Salam, xoş gəlmisiniz.

BÖYÜK ŞƏXSİYYƏT

2017-04-28 11:50:52

BÖYÜK ŞƏXSİYYƏT

(Akademik İmam Mustafayev haqqında xatirələrim...)

Öz işıqlı ömrünü xalqının xoşbəxtliyinə həsr edən insan sözün tam mənasında xoşbəxtdir. Həyatının təxminən altmış ildən çoxunu xalqının xoş günü üçün quran-böyük həriflərlə yazılan İNSAN İmam Daşdəmir oğlu Mustafayev belə şəxsiyyətlərdən idi.

İmam Mustafayev (03(25).02.1910-10.03.1997) deyəndə mənim gözlərimin qarşısında dağ vüqarlı bir insan, dərin, hər tərəfli biliyə, geniş dünya görüşə malik qeyrətli bir Azərbaycan kişisi dayanır.

Mən deyərdim ki, İmam müəllim bəlkə də yeganə şəxsiyyət idi ki, insanlıqla alimliyi vəhdət təşkil edirdi. Kimə onunla söhbət eləmək qismət olubsa o, insan sözün tam mənasında xoşbəxtdır.

Mənim akademik İmam Mustafayevlə ilk görüşüm 1994-cü ilin mart ayının 16-da oldu. Görkəmli alim, əməkdar elm xadimi, professor Məmmədsadıq Abdullayev haqqında kitab yazırdım və bu münasibətlə İmam müəllimlə görüşüb, onun fikirlərini kitabda qeyd etməli idim. Zəng edib vaxt təyin etdik və mən AMEA-nın “Genetika və Seleksiya İnstitutu”na gəldim.

İmam Mustafayevin otağı üçüncü mərtəbədə yerləşirdi. Otağın qapışını açanda orada iki nəfər elmi işçi söhbət edirdilər və mənə dedilər ki, direktorun otağında iclas var, İmam müəllim də oradadır. Mən ikinci mərtəbəyə enib İmam müəllimi orada gözlədim. Təxminən bir saatdan sonra iclas qurtardı. İmam müəllim beş-altı nəfərlə otaqdan çıxdı. Onunla birlikdə yanası gedən bir nəfərə dedi ki,-bir cavan oğlan gəlməlidir, görüm gəlib ya yox. Mən həmin söhbəti eşidib, İmam müəllimə yaxınlaşdım.-Çoxdan gözləyirsən-deyə məndən soruşdu. Mən də İmam müəllim narahat olmasın deyə indi gəldiyimi bildirdim. O, mənim qoluma girib birlikdə üçüncü mərtəbəyə qalxdıq, onun otağına daxil olduq. Son dərəcə işıqlı olan bu otaq mənə çox darısqal göründü. Çünki həqiqi alim olan İmam Mustafayevin otağında işlə əlaqədar olaraq o qədər ləvazimat var idi ki, hərəkət etmək məhdudlaşırdı. Arxa tərəfdə divar boyu düzülən kitab rəfləri, müxtəlif buğda, arpa, çovdar toxumları yığmaq üçün qablar, müxtəlif aparatlar, dibçəklərdəki güllər və digər başqa əşyalar otağın həcmini azaltmışdı. Bu vaxt öz-özümə fikirləşdim ki, əsl alim üçün otaq nə qədər iri olursa-olsun, get-gedə kiçilir və orada oturan alimin mənəviyyatı zənginləşir. Akademik İmam Mustafayev kimi.

O, keçib öz yerində oturdu və mənə də oturmağa yer göstərdi, bir başa mətləbə keçdi. Professor Məmmədsadıq Abdullayev haqqında öz fikirlərini mənə bildirməyə başladı. O, danışdıqca mən qeydlərimi götürür, İmam müəllimin böyüklüyünün əyani şahidi olurdum. Düşünürdün ki, Azərbaycan Dövlət Nəzarət Komissarının birinci müavini, Azərbaycan Xalq Torpaq Komissarının birinci müavini, Kənd Təsərrüfatı naziri, Gəncə Vilayət Komitəsinin birinci katibi, və nəhayət Azərbaycan Respublikasının rəhbəri kimi yüksək və məsuliyyətli vəzifələrdə işləmiş bu başı qarlı alim, heç kimin qarşısında əyilməmiş və həmişə sözü mərdi-mərdanə üzə demiş, kişi ömrü sürmüşdür.

