir parçası deməkdir”

Son bir ayda Azərbaycanla bağlı ölkədaxili və xarici KİV-lərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Mustafa Kamal Atatürk və Vladimir Lenin arasında əlaqələr, İrəvanın paytaxta çevrilməsi, indiki Ermənistanın yaradılması ilə bağlı bir-birinə zidd ideoloji savaş müstəvisində təbliğatlar güclənməkdədir. Belə bir durumun nədən gündəmə gətirilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olubdur. CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyev bütün bunlara aydınlıq gətirmək üçün bizimlə fikirlərini bölüşdü.

– Bədrəddin bəy, nə baş verir? Nədən Mustafa Kamal Atatürkün Azərbaycan Xalq Cümhuriyyətinə “xəyanət” etdiyi fikri həm Türkiyədə, həm də bizdə ictimai fikrə zor gücünə təbliğ edilir?

– Əvvala bu məsələnin iki tərəfi var. Bu gün Türkiyə İraq, Livan və Suriyada genişmiqyaslı uğurlar əldə etməyə başlayıb. Dünyanın bir sıra sömürgəçi gücləri Orta Doğu strategiyasında uzun illərdir qan tökməklə xalqlarası ədavəti körükləmək, dinlərarası soyuq savaşı alovlandırmaq, təriqətlərarası savaş ocaqlarını idarəetmək, təbii zənginlikləri çalıb-talamaq kimi imkanlarını itirməklə üz-üzə qalıblar. Çünki, Türkiyənin ədalətli hərbi, iqtisadi, sosial, regional və digər sahələrdə apardığı siyasəti sayəsində bunlara nöqtə qoyulur. Başqa bir yandan “Türk Dövlətləri Şurası”nın dünyanın strateji anlamda yeni güc mərkəzinə çevrilməsi əndişəsi bizə qarşı düşmənçilik siyasəti yürüdənlərin yuxusunu qaçırıb. 1890-cı illərdə başda ABŞ olmaqla planı cızılmış “BOP” (Böyük Orta Doğu Projesi) strateji hədəfləri artıq 21-ci yüzildə öz dəyərini itirməklə üz-üzə qalıblar. Ona görə də itirdiklərini dolayı yolla əldə saxlamaq üçün, “Türk Gücü” geostrateji mərkəzin yaranmasına qarşı çıxılır. Dünya çapında Mustafa Kamal Atatürkün irəli sürdüyü layiq dövlət düzəni digər dövlətlərin demokratiya şüarlarından daha çox təməlli bir konsepsiya olduğunu supergeclər yaxşı anlayırlar. Qərb dövlətlərində demokratiya kimi ən ali dəyər onlara məxsus ölkənin daxili siyasətinə hesablanıb. Başqa xalqlara və ya dövlətlərə gəldikdə isə, orada demokratik dəyərlərə yer yoxdur. Çünki, sömürgəçilik siyasəti üstün dövlət maraqları ilə uzlaşdırılıb. Mustafa Kamal Atatürkün dəftərində belə bir anlayışa yer  yoxdur. Onun “Bolşevik Rusiyası”nın lideri Vladimir Leninlə hər hansı bir separatçı anlaşmaları olmayıb. Unutmaq olmaz ki, 1917-1923-cü illərdə Mustafa Kamal Atatürk Anadolu torpaqlarında “Kuvayi Milli” hərəkatının lideri olaraq İstiqlal Mücadiləsini aparırdı. Ölkə yunan, ingilis, italyan, fransız, rus, erməni, ərəb və başqa ixtilalçı qüvvələrlə mübarizə aparırdı. “Bolşevik Rusiyası”nın antiimperialist siyasi baxışları ilə Mustafa Kamal Atatürkün yürütdüyü İstiqlal Mücadiləsi arasında süni şəkildə bir bağlantı arayanlar tamamilə yalnış fikirdədirlər.  Heç bir sənəddə və ya anlaşmada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı xəyanətə bərabər onun imzası yoxdur. Bu gün saxta sənədlər və ya bəlgələrlə ortaya atılanlar əslində “neoimperilist” güclərin maraqları çərçivəsində bu uydurma yalanları tirajlayırlar. Əslində bu dönəmələ bağlı  tarixi proseslərə diqqətlə yanaşsaq, Osmanlı İmperiyasını qorumaq çabasını  sürdürən iki fikir gündəmdə olub. Bu, “Xilafəti” qoruyan və öz hakimiyyətini saxlamaq üçün İngilitərənin “anneksiya” siyasətinin yanında yer alan Sultan VI Mehmet Vəhdəddin, digəri isə simvolik olaraq xilafətin saxlanılması və monarxiyaya bağlı konstitusiyalı hakimiyyəti idarə etmək üçün “İttihadi İslam” hərəkatı olub. Bütün xəyanətlərin tən mərkəzində bu iki güc dayanır.

