Salam, xoş gəlmisiniz.

Burdan yuxarıda ancaq ulduzlardır... - “Planetlərə baxmaq istəyirsənsə, gecə gəl”

2018-05-25 14:01:47

Burdan yuxarıda ancaq ulduzlardır... - “Planetlərə baxmaq istəyirsənsə, gecə gəl”

Yerlə göyün arasında saman yolunu axtarıb-arayan, anlamını çözən bir məkan var. Burda “yeddi qatdır” dediyimiz göyün, ulduzların sirri açılır. Ayın batıb-çıxmasının, günəşin daldalanıb tutulmasının səbəbləri məhz burda bəlirlənir.

Burda səma ovuc içi kimi aydın, süd yolu əlini toxundura biləkmiş qədər yaxın görünür...

Söhbət Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından gedir...

Bu məkanı rəsədxananı görmək arzusunda olan məktəblilərlə qoşulub biz də dolaşdıq. Bələdçi, rəsədxananın baş mütəxəssisi Müşfiq Hüseynova da bizi maraqlandıran məsələlərlə birgə məktəblilərin marağında olan sualları ünvanladıq.

5 eksponatlıq muzey

Öncə onu deyək ki, rəsədxana 6 günbəzdən ibarətdir. Amma gələnlərin əksəriyyətinə onlardan yalnız biri - astrofizika muzeyi nümayiş olunur. Bunun üçün də böyüklər 2 manat, uşaqlar 1 ödəməlidirlər. Hərçənd, məktəblilər böyük həvəslə göy qübbəsinə baxacaqlarını, planetləri seyr edə biləcəklərini zənn edirdilər.

Heç demə, bunun üçün gecəni rəsədxanada keçirməlisənmiş. Hər halda rəsədxana rəsmisinin dediklərindən belə anlaşılır. “Planetlərə, ulduzlara baxmaq üçün ancaq axşam saatlarında burda olmalısız. Səhər saatlarında bu, mümkünsüzdür. Aya axşam saat 9-da Yupiterə isə saat 11-də baxmaq mümkündür”.

Astrofizika muzeyinə gəlincə, muzey günbəzin birinci mərtəbəsindədir. Amma burda cəmi 4-5 eksponat sərgilənir. Bələdçinin dolğun, maraqlı informasiyaları olmasa, demək olar ki, burda gələnləri etkiləyəcək çox az əşya var.

100 manat pul, bir dəst kostyuma alınan meteorit

Hərçənd, bələdçimiz muzeydəki eksponat azlığını normal sayır: “ Bu muzey başqalarından fərqlənir. Tarix muzeyinə gedirsən, orda məlumat verməsən də, eksponatlara baxıb hər şeyi anlamaq olur. Amma bura astronomik muzey olduğu üçün biz daha çox informasiyaya üstünlük veririk. Belədə də, teleskopdur qoymuşuq, meteoritdir, dünyada 10 dənəsi varsa, onun biri bizdədir. Şəkillərin hərəsi nə qədər bilgi verir. Biz bura başqa nə qoya bilərik ki?”

Yeri gəlmişkən, deyək ki, muzeydəki meteorit Yardımlı rayonundan tapılıb. Onu kəndin çobanı yanaraq yerə düşdüyünü görüb. Sonra torpağı 8 metr qazaraq onu çıxarıb və çətinliklə də olsa, onu evinin altına yerləşdirib.

Bundan xəbər tutan rayon rəhbəri bir dəst kostyum və 100 manat pul verərək meteoriti çobandan “alıb”.

Çəkisi 127 kq olan metoritin bir hissəsi Moskvadadır. Onun tərkibi dəmir, nikel və kobaltdır. Onun göy daşı olduğunu sübut edən dəlillərdən biri də məhz budur. Çünki yalnız səma daşlarının tərklibində bu üç metal bir arada ola bilir.

Eksponat sayını artırmağa pulumuz çatmır

Muzey yetkilisi buranın informativ muzey olduğunu desə də, eksponat sırasını genişləndirəcəklərini də qeyd elədi: “Kəpəzin ətəyindən meteorit tapmışıq. Artıq onları da muzeyə yerləşdiririk. İstəyirik köhnə cihazladan, vaxtilə sovet zamanında istifadə olunan aparatlardan bəzilərini bura qoyaq. Tədricən onları da əlavə edəcəyik. Daha sonra günəş sistemi modelini sifariş eləmişik ki, muzeydə yerləşdirək. Ortada günəş, ətrafda planetlərin necə fırlanması əyani vəsait kimi görünsün. Bununçün bizə maddi vəsait lazımdır. Biz Elmlər Akademiyasının institutuyuq. İmkanlı struktur deyilik. Hazırlamaq istədiyimiz eksponatlar isə kifayət qədər vəsait tələb edir. Ona görə buranı istədiyimiz vəziyyətə gətirmək üçün bizə əlavə vaxt lazımdır. Daha sonra birda monitorlar qoymağı düşünürük. Onlarla böyük teleskopların hərəkətini, açılmasını göstərəcəyik. Eyni zamanda teleskoplardan birini ayırmışıq. Düşünürük, bundan sonra gələnlər üçün daha maraqlı olacaq.

