“Bu gün Azərbaycanda FETÖ-dən də böyük çətə mövcuddur” – CAHANDAR BAYOĞLU

9

“Bu qüvvə hər an Azərbaycanı ayaqlar altına salmağa hazırdır”

“FETÖ də Azərbaycanda Ramiz Mehdiyevin nəzarəti altında olub, Moskvanın agenturası da”

2016-cı il iylun 15-də Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ təşkilatının qardaş Türkiyədə həyata keçirdiyi dövlət çevrilişinə cəhd olayı Azərbaycana da təsirsiz ötüşmədi. Belə ki, bu cəhdin baş tutması istər Türkiyədə, istər də Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı geniş əməliyyatlara rəvac verdi. Nəticədə çox sayda həbs olunanlarla yanaşı, ölkəni zamanından tərk edənlər də oldu. Bir qrup isə qeyri-müəyyən vaxtadək öz “hücrələrinə” çəkilib, gözləməyə üstünlük verdi. Bəs, 4 il sonra bu sahədə vəziyyət necədir, FETÖ problemi hər iki ölkədə aradan qalxıb, yoxsa bu şəbəkə hələ də öz fəaliyyətini davam etdirir? Bu və digər suallara Turan Partiyasının başqanı Cahandar Bayoğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.  

– Sizcə, 2016-cı ilin 15 iyul olayları Türkiyə və Azərbaycanın siyasətində nə kimi yeniliklərə səbəb oldu?

– 15 iyul Türkiyənin həyatında və türk dünyasında ciddi bir haidəsinin, dünyada mövcud olan qaranlıq güclərin ayrı-ayrı dövlətlərdə qurduğu çətələrin (qeyri-müəyyən silahlı qrupların – müəl.) ifşası günü kimi dəyərləndirilməlidir. Təbii ki, Fətullah Gülən kimi ağlını itirmiş, danışığını bilməyən qoca bir adam Türkiyədə və ya hər hansı bir ölkədə dövlət çevrilişi edə bilməzdi. Ona bunun gücü də çatmazdı. Amma Amerikadakı kürəsəlçi (qlobalçı) güclər Gülənin adından istifadə edib, onun şəklini də önə verərək, Türkiyənin içərisində öz hakimiyyətlərini bərpa etmək üçün ciddi bir həmləyə girişmişdilər. Bu həmlə də onların Türkiyəni tamamilə “sındırmaq” və özlərinin nəzarətinə almağa cəhd kimi dəyərləndirliməlidir. Odur ki, bu tarix həm də Amerikanın kürəsəlçi güclərinin, beynəlxalq anti-türk qüvvələrinin Türkiyənin dövlət strukturlarına yeritdikləri FETÖ örügütü vasitəsilə oynadığı rolun və siyasi gedişlərin Türkiyə xalqının ayağa qalxıb qarşısını aldığı gündür. Türk milləti bir daha dünyaya sübut etdi ki, onun iradəsinə qarşı çıxmaq heç bir qüvvənin işi deyil, Türk milləti Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti və minillik Türk ənənələri ilə bu gün də meydandadır, ona qarşı heç kim çıxa və onun iradəsinin qarşısında kimsə dura bilməz.

– Nəyə əsasən hesab edirsiniz ki, 15 iyul olayları təkcə Türkiyəyə deyil, ümumilikdə Türk dünyasına hədəflənmiş bir plan olub?

– Bilirsiniz ki, dünyada mövcud olan, özəlliklə bu gün Amerikada oturan kürəsəlçi güclər Putinin şəxsində Rusiyanı da nəzarətə alıblar. O cümlədən, Avropa Birliyi də bu gücün nəzarətindədir. Onlar uzun zaman Türkiyənin içərisində bir şəbəkə qrumuşdular və demək olar ki, Türkiyəni 50/50-yə idarə edirdilər. FETÖ kimi çətələr qurmaqla, Türkiyənin iradəsinə qarşı örgütlənmişdilər. Eyni zamanda, bu qüvvələr nəinki Türkiyədə, onların maraq dairəsində olan, strateji maraqları olan bir çox dövlətlərdə özlərinin dövlət içində dövlətlərini qurublar. Həmin beynəlxalq şəbəkə, Amerikada olan kürəsəlçi çətə bütün dövlətlərdə nüfuz dairələrini genişləndirməklə dünyanı idarə etmək və onun üzərində ağalıq etmək niyyətindəydilər. Şübhəsiz, hələ də bu niyyələrindən əl çəkməyiblər. Bilirsiniz ki, hələ də Türkiyənin içərisində Fətullah Gülənin izləri qalmaqadadır. Haranı “qazıyırsan”, orda Fətullah Gülənin rəhbərlik etdiyi çətənin izləri görünür.

