Bolqarıstanın silah tacirini zəhərləyən 3 rus kəşfiyyatçısı beynəlxalq axtarışa verildi

6

Bolqarıstan prokurorluğu ölkə vətəndaşı, biznesmen, silah taciri Yemelyan Gebrevin zəhərlənməsi hadisəsində şübhəli bilinən 3 rus kəşfiyyatçısını yalançı və həqiqi adları ilə
“İnterpol” vasitəsilə beynəlxalq axtarışa verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti tərəfindən məlumat yayılıb.

Sofya şəhər prokurorluğunun sorğusunda bəhs olunan rusların adları belə göstərilib: Georgi Qorşkov-Yeqor Qordiyenko, Sergey Pavlov-Sergey Lyutenko, Sergey Fedotov-Denis Sergeyev.

Bolqarıstanda Georgi Qorşkov adı ilə əməliyyat aparan Yeqor Qordiyenko Cenevrədə yerləşən Dünya Ticarət Təşkilatının ofisində diplomatik vəzifədə “çalışıb”. “Sergey Fedotov”, daha doğrusu Baş hərbi kəşfiyyatın zabiti Denis Sergeyev isə Böyük Britaniyada keçmiş rus kəşfiyyatçısı Sergey Skripalı zəhərləyən “Solsberi turistlərindən” biri olub. O, burada Aleksandr Mişkin və Anatoli Çepiqa ilə birlikdə əməliyyat aparıb.

Qeyd edək ki, Rusiyanın xüsusi xidmət orqanlarına çalışanların kimliyi Qərb kəşfiyyatı ilə sıx bağlantıları olduğu bilinən “The Insider” və “Bellingcat” saytları tərəfindən müəyyənləşdirilib.

Xatırladaq ki, bolqar silah taciri Yemelyan Gebrev Gürcüstana silah satışına görə, Rusiyanın qəzəbinə tuş gəlib. Onun bu səbəbdən Sofiyanın mərkəzi restoranlarından birində zəhərləndiyi güman olunur.
Bolqarıstanın keçmiş müdafiə naziri, hazırda milli təhlükəsizlik sahəsində tanınmış ekspertlərdən sayılan Boyko Noyev isə yerli strukturların biznesmenə qarşı təşkil edilən sui-qəsdlə bağlı bir çox faktı gizlətdiyini bildirib.