“Böyük vəzifələri var, amma zərərli vərdişdən imtina edə bilmirlər” – Ayaz Mütəllibov

20 May, 2020, 12:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ölkədə koronavirus pandemiyası ilə paralel olaraq, korrupsiya və rüşvətə qarşı görülən tədbirlər, kadr islahatları da əsas gündəm mövzusu olaraq qalmaqdadır. 

Hurriyyet.org bildirir ki, “AzPolitika.info” günün aktual mövzuları ilə bağlı eks-prezident Ayaz Mütəllibovun fikirlərini öyrənib.

– Ayaz müəllim, son aylar Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra başçıları, nazir müavini, hətta general və polkovniklər həbs edilib. Bu baş verənləri necə qiymətləndirirsiniz?

– Əgər həbslər aparılıbsa, deməli buna əsaslar var. Mən bu barədə daha konkret danışa bilmirəm, çünki prosesin içində deyiləm. Ancaq belə addımlar əsassız ola bilməz.

Onu qeyd edim ki, korrupsiya həmişə olub. Sözsüz ki, pis əməldir, amma bu, SSRİ dövründə də olub. İndi dövət başçısı açıq xəbərdarlıq edib ki, buna getmək olmaz, rüşvət alınmamalı, dövlət mənafeyi və xalqın istəyi əsas götürülməlidir. Amma baxırsan ki, bəzən gənc insanlar da rüşvətlə məşğuldurlar. Əslində, siz dövlət məmurusunuz, sevinməlisiniz ki, dövlət üçün xidmət göstərir, bunun müqabilində əmək haqqı alırsınız. Amma gedib korrupsiya ilə məşğul olanda, bu, xoşagəlməz hal yaradır. Bu mənada hesab edirəm ki, dövlət tərəfindən atılan addımlar təqdir edilməlidir.

– Siz təcrübəli insansınız, uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmısınız, ölkə Prezidenti olmusunuz. Sizcə, Azərbaycan rüşvət və korrupsiyadan necə xilas ola bilər?

– Əvvəla qeyd edim ki, Azərbaycan Prezidenti, habelə Birinci vitse-prezident dəfələrlə çıxış ediblər. Bu mövzuda danışıblar, xəbərdarlıq ediblər. Mən bilmirəm ki, insanlar niyə belə yola düşüblər. Böyük vəzifələri var, amma zərərli vərdişdən sanki imtina edə bilmirlər.

Fikrimcə, inzibati amillərlə bunun qarşısını almaq olar. Sistem özü korrupsiyanın qarşısını almalıdır. Elə bir hal yaranmalıdır ki, biləsən bu haradan gəlir, kökü nədir. Və buna qarşı profilaktik tədbirlər aparılmalıdır. Yəni bu xarakterli hadisələri qabaqlayaraq onun inkişafına imkan verməmək lazımdır.

– Sizin prezidentliyiniz dövründə də belə hallar olurdu. Həmin dövrdə sizə məruzə edilirdimi ki, filan məmur korrupsiya ilə məşğuldur?…

– Sözsüz ki, olurdu. Biz də korrupsiyaya qarşı öz tədbirlərimizi görürdük. Xüsusi idarələr, Xalq Nəzarət Komitəsi kimi qurumlar bu sahədə işləyirdilər. Ümumiyyətlə, rüşvət və korrupsiyanın kökü orta əsrlərə gedir. Hesab edirəm ki, indi Azərbaycanda bununla bağlı ciddi tədbirlər aparılır və yəqin ki, bunun müsbət nəticəsi olacaq. Müəyyən adamlar bundan nəticə çıxaracaqlar. Mən buna ümidvaram.

– Amma təcrübə göstərdi ki, məsələn, icra başçıları bundan nəticə çıxarmır…

– Nə deyim? Əslində ağılsızlıqdan irəli gələn addımdır. Ola bilsin düşünürlər ki, mənə xəta gəlməz, mənlik bir şey olmaz. Belə sözlər və mövqe ilə özlərini çaşdırır və nəticədə pis vəziyyətə düşürlər. Bu insanlar ölkədə müxtəlif istiqamətdə aparılan islahatlara baxıb bundan nəticə çıxarmalıdırlar.

– Son zamanlar gənc insanlara etimad göstərilir, onlar yüksək postlara təyin edilir. Buna münasibətiniz necədir?

