Diaspor və təhsil problemləri

15

Bu gün təqribi hesablamalara görə, xarici ölkələrdə yaşayan soydaşlarımızın toplam sayı 7 milyon nəfərə yaxınlaşır. Fərqli həyat tərzi şərtlərinə görə mühacirət etmiş bu şəxslərin artıq “Üçüncü nəsli” yaranmaqdadır. İlkin hesablamalara görə, birinci və ikinci nəsil soydaşlarımızın əksəriyyəti öz ana dilini, yəni Azərbaycan dilini ədəbi və ya orta səviyyədə bilirlər. “Üçüncü nəsil” isə, tamamilə fərqli bir mühitə bağlı olduqları üçün onların əksəriyyəti doğma dilini, yəni Azərbaycan dilini bilmirlər. Bunun tipik bir örnəyini yada salaq. 1920-ci illərdə başlanılan mühacirət dönəmində görkəmli yazıçı, jurnalist, etnoqraf, səlnaməçi, redaktor Ceyhun Hacıbəyli (Üzeyir Bəy Hacıbəylinin kiçik qardaşı) Fransanın paytaxtı Parisə köçür və ömrünün sonuna qədər burada yaşayır.

O, Avropada Azərbaycanı tanıtmaq anlamında “İlk müsəlman Respublikası Azərbaycan”, “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)”, “Azərbaycan mətbuat tarixi”, “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları” adlı elmi əsərlərin müəllifi kimi olduqca məşhur idi. Bundan əlavə, Parisdə fransız dilində nəşr olunan “Qafqaz” və Münhendə Azərbaycan və rus dillərində çıxan “Azərbaycan” jurnallarının redaktoru olub. Onun oğlu Timuçin Hacıbəyli ömrünün sonuna qədər ana dilində şirin Qarabağ ləhcəsi ilə danışmağı bacarırdı. Hacıbəylilər nəslinin sonrakı davamçıları isə, tamamilə fransızlaşdılar. Beləcə Ceyhun Hacıbəylinin özünə məxsus nəsil, soy-şəcərəsi it-bata düşdü.

Təşəbbüslər müasir standartlar çərçivəsində olmalıdır

Rusiya Federasiyası, Qazaxstan, Ukrayna, Belorus, Özbəkistan, Qırğızstan, Litva, Estoniya, Latviya və Modlovada yaşayan soydaşlarımız postsovet məkanına məxsus xarakterik qaydalara əsasında ana dilini yeniyetmələrə öyrətmək üçün “bazar günü” məktəbləri açıblar. Bu məktəblərdə soydaşlarımız bir-biri ilə yaxından tanış olur, həm də evladlarının da həmyaşıd kimi bir-birlərinə isinişmələri üçün əlverişli imkanın əldə olunmasından məmnun qaldıqları heç zaman gizlətməyiblər. Aparılan müşahidələrə əsasən onu da qeyd etmək olar ki, “bazar günü” məktəblərində tədrisin səviyyəsi bir o qədər də arzu olunan səviyyədə deyil. Çünki, burada uşaqlara sadəcə ana dilində danışmağı və müəyyən qədər də yazmağı öyrədilər.

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dönəmdə ən azından virtual təhsil sisteminin qurulması olduqca vacibdir. Belə ki, uşaqlar yaş qruplarına bölünürlər və onlar üçün xüsusi tədris saatları ayrılır və beləliklə ana dilini evdə oturduğu yerdə öyrənmək imkanı qazanırlar. Bunun üçün mövcud problemin həlli istiqamətində iki yol var:
1. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ana dilini öyrənənlər üçün dövlət proqramı çərçivəsində tədris sistemini yaradır və bütün məsrəfləri dövlət ödəməli olur,
2. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə alman, rus, fransız, ingilis,eston, latış, litov, qazax, özbək, isveç, holland, italyan, ukrain, moldov, fin və sair dilləri və eləcə də Azərbaycan dilini peşəkar səviyyədə bilən müəllimlər bu işə cəlb olunurlar. Onlar qürbət ölkələrdə yaşayan soydaşlarımızın uşaqları üçün pullu təhsil verməklə bu prosesi inkişaf etdirirlər.

Hər iki halda ana dilini mükəmməl öyrənən uşaqlara Diasporla İş üzrə Dövlət Komitəsi sertfikatlar təqdim edir. Beləliklə də mühacirətdə yaşayan “üçüncü nəsli”  təmsil edən soydaşlarımız ana dilini bilməklə yanaşı, həm də bundan qürur duya bildiklərini asanlıqla ifadə edəcəklər.

Mühacir türklər öz etnik kimlik və ana dillərini necə qorudular?

II Dünya Savaşından sonra, Avropanın demək olar ki, əksər dövlətləri tamamilə darmadağın olmuşdu. Avropa, xüsusilə də Almaniya ucuz işçi qüvvəsi axtarırdı. Belə bir məqamda Türkiyə önə çıxdı. Çünki, Türkiyədə yerli əhalini yetərincə işlə təmin etmək o qədər də asan deyildi. 1950-1970-ci illərdə Türkiyədən Avropaya azından üç milyon insan mühacirətə üz tutdu. 1980-ci illərə qədər ucuz uşçi qüvvəsi kimi tanınan türklər kompakt şəkildə yaşadıqları üçün öz ana dillərini heç bir zaman unutmadılar. Hətta bu dönəmlərdə yetişən ikinci və üçüncü nəsil də türk dilində nəinki sərbəst şəkildə daınşırdılar, hətta onların arasında dünyalarca məşhur olan yaxıçı və şairlər, bəstəkarlar, rəssamlar, kino və teatr xadimləri yetişdi. 1980-ci illrdə isə, müahcir türklər arasında yeni nəsil yetişməyə başladı. Onların çoxu öz ana dillərini nəinki bilirdilər, hətta türk olmaqdan belə çətingənlik çəkirdilər, xəcalətdolu heyfislənmək kimi hallar meydana gəlmişdi. Çünki, Avropada artıq gəlmələrə, işçilərə və mühacir statusu ilə yaşayanlara bir qədər kin-küdurətlə yanaşılırdı. Türk mühacirlərin yerli vətəndaşlıq statusu almaq, bələdiyyə, vilayət və ölkə parlamentinə seçilmək kimi problemlərinin qarşısının alınmasına çalışılırdı. Bununla yanaşı, nihilizm siyasəti elə həddə çatdırılmışdı ki, “gəlmələr” öz etnik kimlik və varlığından utanmalı olurdular.
Türkiyə dövləti bu məqsədlə yeni nəsil diasporla iş üzrə xüsusi proqramlar hazırladı.
Gənclər üçün mədəniyyət mərkəzləri, idman salonları və digər infrastrukturların yaradılması kimi genişçaplı işlər həyata keçirildi. Faktiki olaraq, 1980-ci illərdən başlanılan bu proses indiyə kimi davam etməkdədir. Ona görə də Avropada anadan olmuş hər bir türk vətəndaşı erkən yaşlarından ana dilində danışmaq və fəaliyyət göstərmək kimi imkanlara malikdir. Bu gün Almaniyanın Hessen, Bavariya, Berlin,
Brandenburq, Bremen, Hamburq, Meklenburq-Ön Pomeraniya, Aşağı Saksoniya,
Şimali Reyn-Vestfaliya, Reynland-Pflats, Saarland, Saksoniya, Saksoniya-Anhalt,
Şlezviq-Holşteyn və Turingiya əyalətlərində demək olar ki, türk mühacirlərə məzsus orta məktəblər, uşaq baxçaları, yerli qəzet və jurnallar, məscidlər, idman salonları, mədəniyyət mərkəzləri, milli orkestrlər və teatrlar, televiziya kanalları mövcuddur. Bütün bunlar qismən Türkiyə dövlətinin, qismən də mühacir türklərin maddi dəstəyi ilə yaradılmışdır. Belə bir mənzərini Avropanın digər dövlətlərində də görmək olar.
Ona görə də, hansı nəsli təmsil etməsinə baxmayaraq, qürbət ölkədə yaşamasından asılı olmayaraq türk insanı bütün hüquqlarına sahib çıxmağı bacarmışdır.

