Cahandar Bayoğlu Sülhəddin Əkbərdən HESAB SORDU

16

“Siz İsa bəyin KQB əməkdaşı olduğunu və yüksək görəvdə qalmasının doğru olmadığını bildirirsiniz, həm də onu oğlunuza kirvə tutursunuz”

“Sayın Sülhəddin bəy, rica edirəm bu ziddiyyətli fikirlərinizə aydınlıq gətirəsiniz”

“Mənə özəl yazılar yazılaraq, 1992-1993-cü illərdə keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini olan Sülhəddin bəy Əkbərin Azadlıq Radiosu TV-də olan açıqlamasına fikrimi öyrənmək istəyiblər. Mən TV-ni gecə izləmədiyim üçün cavab verə bilmədim. Amma indi çıxışın video yazısını dinlədim”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Turan Partiyasının başqanı Cahandar Bayoğluna məxsusdur.

Sözügedən açıqlamada bir çox mövzulardan danışıldığını vurğulayan Turan Partiyasının başqanı onlara münasibət bildirmədən öncə Sülhəddin Əkbərə xitabən bunları deyib: “Hörmətli Sülhəddin bəy, xalq hərəkatından gələn və yüksək vəzifələrdə olan adamların KQB (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi-red.) ilə əməkdaşlıq etdiklərini və siyahını prezident Elçibəyə verdiyinizi, bu adamların görəvdə qalmasının dövlət üçün təhlükəli olduğunu deyirsiniz. Sizin dediyiniz adamlardan biri də parlamentin spikeri İsa Qəmbərdir. Siz İsa bəyin KQB əməkdaşı olduğunu və yüksək görəvdə qalmasının doğru olmadığını bildirirsiniz. Eyni zamanda, bütün güc strukturlarının Müdafiə Nazirliyinə tabe edilməsini, nazirin də xalq hərəkatından gələn etibarlı fiqurlardan biri İsa Qəmbərin təyin edilməsini təklif edirsiniz. İsa Qəmbər də sizin təhlükəsizlik naziri olmağınızı istəyir. Siz Elçibəyi həm də ona görə ittiham edirsiniz ki, mənim nazir olmamı İsa bəy prezidentə təklif edəndə, Elçibəy də onlara deyir ki, siz necə adamsınız? Sülhəddin bəy mənə siyahı verir və sizləri KQB ilə əməkdaşlıqda ittiham edir, siz də onun nazir olmasını istəyirsiniz”. Daha sonralar Sülhəddin Əkbərin KQB ilə əməkdaşlıqda ittiham etdiyi İsa Qəmbərin Müsavat Partiyasında müavini olduğunu qeyd edən Cahandar Bayoğlu onun prezidentlik uğrunda mübarizədə İsa Qəmbəri müdafiə etdiyini də bildirib: “Həm də oğlunuza İsa bəyi kirvə tutursunuz. Sayın Sülhəddin bəy, rica edirəm bu ziddiyyətli fikirlərinizə aydınlıq gətirəsiniz”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org