– Bəs Nuru Paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nu nədən xəyanət əməlində bu gün suçlayırlar?

– Həmin dövrə baxdıqda, bütün Şərq aləmində xilafət və ya digər dövlət anlayışları etnik kimliyi dini müstəviyə daşıyaraq, müsəlman xalqı özümlülüyünü ehtiva edirdi. Ona görə də, dini qavrayış daha çox önə çəkilirdi. Fərqli dillərdə danışan xalqları bir araya gətirmək üçün “Qafqaz İslam Ordusu” da məhz bu fakta söykənirdi. Dağılan Çarlıq Rusiyasının imperializminə qarşı sadəcə Azərbaycan Türkkəri deyil, Qafqazda yaşayan bütün xalqlar özgürlüklərinə qovuşmaq üçün mücadilə aparırdılar. Belə bir məqamda Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan və Dağlı Respublikası dövlət olaraq yarandı. Başda “Bolşevik Rusiyası” olmaqla, İngiltərə, Fransa, ABŞ, Almaniya və digər Qərb dövlətləri Qafqaz-Türküstan coğrafiyasının tarixi əzəməti və gücündən qorxaraq mümkün qədər təzyiq yolunu seçmişdilər. Xüsusilə Anadolu, Quzey və Güney Azərbaycanda erməni, aysor, kürd və digər toplumları silahla, maddi və siyasi yardımla dəstəkləyiblər. Güney Qafqazda süni şəkildə “Ermənistan”ın yaradılması üçün, Batumi Konfransında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı çox ciddi təzyiqlər göstərilib. Bu təzyiqləri digər beynəlxalq müqavilələrdə, eləcə də Parisdə yerləşən “Millətlər Şurası”nın (indiki BMT) sənədlərində görmək mümkündür. İndi bu güclər Nuru Paşa, Camal Paşa, İzzət Yusuf Paşa, Ənvər Paşa və digər əfsanəvi türk komandanlarına qarşı böhtan kampaniyasını başladıblar. Saxta sənəd və bəlgə ortaya atmaq bu güclərin ənənəvi xəyanətlərinin bir parçasıdır.

– Bizim içimizdə olan və ölkə gündəmini dediyiniz kimi yaradan bu güclər kimlərdir?

– Onların birmənalı şəkildə adı var: “BEŞİNCİ KALON”. Biz CXP olaraq apardığımız analitik araşdırmalarımıza görə, onlar indi üç qrupa bölünürlər. Bu, Çarlıq, Bolşevik və indiki Federal Rusiyaya bağlı olanlar, Tehran molla rejiminin dəstəklədiyi “siyasi islam” adı altında olan çevrələr və ən yeni şəbəkə isə, Qərbdən dəstəklənən və çox güclü qrant layihələri almış, həm də beyinləri yuyulmuş “QHT” çeteləridir. Bu gün çoxsaylı şəbəkələrdə aparılan təbliğatlar da həmin məqsədə xidmət edir. Onları ideoloji, siyasi və sosial anlamda təhlil etdikdə bu faktlar ortaya çıxır. Hamısının bir məqsədi var: “Otuz ildir müstəqilliyini qoruyub saxlayan Azərbaycan dövlətini daxildən sarsıtmaq”. Bu çevrələr unudurlar ki, dünya həmin dünya deyil. Azərbaycan dövləti və xalqı kiminlə dost, kiminlə düşmən olmağı çox yaxşı dərk edir.

– Bəs həmin çetelər kimlərdən ibarətdir?