Onunla söhbətimiz yarım saatdan artıq çəkdi, hiss etdim ki, bir az yorğundur və çox sorğu-sual etməyib, ayrılanda məni saxladı, yeni nəşr olunmuş “Azərbaycanda faydalı bitki sərvətləri” adlı kitabını mən avtoqrafla bağışladı. Mənim İmam müəllimlə ilk görüşüm belə oldu.

Nəhayət 1994-cü ildə 22 yaşımda görkəmli morfoloq, əməkdar elm xadimi, professor Məmmədsadıq Abdullayev haqqında yazdığım “Daima insanı öyrənən alim” adlı kitabım nəşr olundu. Həmin kitabda akademik İmam Mustafayevində fikirləri dərc olunmuşdur.

Həmin il iyul ayının birində kitabımın siqnal nüsxələrini aldım və elə o axşam Məmmədsadıq müəllimin doğum günü olduğu üçün evində böyük ziyafət təşkil olunmuşdur. Mən də həmin ziyafətə dəvət edilmişdim. Orada akademik İmam Mustafaeyev, akademik Teymuraz Qibradze, professor Rafiq Rəcəbov, professor Müseyib Müseyibov, professor Abdulla Əhədov, məşhur neftçi Bayram Bayramov, görkəmli dirijor, Üzeyir Hacıbəyovun dayısı oğlu, dirijor Kazım Əliverdibəyov və başqa qonaqlar var idi. Həmin məclisdə mən akademik İmam Mustafayevlə və akademik Teymuraz Qibradze ilə üz-üzə oturmuşdum. Bütün məclis boyu mən İmam müəllimin davranışına göz qoyur, hər dəfə ona valeh olurdum.

Sonra həmin ayın (29 iyun) axırlarında yenə də İmam müəllimə baş çəkməyə getdim. Məni görən kimi tanıdı. Oturmağa yer göstərdi. Maraqlı söhbətlər başlandı. İmam Mustafayev kimi tarixi şəxsiyyətlə hər söhbət şəxsən məni o qədər zənginləşdirirdi ki, öz-özümə deyirdim:-Bu qədər dərin savadı qazanmaq mümkündürmü? Və akademiklə görüşlərimdə mənə aydın olurdu ki, bu ancaq İmam Mustafayev kimi şəxsiyyətlərə allahın verdiyi nemətdir...

Görüşümüzdən sonra mən “Daima insanı öyrənən alim” adlı kitabımından bir nüsxəsini avtoqrafla İmam müəllimə bağışladım. O, məni bir daha təbrik etdi, ayağa qalxıb əlimdən tutdu, xoş sözlər dedi. Sonra mənə özünün yazdığı və yeni nəşr olunmuş, “İmam Şamil” kitabının siqnal nüsxələrindən birini avtoqrafla bağışladı. Xudafizləşib ayrılandan sonra pillələri enib institutun həyətinə çıxdım. Yol boyu sağ və sol tərəfdə əkilən ağaclar, güllər, kollar və İmam müəllimin mənə qarşı mehribanlığı sərin yay küləyi tək qəlbimi xoş amallarla zənginləşdirirdi. Bu an qəlbimdən-xalq üçün yaşayanlar xoşbəxtdir-sözləri keçdi. Bəli, İmam Mustafayev xalq üçün yaşadı, xalq üçün çalışdı...

 Aradan bir neçə ay keçdi. Mən İmam müəllimlə oktyabr ayının 24-də görüşdüm. Tibb Universitetində dərsdən çıxıb “Genetika və Seleksiya İnistitutu”na gəldim. Üçüncü mərtəbəyə qalxdım. İmam müəllimi özünün işçisindən soruşdum, mənə dedi ki, nahar edir. Mən dəhlizdə gözlədim. Təxminən on beş dəqiqədən sonra məni-sizi çağırır-deyə içəri dəvət etdi.

- Qaynanan sənə çox istəmir-İmam müəllimin mənə ilk qımışa-qımışa dediyi söz bu oldu. Sonra eyni şuxluqla əlavə etdi:-Nə olsun birlikdə çörək yemədik, birlikdə çay içərik-deyib mənə oturmağa yer göstərdi.

