“Bütün dövlət orqanlarında yoxlamalar aparılmalıdır” – TALİYƏT ƏLİYEV

16 May, 2020, 14:31
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Azərbaycanda elə bir dövlət orqanı tapmazsan ki, orada korrupsiya, rüşvət olmasın”

Məlum olduğu kimi, son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar, İmişli rayon icra hakimiyyətlərində keçirdiyi əməliyyat nəticəsində rayon icra başçıları və onların müvavinləri həbs olundu. Bu rayonlardan öncə isə Ağstafa, Neftçala rayon icra hakimiyyətlərində DTX əməliyyat keçirib, rayon icra başçılarını və onların müavinlərini həbs etmişdi. Bir neçə gün öncə isə mətbuatda Kürdəmir Rayon İcra Hakimiyyətinə Prezident Administrasiyasından xüsusi yoxlama gəldiyi bildirilirdi.

Bu arada, Mədəniyyət Nazirliyində DTX-nın keçirdiyi əməliyyatdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanıldı ki, bu da hələ həbslərin davam edəcəyini göstərir.

Maraqlıdır ki, bundan sonra, DTX-nın əməliyyat keçirəcəyi rayon icra hakimiyyəti, yaxud digər dövlət qurumu hansı ola bilər?

“Bu gün Azərbaycanda bütün rayonlarda korrupsiya faktları var”

“Hürriyyət”in sualını cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev bildirdi ki, həbs olunan rayon icra hakimiyyətləri başçılarının hamısı  analoji cinayətlərə görə həbs olunub: “Yəni hamısında korrupsiya faktları, yeyintilər var və eyni əməllərin də digər rayon icra hakimiyyətlərində olması ehtimalı çoxdur. Çünki Azərbaycan cəmiyyətində belə bir fikir var ki, onsuz da Azərbaycan hakimiyyətində təpədən-dırnağa qədər korrupsiyalaşmış bir sistem yaradılıb. Ona görə də konkret hansısa rayon üzərində dayanmağa dəyməz. Amma mən hesab edirəm ki, bu gün Azərbaycanda bütün rayonlarda korrupsiya faktları var. Yəni istinasız bütün rayon icra hakimiyyətlərində bu korrupsiya faktları var. Onunla bağlı hər hansı bir rayon icra hakimiyyətinin fəaliyyətini yoxlasalar, bu korrupsiya əməlləri ortaya çıxacaq. Ona görə də mən hesab edirəm ki,  konkret hansısa bir rayondan yoxlama başlaması yox, ümumiyyətlə, bütün rayonların icra hakimiyyətləri yoxlanılmalıdır və onlar hamısı da korrupsiya əmələrinə görə qanun qarşısında cavab verməlidirlər”

“Korrusiyanı yaradan səbəblər ortadan qaldırılmalıdır”

T. Əliyevin fikrincə, təkcə həbslərlə Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun qarşısının alınması çox çətindir: “Bu mühiti yaradan səbəblərin ortadan qaldırılması istiqamətində də Azərbaycan hökuməti fikriləşsə, yaxşı olar. Çünki bundan əvvəl də Azərbaycanda zaman-zaman belə  hallar olub. Məsələn, Mili Təhlükəsizlik Nazirliyində belə hal olub. Ümumiyyətlə, nazirlik kökündən ləğv olundu. Nəinki korrupsiya, hətta daha ağır dövləti cinayətlərin olması ilə bağlı faktlar üzə çıxdı, kimlərsə tutuldu, kimlərsə tutulmadı və tutulanların da bir hissəsi indi azadlıqdadır. Ondan başqa, Rabitə Nazirliyində bu tpli hadisələr oldu. Yəni baş verənlər onu göstərir ki, ölkənin bütün dövlət strukturlarında, icra hakimiyəti orqanlarında  korrupsiyalaşmış bir sistem var və bu sistem də ortadan qaldırılmalıdır. İndi bunu da ortadan qaldırmaqdan ötrü, hesab edirəm ki, təkcə həbslər kifayət etməyəcək. Bəli, mən hesab edirəm ki, həbslər də aparılmalıdr. Kimlərin korrupsiya əməlləri varsa, onlar qanuna qarşısında sərt cəzalandırılmalıdır. Hətta korrupsiya əməlinə görə cəzalar daha da sərtləşdirilməlidir. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi ondan ibarətdir ki, korrusiyanı yaradan səbəblər ortadan qaldırılmalıdır. Bunda ötrü isə ölkədə çox ciddi köklü islahatlar aparılmalıdır. Siyasi, iqtisadi bir açılım olmalıdır, ictimai nəzarət təmin olunmalıdır, müxalifətə, azad mətbuata böyük bir meydan verilməlidir, vətəndaş cəmiyyəti institutlarının dövlət orqanları üzərinə nəzarət mexanizmi bərpa olunmalıdır. Yəni burada çox ciddi islahatlar var ki, bunlar həyata keçirilməlidir. Bunlar həyata keçirilməyəcəksə,  3-5 nəfər, yaxud 10 nəfər icra başçısının həbs olunub türməyə yollanması və onların əmlaklarının müsadirə olunması ölkədə korrupsiyanın, rüşvətxorluğun qarşısının alınmasında əhəmiyyətli rol oynamayacaq. 3-4 aydan, 1 ildən sonra biz görəcəyik ki, başqa rayonlarda bu faktlar yenə də var. Yəni bu, məsələnin birdəfəlik kökündən həll olunması deyil. Ona görə də yenə deyirəm, bununla bağlı ölkədə ciddi islahatların aprılmasına ehtiyac var”.

