Salam, xoş gəlmisiniz.

DİLİMİZ - MİLLİ KİMLİYİMİZ!

2019-08-17 13:25:02

DİLİMİZ - MİLLİ KİMLİYİMİZ!

Dil, ünsiyyət, kültür və millət

II YAZI

Aynur TALIBLI, Tarix və mədəniyyət araşdırmaçısı, İstanbul, 2019

Tarixdə nüfuz qazanmış millətlərin və onların kültürlərinin, mədəniyyətlərinin var olduğunu göstərən ən öndə dəlil heç sübhəsiz ki, onların dilləridir. Məhz bu da bilinir ki, bir milləti oluşduran, meydana gətirən təməl bağlardan - qavramlardan biri və ən əsası dildir. Bu araşdırmamızın mövsuzu dil qavramı, dil və düşüncə arasındakI əlaqə, dilin millətin və millətlərin kültürlərinin meydana gəlməsindəki rolu, biz Türklərin dili və ortaq Türkçənin önəmi olacaqdır.

Dil qavramı haqqında çox tanım vardır. Əski zamanlardan bəri dilçilər (dilşünaslar) tərəfindən “dil” qavramı müxtəlif şəkillərdə tanımlanmış olsa da, bu tanımlar arasında bir-birini hökmən boşa çıxaracaq düzeydə bir fərqlilik mövcud deyildir.

Bunlarin bir qismi belədir: Tarixsəl, toplumsal və kültürəl bir olqu - qavram olaraq dil insanın özünü və dünyanı anlamasını təmin edən və insanlar ilə ilətişimi - ünsiyyəti və anlaşmanı mümkün edən təməl insani yetidir. Məşhur dilşünas, Türkoloq Muharrem Erginin düşüncəsinə görə isə “Dil insanlar arasında anlaşılmayı təmin edən təbii bir arac – vasitə, özünəməxsus yasaları – qanunları olan və ancaq bu qanunlar çərcivəsində gəlişən - inkişaf edən canlı bir varlıq, təməli bilinməyən zamanlarda atılmış gizli anlaşmalar sistemi, səslərdən hörülmüş toplumsal bir qurumdur”. Bu tanıma görə dil, yüzillər boyu gəlişərək meydana gəlmiş sosial bir qurumdur. Milləti birləşdirməkdə və qorumada təsirli güclü bir ortaq mirasdır. Başqa bir ifadəylə dil təbii və sistemli bir anlaşma vasitəsidir; milli kültürün aynası və daşıyıcısıdır; toplumun kültürəl dəyərlərini ifadə etmək üçün vasitə olaraq birlik və bütünlüyü meydana gətirməkdə təsirli bir ünsürdür.

Prof.dr. Necip Üçokun dil haqqında maraqli bir tanımı belədir: “Bir-birinin dillərində anlamayan iki insanı bir yerdə bağlayıb dünya ilə əlaqələrini kəsəlim. Bir zaman sonra onların əlləri ayaqları, qaşları gözləri ilə işarətdən başlayaraq yavaş- yavaş birbirlərinə duyqu və istəklərini, gördükləri işləri bildirməyə yarıyacaq, anlatmaq qüdrətində olan bir vasitə meydana gətirdiklərini görərik. Ən geniş mənasıyla, yəni bir anlaşma vasitəsi olaraq əllər, ayaqlar və bənzəri araçlarla-vasitələrlə edilən işarətləri də içinə alan bu müəssəsəyə-biz dil adını veririk. “Dil “kəliməsi bizim hafizəmizdə canlandırdığımız xəyal anlam və kəliməyə əsaslanan, yəni eşitmə duyğumuza xitab edən səslərdən meydana gəlmişdir. Bu baxımdan tədqiq edildiyi zaman da səslərdən meydana gəlmiş dil eyni ilə qoxu, mimik, işarət dili kimi bir simvollar sistemidir”.

E.Winklerin söylədiyi kimi dil, bir topluluğun bütün keçmişi və həmçinin kültürünü, mizaç-xarakteri və təbiətini, duyqu və həssasiyətini, görənək və gələnəyini əks etdirən bir aynadır.

Prof.dr. Mehmet Kaplan dilin tanımını üç boyutda (ölçüdə) irəli sürmüşdür: Genəl tanımı ilə “dil, bəzi səs və ya səs qruplarının o şeylərin xəyalını uyandırması sürəcindən ibarətdir”, işləvi baxımından “dil, vasitədən başqa bir şey deyildir”, mənəvi baxımdan isə “dil, həyatın aldığı bir şəkildir və millətin çağlar boyunca yaşadığı tarixin adəta özətidir – yansımasıdır”.

Başqa bir deyimlə, dil insanlar arasında anlaşmayı təmin edən təməl qurucu ünsürdür. İnsan öncəliklə öz dilinin içində doğular və beləcə öz şəxsi varlıq alanını meydana gətirər. Dil şəxsin və ya fərdin varlıq alanının səs, yazı və bədən dilinə dönüşmüş halıdır. Hər millət və onu oluşduran bireylər öz dil aləmində kimlik qazanır. Bu baxımdan dil keçmişdən gələn qiymətlərin - dəyərlərin, zehniyyət və psixolojinin, fərd və cəmiyyətin bir ifadəsidir. Şahin (2014: 828).

