Dövlət hakimiyyəti və vətəndaş cəmiyyəti – LAYİHƏ

12

Hüquqi dövlətlə vətəndaş cəmiyyətinin münasibətlərinə nəzər salmazdan öncə vətəndaş cəmiyyəti, onun yaranması, formalaşması və konseptləri məlumat vermək daha məqsədəuyğundur. Vətəndaş cəmiyyəti fundamental elmi problemlər sırasında özünəməxsus yer tutur və əsrlər boyu bəşəriyyətin ən dahi insanlarının diqqət mərkəzində olmuşdur. Bu problem dövlətin yaranması və cəmiyyətdəki insan fəaliyyətinin dövlət və qeyri-dövlət sahəsində bölünməsi ilə meydana gəlmişdir. Məhz, o zaman hakimiyyətlə cəmiyyətin münasibətləri ən ümdə məsələrindən birinə çevirilib. Dəfələrlə münaqişələrə, siyasi çevrilişlərə və inqilablara səbəb olub. Müasir dövrümüzdə də sözü gedən problem dünyanın bir sıra ölkələrində cərəyan edən qlobal ictimai dəyişikliklərin təməlini təşkil edir və dünya birliyinin inkişaf perspektivliyini müəyyənləşdirir.

Vətəndaş cəmiyyətində hüquqi perspektivlər

Ümumiyyətlə, vətəndaş cəmiyyəti antik ictimaətşünaslıq terminidir. Qədim Roma (Siseron) və hətta qədim Yunan (Platon) müəllifləri onun “şəhər-dövlətlərin vətəndaş birliyi” mənasında işlətmişlər. Maarifçilik dövrünün və yeni dövrün müəlliflərinın (Peyndən Hegelə qədər) əsərlərində bu termin başqa bir məna əxz etmişdir. Dövlət strukturların paralel şəkildə ayrı-ayrı maraqlar üzrə yaradılan vətəndaş birlikləri şəbəkəsi. Yeni düşüncə, yeni iqtisadi gerçəklik – şəxsi mükiyyətin, bazarın və burjuaziyanın yüksəlişini əks etdirirdi. Ümumiyyətlə, “vətəndaş cəmiyyəti” anlayışı XVII əsrdə, Q.Qrosin, T.Hobbs və C.Lokkun əsərlərində təklif edilmişdir. Amma bu anlayışın sələfləri daha öncə də mövcud olublar. XVIII əsrdə isə J.J Russon, Ş.L Monteskyö, V. Fon Qumboltun yaradıcılığında inkişaf etdirilib. Onlar vətəndaş cəmiyyətinı mövcud dövlət idarəçiliyinin real formaları ilə eyniləşdirmirdilər. Nümunə üçün keçmiş alimlərin vətəndaş cəmiyyəti haqqında irəli sürdükləri bəzi fikirlərə nəzər yetirək. Qərb politologiyasında XX əsrin ortalarında aktuallaşmış fəlsəfə, sosiologiya və politologiyada siyasi mədəniyyət problemi, mədəniyyətlərin müqayisəli tədqiqatı zərurəti R. Makridisin “İdarəçilik siyasi müqayisəli tədqiqi” və S. Verbin “Vətəndaş cəmiyyətinin araşdırılması analitik tədqiqat” elmi işlərlə bağlıdır. Vətəndaşların ümumi iradəsini ifadə edən hüquqi dövlət real həyati prosesdə bu mənafeləri barışdırmalı və uyğunlaşdırmalıdır. Dövlət qurluşunun əsasını təşkil edən demokratik prinsipləri əhəmiyyətli dərəcədə dövlətin müstəqilliyini, onun təsisatlarının fəaliyyətini bu və ya digər iqtisadi və sosialsinfi mənafelərdən asıllı olmamasını təmin edir. Bu qeyri-asıllıq vətəndaş cəmiyyətinin mövcudluğu və onunla hüquqi dövlət arasında uyğunluğun təzahürü ilə şərtlənir. F.Hegel: “Vətəndaş cəmiyyəti və dövlət müstəqil, lakin əlaqəli institutlardır. Vətəndaş cəmiyyəti ailə ilə birlikdə dövlətin bazisini təşkil edir. Dövlətdə vətəndaşların ümumi iradəsi cəmlənib. Vətəndaş cəmiyyəti isə ayrı-ayrı fərdlərin xüsusi maraqları sahəsidir”.

