Çempionat və kubok ətrafında müəmma pərdəsi

7 May, 2020, 17:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

PFL-in aprelin 27-də topluma, futbol ictimaiyyətinə ünvanladığı məlumatla bağlı tənqid yazanda heç ağlıma da gəlməzdi ki, cəmi bir neçə gün sonra mülahizələrim havadan asılı qalacaq. Yadınızdadısa, mən oyunların azarkeşsiz keçirilməsinin dartışmaya açıq olduğunu demiş, həmçinin kubokun yarımfinal və final oyunlarının çempionatdan sonraya salınmasının məntiqsiz olduğunu vurğulamışdım. Amma Operativ Qərargahın mayın 1-də karantin rejiminin uzadılmasıyla bağlı qərarından sonra aydın oldu ki, PFL-in premyer-liqada mübarizəni mayın 23-də bərpa etməklə bağlı planı-ideyası suya düşəcək. Gözünü yumub, ağzını açan tənqidçilərdən olsaydım, deyərdim ki, hökumətdən, Operativ Qərargahdan mayın 4-də karantin rejiminin götürüləcəyi ilə bağlı inandırıcı mesaj almadan aprelin 27-də belə məlumat yaymaq, yumşaq desəm, özbaşınalıqdı. Amma digər tərəfdən onu da bilirəm ki, vəzifəsinin məsuliyyəti Ramin Musayevi bu gün az qala suyu da üfürə-üfürə içməyə məcbur edir. Hələ onu demirəm ki, PFL prezidenti reallıq hissini itirsəydi də, rəhbərlik etdiyi qurumda çalışanlar, məsləhətləşdiyi Elxan Məmmədov, 8 elita klubunda söz sahibi olanlar onu ehtiyatı əldən verməməyə, daha doğrusu, karantin rejiminin sonuna bir həftə qalmış belə məlumat yaymaqda tələsməməyə çağırmalıydılar. Çağırıb-çağırmadıqlarını, yoxsa Ramin bəyin belə məsləhətləri qulaqardına vurduğunu bilmirəm. Çoxdan PFL prezidenti ilə əlaqəm yoxdu deyə, ölkədaxili yarışları bitirməklə bağlı planlarından da xəbərsizəm. Amma bir halda ki yanlış məlumat yayılıb və indi bu səhvi aradan qaldırmaq imkanımız yoxdu, heç olmasa, mövsümü xilas etməklə bağlı ciddi müzakirələr açmağın yeridi.
Sirr deyil ki, auditoriyasızlıq faciəsinə rəğmən, futbol bu gün də ölkədə az-çox azarkeş toplayan idman nadir idman növlərindən biridi. Sabah çempionatda elə durum yarana bilər ki, “Neftçi” – “Qarabağ” oyununa ən azı 5 min azarkeş toplayar. Hazırda ölkə ərazisində 10-dan artıq adamın bir yerə toplaşmasına qadağa qoyulduğundan, 5 min yetərincə böyük rəqəmdi. Deməyim odu ku, futbolun taleyi beş-on nəfərin, bir-iki qurumun qərar verəcəyi məsələ deyil. Burda Gənclər və İdman Nazirliyinin də fikri öyrənilməlidi, polisin də, yeri gələndə oyunların keçiriləcəyi stadionların direktorlarının da. Ölkədaxili yarışları davam etdirmək perspektivi daha geniş çapda müzakirə olunmalı, bu məsələyə əlahiddə baxılmalıdı
Şəxsən mən belə düşünürəm ki, AFFA və PFL Operativ Qərargahı lazımi informasiya ilə təmin edərsə, futbol mövsümünü bitirməyin zəruriliyin anladarsa, elə bu, ya da üzümüzə gələn həftə yarışların bərpasıyla bağlı hansısa önəmli addımlar addımlar atıla bilər. Əks təqdirdə, yəni mayın 31-dən sonra komandaların məşqə başlamasına icazə verilərsə, həm PFL mövsümü normal qaydada bitirməklə bağlı ciddi çətinliklərlə üzləşəcək, həm klublar futbolçularla münasibətləri tənzimləmək baxımından müəyyən problemlərlə üzləşəcək, həm də bunun fəsadları avrokuboklardakı nəticələrdə özünü göstərəcək. Yaxın günlərdə futbolçuların kiçik qruplar şəklində də olsa, məşqinə icazə verilərsə, karantin götürüləndən dərhal sonra çempionat oyunlarının bərpası ilə bağlı hansısa problem yaranmaz. Hələlik isə ölkədaxili yarışların perspektivləri çox qaranlıq görünür. PFL-in nə düşünməsindən, hansı planlar qurmasından asılı olmayaraq, acı reallıq belədi!

Huşəng, “Futbol+”


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93