İmam müəllim-sənin kitabını oxudum, çox xoşuma gəldi, böyük zəhmət çəkmisən-deyə fikri nədənsə uzaqlara getdi. Yəqin ki, kitabda yazılanları yadına salmaq üçün nə isə fikirləşirdi. Sonra əlavə etdi:-İlk kitabın nəşr olunması insan həyatında ən unudulmaz və uğurlu gün kimi hər zaman yadda qalır.

Söhbətimiz xeyli çəkdi. İmam müəllimin müxtəlif dövlət və mədəniyyət xadimləri haqqında etdiyi söhbətlər məni xəyalən XX əsrin əvvəllərinə apardı.

O, Səməd Vurğunla öz dostluğunda xeyli maraqlı xatirələr danışdı. Bu xatirələrdən biri mənim yaddaşımda qalıb.

İmam müəllim danışırdı ki;

- Respublikanın birinci katibi yenicə təyin olunmuşdum. Bir gün Səməd Vurğun mənimlə rastlaşdı və mənə zarafatla dedi:

- Qağa, bu gündən sonra gərək biz deyəni edəsən.

Mən də eyni zarafatla

- Mərkəzi Komitə nə vaxtdan Yazıçılar İttifaqının filialı olub-deyə eyni zarafatla cavab verdim.

Mənim bu sözümün müqabilində Səməd Vurğun ciddiləşdi,

- Qağa, mən elə demək istəmədin-deyə cavab verdi.

Bu sözləri İmam müəllim danışdıqca xəyala dalır, sanki dostluğunun yoxluğu üçün daxilində fəryad edirdi.

Mənim İmam müəllimlə ədəbiyyat barəsində çoxlu söhbətlərim olur. O, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Süleyman Rüstəm, Mehdi Hüseyn, Mirzə İbrahimov və başqaları haqqında danışdıqca fikri uzaqlara gedir, onların müasiri olduğu üçün özünü xoşbəxt hesab edirdi.

İmam müəllim sənətinə, şəxsiyyətinə hörmət bəslədiyi yazıçı dostlarının mənfi cəhətlərini də deməkdən çəkinməzdi.

Bizim söhbətimiz zamanı o, mənə dedi ki;

- Görkəmli bir yazıçı otuzuncu, qırxıncı illərdə yazdığı IV cildlik roman epopeyasını tamamlamamış, I və II cildlərini mənim rəhbərliyim dövründə üçüncü dəfə nəşr etdirirdi.

Sonra bir az əsəbləşdi:

- Əşi belə də iş olar. Əsəri tam yazarlar, sonra təkrar nəşr etdirərlər-deyə cavab verdi.

Bir də üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarının kapital nəşrindən söhbət salan İmam müəllim bildirdi ki, kitabın I və II cildləri çap olunmamış, üçüncü cildi nəşr olunub. Üçüncü cild 1957-ci ildə, I və II cildlər isə 1960-cı ildə işıq üzü görüb.

Üçüncü cild nəşr olunandan sonra İmam müəllim buna etiraz edib və deyib:

- Əvvəl birinci cild nəşr olunar, sonra o biri cildlər. Siz əksinə eləmisiniz. I və II cildlər qalıb, üçüncü cildi yəni sovet dövrünü əvvəl nəşr etdirmisiniz. Qorxursunuz ki, birdən sizin haqqınızda (o, dövrdə sağ olan əksər yazıçılar) olan cild nəşr olunmaz?

İndi fikirləşib bütün bu söhbətləri yadıma salanda belə nəticəyə gəlirəm ki, bütün bunlar hamısı haqlı iradlardır. İmam müəllimin haqsızlığa qarşı fikirləri ilə tam razı olub, deyirəm-təəssüf ki, bizim içimizdə belə şəxsiyyətlər çox azdır.

Mən həmişə bu böyük şəxsiyyətlə görüşəndə, böyük bir ensiklopediyanı varaqlayırdım. Bəli, ensiklopediya. İmam müəllimin yaddaşı ensiklopediya idi və oradan xalq çox şey götürə bilərdi. Əfsus... 

İmam Mustafayevin işıqlı ömrü Azərbaycan xalqının tərəqqisi naminə inkişafın gözəl nümunəsi idi.

Akademik İmam Mustafayev iyirmi ildir ki, aramızda yoxdur. Onun haqqında düşünəndə bir fikir xəyalımdan keçir. O, böyük alim, böyük təşkilatçı, böyük vətəndaş və böyük

şəxsiyyət idi...

İmran AXUNDOV, fəlsəfə doktoru

““ 

““ 

““ 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93