“Bu, həyat imtahanıdır, təəssüf ki, ikinci dəfə verməyə imkanımız olmayacaq” – Deputat

29 İyun, 2020, 21:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Prezidentimiz, dövlətimiz, Milli Məclis, həmkarlarım, elm və mədəniyyət adamları, ictimai xadimlər, kütləvi informasiya vasitələri xeyli müddətdir həyəcan təbili çalır, ancaq xalqımız, vətəndaşlarımız, sizin üçün atılan addımlar, keçirilən həyəcanlar nəticə vermir. Sərt karantin rejimi tətbiq olunarkən bəzi vətəndaşlar, əfsuslar olsun ki, onların sayı heç də az deyil, – bu virusun öldürücü təsirinə inanmayaraq təhlükəni ciddiyə almadılar, lağa qoyan, zarafat obyektinə çevirənlər oldu. Əfsuslar olsun ki, bu ab-hava hazırda da hökm sürür. Nə etmək lazımdır ki, həmin vətəndaşlarda məsuliyyət hissi baş qaldırsın? Nə edək ki, maska taxsınlar, sosial məsafəni qorusunlar, evdə qalsınlar, səbəbsiz halda şəhərə, küçəyə çıxmaq kimi məsuliyyətsizliyə yol verməsinlər?”.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

A.Allahverdiyev qeyd edib: “Hər birimizin qonşusu, qohumu, dostu, tanışı arasında bu bəlaya düçar olan var. Məgər biz görmürükmü ki, bu müharibənin iştirakçısıyıq və hər an hər birimiz bu görünməz düşmənlə döyüşün qurbanı ola bilərik? Bugün bu virusa yoluxub əziyyət çəkənlər, dünyalarını dəyişənlər müharibə nəticəsində başımıza yağan bombalardan, bizə atılan güllələrdən yaralanan və dünyasını dəyişən vətəndaşlarımızdır. O güllələr, mərmilərin qəlpələri hər birimizə tuş gəlsin? XXI əsrdir, hamı təhsil alır, savad sahibidir, yəni biz anlamırıq ki, III Dünya müharibəsini yaşayırıq? Nəyə görə belə məsuliyyətsiz vətəndaşlara görə mənim, sizin, bizim dostlarımız, qohumlarımız, yaxınlarımız, qonşularımız xəstələnməli və həyatdan köçməlidir? Qaydaları pozan, karantin rejiminin tələblərinə riayət etməyən, hətta polis tərəfindən cərimələnərkən etiraz edən, sanki həbs olunubtək “hüquqlarını tələb edən” vətəndaşlarımıza necə izah edək ki, sizin kimilərə görə yüzlərlə, minlərlə soydaşımızın nəinki hüquqları pozulur, hətta sağlamlıqlarına xələl gəlir, ölümlə üz-üzə qalırlar? Bəs onlara dəyən mənəvi ziyanı kim və necə ödəyəcək?

 

Sizin xəbəriniz varmı xarici ölkələrdə qaydaları pozan şəxslər hansı məbləğdə cərimə edilirlər? Siz bilirsinizmi xaricdə insanlara evdə, öz hesablarına karantində olmağı tövsiyyə edirlər? Bizdə isə dövlət hər kəsi xəstəxanalara yerləşdirir. İş o yerə çatıb ki, xəstəxanalarda yer yoxdur, xəstələrə baxan həkimlərimiz isə çatışmır. Axı biz bunları niyə görməməzlikdən gəlirik? Gərək hər birimiz bu virusa yoluxaq ki, real vəziyyəti anlayaq? Bugün Milli Məclisdə cərimələrin artırılması barədə qərar qəbul olundu. Mən də bu qərara səs verdim. Təəssüf ki, çıxış üçün növbəm yetişmədi. Mən də hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qadağalara sərt şəkildə riayət olunmalıdır, qaydaları pozanlar isə cərimələnməlidir. Eyni zamanda, hər birimiz sosial məsuliyyətimizi artıraraq həyatımıza təhlükə olan istənilən addımı qınamalıyıq. Çünki sosial məsuliyyət olmayan yerdə güman ki, cərimələr və qadağaların da effekti istədiyimiz qədər olmayacaq. Yaşadığımız günlər bizim bir xalq olaraq qarşımızdakı sınaqdır, testdir. Sizə tam səmimi deyirəm, bir millət vəkili olaraq bu imtahandan bugünkü göstəricilərə əsasən çıxa bilmədiyimizə, qeyri-kafi qiymət aldığımıza görə çox üzülürəm. Bu imtahan həyat imtahanıdır, təəssüf ki, onu ikinci dəfə verməyə imkanımız olmayacaq. Bu halda nədən biz məsuliyyətimizi artırmayaq? Zəngin tarixi, mədəniyyəti, adət-ənənələri, intellektual potensialı olan xalq kimi nə səbəbdən bu çətin vəziyyətin tələblərinə, qarşımızda duran ümumxalq probleminə biganə olmalıyıq? Sabah torpaqlarımızı işğal etmiş yağı düşmənlə qanlı savaşa başlayanda belə nizam-intizam, birlik nümayiş etdirəcəyik? Həmrəyliyimiz bu qədərdir? Sizin deputatınız olaraq hər birinizi təhlükədən doğan məhdudiyyətlərə qarşı məsuliyyət sərgiləməyə çağırıram və xahiş edirəm: siz də öz növbənizdə dostlarınızı, qohumlarınızı və əzizlərinizi, ailə üzvlərinizi xəbərdar edin. Sonra gec olacaq. Artıq gecikirik. Biz bir xalq olduğumuzu hamıya, o cümlədən də özümüzə sübut etməliyik!”. \\Pravda


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93