Vətəndaş cəmiyyəti insana vətəndaş hüquqlarını reallaşdırmaq imkanı yaradan cəmiyyət üzvlərinin müxtəlif maraqlarını, ehtiyaclarını və dəyərlərini ifadə edən qeyri-dövlət, ictimai əlaqələr və institutlar sistemidir. Vətəndaş cəmiyyəti dövlətdən təcrid edilmiş və istənilən formada onunla müxalif olan hansısa sosial məkan deyil. Əksinə, vətəndaş cəmiyyəti və dövlət bir-birilə sıx əlaqədədir. Çünki dövlət ictimai həyatda idarəetmə və vasitəçi funksiyaları həyata keçirərkən, vətəndaş dəyərləri və institutları ilə əlaqədə olmağa məhkumdur.

Hüquqi konsepsiyanın təməl prinsipləri

Hüquqi dövlətlə vətəndaş cəmiyyəti münasibətlərinə nəzər salan antik mütəfəkkir  Platon olmuşdur. Vətəndaş cəmiyyətini ayrıca müstəqil substansiya kimi “qeyd” edirdi. Onun insanlara anadangəlmə xas təbii sosial ehtiyaclar haqda başlıca nəcib keyfiyyətlərmüdriklik, kişilik, işıqlı emosional vəziyyət barədə, ideal insan cəmiyyəti ilə bağlı mühakimələri dövlət hakimiyyətini ardıcıl olmasa da, kəskin tənqid etməsi belə bir nəticəyə gəlməyə imkan verir ki, cəmiyyətin mütəşəkkil dövlət şəbəkəsindən başqa özgə həyati fəaliyyəti formaları da mövcuddur. “Vətəndaş cəmiyyəti” anlayışı öz kökü etibarilə həm də Aristotelin polis ideyasına (Koinoca politike), Siseronun “societas civilis və təbii hüquq ideyalarına gedib çıxır. Politike üzvü olmaq vətəndaş-dövlətin üzvü, yəni onun qanunlarına uyğun şəkildə və başqa vətəndaşlara ziyan vurmadan yaşamağa və fəaliyyət göstərməyə borclu olmaq demək idi. Aristotel isə insan ictimai-siyasi varlıq, dövlət siyasi vətəndaşlar cəmiyyətinin təbii məhsuludur. Vətəndaşların həyatını cəmiyyətin istehsal qüvvələri və münasibətlərinin müəyyən inkişaf səviyyəsinə qədər dövlət müdaxiləsi tələb olunmayan həyati sferalarda da iqtisadi, nigah-ailə, mənəvi, əxlaqi, elmi, dini sahələrində təhlil etmişdir. Buna görə də Aristotelin əsərlərində dövlət və vətəndaş cəmiyyətinin müəyyən mənada bir-birindən ayrıldığını qeyd etmək doğru olardı.

Vətəndaş cəmiyyəti haqqında təsəvvürü Emmanuel Kant daha da dərinləşdirmişdir.

Onun vətəndaş cəmiyyətinin mahiyyəti ilə bağlı şərhi dialektikdir. İnsan naturasının qılıqsız, təşəxxüs, birləşmə istəyi və eyni zamanda, razılığa gəlmə cəhdi kimi ziddiyyətli keyfiyyətlərini nəzərdən keçirərkən Kant bu nəticəyə gəlir ki, insanın azadlığının digərlərinin azadlığı ilə uyğunlaşdırılmasının başlıca yolu vətəndaş cəmiyyətinin formalaşdırılmasıdır. Kanta görə vətəndaş cəmiyyəti aşağıdakı aprior prinsiplərə əsaslanır:

– cəmiyyət üzvünün bir insan kimi azadlığı;

– bir təbəə kimi onun digərləri ilə bərabərliyi;

– cəmiyyət üzvünün bir vətəndaş kimi müstəqilliyi.

Vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Hüquqi dövlət olmadan vətəndaş cəmiyyəti normal fəaliyyət göstərə bilməz. Digər tərəfdən isə tərəqqi edən vətəndaş cəmiyyəti olmadan dövlət heç vaxt demokratik ola bilməz, belə dövlət quruluşu avtoritar rejimlərin birinə çevrilməyə məhkumdur. Güclü vətəndaş cəmiyyəti demokratiyanın təminatıdır. Həqiqətən də vətəndaş cəmiyyətinin fəal inkişafı dövləti intizamlı olmağa sövq edə, müxtəlif əhali qruplarının maraqlarını genişləndirə, onların siyasi həyatda fəal iştirakını təmin edə bilər. Əlbəttə, bütün bunlarla yanaşı demokratiya da güclü vətəndaş cəmiyyətinın təminatıdır. Plüralizmi və siyasi seçim hüququnu burada siyasi partiyalar və demokratik seçki mexanizmi təmin edir. Bəzi amerikalı siyasət analitikləri buna görə də Fransanı, İspaniyanı və Yaponiyanı tənqid edirlər. Ancaq həmin ölkələr buna cavab olaraq, bildirirlər ki, onlar özlərinin vətəndaşla dövlət arasındakı münasibətlər sahəsində formalaşmış ənənələrinə uyğun olaraq yaşayırlar. Amerika tipli vətəndaş cəmiyyətinə söykənməyən demokratiyanın həqiqi demokratiya olmaması arqumenti nəinki saxta, hətta təhlükəlidir. O, belə bir əminliyə gətirib çıxarır ki, demokratiya yalnız amerikan tipli ola bilər, ya da heç bir demokratiya yoxdur. Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir.

