Dırnaqları yemək vərdişi: Uşaqlar bunu necə tərgidə bilər?

15

Dırnaqlarını yeyən uşaqlara yəqin ki, çoxları rast gəlib. Adətən kiçik yaşlarda formalaşan bu vərdiş məktəb illərində aradan qalxır. Amma bunun yeniyetməlik, gənclik dövründə davam etdiyi hallar da olur. Bu vərdiş nədən yaranır? Onu necə aradan qaldırmaq olar?

Dırnaq yemə əsasən uşağın 3-4 yaşında ortaya çıxan bir problemdir. Bu hal oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir. Kiçik yaş qrupunda olan uşaqlarda ayaq dırnaqlarını da yeyən uşaqlara təsadüf etmək olur ki, bu hal da daha çox qız uşaqlarında görülür. Böyüdükdə ayaq dırnaqlarını yemək çətinləşdiyindən uşaqlar əl dırnaqlarına keçirlər.

Dırnaq yemə görünməyən bir problemin əlamətidir. Adətən həddindən artıq həssas, özünəqapalı, problemlərini valideynlərlə paylaşa bilməyən, gərginlik keçirən uşaqlarda dırnaqyemə görünür. Uşaqda bu vərdiş bəzən başqalarını təlqin etməklə də yarana bilər.
Dırnaqyemə uşaqlarda psixoloji gərginlik yaratmaqla yanaşı estetik baxımdan da yaxşı görünmür. Bundan başqa, dırnaqyemə dişlərdə zəif deformasiya, mədə-bağırsaq traktının infeksiyaları və qurd invaziyalarına da səbəb ola bilər.

Problemi aradan qaldırmaq üçün valideyn bu hərəkəti qadağan etməməli, cəza verməməli və ailədədə uşağın yanında bu vərdişi söhbət mövzusuna çevrilməməlidir. Uşağı zorla bu vərdişdən aralamaq istədikdə o, bunu gizli etməyə başlayır. Uşağın dırnağına acı dada malik olan dırnaq boyası da sürtmək olmaz.

İlk növbədə valideynlər bunun altında yatan səbəbi axtarıb tapmalıdırlar. Bu problemin nədən qaynaqlandığını araşdırmalıdırlar. Səbəbi aradan qaldırmaq vərdişin də tərgidilməsinə kömək edə bilər.

Uşağın bu vərdişi tərgitməsi üçün onun əlinə başqa bir əşya verib diqqətini yayındırmaq olar. Uşağı idmana cəlb etməkdə bu problemin həllində müəyyən qədər kömək göstərə bilər. Uşağa bu vərdişin onun sağlamlığına zərər verməsini uyğun bir tərzdə başa salmaq da faydalıdır. Bununla yanaşı dırnaqlara birgə qulluq etmək də bu vərdişi tərgitməyə kömək edə bilər.

Əgər uşaq dırnaq yeməklə sizin diqqətinizi çəkmək istəyirsə, o zaman ona fikir verməməyə çalışın. Bütün tədbirlərə baxamayaraq uşaq bu vərdişi tərgitmirsə, uşaq psixoloquna müraciət etməyiniz məqsədəuyğundur.