“Bu vəziyyətdən həm məmurlar, həm də cəmiyyət yaxşı dərs götürməlidir” – HƏSRƏT RÜSTƏMOV

18 Aprel, 2020, 12:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hazırda ölkədə gündəm mövzusu koronavirus pandemiyasıdır. Hətta müxalifət qüvvələri də siyasi fəaliyyətlərini bu yöndə qurublar. “Unikal” qəzetinə müsahibə verən ADP sədrinin müavini, həkim Həsrət Rüstəmovla söhbətimiz də elə bu mövzuda oldu.

Müsahibəni təqdim edirik:

-Həsrət bəy, Siz siyasi müxalifət təmsilçisi olmaqla yanaşı, həm də həkimsiniz. Hazırda dünyanı cənginə alan və ölkəmizdə də yayılan koronavirus pandemiyası ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Koronavirus ailəsindən olan və hazırda dünyada sürətlə yayılmaqda olan COVİD-19 adı verilmiş yeni növ koronovirus infeksiyası haqqında o qədər çox məlumat yayılır ki, indi başqa sənət sahibləri, xüsusilə də siyasətçilər və mətbuat nümayəndələri demək olar ki, həkimlər qədər bu barədə məlumata sahibdirlər. Çünki bu iki təbəqə nümayəndələri daha çox xəbərlər və dünya yenilikləri ilə maraqlanırlar və indiki dönəmdə xəbərlərin demək olar ki, hamısı bu və ya digər dərəcədə koronavirusun yeni növünün yaratdığı pandemiya ilə əlaqəlidir. Bircə onu əlavə etmək istərdim ki, bu virus infeksiyasının təhlükəli tərəfi odur ki, sürətlə yayılır və eyni zamanda yüzlərlə, minlərlə, hətta daha çox adamın xəstələnməsinə səbəb ola bilir ki, bu zaman bu qədər xəstəlik hadisəsi ilə nə edəcəyini bilməyən səhiyyə sisteminin, habelə sosial müdafiə, xüsusi və dövlət sektoruna bağlı iqtisadiyyatın çökməsi baş verə bilər. Təsəvvür edirsinizmi, bizim ölkədə əgər bir gündə min və daha çox yoluxma halı qeyd olunarsa, hansı ki, adətən bunun orta hesabla 10%-ni ağır xəstələr təşkil edir, bir neçə gündən sonra səhiyyə və əlaqəli sahələrdə nə baş verə bilər? Əlbəttə ki, total kollaps, başqa cür desək çökmə baş verə bilər. Nə çarpayı, nə tibb işçisi, nə yemək və dərman çatdırmaq mümkün olmaz. Yəni, bu xəstəliyin qorxulu tərəfi budur, elmi dildə bu epidemioloji aspekt adlanır. Yoxsa xəstəlik əsasən kliniki simptomları yüngül qrip kimi keçir və yoluxan insanların böyük əksəriyyəti ağırlaşmasız, simptomatik dəstək müalicəsi ilə vəziyyətdən çıxırlar. Beləliklə də, panikaya, sosial təşvişə və ciddi stresə düşmədən, sosial izolyasiya tədbirlərinə və gigeyenik məsləhətlərə əməl etməklə, hər bir insanın özünü və ətrafdakıları qoruması hələlik dünyanın bildiyi yeganə doğru yoldur. Buna da hamılıqla maksimum əməl etməliyik.

-Hökumət önləyici tədbirlər həyata keçirdi və digər ölkələrdəki vəziyyətlə müqayisədə Azərbaycanda durum normaldır. Karantin və önləyici tədbirləri necə qiymətləndirirsiniz?

– Ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərini, karantin rejiminin tətbiqini, sərhədlərin bağlanmasını təbii ki, doğru hesab edirəm. Azərbaycan hakimiyyətinin əksər addımlarını haqlı olaraq tənqid edən tərəfin nümayəndəsi olsam da, bu son tədbirlərin əsasən vaxtında və doğru atıldığı qənaətindəyəm. Hətta quru sərhədlərin bir neçə gün öncə bağlanması, hava daşımalarının daha erkən dayandırılması vəziyyəti artıq nəzarət altına almağa imkan verərdi, deyə düşünürəm. Ölkədə əlbəttə ki, son bir- iki ayın mövzusu olmayan ciddi sosial-iqtisadi problemlər bu dövrdə daha ciddi şəkildə ortalığa çıxmağa başlayır və hakimiyyət əsasən sosial müdafiəyə ehtiyacı olan təbəqələrin bu pandemiya dövründə qorunmasını əvvəlki dövrlərdə olduğu kimi deyil, lazımi səviyyədə həyata keçirməyə çalışmalıdır. Əks halda, ölkə yoluxucu xəstəlikdən deyil, insanları aclıqdan və bu aclıq üzərində siyasi manipulyasiya etməyə girəvə gözləyən fürsətçil qüvvələrdən ciddi və daha böyük ziyanlar görə bilər. Təbii ki, ölkədəki vəziyyətə bilavasitə cavabdeh olan hakim qüvvə bütün bunları nəzərə almağa borcludur.

-Bu prosesdə əsas yük siz həkimlərin, tibb personalının üzərinə düşdü. Bu barədə nə deyə bilərsiniz?

– Həkimlik və tibbi xidmətin bütün halqalarında duran insanların əməyi həmişə şücaət hesab edilməlidir. Bu elə bir sənətdir ki, başqalarına həyat verərkən tibb işçiləri özlərini çox vaxt təhlükəyə atmalı olurlar. Ona görə ki, bu iş olduqca çətin, ağır və stresli əmək tələb edən işdir. Son vaxtlaradək səhiyyə sistemimizdəki qüsurlara görə, islahatların həddən artıq gecikdirilməsi və bununla əlaqədar insanların səhiyyədən məmnun qalmamasına görə həkimləri və tibb işçilərini təhqir edən, söyən, aşağılayan çoxlu fikirlərə, yazılara və sosial şəbəkə istifadəçilərinin rəyinə rast gəlirdik. Bir çox hallarda insanların narazılığı haqlı olurdu, amma istənilən halda bu cür fikirləri yayanlar  konkret situasiyada həkimin günahı var və ya yoxdur, bunu araşdırmırdılar. Xəstəxanada dərman yoxdur, şəraitsizlikdir, tibb işçiləri can yandırmır və s. bu kimi şikayətlərin həkimə heç bir aidiyyatı yoxdur. Əksinə, bu cür səhiyyədən ən çox əziyyət çəkən məhz həkimin özüdür. İnsanlar başa düşməlidirlər ki, əgər onlar siyasi proseslərə laqeyd yanaşıb, ölkənin demokratikləşməsinə və qanunların işləməsinə dəstək verməyəcəklərsə, seçkilərin saxtalaşdırılmasına dözəcəklərsə heç vaxt normal tibbi xidmət və ya yaxşı sosial təminat, keyfiyyətli təhsil sistemi görməyəcəklər. Bunlar bir- birinə bağlıdır və keyfiyyətin artması bütün sahələrə eyni münasibətlə yanaşıldıqda yaxşılaşa bilər. Təsəvvür edək ki, heç vaxt seçkiyə getməyən, seçki saxtakarlığına göz yuman, sosial ədalətlə bağlı bir dəfə səsini qaldırmayan, hakimiyyətin qanunazidd əməllərinə seyirçi qalan, başqa sözlə desək, hazırkı situasiyanın yaranmasında passiv və ya aktiv iştirakçı olan bir vətəndaşımızın bir gün yolu səhiyyə ilə kəsişir və bu zaman mövcud vəziyyətin bütün günahını əlindəki imkanları ilə xəstələrə yardım etməyə çalışan şəxslərin- həkimlərin üzərinə nifrət yağdırmağa başlayır. Bu əlbəttə ki, doğru deyil və nəinki doğru deyil, bütün vicdanlı həkimlərə və tibb işçilərinə depressiv təsir edən yanlış bir davranışdır.  İndiki dövrdə isə yaranmış vəziyyət mövzunu daha da aktual edib. Artıq cəmiyyətdə çox adam başa düşür ki, həkimləri ağına- bozuna baxmadan lənətləməklə yalnız cəmiyyətin ümumi mənafelərinə ziyan vurmuş oluruq. Yəni, nə qədər qəribə olsa da, COVİD-19 pandemiyasının səhiyyə işçilərinin əsil qiymətinin verilməsinə yardım edir desək, məncə yanılmarıq.