Təbii ki, dünyanın bir çox ölkələrində də Türkiyədə baş verən olaylar gerçəkləşdirilə bilər. Çünki beynəlxalq kürəsəlçi güc hələ də böyük qüvvə olaraq qalır, dünya maliyyə patronları onlarla bir yerdədir. Onlar istənilən ölkədə qarşıqlıq yarada, oranın daxili dinamizmini dəyişə, nüfuz dairələrini genişləndirə bilirlər. Rusiya belə, Putinin simasında bu gücün qarşısında diz çökdü. Amma tək Türkiyə oldu ki, bu gücün əldə etmək istədiyinə imkan vermədi. O cümlədən, bu gün Azərbaycanın da o güclərin təsiri altında olması sirr deyil.

– Fətullah Güləni ağlını itirmiş bir qoca kimi təqdim edirsiniz. Amma gəlin onu da nəzərə alaq ki, uzun illər Azərbaycan hakimiyyətində bu qocanın əlini öpmək üçün növbəyə dayanan məmurlar, hətta nazirlər olub…

– Bu Amerikanın çətəsi olduğundan, burdakı məmurlara deyirlər ki, get onun əlini öp, yanında diz çök. Əslində, bununla, yəni əl öpdürməklə, diz çökdürməklə həm də o adamları aşağılayırlar. Üstəlik, bir gədanın qarşısında diz çökənlərin özlərinin də bir gəda, yaramaz insan olduqları şübhəsizdir.

– Qeyd etdiniz kimi, Türkiyədə hələ də FETÖ-nün izləri silinməyib. Bəs, Azərbaycanda necə?..

– Son zamanlar mətbuatda “Azərbaycan FETÖ-su” adlı yazılar getməkdədir. Bu yazılarda müqayisəli şəkildə təqdim olunur ki, Türkiyədə FETÖ varsa, bizdə də bu şəbəkə var… Amma mən sizə deyərdim ki, Azərbaycanda olan bu qurum FETÖ-dan heç nə ilə fərqlənmir, həm də onun tərkib hissəsidir.

– Fikrinizi bir qədər də aydnılaşdıra bilərsiniz ki, söhbət hansı qurumdan gedir?

– Bilirsiniz ki, Fətullah Gülən Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yavaş-yavaş bura gəlib, sonrakı dövrlərdə kifayət qədər güclənib. Hətta Tayyib Ərdoğanla Fətullah Gülən eyni cəbhədə olanda Azərbaycanda müəyyən şəxslər Fətullahçı olmaları ilə fəxr edirdilər. “Azərbaycanda nur çatışmır” deyə məqalələr yazırdılar. Gülənin saytlarında boy-boy şəkilləri çıxırdı, onun adına saraylarda ziyafətlər təşkil edirdilər və s. Bu adamlar arasında həm nazir, həm deputat, həm də digər ciddi vəzifə sahibləri olub. Onlar sadəcə 15 iyul hadisəsindən sonra Azərbaycanda gizlənməyə başladılar. Hətta bəziləri FETÖ-nün əleyhinə açıqlamalar da verdi. Amma bu, bir maskalanma siyasəti idi. Çünki həmin qüvvə bu gün Azərbaycanda yenə meydanlardadır. Yenə də Prezident Aparatında, Milli Məclisdə, ayrı-ayrı nazirliklərdə, hətta milli qüvvələr adı ilə tanınan bir çox siyasi partiyalarda da Fətullah Gülən güclüdür. Bu da Gülənin adı ilə Amerika kürəsəlçilərinin qurduğu bir çətədir ki, onlar Azərbaycanda örgütləniblər. Həm SOROS-dan, həm də ayrı-ayrı institutlardan maliyyəşən qüvvələr bu çətədə formalaşıblar ki, onların da hamısının ağası ABŞ-da otruran kürəsəlçi güclər və “para patronları”dır. Onlar istədikləri zaman bu qüvvələri bir araya gətirir, yeri gələndə də toqquşdururlar ki, öz maraqlarını təmin edə bilsinlər. Bu təhlükə hazırda Azərbaycanda da qalır.