“Planetlərə baxmaq istəyirsənsə, gecə gəl”

Amma planetlərə, göyə baxmaq üçünsə gərək axşam gələsiz. Məktəb uşaqlarının valideynləri onlara rəsədxananın qonaq evlərində qalmasına ürək rahatlığı ilə icazə verə bilərlər. Çünki burda istirahət üçün hər çür şərait var. Ümumilikdə 20-25 nəfər qala biləcək koteclərimiz var. Hər adamın gecə qalması 5-10 manata başa gələcək”.

Ərəblər rəsədxananın yeməyinə, avropalılar isə muzeyinə pul xərcləməyi sevirlər...

Rəsədxanaya gələnlərlə də maraqlandıq. M.Hüseynov deyir ki, bura əsasən məktəblilər baş çəkir. Amma əcnəbi qonaqlar da az olmur: “Ötən ilkinə nisbətən bu il gələnlər azdır. Səbəbini biz də bilmirik. Ötən il turlar bundan çox idi. İyun ayının sonuna qədər bura əsasən əsasən məktəb uşaqları gəlir. Ötən il ərəblər çox gəlirdilər. Bu ilsə Rusiyadan gələnlər çoxdur. Avropadan gələnlər adətən belə yerləri çox sevirlər. Onlar yeməkdən daha çox ulduzları seyr eləmək istəyirlər, rəsədxananın işi ilə maraqlanırlar. Şirə ilə peçenye yeyirlər, amma muzeyə həvəslə pul verirlər. Ərəblər isə tam tərsinə, onlar daha çox yeməyə fikir verirlər. 30 manatlıq yemək üçün onlardan 200 manat istəsən, “uf” demədən verəcəklər. Amma ekskursiya üçün 2 manata “bahadır” deyirlər.

“Əcnəbilərə baha olsun!”

Əslində yerli vətəndaşlarla əcnəbilərə giriş eyni məbləğə olmamalıdır. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Ona görə də mən təklif elədim ki, bizdə də xarici ölkələrdəki kimi olsun. Biz Türkiyəyə gedirik. Orda muzeyə türk vətəndaşı 5 lirəyə, xarici vətəndaş isə 20 lirəyə girə bilər. Bizdə isə belə deyil.

Rəsədxana rəsmisi toplanan vəsaitin hara xərcləndiyini də dedi: “Əvvəllər ən xırda təmir üçün Akademiyaya məktub yazırdıq, ordan pul ayırırdılar. İndi isə Akademiyada belə bir daxili qanun çıxardılar ki, institutlar özünü maliyyələşdirməyə çalışsın. Ona görə biz də həmin pulu belə xırda-para şeylərə xərcləyirik. Bundan sonra rəsədxananın girəcəyində dondurma, suvenir butikləri açacağıq”.

İnsan gözündən 110 min dəfə çox işıq toplayan teleskop

Müşfiq Həsənov deyir ki, rəsədxanadakı 6 günbəzin hərəsində bir teleskop var. Onların ən böyüyü 2 metr, ən kiçiyi 35 sm-dir. Hərəsinin özünəməxsus təyinatı var, böyük teleskop daha çox işıq toplayır. İnsan gözünün linzasının diametri 6 mm-dir, 2 metrlik teleskop insan gözündən 110 min dəfə çox işıq toplayır. Hazırda dünyada 8-10 metrlik teleskoplar var, hətta ingilislər və hindlilər 42 metrlik teleskop qurulması üzərində işləyirlər.

Ən iri teleskopdan dünyada 5 ədəddir: “Teleskop iki istiqamətdə fırlanır. Dünya oxuna paralel və ona perpendikulyar şəkildə. Paralel, yəni yer oxu istiqamətində fırlananda teleskopla balans ikisi birgə fırlanır. Yerin əksinə fırlanandıqda isə balans olduğu kimi yerində qalır, amma teleskop fırlanır.”

Bəs, hazırda rəsədxananın hansı yeni elmi axtarışları var? Bələdçimiz deyir ki, hazırda Azərbaycan rəsədxanası başqa ölkələrlə əməkdaşlığa başlayır, yeni müqavilələr bağlayır. Ötən il Qazaxıstanlı həmkarlarla müqavilə imzalanıb. Eyni zamanda Kanada və Polşa ilə də işbirliyi var.

(Ardı var)

Altunay, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru