“Bütün polisləri qaralamaq, addımbaşı təhqir etmək yolverilməzdir, şəhid olmuşlara hörmətsizlikdir” – ASLAN İSMAYILOV

0

“Polis əməkdaşları da bilməlidir ki, bir nəfərin belə haqsızlığı, qudurğanlığı minlərlə vicdanlı polisə böyük bir ləkədir”

“Son hadisələr bəziləri üçün Azərbaycanın polis əməkdaşlarını aşağılamaq, hamısını ucdantutma “düşmən” kimi təqdim etməyə bir şans yaradıb. Ən dəhşətlisi isə odur ki, bu gün Qarabağ döyüşlərində, Azərbaycan dövləti uğrunda şəhid olmuş polis ruhunun təhqir edilməsinin təşkilatçıları da məhz onların qanı bahasına vəzifə, ictimai, siyasi mövqe sahibi olanlardır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.

Onun sözlərinə görə, bu siyasi dəllallar üçün müqəddəs heç nə yoxdur, təki hadisə və fürsət olsun: “Mənim üçün Azərbaycan polisinin təmsilçisi həm də Sədi əmimin oğlu, Qarabağ döyüşlərində şəhid olmuş polis kapitanı İlqar İsmayılovdur. Onunla son görüşümüz şəhid olmamışdan az əvvəl 1992-ci ilin sentyabr ayında Əsəd dayımgildə döyüş bölgəsinə hazırlaşarkən oldu. O söhbət bir daha sanki məni ayıltdı. İlk dəfə gördüm ki, cəbhədə baş verənlər, gedən döyüşlər və Bakıda olan əhval-ruhiyyə heç bir-birinə oxşamır. İlqarın ağzından od yağırdı. Polis dostları ilə cəbhə bölgəsində hansı çətinliklərə, satqınlıqlara məruz qaldıqlarını deyəndən sonra söhbətini bu sözlərlə bitirdi: “Əmioğlu, sən burada möhkəm ol! Qarabağda erməniləri bitirəndən sonra əsas işimiz Bakıdakı erməniləri bitirmək olacaq!” Özü də ermənilər deyəndə tək milliyətcə erməni olanları yox, Bakıda gedən oyunları, bu oyunda yer alan elə özümüzünküləri nəzərdə tuturdu. Uzun illərdir ki, elə mən də həmin davanı aparıram. İlqarın nəşini evlərinə gətirəndə döyüş dostlarının hansı səmimiliklə İlqarın qisasını alacaqlarını demələrini, uşaq kimi ağlamalarını gözlərimlə görüb, qulaqlarımla eşitmişəm”. Hüquqşünasın fikrincə, onların verdikləri sözlərini yerinə yetirməmələrinin səbəbkarı da onlar yox, məhz həmin oyunbazlar oldular: “Sonra onların əksəriyyəti elə Qarabağ döyüşlərində şəhid oldular. Məhz həmin polislərin bəziləri sonralar vəzifələrdə olsalar da daim Sədi əmimə, Fatma bibimə baş çəkdilər. Ən azı Qarabağda can qoymuş igid polislərimizin xatirinə bu günlər gücü ancaq silahsız, müdafiəsiz insanlara çatan papanın gül balalarının yekəbaşlıq etməsinə görə bütün polisləri qaralamaq, addımbaşı təhqir etmək yolverilməzdir, şəhid olmuşlara hörmətsizlikdir. Polis əməkdaşları da bilməlidir ki, bir nəfərin belə haqsızlığı, qudurğanlığı minlərlə vicdanlı polisə böyük bir ləkədir, şəhid olmuşların ruhuna hörmətsizlikdir. Elə onlar da öz sıralarında olan belə yaramazlara qarşı dözümsüz olmalıdırlar! Bir daha qeyd edirəm, baş verənlər yolverilməz qanunsuzluq, tərbiyəsizlikdir və ən sərt formada qınanmalıdır! Ancaq bunun kampaniyaya çevrilməsini, bütün polis əməkdaşlarına şamil edilməsini qəbul etmirəm. Biz hamımız bu Vətənin övladlarıyıq və nə qədər bir-birimizə qarşı anlayışlı, mehriban olsaq, o qədər də güclü olacayıq. Xüsusən bu günlər bu birliyə çox ehtiyacımız var. Bilin ki, tarix boyu bizi bir-birimizə qırdırıb indiki duruma salıblar. Buna yol verməməliyik!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org