“Bizi buradan köçürmək niyyətinə düşüblər” – DEPUTAT AZƏR SÜLEYMANOV

7 May, 2020, 11:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Əgər bu dövlətdə kimlərsə bizləri sevmirlərsə, özləri köçməyə hazır olsunlar”

“Azərbaycan türklərinə qarşı kampaniyaların hamısı prezident Salome Zurabişvilinin 2018-ci ildə Cavaxetiyadakı çıxışlarından sonra başladı…”

 Son vaxtlar Borçalıda yaşayan soydaşlarımız gürcü millətçi və şovinist qruplarının nümayəndələri tərəfindən tez-tez təhqirlərə məruz qalır. Hətta məlumata görə, kəndlərdə gürcü millətçiləri tərəfindən təzyiqə məruz qalan, gürcülər tərəfindən döyülən gənclər də var. Məsələnin daha  gərgin tərəfi isə soydaşlarımızı təhqir edən millətçi gürcü gənclərinin səviyyəsini aşıb, bəzi gürcü alimlərinin də xalqımızı təhqir etməsidir.

Qeyd edək ki, bir neçə gün öncə, Əlyazmalar İnstitutunun rəhbəri Zaza Abaşidze öz “Feysbuk” hesbından “hamısını kəndə qapatmalısan və orda məhv olsunlar” demişdi və xalqımızın ünvanına təhqir dolu ifadələr işlətmişdi.

Maraqlıdır ki, soydaşlarımızı təhqir edən adamlar, eləcə də  bu “gürcü alimi”nin açıqlamaları təsadüfidir, yoxsa bunlara Gürcüstan hakimiyyətindən dəstək verənlər var? “Hürriyyət”in bu və digər suallarına cavab almaq məqsədilə Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanovla söhbətləşdik.

– Koronavirus dünyaya yayılandan sonra Gürcüstandan da vaz keçmədi. Çox təəssüflər olsun bəzi şovinist qruplar elə düşünürlər ki, dünyaya koronavirusu azərbaycanlılar yayıb. Amma Gürcüstanda Marneuli rayonu yeganə rayondur ki, cəmi 2 nəfər koronavirusa yoluxub. Lakin çox təəssüflər olsun ki, qısa bir vaxtda istər “Feysbuk”da, istər bütün sosial şəbəkələrdə azərbyacanlılara qarşı iyrənc bir kampaniya başladı. Biz bir neçə dəfə dövlətə müraciət etdik, qeyri-hökumət təşkilatları, gənclərimiz ayağa qalxdı, demək olar ki, böyük bir ajiotaj yarandı. Amma gördük ki, dövlət bu işlərə bir reaksiya vermədi. O da bəs etmədi, bir neçə gün bundan öncə, Əlyazmalar İnstitutunun rəhbəri Zaza Abaşidze adlı biri açıq iyrənc ifadələrlə Bolnisidə, Marneulidə yaşayan türklərə qarşı çıxış etdi ki, bizi öldürmək lazımdır və axırda söyüşlə təhqirlər yazmışdı. Düzdür, hamımız bu məsələ ilə bağlı reaksiya verdik, demək olar Gürcüstanda televiziyalar qalmadı, hər yerdə çıxış etdik. Artıq Mili Hərəkat Partiyasının liderləri və biz hamımız prokurorluğa müraciət etdik, ərizə verdik ki, bu adam işdən çıxarılıb, məsuliyyətə cəlb olunmalıdır. Çox təəssüflər olsun ki, hələ dövlət tərəfindən bir reaksiya yoxdur. Biri var bunu sıravi bir insan danışaydı, demək olardı kimsə öyrədib, bir də var, bu adam birbaşa dövlətin təyin etdiyi bir insandır, dövlətin kurasiyasında olan və baş nazirin, müdafiə nazirinin yaxın dostlarından biri, “Gürcü arzusu” Partiyasının üzvü olan bir insandır. Biz dövlət başçısına da, baş nazirə də müraciət etdik, lakin hələ bir xəbər yoxdur.

Çox təəssüflər olsun ki, bu gün prezidentə deməyin bir mənası yoxdur. Gürcüstanın prezidenti Gürcüstanın üz qarası olan Salome Zurabişvilidir. Bu kampaniyaların hamısı onun 2018-ci ildə Cavaxetiyada çıxışlarından sonra başladı. Onun Cavaxetiyada ermənilərə üstünlük verib, türklərə ayrıseçkilik edən çıxışları olmuşdu. Demişdi ki, “Saakaşvili dövründə türklərə daha çox üstünlük verilirdi, amma mən bu oyunları dəyişəcəm”.  Belə ifadələr işlətmişdi. Zurabişvili hər bir zaman bunu  addımlarında göstərir. Keşikçidağla bağlı ifadələr işlətdi, ara qarışdırma ilə məşğul oldu. Ondan sonra, açıq-aydın, heç kəsdən qorxmadan və heç kimdən utanmadan bəzi qruplar peyda oldu ki, onlar Gürcüstanda yaşayan Azərbaycan türklərini təhqir etməyə keçdilər.