Azərbaycan diasporu mədəni müstəvidə bir araya gəlməlidir

Azərbaycan diasporu tarixi ənənələr baxımından çox gəncdir və ona görə də bir sıra problemlərlə daim qarşılaşmaq məcburiyyətindədir. Digər yandan Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin səriştəsizliyi və işində yol verdiyi nöqsanlara görə bu istiqamətdə görülməli işlər neçə illər öz həllini tapmadı. Komitə rəhbərliyinin diaspor təşkilatları arasında süni şəkildə yaratdığı intriqaların bəlası çox təəssülər olsun ki, bu gün də davam edir. Diaspor liderlərindən öz şəxsi məqsədləri üçün istifadə edən keçmiş rəhbərlik bu məsələdə də bu sahədəki quruculuq işlərinə ağır zərbələr vurubdur. Ona görə də bəzi diaspor təşkilatları bir şəxsin dar çərçivədə olan maraqları səviyyəsində fəaliyyət göstərirlər. Bəzi diaspor təşkilatları həddən ziyadə siyasiləşdiyi üçün, onların mövqeləri həmin ölkələrdə yaşayan soydaşlarımızın milli birlik adına konsolidasiya olunmalarına sarsıdıcı zərbə vururlar. Diaspor adına bəzi qurumlar isə, Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı illik qrant layihələri ilə özləri üçün həyat və gəlir mənbəyi kimi istifadə edirdilər.
Apardığımız müşahidələr əsasında onu qeyd etmək gərəkdir ki, diaspor təşkilatları mədəni məsələlər ətrafından bir araya daha sanlıqla gələ bilərlər. Çünki, mədəni məsələlər fədakarlıq və milli dəyərlər mövzularını dərindən bilməklə yanaşı, həm də həssaslıqla hamının bir ocaqğın ətrafından birləşməsini asanlaşdıran əsas vasitədir.
Mədəni tədbirlər siyahısında ana dili və tədrisi məsələsi ilk sırada yer tutmalıdır. O zaman hər kəs bir-biri ilə daha mehriban və səmimi münasibətlərə meyilli olacaqdır.
Apardığımız müşahidələrə əsasən Kanadada bu gün ukrain və Krım Tatarlarına aid diaspor təşkilatları məzh bu faktorlar ətrafında çox asanlıqla birləşə biliblər. Hər iki xalqı təmsil edən diaspor qrupları ana dili virtual şəkildə tədrisini həll etməklə yanaşı, hər həftənin bazar günləri bir araya gəlib yeni nəslin nümayəndələrinin ana dilini necə öyrəndiklərini sınaqdan keçirirlər. Kazan tatarlarının diaspor təşkilatlarının hər birinin ayrıca teatrı və musiqi kollektivləri mövcuddur. Finlandiya, Yaponiya, Kanada, ABŞ, Macarstan, Almaniya və digər dövlətlərdə 100 ildir fəaliyyət göstərən Kazan tatarları məhz bu keyfiyyətlərinə görə digər xalqların diasporu üçün bir örnəkdir.

Ana dilini qorumaq öz kimliyini təsdiq deməkdir

Diasporumuzu təmsil edənlərin əksəriyyətinin ailələrində ana dili sadəcə məşiət xarakterli səviyyədə istifadə olunduğu üçün, inkişaf edə bilmir. Ona görə də deyirik ki, mədəni birlik səviyyəsində fəaliyyətlər ortaya qoyularsa, o zaman ana dili də işlək səviyyəsindən düzgün ədəbi dil anlayışı həddində olacaqdır. Çox istərdik ki, xarici dövlətlərdə yaşayan soydaşlarımızın xüsusi radio kanalı olsun. Bu kanalın  proqramı həmin ölkədə yaşayan soydaşımız üçün çox vacibdir. Böyüklər işbaşında, maşın sürərkən, uşaqlar evdə olduqları zaman həmin radio kanalın sayəsində ana dilini daha müəkəmməl öyrənməklə yanaşı, həm də vətənlə bağlı gündəlik informaslyaları əldə etmək imkanı qazanacaqlar. Soydaşlarımız onsuz da yaşadıqları ölkənin gündəlik həyatı ilə bağlı informasiyaları yetərincə əldə edirlər. Ana dilimizdə fəaliyyət göstərəcək radio kanallar birbaşa diasporumuzun ana dilimizə olan sevgisinin bir daha artmasına səbəb olacaq. Bu gün gürcülərin Rusiyada 5, Ukraynada 3, Litvada 1, Almaniyada 8, ABŞ-da 5 radio kanalları mövcuddur. Gürcü mühacirlərin sayları bizlərə nisbətən xeyli dərəcədə az olmasına baxmayaraq, diaspor təşkilatlarının mədəni bütünlüyü naminə bu addımları atırlar. Biz inanırıq ki, Azərbaycan diaspor təşkilatları da ana dilimizin öyrənilməsi və mədəni birliyimiz naminə bir-birləri ilə daha
sıx birləşə biləcəklər.

“Hürriyyət”

*

Diaspora mövzusu