Dövlət hakimiyyəti orqanlarından müraciətlərə “texniki” qadağa

6

Azərbaycanda uluslararası  praktikaya  uyğun olaraq “Elektron hökumət”in yaradılmasının   hüquqi bazası Prezidentin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan )” təsdiq edilməsi haqqında sərəncamı,  “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011 tarixli fərmanı və digər normativ-hüquqi aktlara söykənir. “Elektron hökumət”in  (ingiliscə “e-government”) yaradılması  demokratiyanı inkişaf etdirməklə , korrupsiya və rüşvətin qarşısını almaqla yanaşı, məmurla vətəndaş arasında “ virtual körpü” rolunu oynaması,  müraciətlərə baxılmasının operativliyi baxımından böyük əhəmiyyət daşıyır. Sözügedən xidmətin indiki koronavirus rejimi dönəmində əhəmiyyəti tam çılpaqlığı ilə üzə çıxdı. Evdə qalmağa məcbur edilən insanların problemlərini, arzu və istəklərini “Elektron hökumət”dən özgə hansı qurum,  hansı xidmət gerçəkləşdirə bilər? Xüsusi karantin rejimi dövründə elektron hökumət  xidmətlərinin normaldan da yüksək olduğunu söyləmək olar. Rahatsızlıq doğuran , narazılıq yaradan bir sıra dövlət orqanlarının elektron müraciətlərə süni,  “texniki” qadağa qoymaları,  bölgələrdə icra və bələdiyyə orqanlarının yerli-dibli elektron poçtunun olmamasıdır. Elektron yönətiçiliyin hüquqi bazasının 10 ildir yaradılmasına baxmayaraq,  hələ də bütün ölkəni,  bütün qurumları çevrəsinə almaması ciddi pozuntu olsa da,  bu yazının amacı “sanballı”  dövlət hakimiyyəti orqanlarının “elektron hökumət” siyasətini  illərdir sabotaj etməsini diqqətə çatdırmaq olduğundan, üzərində dayanmırıq.

Milli Məclisin bütün komitələrinin ayrıca elektron poçtu var və normal da müraciətləri qəbul edirlər.  Di gəl, 2 ilə yaxındır mudafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin  ([email protected]) və insan hüquqları komitəsinin  ([email protected]) poçtlarına müraciət edəndə ingilis dilində “kvota -limit aşıb” bəhanəsi ilə ünvana çatdırılmır. Nə qədər bağlantılı qurumlara,  MM rəhbərliyinə müraciət edilsə də, adi bir “texniki” qadağaya son qoyulmur. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının elektron poçtu bir neçə gün öncəyə kimi normal “işləyirdi” .  İndi isə bu mühüm poçtun da “kvotası “aşıb-daşdığından”  “ingiliscə “işləyir” ,  daha düzü, işləmir. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin elektron poçtları da bu qayda ilə xidmət göstərir. Baş prokurorluq və tabeliyindəki orqanların elektron müraciətləri qəbul etməsini normal saymaq olar. Bəzi rayon prokurorluqlarının dəyişən elektron ünvanlarının bildirilməməsi narazılıq doğuran hallardandır. Xətai prokurorluğunun elektron ünvanı iki ildir [email protected] əvəzinə [email protected] olsa da, nə baş prokurorluğun saytında, nə də rayon prokurorluğunun məlumatında əksini tapıb. Eləcə də Suraxanı prokurorluğunun elektron poçtundakı hərf dəyişikliyi barədə informasiya yerləşdirilməyib.

Prezidentin 14 mart 2018 tarixli 1885 saylı “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi sözügedən işlərin əlaqələndiricisi kimi görəvləndirilib. Mərkəz digər dövlət orqanları ilə birlikdə uyğun infrastrukturun yaradılması , çağdaş informasiya texnologiyalarından yararlanmaqla dövlət qurumlarının bütün şəxslərə informasiya və elektron xidmətlərin göstərməsini təmin edir. Amma və nə yazıq, hələ də yuxarıda vurğuladığımız “texniki” qadağaya nə sözügedən Mərkəz , nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , nə də digər bağlantılı qurumlar son qoyur. Mərkəzin tabe olduğu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin [email protected][email protected] elektron poçtlarının da “texniki” qadağadan “yararlanması” qadağaların hələ uzun sürəcəyini göstərir.

Görəsən, elektron müraciətə elektron qadağa qoyulmasına son qoyulması çağdaş texnologiyalar dönəmində belə çətindir ,  yoxsa, bilərəkdən xidmətdən “texniki” bəhanə ilə imtina edilir?

Məğrur Bədəlsoy