Çimərliklərlə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ

0
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib.
 
Hurriyyet.org xəbər verir ki, bu barədə trend-ə açıqlamasında nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili deyib.

<ins’></ins’>

Onun sözlərinə görə, bu tədbirlər ölkədə çimərlik mövsümünün başlaması ilə əlaqədardır: “Bilirsiniz ki, iyun ayının 16-dan çimərlik mövsümü başlayıb. Buna baxmayaraq Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti olaraq biz mövsümqabağı təhlükəsizlik tədbirləri görmüşük. Bu tədbirlər çərçivəsində xidməti ərazilərdə dalğıclar vasitəsilə sualtı baxışlar keçirilib, həmin yerlər təmizlənib, sualtı müayinələr zamanı aşkar olunmuş təhlükəli yerlər xüsusi nişanlanıb. Eyni zamanda, çimərliklərdə üzmə sərhədini müəyyən edən nişanlar yerləşdirilib, bu nişanlar vətandaşlara həmin yerə qədər üzməyə icazə verir.
Bununla yanaşı, vətəndaşların marifləndirilməsi ilə bağlı ərazilərə xüsusi təlimat lövhələri vurulub. Həmin lövhələrdə çimərliklərdə davranış qaydaları əks olunub. Həmçinin, struktur bölmələrin balansında olan bütün texnika və vasitələr mövsüm üçün hazır vəziyyətə gətirilib. Artıq iyunun 15-dən Dövlət Xidməti güncləndirilmiş rejimə keçib”.
Qurum rəsmisi çimərliklərdən istifadə edən şəxslərə müraciət də edib: “Vətəndaşlardan xahiş edirik ki, gedəcəkləri çimərliklər haqqında əvvəlcədən məlumat toplasınlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, xilasetmə texniki vasitələri mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmayıbsa, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib, bu da xırda bir ehtiyatsızlıqdan suda boğulma kimi faciələrə səbəb ola bilər. Ona görə də əhaliyə müraciət edirik ki, yalnız nəzarət olunan çimərliklərə getsinlər. Ölkə ərazisində ayrı-ayrı çaylar, su kanalları və digər su tutarları var ki, onlar çimərlik üçün nəzərdə tutulmayıb və vətəndaşlar bu prosesdə diqqətli olmalıdırlar. Bu ərazilər çimərlik kimi nəzərdə tutulmadığından həmin ərazilərdən çimərlik kimi istifadə qadağandır.
Eyni zamanda, həmin ərazilərdə hansısa bir bədbəxt hadisə baş verərsə, sualtı relyefin mürəkkəbliyi və sualtı maneələrin çoxluğundan həmin ərazilərdə xilasetmə işləri həyata keçirməyə çətinlik çəkirik. Elə yerlər var ki, hətta orada xilasetmə üçün dalğıc enişləri də edə bilmirik. Ona görə də əhali çalışmalıdır ki, yalnız çimərlik üçün nəzərdə tutulan yerlərə getsinlər, küləkli havada, dalğalı vəziyyətdə olan suya girməsinlər, hava qaralandan sonra dənizdə çimməsinlər. Nəzarət olunan ərazilərdə də nəzarətçilərin çağırışına əməl etsinlər, təhlükəsizlik nişanlarını keçməsinlər, azyaşlıları nəzarətsiz buraxmasınlar. Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə çimərliklərlə bağlı metodiki göstərişlərinə əməl etsinlər. Vətəndaşlar çimərliklərdə sosial məsafəni gözləməli, çimərliklərdə qurulan çətirlərin ara məsafəsi 4 metrdən az olmamalıdır. Əhali çimərlik ərazisində su ilə birbaşa təması olmayan ərazilərdə maskadan istifadə etməlidir. Çimərlik sahəsində özünda koronavirus infeksiyasının simptomlarını hiss edən şəxs mütləq tibb məntəqələrinə müraciət etməlidirlər. Çimərlik ərazisi əsasən səhər 9:00-dan 20:00-a kimi daha təhlükəsizdir”.