Bizim azərbaycanlılar…

20

Ümmanlar qədər qan tökülsə də, biz ibrət almırıq

Nə qədər ki, illər boyu Moskvanın qarşısında quyruq bulayanlar azadlıqdadır, nə qədər ki, Ramiz Mehdiyevin kadrları hələ də iş başındadırlar, biz Şuşanı görməyəcəyik…

…YAP-ın yağ-bal içində neynim demədən dövran sürən min qondarma ideoloqunu, müftəxor funksionerini bu fədakar insanların dırnağına da dəyişmərəm

Nə qədər ki, ölkənin daxilində Ramiz Mehdiyev-Əli Həsənov tandeminin illər boyu yaradıb himayə etdiyi ziyanəvər zümrə və digər azğınlar cəmiyyətdən təcrid olunmayıblar, bizim rahat nəfəs almağa haqqımız yoxdur.

Otuz il olar ki, qədim məmləkət od içindədir, o gün olmayıb ki, bir soydaşımızı torpağa tapşırmayaq. Mən digər ovunmayan dərd-sərimizdən danışmıram, barmaq tuşlayıb ittiham elədiyim banda isə rəhm, insaf bilmədən sərvət yığıb, əmlak, torpaq qamarlayıb, xalqı mənən şikəst edib.

Bəşər tarixində hələ görünməyib ki, dövlət ağır vətən müharibəsi aparsın, ölkənin daxilində isə böyük tüfeyli sürüsü heç bir şey olmamış kimi kefini çəksin. Doğrudanmı, heç kim başa düşmək istəmir ki, bunları cəzasız qoymağın özü milli xəyanətdir?

Ərizə ilə, şikayətlə qapılara düşən müharibə əlilinə, veterana “Səni Qarabağa mən göndərmişdim? Ağlın olaydı getməyəydin!” sözünü deyən məmura güldən ağır söz deyən yox idi. Kimin hünəri vardı Ramiz ağanın kadrına söz deyəydi?

Halbuki belə qələti edəni fövrən qoduqluğa salıb, malını-mülkünü müsadirə etsəydilər başqalarına da dərs olardı. Biz indiki mücadiləyə Vətən müharibəsi deyirik. Lap yaxşı, mənim şəxsən illər boyu arzuladığım elə bu idi. Xalq monolit qüvvə kimi Prezidentin arxasında durub, indiyə qədər görünməmiş ruh yüksəkliyi ilə ayağa qalxan sadə insanların dilindən ancaq bu sözləri eşidirik: “Cənab prezident, əmrinizə hazırıq!”

Vətən müharibəsi gedirsə, deməli, sağlam ideoloji-mənəvi mühit də yaradılmalıdır. Qəzəbindən zəncir gəmirən Moskva irticasından nə desən gözləmək olar, ideoloji təxribat işində onun böyük təcrübəsi var.

Hansısa hərbi obyektin partladılması, kommunikasiyaların bərbad edilməsi və digər fəsadlar o qədər də təhlükəli deyil. Amma, təəssüf ki, millət gənc nəslin beyninə manqurtluq zəhərinin fasiləsiz olaraq damcı-damcı yeridilməsini görmür.

Psevdotarixi filmlər, ömründə bircə dəfə də olsun “Azərbaycan” sözünü dilinə gətirməmiş, xaricdə ad-san qazanmış şəxslərin bütləşdirilməsi, tolerantlıq barədə lüzumsuz moizələr, xülasə hər qiyafəyə girə bilən məkrli təbliğat əvvəl axır öz işini görür.

İndi yazacağım sözlərdən çoxu şahə qalxacaq, əməlli-başlı fikirləşmədən məni söyən də tapılacaq. Amma qorxmadan, çəkinmədən sözümü deyəcəyəm. Sosializm realizminin bütün tələblərinə uyğun onlarla əsər yaratmış, hər cürə mükafata, fəxri ada layiq görülmüş Tahir Salahovdan danışaq. Onun Moskvada bütün dairələrdə böyük hörməti var. Son illər ərzində başımıza gələn bəlalardan danışıb vaxt aparmaq istəmirəm, hər şey göz qabağındadır. Di gəl bir adam deyə bilərmi ki, Tahir Salahov filan vaxtda, filan yerdə Azərbaycan xalqının başında turp əkmiş rus şovinistlərinin, erməni qatillərinin əleyhinə çıxıb, tutarlı nitqləri ilə bədxahlarımızı susdurub? Olmayıb belə şey!

