Salam, xoş gəlmisiniz.

“Bu gün dünya banklara, birjalara, bazarlara 12 trilyon dollar səpib” - NATİQ CƏFƏRLİ

2020-03-26 17:34:00

“Bu gün dünya banklara, birjalara, bazarlara 12 trilyon dollar səpib” - NATİQ CƏFƏRLİ

“Ölkələr göydən pul səpsələr də, real sektorda olan böhran bununla düzəlmir”

“Dünyada bir çox iqtisadiyyat analitikləri bu gün baş verən böhranı 2008-ci il böhranı ilə müqayisə edirlər. Məncə, çox səhv yanaşmadı, bu gün baş verən proseslər daha dərin, daha ağır fəsadlar yaradır, dünya iqtisadiyyatına çox böyük qalıcı zərbələr vurur”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərliyə məxsusdur.

 “O zaman dünya üzrə qəbul edilən təşviq paketlərinin həcmi 7 trilyon dollar oldu”

Cəfərli qeyd edib ki, 2008-ci ildə baş verən hadisə maliyyə böhranı idi, yəni, maliyyə bazarlarını xilas etmək lazım idi: “Bu gün baş verənlər isə real sektorun böhranıdır. Bu, çox ciddi fərqdir, izah etməyə çalışacam. 2008-ci ilin sentyabr ayının 15-də “Lehman Brothers” investisiya bankı özünü müflis elan etdi. Bu, domino effekti yaratdı, ard-ardına banklar, investisiya fondları çökməyə başladı. O zaman böhrandan öncə, 2007-ci ilin sonunda FED-in uçot dərəcəsi 4,25% idi. 2008-ci ildə böhran başlayan kimi, FED uçot dərəcəsini salmağa başladı, ilin sonunda isə demək olar ki, sıfırladı. Bundan başqa, 4 trilyon dollarlıq təşviq paketi açıqladı, bazarlara, birjalara, banklara çox aşağı faizlə dollar səpdi. Bundan başqa, FED özü birbaşa qiymətli kağızlar alaraq bankları, maliyyə sektorunu ayaqda tutdu. O zaman ABŞ-a paralel olaraq AB dövlətləri, Çin, Yaponiya (həm Mərkəzi Banklar, həm də hökumətlər) da təşviq paketləri qəbul etdilər, dünya üzrə qəbul edilən təşviq paketlərinin həcmi 7 trilyon dollar oldu. Beləliklə, ABŞ və digər dünya liderləri cəmi 1 ilə böyük həcmdə təşviq proqramları ilə dünya iqtisadiyyatını xilas etdilər, artıq 2009-cu ilin yazın sonunda maliyyə bazarları özünə gəldi, böhran arxada qalmağa başladı”.

“Ticarət dövriyyəsi yerlərdə sürünür”

Cəfərlinin sözlərinə görə, bu gün baş verənlər isə pulla həll ounacaq məsələ deyil: “Real sektor durma nöqtəsinə gəlib. Ən pisi də odur ki, FED, AB, Çin, Yaponiya əllərində olan bütün “silahları” dərhal masaya düzdülər, yəni bundan çox nəsə etmək mümkün deyil. ABŞ-da FED və hökumət 6 trilyon dollar təşviq açıqladı, AB ölkələri və digər dövlətlərin də birgə təşviq paketləri 6 trilyon dollardan çoxdur. Toplamda bu gün dünya banklara, birjalara, bazarlara 12 trilyon dollar səpib, dünyanın keçən il toplam ÜDM-i isə 86 trilyon dolar olub. Yəni bundan artıq nə Mərkəzi Banklar, nə hökumətlər dünya iqtisadiyyatına əlavə pul səpə bilməz. Amma görürük ki, belə böyük təşviq rəqəmlərinə baxmayaraq, birjalar özünə gəlmir, düşmə davam edir. Səbəbi çox sadədir: Dünya evə qapanıb, tələb düşüb, ticarət dövriyyəsi yerlərdə sürünür. Dünyada iqtisadi aktivliyin ən obyektiv göstəricilərindən biri neft istehlakıdır. Bu gün dünyada neft istehlakı 25%-ə yaxın düşüb. Bu, çox böyük və önəmli rəqəmdir”.

“2008-ci il böhranı ilə fərq fundamentaldır”

“Daha sadə dillə izah etsək, dünyada turizm sıfırlanıbsa, bu, özü azı 12 iqtisadi sahəni sıfırlayır, ən çox xidmət sahəsi çöküb, dünya ÜDM-nin böyük bir qismi isə məhz xidmət sahəsidir. Amma tək xidmət sahəsi deyil, qeyri-ərzaq istehsalı, istehlakı da çöküb, satışlar durma nöqtəsinə gəlib. Bu iki önəmli sahə (istehsaldan başlayaraq satışa qədər) dünya ÜDM-nin lokomotivi, iş potensialı yaradan ən önəmli sahələrdir. Ölkələr göydən pul səpsələr də, real sektorda olan böhran bununla düzəlmir. Ona görə, əvvəldə qeyd etdim ki, 2008-ci il böhranı ilə fərq fundamentaldır”,-deyə iqtisadçı əlavə edib.

“Sinqapurun ÜDM-i ilin ilk 3 ayında 10,6% çöküb”

Cəfərli bildirib ki, “dünya iqtisadiyyatını nə gözləyir” sualına ən yaxşı cavab dünən Sinqapurdan gəldi: “Bu ölkədə statistika tam elektronlaşdırılıb, kölgə iqtisadiyyatı sıfıra yaxındır, əsasən xidmət (birja da xidmət sahəsidir) və turizm üzərində qurulmuş iqtisadiyyatı var. Dünən dünyada ilk olaraq məhz Sinqapur 1-ci rübün iqtisadi rəqəmlərini açıqladı. Ölkənin ÜDM-i ilin ilk 3 ayında 10,6% çöküb, mənfiyə gedib. Dəhşətli rəqəmdir, dünyanı gözləyən aqibətin ilk carçısıdır”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93