Salam, xoş gəlmisiniz.

“Bizim pulumuzun verilməsinə polkovnik-leytenant Mübariz Əhədov əngəl törədir” – SAHİBKARLAR ŞİKAYƏT EDİR

2018-04-19 16:03:04

“Bizim pulumuzun verilməsinə polkovnik-leytenant Mübariz Əhədov əngəl törədir” – SAHİBKARLAR ŞİKAYƏT EDİR

“Dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz, amma BDYPİ-nin polkovnik-leytenantı “Karvan” Ticarət Mərkəzini idarə edir”

““Karvan”ın gerçək sahibi biz zərəçəkmişlərin pulununun ödənməsinə mane edir”

“Hürriyyət”in ötən saylarının birində də qeyd etdiyimiz kimi, Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşüblər. Bununla bağlı sahibkarlar - Füzuli Quliyev, İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən redaksiyamıza növbəti müraciət daxil olub. Həmin müraciəti olduğu kimi təqdime dirik:

“Bizə 325 min manat miqdarında zərərin dəyməsi rəsmən məhkəmə tərəfindən təsdiqlənib. Bu zərəri ödəməli olan tərəf -"Karvan"ın rəhbəri tərəfindən də təsdiqlənsə də, o, bizə dəyən zərəri 5 ildir ödəmək istəmir.

Yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində o zaman cinayət işi başlanmışdır. Həmin vaxt ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə "Azsığorta" şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.

Bizə - Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min ) yanğından ümumilikdə 325 min manat zərər dəyib.

Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə "Karvan"ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir.

Göndərdiyimiz bir topa sənədlərin fotosundan görmək olur ki, şikayətlərimiz rekord sayda - minlərlə olsa da, bəzi məmurların, hansısa “böyük bir sirli qüvvənin” səbəbindən biz öz halal pullarımızı ala bilmirik.

"Karvan"ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı. Amma bu puldan bizə heç nə verilmədi.

Dəhşətlidir ki, minlərlə şikayət ərizəsi yazılıb, məsələ göz qabağındadır, kimin kimə verəcəyi tam aydındır, amma öz həllini tapmır...

Axır ki, Prezident Administrasiyasına çoxsaylı get-gəldən, tələblərimizdən sonra oradan bizə dedilər gedin icra başçısı özü qəbul edəcək və nəhayət ki, icra başçısı bizi ərizəmizə uyğun olaraq, sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində qəbul etdi. Görüşdə hörmətli Zakir Fərəcova insafən bizim üçümüzü də diqqətlə dinlədi, problemimizə həssaslıqla yanaşdı və bildirdi ki, üstündən 5 il keçsə də məsələ həllini tapmalıdır. Bizi diqqətlə dinlədikdən sonra yazılı şəkildə müavini Fəzail Hüseynova göstəriş verdi ki, bizim problem araşdırılsın və qarşı tərəf – “Karvan”ın rəhbərliyinə bildirilisin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.

Bu görüşdən bir müddət sonra biz məsələnin nə yerdə qalmasını öyrənmək üçün icra hakimiyyətində olduq və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Həzi Əkbərov ilə görüşdük. O bizə bildirdi ki, icra başçısının tapşırığına əsasən "Karvan"ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb və onunla danışıb, məsələ yaxın zamanlarda öz həllini tapacaq. Sonra bizə dedilər ki, icra hakimiyyətinə seçkilərdən sonra, aprelin 14-ü gələk. Aprelin 12-si biz hər zaman dövlətçiliyi dəstəkləyən nümunəvi vətəndaş kimi ölkə üçün çox əhəmiyyətli olan Prezident seçkilərində fəal iştirak edərək hörmətli İlham Əliyevə yenidən səs verdik.

Aprelin 14-də icra hakimiyyətinə gəldik, lakin bizə dedilər ki, icra başçısının müavini Fəzail Hüseynov səhhəti ilə bağlı problem olduğundan bizi qəbul edə bilməyəcək. Buna görə də ayın 16-da yenidən icra hakimiyyətinə gəldik, lakin səhər tezdən icra hakimiyyətinin binasının qarşısında saatlarla - 6-7 saat gözləsək də bizi içəri buraxmadılar, məsul şəxslə görüşdürmədilər.