– Demokratik cəmiyyətdə belə addımlar atılmalıdır. Bunu müsbət qiymətləndirirəm. Əslində, bu addımlar həm də korrupsiyanın qarşısını almağa xidmət edir. Ancaq bir daha qeyd edirəm ki, rüşvətə, korrupsiyaya qol qoymaq olmaz. Söhbət məmurlardan gedir. Onlar dövləti təmsil edirlər. Düşmənlərimiz də az deyil. Buna baxıb nəticələr çıxarırlar.

Bu cür hallar xalqımızın da narazılığına səbəb olur. Cəmiyyət olaraq da müəyyən problemlərimiz var. Əlbəttə, son nəticədə kiminsə tutulması kimlərdəsə məmnunluq yaradır, düşünürlər ki, yaxşı edib tutdular. Amma belə hallar həm də insanlarda təəssüf hissi yaradır ki, niyə belə hallara yol verilir. Axı xəbərdarlıq edirlər, amma yenə də çarəsi yoxdur. Bu, göstərir ki, nə qədər cəmiyyət, dövlət varsa, korrupsiyaya qarşı mübarizə də olmalı, tədbirlər görülməlidir. Çünki belə hallar xalqın qəzəbinə səbəb olur, onu incidir, nəticədə etiraz potensialı artır. Bundan da istifadə edən adamlar, məmurlar var. Xaricdə də Azərbaycana qarşı olan insanlar, təşkilatlar var ki, belə amillərdən yararlanmağa çalışırlar.

Kadr məsələsinə qayıdaraq qeyd edim ki, cavan adamlara iqtidar həmişə hörmət bəsləməlidir. Çünki söhbət gələcəkdən gedir. Gənc kadrların irəli çəkilməsi gündəmdədir. Son illər bu istiqamətdə böyük addımlar atılıb.

– Baş prokuror Zakir Qaralovun işdən alınmasını necə qiymətləndirirsiniz?

– İstənilən vəzifəli şəxs əvvəl-axır tutduğu postdan getməlidir. Biz yuxarıda qeyd etdik ki, ölkənin kadr siyasətində dəyişikliklər baş verir. Bu da olmalıdır və bütün bunlar gözümüzün önündə yaşanır.

– Siz Zakir Qaralovu şəxsən tanıyırdınız?

– Xeyr, həmin şəxsi tanımıram, şəxsi münasibətim də olmayıb. O, bizim dövrümüzdə yəqin ki, cavan adam olub.

– Ayaz müəllim, hazırda dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı fikirləriniz də maraqlı olar. Bunun virus, yoxsa bioloji silah olduğuna dair müzakirələr gedir…

– Koronavirus xəstəlikdir, amma bununla bağlı müxtəlif rəylər var. Biri inanır ki, xəstəlikdir, digəri düşünür ki, süni şəkildə yaradılan silahdır. Ancaq buna ciddi yanaşılmalıdır. Biz görürük ki, bu, dəhşətli bir prosesdir və dünya virusun qarşısında aciz qalıb. Çox güman ki, bu istiqamətdə böyük işlər aparılacaq. Əslində bu, gələcək baxımından böyük bir dərsdir. Buna baxıb nəticə çıxarılmalıdır.

Bu, təbiətin yaratdığı xəstəlikdir, amma burada siyasət, siyasi amillər də var. Kim buna inanır-inanmır öz yerində, amma dünya, ölkələr bundan dərs çıxarmalıdır. Bu xəstəliyə şübhə etmək olmaz. İkincisi, bəzən deyirlər ki, pandemiyadan sonra dünyada qlobal dəyişikliklər baş verəcək. Hesab edirəm ki, bunu deyənlər əsasən iqtisadi məsələləri nəzərdə tuturlar. Yəni söhbət iqtisadiyyatdan gedir. Sözsüz ki, son bir neçə ay ərzində dünya iqtisadiyyatı ciddi ziyan görüb. Elə ölkələr var ki, belə problemlərin öhdəsindən gələ bilmirlər, zəifdirlər. Bundan da istifadə edərək, öz maraqlarını diktə edən böyük dövlətlərin olması reallıqdır.

Bununla yanaşı, Azərbaycanda pandemiya kəskin formada müşahidə edilmədi. Dövlət önləyici tədbirlər gördü, yaxşı təşkilatçılıq müşahidə olundu. Bu da müsbət amil kimi qeyd edilməlidir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93