“Bizdə antikor testləri Moskvadakı qaydada aparılmır” – İLQAR MƏMMƏDOV

4

“COVID-19 Moskvada sönüb gedir, təəssüf ki, bu rəqəmləri Azərbaycana və Bakıya hətta proyeksiya etmək də çətindir”

“Moskvada bütün bu aylar ərzində vaxt itirmədən insanları kütləvi şəkildə tək koronavirus testindən deyil, həm də antikor testindən keçirirdilər. Pulsuz. Açıqlandı ki, Mosvka əhalisinin ən azı 21,7 faizində antikorlar müəyyən edilib. Yəni onların əksəriyyətinin heç xəbəri olmadan artıq koronavirusa yoluxub-sağalıblar”. Hurriyyet.org xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

Partiya sədri qeyd edib ki, elmi araşdırmaya görə, aşkarlana bilinəcək antikor immuniteti 1 adamda varsa, daha 2 adamda başqa növdə immun qoruma artıq yaranmışdır: “Bu hesabla, Moskvada ən azından 50 faiz adamda koronavirusa immunitet var. Bu isə hamının arzuladığı “kollektiv immunitet” həddinə çox yaxındır (bəzi araşdırmalar deyir ki, hətta onu ötüb keçir). Sözün qısası, COVID-19 Moskvada sönüb gedir. Təəssüf ki, bu rəqəmləri Azərbaycana və Bakıya hətta proyeksiya etmək də çətindir. Çünki antikor testləri Moskvadakı qaydada aparılmır və ümumiyyətlə yetərincə statistika açıqlanmır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org