DTX-nın həbs etdiyi icra başçılarını 14 il cəza gözləyir

7 May, 2020, 10:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Əsabəli Mustafayev: “Rüşvət verən öncədən xüsusi xidmət orqanını məlumatlandırmırsa, məsuliyyətə cəlb edilə və eyni cəzanı ala bilər”

İcra başçılarının, müavinlərinin və nümayəndələrinin rüşvət faktı ilə həbs edilməsi cəmiyyətdə böyük sevinclə qarşılanır.  Az qala hər bir rayon sakini öz icra başçısına analoji aqibəti arzulayır. Onlar intizarla “qara maskalı” oğlanın yolunu gözləyirlər.

Çünki əyalətlərdə olan narazılıqlar və özbaşınalıqlar məhz İH rəhbərlərindən qaynaqlanır. Odur ki, həbslərin həyata keçirilməsi təqdir edilir.

Lakin burada bir nüans mütləq qeyd edilməlidir – rüşvət alanlar həbs olunmaqla yanaşı rüşvət verənlər də məsuliyyətə cəlb olunmalıdır.

Rüşvət verən şəxslər heç də alanlardan az məsuliyyət daşımırlar. Əvvəla, rüşvət verən şəxsin bu işdə marağı olur, hansısa məsələni rahatlıqla həll etməyə çalışır, ikincisi, qanunla rüşvət verən şəxs barəsində də cinayət işi açılmalıdır.

Əsabəli Mustafayev: “TALANÇI MƏMURLARIN mülklərinin hərraca ...

Əsabəli Mustafayev

Bu məsələləri “Yeni Müsavat”a şərh edən hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, rüşvət verən şəxs öncədən bu haqda xüsusi xidmət orqanını məlumatlandırmırsa, qanunla məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Vəkilin sözlərinə görə, rüşvət verən şəxs əvvəlcədən hüquq-mühafizə orqanlarını xəbərdar etdiyi halda məsuliyyətdən azad olur.

Ə.Mustafayev qeyd etdi ki, burada müəyyən yumşalmalar da mümkündür: “Məsələn, müəyyən edilə bilər ki, rüşvəti verən şəxs həmin icra başçısına tabedir, ondan asılıdır.

O da deyə bilər ki, rüşvət verməyə məcbur edilib, hədə-qorxu ilə rüşvət almağa vadar olunub. Bu halda cəzanın müddətinin yumşaldılması istisna edilmir”.

Hüquqşünas istənilən halda rüşvət verən şəxsin məsuliyyətə cəlb edilməsini vacib sayır: “Bu olmalıdır ki, dərs çıxarsın. Çünki rüşvət verən tərəf də fayda götürür, yaxud pulun bir hissəsini özündə saxlayıb qalanını özündən yuxarı verir. Belə deyək ki, rüşvət verən olmasa, alan da olmaz. Ona görə gərək birincilərin kökü kəsilsin”.

Hüquqşünas qeyd etdi ki, əməliyyatdan əvvəl rüşvət verənlərin bir hissəsi xəbərdar edilir: “Xüsusi nişanlanmış rüşvət, dəlil-sübutla məmuru tuturlar.

Əslində bütün dünyada belədir. Hətta elə ölkələr var ki, orada xüsusi xidmət orqanına kömək edənə mükafat verilir. O baxımdan bu taktikanı balanslaşdırılmış şəkildə etmək lazımdır.

Çünki rüşvəti verən əsasən başçıların müavinləridir. Bu adamlar daim bu işlə məşğuldurlar.  Ona görə birinci müavinlər tora düşürlər, pulu yığan bu adamlar olur.

Sonra istintaq tərəfindən bu şəxslər müəyyən edilir və göndərilir ki, rüşvəti xüsusi nişanla icra başçısına çatdırsınlar.

Bu mənada yanaşmalar dərindən getməlidir. Elə olmalıdır ki, xüsusi xidmət orqanına kömək edənlər sonra bu köməkdən imtina etməsinlər”.

Vəkil həbs edilən icra başçılarını nə qədər cəza gözlədiyini də açıqladı: “Bu, istintaq zamanı şahidlərin ifadələri, rüşvətin miqdarı, vəzifə səlahiyyətini aşmaq kimi hallardan asılı olacaq. Həmçinin istintaqın gedişində torpaq sahələrinin mənimsənilməsi kimi hallar ortaya çıxa bilər.

Ona görə obyektiv iş getsə, icra başçılarını azı 9-14 il arası həbs gözləyir. Halbuki xaricdə korrupsiyaya görə ömürlük həbs cəzası var. Əfsus ki, Azərbaycanda yoxdur.

Rüşvət verənlərə gəlincə, onlar həm alandı, həm verən, ona görə cinayət işi materiallarında adları iki cür keçəcək. Əgər rüşvət verəcəklərini əvvəldən hüquq-mühafizə orqanlarına bildirməyiblərsə, icra başçıları ilə eyni cəzanı alacaqlar”.

Qeyd edək ki, son 5 ayda beş icra başçısı həbs olunub. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının rəhbərləri rüşvət və korrupsiya faktı ilə kabinetlərində qandallanıblar.

Prezident İlham Əliyev çıxışlarında daim məmurlara xalqa xidmət etməli olduqlarını xüsusi vurğulayıb.

Sitat: “Mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir».


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93