Bir də Sovetlər Birliyindən qalan agentura şəbəkəsidir ki, Putin onları qoruyub saxlaya bilib. Yəni həmin kürəsəlçi qüvvələr Moskva üzərindən bu çətəni də istdəkləri zaman hərəkətə gətirə və eyni zamanda daha da genişlənmiş bir struktur formalaşdıra bilir. Odur ki, bu gün Azərbaycanda FETÖ-dan da böyük və Azərbaycanı ayaqlar altına salmağa hazır olan çətə mövcuddur ki, onun əli ilə istənilən zaman qarşıdurmalar yarada bilərlər.

-Yeri gəlmişkən, Fətullah Gülənin ən sadiq adamlarından biri, FETÖ imamı Ceyhun Osmanlı 15 iyul olaylarından sonra bir müddət “hücrəsinə” çəkilsə də, artıq siyasi partiya sədri kimi meydana atılıb. Bu fakt da FETÖ-nun Azərbaycanda hələ də mövcud olduğunu ortaya qoymurmu?

– Əvvəla, mən ilk adamlardan biriyəm ki, hələ keçən ilin dekabr ayından Azərbaycanda “paralel dövlət”in qurulduğu haqda mətbuata açıqlamalar vermişəm. Eyni zamanda, Ramiz Mehdiyev vəzifədən getməzdən öncə mətbuata müsahibəmdə onun bir təhlükəli çətənin başında olduğunu, kürəsəlçi qüvvələrin bu adamın üzərində bir oyun qurduğunu bildirmişəm. Təəssüf ki, həmin dönəmdə Ramiz Mehdiyev hakimiyyətdə olduğundan, mənim müsahibəm verilmədi. Hər halda, Prezident Aparatında olan güclər o müsahibənin yayılmasına imkan vermədilər. Yəni mən 1 il əvvəldən Azərbaycanda mövcud olan bu təhlükə haqqından məlumat vermişdim. Bilirisiniz ki, zaman-zaman Ramiz Mehdiyevin Moskvanın adamı olduğu haqda ciddi açıqlamalar, eyni zamanda, ayrı-ayrı kulislərdə bu haqda söhbətlər gedib. Amma Azərbaycanda heç vaxt Ramiz Mehdiyevə qarşı açıq mübarizə olmayıb, hamı ondan çəkinib. Çünki FETÖ da Azərbaycanda Ramiz Mehdiyevin nəzarəti altından olub, Moskvanın agenturası da. Onların da ümumi patronu kürəsəlçi maliyyə gücləri olduğundan, Ramiz Mehdiyev hər zaman ciddi bir fiqur kimi meydanda olub və ona qarşı da hər hansı bir siyasi fiqurun, yaxud digər bir şəxsin danışması arzuolunmaz olub. Heç kəs buna cəsarət etməyib. Yəni kürəsəlçi güclər Ramiz Mehdiyev haqqında bir xof yaratmışdılar və onun çevrəsində olan bütün strukturları formalaşdıra bilmişdilər. Beləliklə, bu struktur vasitəsilə Azərbaycanı idarə etmək, istədiyi tərəfə yönləndirmək niyyətləri olub…

– Sualım cavabsız qaldı, amma yeri gəlmişkən bu sualı da verməliyəm: bu gün Ramiz Mehdiyev artıq vəzifədən gedib. Sizcə, o, yenə də həmin strukturları idarə edə bilir?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA, Hurriyyet.org