ABŞ-da dünya şöhrətli Lütfizadə soyadlı bir alim yaşayırdı. Deyilənlərə görə, onun kəşfləri sayəsində əcnəbi korporasiyalar külli miqdarda qazanc əldə ediblər. Bununla işim yoxdur. Məxləs, bu kişi bizim bekar jurnalistlər üçün döndü oldu badamgöz. Yanına getdilər, söhbətləşdilər, hal-əhval tutdular,

Bakıdakı qohum-əqrəbasını da tapdılar. Günlərin bir günü növbəti müsahibə zamanı hansısa qələm sahibi onunla danışanda Qarabağ barədə söz salır… Və bu görkəmli alim nə desə yaxşıdır:  “Qarabağda nə olub ki?” Bu da yüksək intellekt sahibinin, özü də azərbaycanlının cavabı! Elə bu sözdən sonra mənim üçün Lütfüzadə adlı şəxs birdəfəlik öldü

Boykonurda bütün kosmonavtlar raketə minməmişdən əvvəl böyük səlahiyyət sahibi general Kərimova son raportu verirdilər. Bizim ayran vətənpərvərləri bunu biləndən sonra az qalmışdı sevincdən qəşş etsinlər. On illər boyu bu ağanın səsini heç yerdən eşitmədik… Nəhayət bir gün xəbər çıxdı ki, general vəfat edib və yalan, doğru erməni kürəkəni onun bütün var-yoxuna sahib çıxıb! Bu da bizim azərbaycanlı!

Düz qırx beş il Ənvər Məmmədov adlı bir soydaşımız SSRİ-nin Radio və televiziya komitəsi sədrinin birinci müavini vəzifəsində işlədi. Rusiyanın mədəni həyatında bizim bu soydaşımız illərlə böyük rol oynayıb, rusların özləri onun xidmətlərini danmırlar.

Amma o nəhəng komitənin heç bir strukturunda azərbaycanlıya rast gəlməzsən. Ənvər müəllimin görmədiyi işi ermənilər gördülər. Rusiyanın telekanallarında indi ermənilər ağalıq edirlər. Halbuki Moskvanın özündə əslən Azərbaycandan olan elə sərvət sahibi var ki, bir yox, on telekanalı satın ala bilər. Vətənin yarısı da işğal edildi, minlərlə insan həlak oldu, belələrinin tükü də tərpənmədi.

Vətən müharibəsi müqəddəs müharibədir

Əyyami qədimdən bu belə olub, belə də olacaq. Milli istiqlaliyyətini, şərəfini hər şeydən üstün tutmuş qövmlər, xalqlar adlarını tarixi salnamələrə qızıl hərflərlə yazıblar.

Bir neçə gün bundan əvvəl Tərtər rayonundan reportaj verilirdi. Yerlə yeksan edilmiş evinin xarabalığı qarşısında duran ağbirçək xanımın sözləri unudulası deyil. Allaha şükürlər olsun, tələfat yoxdur, dağılmış evi təzədən tikəcəyik, qoy düşmən sevinməsin, hörmətli Prezidentə də çatdırın ki, ona ümid bəsləyirik, ona inanırıq, Allah onu millətimiz üçün qorusun! Üç gün sonra isə iki oğlunu da Vətənə qurban vermiş anaya qulaq asdım, daha sonra döyüşlərdə gənclərlə çiyin-çiyinə düşmənə qarşı vuruşmuş qız-gəlinlər barədə çəkilmiş qısa filmə baxdım…

Yerimək, ayaq üstə çox durmaq mənim üçün çətin də olsa, amma bu verilişlər gedəndə çəliyin köməyi ilə qalxdım. Millətin belə qeyrətli övladlarına qulaq asanda gərək ayağa durasan. YAP-ın yağ-bal içində neynim demədən dövran sürən min qondarma ideoloqunu, müftəxor funksionerini bu fədakar insanların dırnağına da dəyişmərəm.   