Sonda Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırova zəng etdik və Fəzail Hüseynov bizi qəbul etdi. Onu da qeyd edək ki, Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırov bizi güc-bəla ilə də olsa qəbula salmaqla öz işini bitmiş hesab edir. Heç zaman problemimizi çox gözəl bilsə də, onun həllinə elə də çalışmır. Halbuki bu da onun vəzifə borcuna aid bir məsələdir.

Amma Fəzail Hüseynovla görüşsək də, sonradan qarşı tərəf –“Karvan”ın rəhbəri bizə dəyən ziyanı birinci ödəmək istəsə də, bu barədə məsləhətləşdiyini, fikirləşdiyini desə də, sonradan ödəməkdən boyun qaçırdı. Belə çıxır ki, hörmətli Zakir Fərəcovun yazılı göstərişi yerinə yetirilməmiş, havada qalıb. Halbuki qarşı tərfələ müəyyən mənada razılıq əldə olunmuşdur. Əldə etdiyimiz məlumata görə, bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsində məsul vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir, zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir, pulu ödəməmək üçün mane törədir. Məlumata görə "Karvan"ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra, ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq, "Karvan"a faktiki olaraq o rəhbərlik edir. Kamil Əhədov rəsmi direktor olsa da "Karvan"ın idarəçiliyinə tam olaraq Mübariz Əhədov rəhbərlik edir, yer pullarının, icarə haqlarının yığılmasına, ticarət mərkəzində yer bölgüsünə o nəzarət edir.

Təbii, məmur, dövlət qulluqçusu olduğundan, o, bunu rəsmi yox, qeyri-rəsmi edir. Çünki bildiyiniz kimi dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Mübariz Əhədov zərəçəkənlərin pulunu vermək istəməməsini, razılaşmanı pozmasını belə əsaslandırıb: “məhkəmə olub, cavabdeh cəzasını çəkib, İsməliyə xeyli xərc çəkilib. Hara gedib şikayət edirlər etsinlər. Məhkəmə qərarında ziyanən ödənilməsi göstərilməyib”.

Mübariz Əhədov vaxtını öz işindən çox "Karvan"da keçirir. Bundan əvvəl də ondan DİN rəhbərliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib və bildiyimizə görə Mübariz Əhədova bununla bağlı xəbərdarlıq edilib. Amma, görünür, nəticə çıxartmayıb.

Biz cavabdeh tərəf olaraq "Karvan"ın direktoru Kamil Əhədovdan bizə dəyən zərərin ödənilməsini tələb edirik, baxmayaraq bildiyimizə görə gerçək sahibi, sözü keçən onun qardaşı Mübariz Əhədovdur.

Zərəçəkənlər məlum, cavabdehlər bəlli, ziyanın məbləği məhkəmə qərarında rəsmi olarq təsdiq olub ,"Karvan"ın rəhbərliyi də bunu danmır, şikayət kağızlarını çəksək neçə kq olar, mənəvi baxımdan da ədalət bizim tərəfimizdədir,amma məsələ görsənməyən tərəfin ucbatından öz müsbət həllini tapmır.

Onda belə çıxır ki, bizim ziyanı heç kim ödəməmlidir?!Belə ola bilməz axı?! Ziyan varsa, bunu qeyd-şərtsiz məlum cavabdeh tərəf ödəməlidir.

İcra hakimiyyətinin verdiyi göstərişin bir icra mexanizmi, yerinə yetirilməsində müəyyən vaxt var, 5 gün, 10 gün. Hörmətli Zakir Fərəcov sağ olsun, bizi dinlədi, ziyanın tez bir zamanda ödənilməli olmasına tapşırıq verdi, amma məsələ yenə də qarşı tərəfin ucbatından həll olunmamış qaldı”.

İ.SABİRQIZI, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93