“Ölkədə artıq korrupsiyalaşmış bir sistem var”

T. Əliyev hesab edir ki, rayon icra hakimiyyətləri ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən nazirliklərin fəaliyyəti də yoxlanılmalıdır: “ Məsələn, Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yoxlanılmalıdır. Yəni istisnasız bütün dövlət orqanlarında yoxlamalar aparılmalıdır. Ölkədə artıq korrupsiyalaşmış bir sistem var. Korrupsiya metastaz verib, bütün dövlət orqanlarına bu, sirayət edib. Bu gün Azərbaycanda elə bir dövlət orqanı tapmazsınız ki, orada korrupsiya, rüşvət olmasın. Buna görə də burada çox böyük miqyasda iş görülməlidir. Baş verənlər onu göstərir ki, ölkə başçısı bu məsələdə bir siyasi iradə ortaya qoyur və görürəm ki, hakimiyyətdə yuxarı eşalonlarda olanlar da icra hakimiyyətlərinin fəaliyyətlərindən dəhşətə gəlir. Yəni ayrılan bütün milyonların böyük əksəriyyəti korrupsiyaya uğrayıb. Ona görə də ən azı korrupsiyaya qarşı mübarizədə siyasi iradə var. Amma  korrupsiya çox  böyük miqyasdadır. Ona görə də onun qarşının alınması ciddi siyasi iradə tələb edir. Çünki bu qədər məmurlar ordusuna qarşı mübarizə aparmağın özü həm də təhlükəlidir. Ona görə, bilmirəm, Azərbaycanda bunun qarşısını almaq  mümkün olacaq, yoxsa yox. Mən bir daha deyirəm, ölkədə istər icra hakimiyyəti orqanları, istərsə də mərkəzi icra hakimiyyəti orqanları olsun, hamının fəaliyyəti yoxlanılmalııdr və  korrupsiyaya qurşanan məmurlarının hamısının cəzası verilməlidir. Görürsünz, icra hakimiyyətlərində kasıbın hətta 5-3  manatına da göz dikiblər. Yəni bunlar o qədər manqurtlaşıb, hətta insanlıq hissini itiriblər. Onsuz da bunların qazanc yeri bəs deyənə qədər var. Amma bu pandemiya dövründə kasıba gedəcək, vermişil, makarona da  bunlar göz dikiblər. Yəni bu qədər azğınlaşmışmış bir vəziyyətdədirlər”.

 “Faktiki olaraq Azərbaycanda mafioz qruplar var”

“Mədəniyyət Nazirliyində baş verən hadisələr göstərir ki, Azərbaycan milli irsinə aid olan eksponatların satılması, onun yerinə saxta eksponatların qoyulması ortaya çıxır. Yəni korrupsiya Azərbaycanda bu gün elə bir həddə çatıb ki, Azərbaycanın iqtisadi, siyasi təhlükəsizliyini, hətta ərazi bütövlüyünü təhidd edn bir faktora çevrilib. Bu, çox ciddi bir məsələdir. Ona görə də mən hesab edirəm ki, bu məsələdə ölkə başçısı daha geniş miqyasda iş aparmalıdır, həm də  buna dəstək olunmalıdır. Çünki  bu, tək ölkə başçısının funksiyası deyil. İndi baş prokuror dəyişidirilib. O, ona dəstək olmalıdır və yaxud Dövlət Təhlükəsizlik Xidməti bu məsələdə aktivlik göstərir. Çünki biz indi yerli icra hakimiyyəti orqanlarının fəaliyətinə baxırıq ki, orada yerli hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə də  korruspiyaya göz yumub. Deməli, həm də yerlərdə olan hüquq-mühafizə orqanlarına da korruspiya əməlləri sirayət edib ki, onlar da məsələyə göz yumublar. Məsələ çox ciddidir və biz düşündüyümüzdən də təhlükəli bir həddədir. Qeyd etdiyim kimi, korrupsiya Azərbaycanın bütün mənalarda təhlükəsizliyini təhdid edən bir səviyyəyə gəlib çıxıb. Bunun da qarşısının alınması çox çətin məsələdir. Ona görə çətindir ki, bütün dövlət orqanlarında korrupsiya piramida şəkilində sirayət edib. Bununla  təkcə dövlət başçının mübarizə aparması çox ağır və çətin bir şeydir. Yəni korrupsiya əməli olan şəxslər ki var, onlar təkcə deyillər, onların da arxasında olan qüvvələr var. Faktiki olaraq Azərbaycanda  mafioz qruplar var, onlarla qarşı mübarizə aparmaq elə də asan deyil. Onlar bu məsələyə yəqin ki, müqavimət göstərəcəklər. Ölkə başçısı dəfələrlə çıxış edib ki, Azərbaycanda islahatların əleyhinə olan qüvvələr var. Yəni bu, ən azı dövlət başçısı səviyyəsində etiraf olunur. Bu, o deməkdir ki, bunlara qarşı mübarizə aparmaq elə də asan məsələ deyil”,-deyə partiya sədrinin müavini  vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93