-İndiki şəraitdə bir tibb işçisi kimi cəmiyyətə məsləhətiniz nədir?

– Hazırkı dövrdə yuxarıda da qeyd etdiyim kimi ən doğru davranış sosial izolyasiya tədbirlərinə və ümumi və şəxsi gigiyenik prosedurlara mümkün qədər diqqətlə və səbrlə hamının əməl etməsidir. Bu xəstəliyin varlı-kasıb, vəzifəli və ya sıravi vətəndaş – hamıya münasibəti eynidir. Hamı eyni təhlükə qarşısındadır. Hamı məsuliyyətli olmalı və yaranmış vəziyyətdə maksimum elan edilmiş rəsmi davranış qaydalarına riayət etməlidir. Təbii ki, vəzifədə olanlar, vaxtilə bu ölkənin var-dövlətini ədalətsizcəsinə talayanlar və ya bu ölkənin sərvətlərinə görə lap qanuni sərvət toplamış şəxslər isə daha məsuliyyətli olmalıdırlar. Onlar başa düşməlidirlər ki, bir gün bu pandemiya qurtaracaq, eyni zamanda, Allahın onlara, özlərini yaxşı mənada xalqa lazımlı adam olmaqları ilə bağlı yaratdığı bu fürsət bitəcək. Bu fürsəti yaxşı dəyərləndirsinlər, ehtiyacı olanlara kömək etsinlər. Bu xalq olmasa, bu gün cah-cəlal içində olan o insanların heç biri xoşbəxt ola bilməz. Bu pandemiya əslində bütün dünyada olduğu kimi, bizim ölkəmizin də maddi cəhətdən önə çıxmağı bacarmış insanlarına bir dərs oldu. Yəqin ki, hamı başa düşdü ki, vəziyyət elə gətirə bilər ki, nəinki müalicə üçün xaricə qaça bilməzsən, heç bəyənmədiyin rayon xəstəxanasında bir çarpayı da tapa bilməzsən. Bu vəziyyətdən həm məmurlar, həm də cəmiyyət yaxşı dərs götürməlidir.

-Karantin şərtləri xeyli sayda iş yerlərinin bağlanmasına səbəb oldu. Təbii ki, sosial durumu ağır olan vətəndaşlara yardım etmək üçün müvafiq addımlar atılır, amma problemlər də var. Siz bu dönəmdə vətəndaşlara yönəlik hansı addımların atılmasını təklif edirsiniz? 

– Məncə, dövlət iki təbəqəni mütləq yaxşı mənada qanadı altına almalıdır: İlk növbədə sosial müdafiəyə ehtiyacı olanlar dəqiq müəyyənləşdirilməli və onların ərzaq və həyati fəaliyyəti üçün zəruri məbləğdə vəsaitlə təmin olunmalıdırlar. Bu sahədə addımlar atılmağa başlanılsa da, nə ayrılan 190 manat, nə bu sahədəki operativlik,  nə də onun əhatə dairəsi yetərli deyil. İkinci vacib təbəqə isə kiçik sahibkarlardır. Dövlət onların bank borclarından tutmuş ən vacib tələbatlarınadək ehtiyaclarını öz üzərinə götürməlidir. Böyük sahibkarlar və şirkətlər onsuz da vəziyyətdən çıxmağa yollar tapacaqlar.

-Ayrı-ayrı vətəndaşlar, tanınmış şəxslər, müəyyən imkanlı adamlar karantin dövründə aztəminatlı ailələrə yardım edirlər. Sanki cəmiyyətdə birlik, həmrəylik yaranıb. Bu barədə nə düşünürsünüz?

-Bu olduqca yaxşı haldır. Bizim xalqımız dünyanın ən yaxşı, mərhəmətli insanlarına sahib olan xalqlarındandır. Mərhəmət və xeyirxahlığı bizə həm də, dinimiz israrla tövsiyyə edir. Bu cür insanı sevindirən, ürəyini qürurla dolduran xeyirxahlıq faktları var, amma kütləvi deyil. Hələ də var-dövlətinin dalında gizlənən, bu xalqdan yığdıqlarını tək yeməyə çalışanlar çoxluq təşkil edir. Onlar da başa düşməlidirlər ki, çətin günlər keçəcək, amma onların pisliyini heç kim unutmayacaq.

-Amma bu dövrdə müxalifətin vahid mövqeyini, cəmiyyətlə həmrəyliyini görmədik. ADP sədri, eləcə də partiyanın rəhbər qurumları mövcud vəziyyətin dəyərləndirilməsi və müzakirəsi, bununla bağlı ictimaiyyətə məlumat verilməsini müşahidə etdik. Amma bəzi siyasi qüvvələrdə bunun şahidi olmadıq. Sizcə, niyə?

-Müxalifətin hər vaxt olduğu kimi yekdilliyi əlbəttə ki, bu dövrdə də aktualdır. Amma nəzərə alsaq ki, heç bir müxalifət qurumu yaranmış vəziyyətdən öz dar siyasi maraqları üçün istifadə etməyə cəhd etmir, bunun  özü çox müsbət haldır. İqtidar və onun tərəfdarları da görməlidir ki, müxalifətçilik onların indiyədək iddia etdiyi və başa düşdüyü kimi düşmənçilik deyil. Azərbaycan müxalifəti böyük siyasi yetkinlik və iradə göstərərək bu çətin günlərdə iqtidarla münasibətlərini aydınlaşdırmağa deyil, mövcud vəziyyətdə daha yaxşı idarəçilik üçün təkliflər səsləndirməyə, ümumi işə dəstək verməyə cəhdlər edir. Bu, xalq naminə böyük fədakarlıqdır.

-Maraqlısı odur ki, siyasi dialoq, islahatların aparılması ilə bağlı hansısa təkilflər hazırlayanda digər müxalifət partiyaları sizi hakimiyyətlə işbirliyində suçlayırlar. Bu ittihamlara əsas varmı?

-Biz özümüzə arxayınıq, bilirik ki, getdiyimiz və cəmiyyətə təklif etdiyimiz yol doğru yoldur. İndiyədək əldə etdiyimiz siyasi təcrübə və dünyada baş verən hadisələrin təhlili göstərir ki, ADP-nin təklif etdiyi qeyri inqilabi, ancaq həqiqi islahatlar yolu, siyasi qüvvələrin münasibətlərinin düşmənçilikdən siyasi dialoq müstəvisinə gətirilməsi yolu ən doğru yoldur. Bunun alternativləri olan digər yollar daha riskli, nəinki onu təklif edən və ya qarşıda duran siyasi qüvvə üçün, bütün ölkə üçün fəlakətli nəticələrə səbəb ola biləcək yollardır. Kimin nə deməsi isə, ayrı söhbətin mövzusudur. Əsas odur ki, bizi ittiham edənlərin yumuşaq desək, səhv etdiklərini özümüz dəqiq bilirik.

-Bir müddət öncə Sərdar Cəlaloğlu müxalifətlə iqtidarın ortaq məxrəcə gəlməsi, siyasi dialoq mühitinin formalaşması kimi təkliflər isrəli sürmüşdü. Hətta bir neçə təmas da yaranmışdı. Amma sonra da bəzi müxalifət partiyaları buna düşmənçilik müstəvisində qiymət verdilər. Necə düşünürsünüz, hazırda siaysi arenada da hər hansı ortaq məxrəcə gəlməyə zərurət yoxdurmu? 

-Bu təklifin alınmamasının başlıca günahını iqtidarda və ya iqtidardakı radikal qüvvələrdə görürəm. Fikir vermisinizsə, həmişə iqtidarla müxalifət münasibətlərində bir anlaşma və ya buna bənzər mühit yaranmağa başlayanda dərhal kimlərsə ciddi narahat olaraq bu münasibətləri əvvəlkindən də daha çox korlanmasına yönəlik addımlar atır və ya bunu təşkil edirlər.  Əgər iqtidar müxalifətə qarşı ardıcıl və konkret siyasi addımlar atmağa başlasa, əminəm ki, bu gün cəmiyyətdə özünü “full” radikal kimi təqdim edən qüvvələr də qarşılıqlı addım atacaqlar. İqtidar cəsarətlə bu cür addımlar atmalıdır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93