Qarabağda ölümün gözünə dik baxan mərd zabitə, qorxubilməz igid əsgərə də Azərbaycan övladı deyim, Ramiz Mehdiyev, Əli Həsənov kimi subyektlərə də? Sərvətlərinin miqdarı bilinməyən bu ağaları və bunların iş başına qoyduqları tüfeyli sürüsünü sakitcə arxada qoyub ölüm-dirim savaşına getmək bağışlanılmaz səhvdir.

Müqəddəs vətən müharibəsi gedən torpaqda vətənpərvərlik təbliğatını hər yetənə həvalə etməyin özü xəyanətdir… Savab işi, nümunəvi əxlaqı, qüsursuz həyat tərzi hamıdan seçilən qənirsiz fədakar şəxslərə tapşırarlar. Cəbhədə qan su yerinə axır, telekanallarda o gün yoxdur ki, düşmənin yer üzündən birdəfəlik sildiyi kəndləri, qəsəbələri, abidələri göstərməsinlər. Oturursan televizorun qarşısında və onu işə saldığına peşman olursan, bu xarabada elə bil Qənirə Paşayeva, ya da Aqil Abbasdan başqa bir ins-cins yoxdur. Mən hələ indiyə qədər bir dəfə eşitmədim ki, bu “cütlük” hətta orqanların ifşa etdiyi hansısa vəzifəli quldurun adını çəksin. Erməniləri söyməkdən başqa əllərindən heç nə gəlməyən bu “cütlük” məgər Əli Həsənovun, ya da Ramiz Mehdiyevin əməllərindən bixəbər idi? Bilirdilər, bizlərdən min qat artıq məlumatlı idilər. Nələrinə lazım idi, maşallah, ev-eşik, çörək, dərman dərdini çəkmirlər, pula da möhtac deyillər, üzünə yalandan qayğılı ifadə ver və başla min dəfə aldanmış kütlənin qarşısında gəvəzələ. Beləsini susdurmaq da mümkün deyil, durub rüsvay etsən, səni verəcək məhkəməyə, ay haray, qoymayın millət vəkilini təhqir edirlər. Aqil  Abbas, Qənirə Paşayeva kimi rolları çoxdan müəyyən olunmuş  “dejurnıy patriot” ların sayı çoxdur.

Ərz elədim ki, bunlar illər boyu bir dəfə də olsun Ramiz Mehdiyev – Əli Həsənov tandeminin üstünə getmədilər. Prezident bir neçə biabırçı qəbahəti açıb tökəndə bunlar da kişiliyə gəliblər. Maraqlı bir məsələni də müşahidə etmişəm, bu bivec təbəqəyə mənsub olanlar qərinə ərzində Rusiya irticasının əleyhinə bir kəlmə də dillərinə gətirməyiblər. Sanki əmr alıblar, kimi istəyirsiniz söyün, amma Moskva ilə işiniz olmasın.

Ən çox işlətdikləri sözlər də bunlardır: “Beynəlxalq ictimaiyyət susmamalıdır!”, “Avropa Şurası erməniyə göz ağartmalıdır!”, “Erməni özü (!!) başa düşməlidir ki, cinayət törədib!”, “Filan konvensiyanın filan maddəsini ermənilərin yadına salmaq vacibdir!” , “Dünya bilir ki, biz tolerant xalqıq!” və s.

Məxləs, düyməni basıb keçirsən başqa kanala. Allaha şükürlər olsun ki, üç-dörd babat klip çəkilib. Cəbhə xəttində yaşayan, gündə başlarına mərmi yağan sadə insanların dəyanətinə, mərdliyinə heyran qalırsan. Bir ölkədəki iki cavan balasını qurban vermiş ana “Vətən sağ olsun!” deyirsə, orada siyasi lotuların, pulgir haramzadaların ayaqları altında yer od tutub yanmalıdır.

