Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb - Nə AFFA şikayət etməyi düşünür, nə də “Qarabağ”

Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb - Nə AFFA şikayət etməyi düşünür, nə də “Qarabağ”

“Londonda bayraqla meydana çıxmağımın səbəbi azərbaycanlıların Henrix Mxitaryana “Arsenal”la Bakıdakı oyunda meydana çıxmaq imkanı yaratmamasına görə idi. Açığı, Henrixin Londondakı matçda oynayacağını düşünürdüm. Üçüncü əvəzetməyə qədər gözlədim, görəndə ki, Mxitaryan bu dəfə meydana çıxmayacaq, bayraqla “Arsenal”ın ehtiyat oyunçular skamyasına tərəf qaçdım. Məqsədim bayrağı Mxitaryana vermək, onu qucaqlamaq və ordan uzaqlaşmaq idi. Təəssüf ki, bu istəyim alınmadı. Mühafizəçilər yolumu kəsib, məni meydandan çıxardılar. Buna görə mənə heç bir cəza verilmədi, stadiona girişimə qadağa qoyulmadı. Çünki “Arsenal”dakılar azərbaycanlıların kim, ermənilərin kim olduğunu başa düşmüşdülər.

Həmin olay vaxtı Mxitaryan mənə yaxınlaşmaq istəsə də, mühafizəçilər məni meydandan çıxardığına görə alınmamışdı. Ertəsi aeroporta getməyə hazırlaşanda telefonuma qəfil zəng gəldi. Zəng edən adam özünü Henrix Mxitaryan kimi təqdim etdi. Açığı, birinci inanmadım, dostlarımın zarafat etdiyini zənn etdim. Lakin zəngin İngiltərə nömrəsindən gəldiyini görəndə zəng edənin həqiqətən Henrix olduğuna əmin oldum. Aramızda bəzi səbəblərə görə məzmununu açıqlamaq istəmədiyim söhbət oldu. Sadəcə, bu addımına görə Mxitaryana təşəkkür etmək istəyirəm” – bu sözlər ötən ilin dekabrında keçirilən “Arsenal” – “Qarabağ” matçında meydana “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan, eyni zamanda ötən həftənin cümə axşamı keçirilən “F91 Düdelanj”la səfər oyununda dron qalmaqalının təşkilatçısı və ideya müəllifi olan Spartak Adamyana məxsusdu.

Bir azarkeşin bu cür iyrənc əməllərlə yadda qalması müəyyən mənada başadüşüləndi. Qarabağın Azərbaycana məxsus olması və “Qarabağ”ın avrokuboklardakı inamlı çıxışı, heç şübhəsiz, onun kimi yüzminlərlə ermənini qıcıqlandırır. Lakin Henrix Mxitaryanın bu cür təxribatı dəstəkləməsi heç cür anlaşılmır. Əvvəla ona görə ki, bu adam xüsusi statusa malikdi və kifayət qədər tanınan şəxsdi. Deməli, pulu və imkanı hesabına bu cür təxribatçıların arxasında durmağı özünə borc bilir, bəlkə də onları maliyyələşdirir.

FİFA və UEFA-nın illərdi “futbolda irqçiliyə və düşmənçiliyə yox!” şüarı məhz idmançıları çirkin əməllərdən uzaq olmağa səsləyir. Di gəl ki, Mxitaryan və onun kimilər şüarı qulaqardına vurmaqla bir növ FİFA ilə UEFA-nın tapşırığını vecinə almır. Belə məqamda isə əsas yük AFFA-nın, eyni zamanda “Qarabağ”ın üzərinə düşür. Ölkə futboluna cavabdehlik daşıyan qurumun və hər dəfə təzyiqlə üzləşən klubun rəhbərliyi ali futbol qurumlarına müraciət etməli, Mxitaryanın sanksiya ilə üzləşməsinə çalışmalıdı. Əldə bu cür yazılı fakt varsa, bundan maksimum yararlanmaq vaxtıdı.

“Bu məsələ ilə bağlı ali futbol qurumlarına müraciət etmək fikriniz varmı” sualını AFFA-nın və “Qarabağ”ın sözçülərinə – Firuz Abdulla ilə Nurlan İbrahimova ünvanladıq.

Firuz Abdulla: “Həmin müsahibədən məlumatlıyam, oxumuşam. Adını çəkmək istəmədiyim bu şəxs Mxitaryanla telefonda danışdığını iddia etsə də, futbolçunun təsdiqi yoxdu. Onun təsdiqi olmadan isə hansısa təxribatçının sözlərinə əsasən hansısa beynəlxalq quruma müraciət etməyimiz doğru olmaz. Mxitaryanın təsdiqi olsaydı, başqa məsələ. Belə bir vəziyyət təsəvvür edin, biz həmin şəxsin dediklərinə istinad edib, ali futbol qurumlarına müraciət edirik, Mxitaryan da ortaya çıxıb, o şəxsi tanımadığını deyir. Bir azərbaycanlı kimi bu məsələyə ürək yanğısı ilə yanaşan istənilən adam kimi sizin mövqeyinizi də başa düşürəm. Amma rəsmi mövqeyimiz az öncə dediyim kimidi. Müraciət üçün əldə tutarlı faktlar olmalıdı. Əldə təsdiq faktı olmadan biabırcı vəziyyətə düşmək istəmirik”.

Nurlan İbrahimov: “Klub olaraq Mxitaryanın cəzalandırılmasına nail ola bilmərik. Bu, bizi aşan məsələdi. Sadəcə, bu haqda məlumat verə bilərik. Məsələyə daha geniş çərçivədən yanaşmalıyıq. Çünki bu iddia ilə çıxış etmək əleyhimizə ola bilər. Sadəcə, belə işlərin mütəşəkkil dəstə şəklində həyata keçirildiyini və öncədən hazırlandığını bildirməklə növbəti oyunlarda qarşısının alınmasına nail ola bilərik”.

HƏBİB