“Bizim hökumətin strateji vizionu olmadığını son seçki göstərdi” – RÖVŞƏN AĞAYEV

7

“Biz nəinki 1 il, hətta 1 ay belə neftsiz yaşaya biləcək iqtisadiyyat qura bilməmişik”

“Güclü vətəndaş cəmiyyətinin yeri indi görünür. 2014-ə qədərki zamanda olduğu kimi ayaqda olsa idi, böhran müzakirələri təşkil edirdi, yol xəritələrinin monitorinqini aparıb, son 5 ildə ölkənin neftdən asılılığının azaldılmasında bu sənədlərin hansı rol oynadığına dair analizlər və hesabatlar yayırdı”. Hurriyyet.org xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib.

“20 il mövcud olmuş sivil toplum qəfil yoxa çıxdı”

Ağayev nəzərə çatdırıb ki, indi yalnız fb-də ayaqüstü statuslar yazan 3-5 ekspert qalıb: “İnstitut olaraq 20 il mövcud olmuş sivil toplum qəfil yoxa çıxdı. Əslində bizə körpülər, asfaltlar, göydələnlər, dəbdəbəli maşınlar bəxş edən böyük neft pullarının vurduğu ən böyük zərbələrdən biri burdan gəldi. Ondan əvvəl isə həmin pullar müstəqil medianın və alternativ siyasi qüvvələrin varlığına son qoymuşdu. İtkilərimiz böyükdü, amma yenə də köklü və real islahatlarla bir hissəsini geri qaytarmaq şansları qalır. Ancaq 1 ay əvvəlki kimi parlament seçkisi keçirməklə yox. Əslində, bizim hökumətin strateji vizionu olmadığını son seçki göstərdi, ilin-günün bu vaxtında elə seçki keçirməzdilər. Daha çox peşəkarın və yeni ictimai-siyasi simaların təmsil olunduğu gerçəkdən yeni bir parlamentə ehtiyac vardı”.

R.Ağayevin sözlərinə görə, 5 ildən bir baş verən bu böhranlar çox açıq göstərdi ki, biz nəinki 1 il, hətta 1 ay belə neftsiz yaşaya biləcək iqtisadiyyat qura bilməmişik…

Şamo EMİN, Hurriyyet.org