 

Səlib dünyasının növbəti hücumunu dəf edə bilərik

Artıq indi–indi bizim fəqir azərbaycanlı qanmağa başlayıb ki, burada erməni  bir gecədə lap iki-üç min körpə uşağı öldürüb, onlarla yaşayış məskəninin altını üstünə də çevirsə, nə ingilisin, nə fransızın, nə rusun, nə almanının, xülasə heç bir xaçpərəstin tükü də tərpənməyəcək.

Biz nə vaxt özümüzə hörmət qoymuşuq ki, xaçpərəst də bizi insan yerinə qoysun? Fransız, ya da alman məgər görmür ki, rus Azərbaycanı hər dəfə çarmıxa da çəksə, millət qəflət yuxusundan ayılmır ki, ayılmır. Erməni rusun silahı ilə, köməyi ilə məmləkəti viran edir, günahsız insanları qırır, biz isə öz doğma dilimizdə də təmiz danışa bilmirik, bəzən heç istəmirik də.

Qarabağda qeyrətli oğullar hər an ölümün gözünə baxırlar, burada Bakıda, ruslaşmışların qeyri-rəsmi ideoloquna çevrilmiş Çingiz Abdullayev bizlərə vətənpərvərlik dərsi verir.

Ölmədik, bu rəzaləti də gördük. Üzeyir bəyin doğma ocağının tar-mar edilməsindən sonra, Cavad xan yurduna da düşmən mərmirələri yağdırdı. Nə qədər ki, illər boyu Moskvanın qarşısında quyruq bulayanlar azadlıqdadır, nə qədər ki, Ramiz Mehdiyevin kadrları hələ də iş başındadırlar, biz Şuşanı görməyəcəyik.

Prezident yaxşı bilir ki, onun bir əmri ilə xalq son ölüm-dirim savaşına qalxacaq və o, müxənnət ölkəsinin külünü havaya sovurar. O adam yoxdur ki, İlham Əliyevin çıxışlarına diqqət kəsilməsin, bizim tariximizdə hələ heç bir dövlət başçısı onun kimi belə rəğbət qazanmayıb.

Məqam yetişib, kor-kor, gör-gör ki, Rusiya beynəlxalq aləmdə tamam gözdən düşüb. Nə qədər yeni silah icad etsə də xeyri yoxdur, çərxi-fələk öz hökmünü verib.  Canı çıxsa da o nankorluğunu edəcək, imperiya dövrünün düşüncə tərzi başından çıxmayıb. Ən dəhşətlisi də budur ki, on illər boyu bir dəqiqə də dayanmamış şovinist təbliğat neçə nəslin beynini zəhərləyib. İndinin özündə Bakıda yaşayan rusların əksəriyyəti bilə-bilə, məhz qəsdən bizim dildə danışmaq belə istəmir. Mən milli ədavəti qızışdırmaq fikrindən tamam uzağam, amma əgər rus göz qabağında məni qəhr eləmək istəyirsə, düşmənimin arxasında durursa onu təpədən dırnağa qədər silahlandırırsa, onda tüpürüm belə qonşuluğa, belə tolerantlığa. Külli aləm bilir ki, Ermənistanda rusu heç vaxt adam yerinə qoymayıblar, erməni dilini öyrənmək istəməyən, yerli əhaliyə xor baxan rusa yaşamaq imkanı da verməyiblər.

Biz, Qafqazda ümmanlar qədər qan tökmüş çar cəlladlarına mədhiyyələr yazan Puşkinə, cənubi Azərbaycanda min zinakarlıq törətmiş Blyumkin kimi avantüristin əlaltısı şair Yeseninə, Zorqeyə abidə qoyuruq, Primakov kimi odioz fiqurun az qala ad gününü qeyd edirik, amma Moskva bizi adam yerinə qoymur. Amma erməni, rus, xalqının birinci düşməni alman nasistlərinə nökərlik etmiş alçağa heykəl qoyur. Moskva bunu görməzliyə vurur. Budur rusun xisləti!

(Ardı var)

Firuz Haşımov