Dil ictimai bir müəssəsə olaraq insanlar arasında anlaşmayı təmin edən bir arac (Ergin, 2009:3); toplumda ortaq dəyəri olduğu üçün sosial bir qurum (Karataş, 2009:11) və çoxyönlü, fərqli özəllikləri olan qeyri-adi bir varlıqdır(Aksan, 2007:11). Tanımlardan da görüldüyü kimi dilin toplumsal özəlliyi önə çıxarılır. Akarsuya görə, dil danışıldığı toplumun özəlliklərini ən yaxşı əks etdirən ünsürdür. Toplumun ortaya qoymuş olduğu kültürəl izləri dil ilə özünü göstərir. Platon Kratylos adlı kitabında dili "öz şəxsi düşüncələrini səsin yardımıyla özünə və yükləmlər aracıyla anlaşılan duruma gətirmək" biçimində tanımlamışdır.

Şərqdə və Türk İslam dünyasında qurulan ilk demokratik cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadə dili sosial bir olgu (ictimai bir amil) olaraq dəyərləndirir və dil haqqında düşüncəsi belədir: “İnsanlar arasında toplumsal dokuyu (cəmiyyəti) təşkil edən iki önəmli amil vardır. Bunlardan biri din, digəri də dildir. Bilindiyi kimi din müxtəlif dillərlə yaşana bilir. Din müxtəlif cinsdən olanları birləşdirdiyi halda, dil ancaq bir növdən və bir cinsdən olan insanları birləşdirir”.

“Həqiqətən də dil milləti ən gözəl təmsil edən amildir. Millət dil aracılığıyla (vasitəsiylə) özünü (məziyyət və mövcudiyyətini) anlada bilir. İnsan oğlunun sözü riyaziyyat və ya fənni qavramları andıran qarmaşıq kimya oyunları və ya simgələr deyildir. Canlı bir qavramdır, onun qanı vardır, canı vardır. Millətlə bərabər doğular, onunla birlikdə yaşar və tərəqqi edər- gəlişər”(“Şelale” dergisi, 10 Ağustos 1913, Sayı: 27.)

Sizlərlə dilçilər və düşünürlərin “dil” qavramı haqqındakı müxtəlif tanımlarını bölüşdüm və mühüm bir fərqlilik olmadığına şahid olduq. Amma dil qavramına dair bir çoxumuzun bildiyi və ən sadə tanım isə belədir: “DİL İNSANLARA ARASINA ÜNSİTYYƏT YƏNİ İLƏTİŞİM ARACIDIR-VASİTƏSİDİR”. Biz dilin önəmini daha dərindən anlamaq üçün bu tanımlamanı məna baxımından açmalıyıq. Deyirik ki, “Dil ünsiyyət – ilətişim vasitəsidir”. Öncəliklə “ünsiyyət” və ya “ilətişm” nədir və ünsiyyət dediyimizdə nə nəzərdə tuturuq? Sosial - toplumsal bir varlıq olan insan davamlı olaraq çevrəsiylə təsirlənmə və əlaqə qurmaq ehtiyacı içərsindədir. İnsanın bioloji bir varlıqdan toplumsal bir varlığa dönüşməsini təmin edən ən önəmli ünsurun də ilətişim - ünsiyyət olduğunu söyləmək mümkündür (Tuna, 2012, s.3). İlətişim qavramının kökəni Latınca “communis” terminindən gəlmişdir, İngiliscə və Fransızcadakı “communication” sözünün qarşılığı olaraq dilimizdə istifadə edilir. İlətişim duyqu, düşüncə və istəklərimizi anlatmaq, bir-birimizlə sosial və mədəni əlaqələr qurmaqdır. Biz bunu səslə və ya yazılı yol ilə edirik. Yəni dil insanların düşündükləri və duyqularını bildirmək üçün sözcüklərlə və ya işarətlərlə etdikləri anlaşmadır (TDK,2005). Dil kültür və mədəniyyətin inkişafından insanların günlük həyatındakı problemlərin çözümünə qədər hər sahədə önəmli bir ilətişim aracıdır(Özbay.2006,s2).

Bu məqamda kültürdən də özəlliklə bəhs etmək gərəklidir.

Kültür bir millətin yüzillər boyunca oluşdurduğu alqı, ilgi, tutum və davranışlarla təzahür edən yaşam tərzi, maddi və mənəvi dəyərlərin toplamıdır və nəsildən nəslə miras olaraq ötürülərək gəlməkdədir. Kültür həyatın hər mərhələsində insanı əhatə edən duygu və düşüncənin yaşama yansıyan halıdır(Göçer, 2012). Türk milliyətçiliyini “Türkçülük” adı altında sistemləşdirən böyük fikir adamı Ziya Göyalpa görə isə kültür, “Bir millətin dini, əxlaqi, ağılı, estetik, lisani, iqtisadi və fənni həyatlarının ahəngli bir bütünüdür”.

Mehmet Kaplan görə, “kültür bir topluluğu, bir cəmiyyəti, bir milləti millət edən və onu digər millətlərdən fərqləndirən həyat təzahürlərinin bütünüdür”. Həyat təzahürləri hər millətin özünə aid olan və bu özü yansıtan milli və mənəvi dəyərlərdir. Bu dəyərlər; din, dil, örf və adətlər (gələnək və görənəklər), dünya görüşü, yaşama tərzi, tarix, sənət, ədəbiyyat, coğrafiya və.s. ünsurlər olaraq qarşımıza çıxar. Bunların ən önəmlisi dildir. Kültür oluşumu, gəlişimi - inkişafı, gələcək nəsillərə ötürülməsi və s. açılardan - bucaqlardan baxıldığında dilin işləvi və önəmini rahatlıqla görə bilərik.

(Ardı var)

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93