Dəniz çimmək üçün açıldı, sosial media şərhlərdən “boğuldu”

16

 

Uzun müddət idi ki, sosial şəbəkələrdə çimərliklərin açılması tələbi  səsləndirilirdi. Bu fikri təkidlə irəli sürənlər hökuməti qınayırdılar ki, “bizi evə qapamısınız, havasızlıqdan boğuluruq, dəniz mövsümü bitir, hələ də çimərliklər açılmır” və s.

Əlbəttə, onlar haqlı idilər. Çünki payızda xəstəliyin yeni və daha güclü dalğası gözlənilir, insanlar yayda D vitamini qəbul etməlidirlər ki, immun sistemləri güclənsin, virusa qarşı hazır olsunlar. Və belə də oldu, hökumət cəmiyyətin səsinə səs verdi. Bu gündən etibarən (avqustun 5-dən) çimərliklərə rahatlıqla gedə bilərik.

Buna görə Operativ Qərargah çox ciddi iş aparıb, çimərliklər qaydaya salınıb, insanların rahat istifadəsi üçün şərait yaradılıb. Həmçinin cimerlik.az saytı vətəndaşların təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib.

Bundan sonrası artıq vətəndaşların üzərinə düşür – gigiyenaya əməl etmək, sosial məsafəni gözləmək… Amma Operativ Qərargahın çimərliklərlə bağlı açıqladığı qərardan sonra sosial mediada yersiz replikalar yazılmaqdadır. Özü də bunu o adamlar yazırlar ki, dünənə qədər Operativ Qərargahdan çiməriklərin açılmasını tələb edirdilər.

İndisə biri hava şəraitinin dənizə uyğun olmadığını, biri insanların çimərliyə getmək üçün geyim ala bilmədiyini, biri imkansızlıq, işsizlik səbəbindən dənizə getməyin mümkün olmadığını bəhanə gətirir.

Əslində, nə istədiyini bilməyən adamlar var ki, hər bir addıma “qulp” qoymağa hazır dayanıblar. Çimərliklərin açılmasında məqsəd ondan ibarətdir ki, insanlar təmiz havaya çıxsınlar, psixoloji vəziyyətlərini reabilitasiya etsinlər. Ancaq bu qərarı bəyənməyib, ağız büzüb yazırlar ki, çimərlik yox, bölgələrə gediş-gəliş açılmalıydı. Hər halda Nazirlər Kabineti də bunu arzulayır. Heç kəsə rayona gediş-gəliş qadağası qoymaq xoş deyil. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov da bildirmişdi ki, hamı rayona gedib – gəlməyi istəyir.

Ancaq məhdudiyyətləri birdən-birə aradan qaldıranda vəziyyət pisləşir, yoluxma, ölüm sayı artır. Biz bunu mayda gördük. Odur ki, əziyyət hesabına yenidən yaxşı dinamika əldə edildiyi halda, nəyə görə nailiyyətlərimizi yenidən heçə endirək?! Olmazmı ki bütün məsələləri mərhələli şəkildə həll edək?! Bu gün çimərliklər açıldı, yoluxanların sayı daha da aşağı düşəndən sonra rayonlara gediş-gəliş də bərpa olunacaq, “mall”lar və kafelər də açılacaq. Görün bəziləri sosial şəbəkələrdə nə yazırlar: hava soyudu, külək gəldi, su qızmayacaq və s. Bəlkə elə təbiət də deyir ki, “Evdə qalın”. Əsas cansağlığıdır, dəniz burada, biz burada.

Hətta “İşsizlikdir, dənizdə qum yeyəcəyik?” deyə replika verənlər var. Dünən çimərlik istəyən adamların bu gün belə yazmasına məəttəl qalırsan. Və yaxud çimərliklərlə əlaqədar havaların sərin keçməsi heç də Operativ Qərargahın qərarları, yaxud da cimerlik.az saytına görə deyil, ekoloji problemdir, qlobal istiləşmə, qeyri-stabil mövsümlər…

Fazil Mustafa: “Atamın ruhunu incitdilər” | KONKRET

Fazil Mustafa: “Təəccüblü hal yoxdur və Molla Nəsrəddini oxumaq kifayət edir”

Bununla bağlı fikirlərini bölüşən deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, təəccüblü hal yoxdur və Molla Nəsrəddini oxumaq kifayət edir. “Molla oğlunu yanına alıb eşşəklə gedəndə biri deyir ki, oğlu niyə heyvanın belində gedir, qoca kişi piyada əziyyət çəkir. Sonra özü minir, kənardan deyirlər ki, o boyda kişi uşağa zülm edir, eşşək belində rahat gedir. Axırda molla bezir. Eyni vəziyyətdir. Mən kitab mağazalarının açılmasını təklif etmişəm, sosial şəbəkədə yazırlar ki, kitabı neynirsiniz, millət acdır. Guya ac olan kitab oxuyur.Bu, təkcə stresslə bağlı deyil, görünür ki, cəmiyyəti arzuladığımız səviyyəyə gətirə bilməmişik”.

F.Mustafanın fikrincə, bəzi insanlar küçədə, yolda, marketlərdə məsuliyyətini dərk eləmir, heç bir fədakarlıq göstərmir, amma dövlətdən, polisdən, həkimdən eyni tələbkarlığı gözləyir. “Əgər hamılıqla qaydalara əməl olunsa, hər yer açılar. İnsanlar primitiv bir qaydaya əməl etmir, maska taxıb növbə gözləmir. Yəni çox ağır və üzücü mənzərədir. Dünyanın hər yerində belə qəzəbli təbəqə olur, amma qaydalara əməl etmək sanki diskomfort gətirir, özünü aşağılanmış sayır. Mən neçə adamı 40 mərasiminə getmək fikrindən daşındırmışam, telefonla da başsağlığı vermək olar. Amma görürsən ki, incik düşürlər, deyirlər yasa niyə gəlmədin? Axı niyə gəlməliyəm? Qaydaları bilmirsən? Ona görə bütün bunlar cəmiyyətlə bağlı problemdir və təbii ki, maddi təminat da həll olunmalıdır. Mən məsələ qaldırmışam ki, bu ay da 190 manat birdəfəlik yardımlar verilməlidir”.

Razi Nurullayev: “Bir neçə adam var ki, istər yaxşı, istər pis addım olsun, hər şeyə “mız” qoyurlar”

Deputat Razi Nurullayev isə “Yeni Müsavat”a bildirdi ki, insanlar sosial cəhətdən gərgindirlər və psixoloji baxımdan yorğundurlar: “Ona görə bəzi adamların bu cür fikir bildirməsini başa düşmək olar. Amma tək-tək adamlar belə düşüncədədir, kütləvi şəkildə bu mövqedən çıxış etmirlər. Təbii ki, dənizə də gedəcəklər, çiməcəklər. Amma təkcə çimərliklə məsələ həll olunmur, iqtisadiyyat dayanıb. Bu problemlər də aradan qalxmalıdır”.

Deputat hesab edir ki, naşükür insanlar, narazılığını ifrat dərəcədə ifadə edənlər ola bilər: “İstəməzdim ki, hər şeyə ancaq qara rəngdə baxsınlar.

Amma hesab etmirəm ki, bu cür fikirləşənlər də çoxdur. Sadəcə, bir neçə adam var ki, istər yaxşı, istər pis addım olsun, hər şeyə “mız” qoyurlar”.

Vüsalə Hüseynli

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli modern.az-a qeyd edib ki, buna da narazı olub, “dəniz kimə lazım idi” deyənlər tapılır.  QHT sədri hesab edir ki, bu cür yanaşma sərgiləyənləri nə istədiyini bilməyənlərə aid etmək lazımdır: “Aylardır dəniz sözü dilinizdən düşmürdü. Sizi düşünərək, təhlükəsiz şəraitdə istirahətinizi təmin etmək üçün çimərlikləri açırlar, indi də lağ edirsiz, ya da deyirsiz, çimərlikləri nə edirik? Əslində biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıdış daha sürətli olar”.“Yeni Müsavat”