İnkişaf etmiş cəmiyyətdə kollektiv münasibətlər və dövlət

Bu sahə üçün əsasən dövlətdə mövcud olan vertikal, ieararxik əlaqələr deyil, horizontal, qeyri-hakim əlaqələr xarakterikdir. Vətəndaş cəmiyyətinin mövcudluğu və formalaşması bərabər hüquqlara və müəyyən keyfiyyətlərə malik vətəndaşlarsız mümkün deyildir. İnsan yalnız yüksək mənəvi ideallara və qabaqcıl dünyagörüşünə malik olduqda vətəndaş adlana bilər. Belə şəxslər ictimai birliklər və institutlarla tamamilə fərqli münasibətlərdə olur. Kifayət qədər inkişaf etmiş vətəndaş cəmiyyətlərində insan kollektivlərə cəlb edilməklə qətiyyən öz fərdi keyfiyyətlərini itirmir, əksinə, daha yüksək mənəviyyata sahib olur. Beləliklə, vətəndaş cəmiyyətinin bir sıra prinsiplərini qeyd etmək olar:

– siyasi sahədə bütün insanların hüquq və azdlıqlarının bərabərliyi;

– vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsinin bütün dünyada qüvvədə

olan qanunlarla təminatı;

– şəxsi mülkiyyətə malik olma və yaxud əməyi müqbilində ədalətli qarşılıq alma

hüququ üzərində qurulan iqtisadi müstəqillik;

– partiyalarin və vətəndaş hərəkatlarının (qeyri-hökümət təşkilatları) yaradılmasında

vətəndaşların azadlığı

– elmin, mədəniyyətin, təhsilin və vətəndaşların tərbiyələndirilməsi üzrə lazımi maddi

və digər şərtlərin yerinə yetirilməsi;

– yalnız qanunla tənzimlənən, dövlət senzurasından kənar KİV-in yarasdılması və

fəaliyyəti;

– dövlət və vətəndaş cəmiyyəti arasındakı münasibətləri tənzimləyən mexanizmin

mövcudluğu (konsensus mexanizmi).

Cəmiyyətin demokratiyaya doğru irəliləməsi ilə onun hər bir üzvünün qəbul etdiyi qərarlara görə məsuliyyəti dəfələrlə artır. Vətəndaş mədəniyyəti olmadan vətəndaş cəmiyyəti haqqında söz açmaq, ümumiyyətlə, yersizdir. Bu anlayış fərdin ictimai məsələləri qavramaq imkanını müəyyənləşdirir, onun bu məsələlərin həyata keçirilməsində nə dərəcədə fəal olduğunu nümayiş etdirir. Problemlə əlaqədar toxunduğumuz fikirləri və mövqeləri cəmləyərək, vətəndaş cəmiyyətilə hüquqi dövlət arasındakı münasibətlərə dair bir neçə mövqe formalaşdıra bilərik:

  1. “Vətəndaş cəmiyyəti” və “Hüquqi dövlət” anlayışları qlobal cəmiyyətin fərqli, lakin daxilən əlaqəli elementlərini ifadə edir.
  1. Vətəndaş cəmiyyəti ilə hüquqi dövlətin funksiyalarının bir-birindən ayrılması təbii və qanunauyğun bir prosesdir. Bu, bir tərəfdən sosial-iqtisadi və mənəvi, digər tərəfdən isə həyatın siyasi aspektlərini xarakterizə edir.
  1. Vətəndaş cəmiyyəti – siyasi sistemin əsasını təşkil edir, hüquqi dövləti müəyyənləşdirir və şərtləndirir.
  1. Vətəndaş cəmiyyəti həyat qanunları anarxiya olan muxtar fərdlərin birləşməsi deyil. Bu vətəndaşların birgə maddi və mənəvi həyatını təmin edən insanlar birliyidir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin rəsmi təzahürüdür.
  1. Üzvlərinin özfəaliyyəti, birliklərin müxtəlifliyi baxımından vətəndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa, bir o qədər hüquqi dövlətin demokratik yolla irəliləcəyi təmin edilmiş olar. Bu fikri əksinə də ifadə etmək mümkündür. Yəni siyasi quruluş nə qədər demokratiyaya meyilli olarsa, bir o qədər də vətəndaş cəmiyyətinin inkişafı təmin edilmiş olur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.