– Qərb dövlətləri tərəfindən yaradılan çoxysaylı təriqətlər və məzhəblər əsasən öndə gedirlər. Bu siyahıya nurçu, fətullah gülənçilər, süleymançılar, əhli sünnə vəl camaat, ənsar, mənzil, imamilər, sələfilər, hikmət, xudai, muradiyyə, əczməndilər, cərrahilər, qalibilər, xəlvətiyyə, xəznəvilər, işıqçılar, tilloçular, əl vəsətiyyə, Tehran molla rejimi tərəfindən idarə olunan zeydilər, qulat, dami, bazigi, yafuri, kaysani, əhli həqq, hezbollah, cundullah, ceyşullah və başqa adlar altında fəaliyyət göstərirlər. Başlıca məqsəd bizləri fərqli ideoloji səngərlərə bölmək və beləliklə də milli bütünlüyümüzə sarsıdıcı zərbələr vurmaq, dövlətçiliyimizi daim təhdidlərlə üz-üzə qoymaqdır. Ancaq, bir məsələni də unudurlar ki, artıq biz 21-ci yüzildə yaşayırıq. Dünya çapında inkişaf etmiş dövlətlərin yenidən milli dövlət modeli üzərində köklənməsi siyasətini də yaxşı görürük.

– Son günlərdə yaradılan “Qərbi Azərbaycan Mühacirət Hökuməti” ilə bağlı müxtəlif səpkili fikirlər səsləndirilir. Buna münasibətiniz necədir?

– Sədri olduğumuz CXP-nin analitik mərkəzinin araşdırmalarına görə bəlli oldu ki, Azərbaycan Respublikasında, Güney Azərbaycanda, Türkiyədə, Quzey Kıbrıs Türk Cümhuriyyətində, eləcə də dünya azərbaycanlıları arasında bu ideya güclü şəkildə müdafiə olunur. Biz bir partiya olaraq, bu ideyanı müdafiə edərək ayrıca bəyanat da vermişik. Qərbi Azərbaycan Dövlətinin yaradılması məsələsini siyasi müstəvidə biz çoxdan gözləyirdik. Çarlıq Rusiyası, Sovet Rusiyası və Federal Rusiyanın tarixində qondarma “Ermənistan” adı altında itirilmiş tarixi torpaqlarımızın geri qaytarılması artıq Azərbaycan xalqının milli iradəsinə çevrilib. Professor Qafar Çaxmaqlının liderliyində elan edilmiş “Qərbi Azərbaycan Mühacirət Hökuməti” ideyası artıq ayaq üstə durmağı bacaran, dünyanın siyasi, iqtisadi və hərbi mənada güc mərkəzinə çevrilən Türk Dünyasının bir parçası deməkdir. Öz tarixi torpaqlarını itirmiş Qərbi Azərbaycanlıların indiki məqamda ayağa qalxmasını Cümhuriyyət Xalq Partiyası olaraq tam gücümüzlə dəstəkləyirik.  Ən böyük diləyimiz odur ki, Qərbi Azərbaycan Respublikasının itirilmiş ərazilərini geri qaytarmaq üçün onun Ordusu qurulsun. Belə bir Ordunun müdafiə nazirinin səsini eşidək. Düşmənimiz də bilsin ki, itirilmiş tarixi torpaqlarımıza sahib çıxmaq üçün həm gücümüz, həm də milli iradəmiz ümummili xarakter daşıyır. Bu, Qərbi Azərbaycandan olan soydaşlarımızın vətən uğrunda apardığı milli mücadilədir.

– Bayaq qeyd etdiniz ki, “beşinci kalon” adlı bir zümrə dövlətçiliyimizə qarşı uzun müddətdir daxildə dirənişlər göstərir.

– Bu məsələ artıq öz həllini tapmaqdadır. Ölkədə yeni nəsil yetişib. Yeni nəsil həm də müstəqil dövlətimizin mühitində formalaşan yeni güc deməkdir. Onlar “Qanlı 20 Yanvar” faciəsinin, Qarabağ problemi həqiqətlərini, işğalçılıq siyasətinin sonucu olaraq, tarixən itirdiyimiz torpaqların gerçəklərini və səbəblərini dərindən bilən bir nəsli təmsil edirlər. Bir daha bu problemlərin yaşanmaması üçün dövlətçilik şüuru nə deməkdir, onun üçün nə kimi addımların atılmasını da yaxşı dərk edirlər. Psixoloji baxımdan onların çoxu yad ölkələrin ruhunun daşıyıcısı deyillər. “Beşinci kalon”un nə demək olduğunu da dərk edirlər. Bu “kalon”un siyasətində yer alanlar həm də vətən xaini kimi qəbul olunurlar. “Beşinci kalon”u təmsil edənlərin mövqelərinin ideoloji baxımdan sarsılması dövlət müstəqilliyimizin bizlərə bəxş etdiyi ən böyük nemətdir.

Söhbətləşdi: Ə. Yusifoğlu