Salam, xoş gəlmisiniz.

BƏZİ BANKLARI “QARA CÜMƏ GÜNÜ” GÖZLƏYİR? - “Bu gün və ya 28 fevralda...”

2020-02-21 13:55:00

BƏZİ BANKLARI “QARA CÜMƏ GÜNÜ” GÖZLƏYİR? - “Bu gün və ya 28 fevralda...”

Məlum olduğu kimi, bu gün Azərbaycan iqtisadiyyatında mənfi mənada böyük iz buraxan ilk devalvasiyadan 5 il ötür. Xatırladaq ki, bunun ardınca, 2015-ci ilin dekabrında daha bir devalvasiya baş verdi ki, bu da ölkə iqtisadiyyatının bütün sahələri kimi, bank sektoruna da ağır zərbə vurmuş oldu.

Sözsüz ki, devalvasiyanın baş verməsində dünya bazarında neftin qiymətinin ucuzlaşması və ölkə iqtisadiyyatının böyük ölçüdə enerjidaşıyıcılarının hasilatından asılılığı ilə yanaşı, bank sektorundakı idarəçilikdə mövcud olan çatışmazlıqlar və Beynəlxalq Bank ətrafında baş verən hadisələr də mühüm rol oynadı.

Devalvasiyadan sonra bir neçə bankın olduqca çətin duruma düşməsi və hətta bağlanması müşahidə olundu. Bu sıraya “Bank Standard”, “Dəmirbank”,“Dekabank”, “Kredobank”, “Parabank”, “Zaminbank” və digərlərini aid etmək olar. Lisenziyası ləğv olunan həmin bankların əmanətçiləri kifayət qədər böyük ziyana düşdülər və çətinliklər yaşadılar. Onların bir çoxları hələ də pullarını geri ala bilməyiblər. Xüsusilə də “Bank Standard”-ın əmanətçilərinin vəziyyəti daha ağırdır. Onların böyük bir qisminin əmanətlərinin qaytarılacağına demək olar ki, ümid qalmayıb.

Ancaq bütün bunlara baxmayaraq, son illərdə ümumilikdə bank sektorunda vəziyyət devalvasiyadan sonrakı ilk vaxtlarla müqayisədə bir qədər stabilləşib. Burada dünya bazarında neftin qiymətinin sabitləşməsi nəticəsində ölkənin xarici ticarətində, tədiyə balansında müsbət dinamikanın müşahidə olunması və manatın məzənnəsinin sabit saxlanılması ilə yanaşı, ölkə başçısının problemli kreditlərlə bağlı verdiyi qərar da mühüm rol oynadı. Belə ki, həmin qərar nəticəsində ayrılan yüz milyonlarla manat vəsait vətəndaşların böyük qisminin kredit problemini həll etməklə yanaşı, bankların maliyyə durumuna da müsbət təsir etdi. Yəni dövlət vətəndaşla bərabər böyük ölçüdə məhz bankların “əlindən tutmuş” oldu.

Lakin bunlarla yanaşı, yenə də Azərbaycanın bank sektorundakı vəziyyəti nəinki ideal, hətta qənaətbəxş də hesab etmək olmur. Belə ki, bir çox bankların böyük məbləğlərdə problemli kreditləri qalmaqdadır

İqtisadiyyatdakı, iş dünyasındakı durum və ən əsası da qüsurlu kredit siyasəti bankların əllərindəki vəsaitlərdən səmərəli istifadə edilməsinə imkan yaratmır. Ona görə də, bir çox banklar guya əməliyyat mənfəəti əldə etdiklərinə dair hesabatlar versələr də, reallıqda əksər mütəxəssislər həmin hesabatlara şübhə ilə yanaşırlar.

Nəticədə yaranan mənzərə isə Azərbaycanda “axsayan” bankların bağlanması prosesinin hələ davam edəcəyinə dair təsəvvür yaradır. Bank sektorundan kifayət qədər məlumatlı olan tanınmış hüquqşünas Əkrəm Həsənov bu mövzuda etydiyi son paylaşımında bir maraqlı məqama diqqət çəkib. Söhbət “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədən düşməsinə qalan müddətdən gedir.

 

 

Məsələ ondadır ki, əgər hökumət yenə də bir, yaxud bir neçə bankı bağlamaq qərarı verəcəksə, bunu böyük ehtimalla həmin qanunun qüvvədən düşəcəyi günə qədər edəcək. Təcrübə isə göstərir ki, adətən bu addım cümə günlərində atılır, yəni bankların lisenziyasının dayandırılması qərarı cümə günlərində verilir.

Sözügedən qanunun qüvvədən düşməsinə 12 gün qalır və bu müddətdə iki cümə günü var – bu gün və fevralın 28-i. Hüquqşünas da buna diqqət yetirərək, yazıb: “Tariximizi “əvvəl” və “sonra”ya bölmüş manatın ilk devalvasiyasından 5 il ötür... “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədən düşməsinə isə 12 gün qalır. Bu müddət ərzində cəmi 2 cümə qalıb: bu gün və 28 fevral. Məlum olduğu kimi, bizdə bankları adətən məhz cümə gününün sonunda bağlayırlar (şənbə-bazar ərzində saf-çürük etmək üçün). Böyük ehtimalla indi də elə olacaq: hər hansı bankı bağlamaq niyyəti varsa, bunu bu gün və ya 28 fevralda edəcəklər. Əks halda isə yəqin ki, dövlət can verən bankları xilas edəcək. O cümlədən onların milliləşdirilməsi yolu ilə də. Az qalıb, gözləyək...”

Doğrudan da, əgər bu 12 gündə artıq bəzi “diz çökmüş” bankların bağlanmasına dair qərar verilməsə, hökumət onların xilas edilməsi üçün əlavə vəsait ayırmalı olacaq. Lakin “Bank Standard”-ın təcrübəsi göstərdi ki, bu proses Rüfət Aslanlı tipində şəxslərin ixtiyarına veriləcəksə, ortada dövlət vəsaitlərinin talan edilməsindən başqa hər hansı nəticə hasil olmayacaq.

“Qara cümə”yə gəldikdə isə xatırladaq ki, ”, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”-ın bağlandığı 22 iyul 2016-cı il, “Bank Standard”-ın bağlandığı 30 sentyabr 2016-cı il və “Dəmirbank”-ın bağlandığı 22 dekabr 2017-ci il tarixləri məhz cümə günlərinə təsadüf edir. Odur ki, bu gün, yaxud da fevralın 28-də hansısa bankın, yaxud bankların lisenziyasının dayandırılması qərarının veriləcəyini istisna etmək olmaz./azpolitika.info/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93