– Azər bəy, sözlərinizdən belə məlum olur ki,  xalqımızı təhqir edən Zaza Abaşidze hakimiyyətdəkilərə güvənərək belə sərsəm fikirlər səsləndirib.

-Yəni biz itsəsək də, istəməsək də bu hakimiyyətdə belə qüvvələr var. Bu, sıravi bir insan deyil, alim adamdır. Bunu sıravi bir küçə uşağı etsə, demək olardı ki, bu, yalandır, dövlətin burada əli yoxdur. Amma bu, dövlət işçisidir, dövlətdən maaş alır. Dövlət rəhbərliyinə yaxın olan bir adamın fikrini artıq  dövlətin fikrinə çevirmək olar. Amma mən bir məqama da toxunmaq istəyirəm, gürcü cəmiyyətində də çoxlu insanlar tapıldı, qeyri-hökumət və gənclər təşkilatlar bizdən qabaq onun cavablarını verdilər ki, “Zaza Abaşidze üzr istəməlidir və Gürcüstanda yaşayan azərbaycanlılar bizim tam hüquqlu vətəndaşlarımızdır”. Mənim çıxışlarımda da bu oldu ki, nə cinayət işi açılmalıdır, nə də biz heç bir zaman Gürcüstana düşmən olmamışıq. Düşməni başqa bölgələrdə gəzmək lazımdır. Biz hər bir zaman Gürcüstanın quruculuğunda, inkişafında canımızdan  keçmişik. Grücüstanın dövlətçiliyi üçün canımızdan keçib, Gürcüstan dövlətinin yanında olmuşuq. Çox təəssüflər olsun ki, bu gün bəzi qüvvələr bu işlərə tam başqa prizmadan baxmağa və bizlərin içərisində özlərinə düşmən axtaramağa başladılar. Halbuki, düşmən 20% torpağımızı zəbt edib və onlara düşmən demirlər.

– Gürcüstan hakimiyyətinin bu məsələ ilə bağlı heç bir hüquqi addım atmadığı və həmin şəxsə cəza vermədiyi təqdirdə, bununla bağlı  Azərbaycan türklərinin beynəlxalq məhkəməyə müraciət etmək fikri varmı?

-Biz hələ Gürcüstan prokurorluğunun cavabını gözləyirik. Düzdür, Zaza Abaşidze özü çıxış etdi ki, “Mən söyüşümə görə, üzr istəyirəm, amma mən heç bir milləti təhqir etməmişəm. Mən  çıxışımın axırında demişəm ki, bu rusa da, gürcüyə də, hər millətə aiddir, kim ki, dövətin qanununa baxmaz”. Amma o, çox gözəl bilir ki, bizim bölgələrdə yaşayanların 90%-i azərbaycanlılardı və söyüşlərin, təhqirlərin hamısı məqsədlidir.

Əlbəttə ki, əgər Gürcüstan prokurorluğundan bir cavab gəlməsə, biz Avropa Şurasına müraciət edəcəyik. Çünki  Gürcüstan dövləti Avropa Konvensiyasına qoşulub. Kimsəyə sirr deyil ki, əsrlər boyu Gürcüstanda azərbaycanlılar dostluq, qardaşlıq nümayiş etdirmişik, Gürcüsütan dövlətinə görə canımızdan keçmişik. Çox təəssüflər olsun ki, Gürcüstanın bir bölgəsində Gürcüstan dövlətinin rəhbərliyi, parlamentin üzvləri əli azərbaycanlıların qanına batan, separtçı Avaqyana heykəl açır, bir bölgəsində də “azərbaycanlıları öldürüb, qırmaq lazımdır” deyirlər, hansı ki, qeyd etdiyim kimi, biz Gürcüstan dövləti üçün canımızdan, qanımızdan keçmişik.  Avaqayanların iştirak etdiyi, Gürcüstanın 20% torpağının işğal edən batalyona hörmətlə yanaşıb, bizləri də alçaldıb, gündəmə “tatar” sözünü gətirirlər. Hətta “sizin vətəniniz bura deyil, Azərbaycana köçün” deyən artıq separatçı insanlar peyda olub və birbaşa azərbyacanlılara qarşı  ayrı-seçkilik edərək təhqir etməyə və bizləri buradan köçürmək niyyətinə düşüblər. Mən dünən də bəyanat verdim, “Feysbuk” səhifəmdə var, oxuya bilərsiniz, indi də deyirəm, biz buradan bir yerə köçəsi deyilik. Biz bu dövləti qurmuşuq. Bu dövlət üçün canımızı vermişik. Əgər bu dövlətdə kimlərsə bizləri sevmirlərsə, özləri köçməyə hazır olsunlar. Çünki nə bu dövlətdən köçmək niyyətimiz var, nə də bu dövləti separatçılara verərik, bura bizim vətənimizdir. Biz eyni hüquq malik olan insanlarıq və hüququmuz üçün də  mübarizə etməyə hazırıq.

– Etiraf etməliyik ki, Azərbaycan hökuməti də Borçalıda yaşayan azərbaycanlıların təhqir olunmasına heç reaksiya vermir. Bunu necə qarşılayırsınız?

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93