Dünya siyasəti: Neft və milyardlar savaşı

3

 Dövlətlər arasında siyasətdəki mübahisələrin, münaqişə və anlaşmazlıqların, hətta müharibələrin kökündə əsas bir amil dayanır – pul. Qədim zamanlardan bəri dövlətlərarası savaşların və ölkə liderlərinin əsas məqsədi yeni torpaqlar zəbt etmək, daha da varlanmaq, resursları ələ keçirmək olub. Bu proses bu gün də davam edir. Məsələn, İran və ABŞ münaqişəsinin əsasını heç də ideologiya fərqi və s. səbəblərlə izah etmək doğru olmazdı. Problemin əsasını resurslar, deməli maddi sərvətlər uğrunda mübarizə təşkil edir. İran enerji resurslarından ildə milyardlarla dollar pul qazansa da, əhalinin vəziyyəti bu gəlirlərə uyğun deyil. Bunun əsas səbəblərindən biri xüsusilə son 5 ildə ölkənin xarici banklarda olan valyuta ehtiyatlarının xeyli hissəsinin ABŞ tərəfindən mənimsənməsidir. İranda baş verən etirazlarda əsas tələblər sosial narazılıqdır.  İranın xarici banklarda olan 130 milyard dollar pulu bu ölkə nüvə silahı hazırlamaqda şübhəli bilinən dövrdə ABŞ tərəfindən dondurulmuşdu. Nüvə sazişi barədə razılıq imzalandıqdan sonra 2016-cı ildə bu pulun 55 milyard dollarının İrana qaytarıldığı açıqlandı. İran isə faktiki olaraq 32,6 milyard dollar əldə etdiyini bildirdi. Hələ 2000-ci illərdə Qərblə münasibətlərinin kəskinləşdiyini görən İran öz pullarını Çin, Rusiya, Cənubi Koreya, Yaponiya, Tayvan, Türkiyə banklarına köçürməyə üstünlük vermişdi. Türkiyə bankları ilə bağlı Zərrab hadisəsi buna misaldır. Lakin ABŞ həmin ölkələrə də müdaxilə edərək onların ABŞ-dakı hesablarını dondurmaqla hədələyib. ABŞ İranın 56 milyard dollarını qaytarmaqdan imtina edib. Keçmiş dövlət katibi Kerri də bəyan etmişdi ki, bu, İranın borclarının ödənilməsinə sərf edilib. “Borcun ödənilməsi” dedikdə isə 1983-cu ildə Beyrutda partlayış zamanı 200-dən çox amerikalı hərbçinin ölməsi və bunda İranın günahlandırılmasından söhbət gedir. ABŞ ölənlərin ailəsinə kompensasiya vermək üçün bu pulları müsadirə etdiyini bildirib və ABŞ Ali Məhkəməsi bu barədə qərar çıxarıb. İran isə Beynəlxalq Məhkəməyə müraciət edəcəyini və pullarını geri alacağını bildirib. ABŞ həm də bu yolla İran iqtisadiyyatını çökdürməyə və əhali arasında narazılıq yaratmağa çalışır. Amerika Yaxın Şərqdəki planlarının həyata keçməsi üçün 6 trilyon dollar xərcləyib. Ancaq buna baxmayaraq, ABŞ-ın buradakı siyasəti istənilən nəticəni hələ ki, verməyib. ABŞ ən azından Yaxın Şərqdəki nefti güvənliyə almağı düşünür. Beləliklə də həm öz planlarını həyata keçirməli, həm də sərf etdiyi trilyonlarla​ pulu geri qaytarmalıdır. Türkiyə ilə ABŞ-in hazırda əsas mübahisə mövzularından biri FETÖ vasitəsilə Orta Asiyadan ABŞ-a ötürülməli olan milyardlarla dollar pulun lazımi yerə çatmasına Türkiyənin mane olmasıdır. Bu məbləğin 53 milyard dollardan artıq olduğu bildirilir. Məhz bu səbəbdən də Türkiyənin bütün çağırışlarına baxmayaraq, Orta Asiya respublikalarının bəziləri, cümlədən Qırğızıstan FETÖ məktəblərini bağlamaq istəmədi. Çünki burda birbaşa ABŞ-ın göstərişi var idi. FETÖ ABŞ-ın Orta Asiyada maraqlarının həyata keçirilməsi vasitələrindən biri olmuşdur. Məsələn, Rusiya vaxtilə bunu bildi və qarşısını aldı. Qırğızıstan isə, gördüyümüz kimi, ABŞ-ın postsovet məkanında əsas diqqət yetirdiyi və “rəngli inqilab”ın baş verdiyi ölkədir. Bu da təsadüfi deyil. Çünki Orta Asiya Çin, Rusiya, İran kimi ABŞ üçün əhəmiyyətli rəqiblərin yaxınlığında yerləşir. Qırğızıstanın Türkiyə ilə münasibətlərin kəskinləşməsi bahasına da olsa, FETÖ məktəblərini saxlaması təəccüblü gələ bilər. Lakin FETÖ məktəbləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin örtük təşkilatlarından başqa bir şey deyil. Əslində FETÖ-nun maliyyə mənbələrinin kökünün kəsilməsi, onunla əlaqədə olan şirkətlərin çökdürülməsi ABŞ-a gedən çirkli pulların qarşısının alınması əməliyyatı idi. Bundan narazı qalan ABŞ Zərrab davasını ortaya ataraq burada Türkiyə banklarının qeyri-qanuni fəaliyyətini sübut etməyə çalışır. ABŞ məhkəmə qərarı ilə Türkiyənin 10-a yaxın bankını İranla gizli əməkdaşlıqda ittiham edərək onların üzərinə təzminat qoymaq niyyətindədir.

Həmin məbləğ də elə təxminən Türkiyənin FETÖ-çu təşkilatlara qarşı əməliyyatlar zamanı əl qoyduğu, lakin ABŞ-a ötürulməli olan məbləğin həcmində ola bilər.

Bununla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Orta Asiyadan almağa hazırlaşdığı, ancaq uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyədə batan pulları geri qaytarmağa çalışırlar. Hazırda ABŞ Yaxın Şərqdə xərclədiyi 6 trilyon və Türkiyədə batırdığı 53 milyardın geri qaytarılmasına çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın təhdidlərindən qorxan bir şəxs olmadığı üçün bu pulların Türkiyədən alınması asan olmayacaq. Qorxsaydı, mənbəyi məlum olmayan bu “çirkli pulların” Türkiyədəki şirkətlər vasitəsilə yuyularaq, ölkəsi üzərindən ABŞ-a köçürülməsinə imkan verərdi. Bundan başqa, bu pullar ABŞ-a müttəfiq ölkənin daxili işlərinə müdaxilə edərək orada qeyri-qanuni dövlət çevrilişi cəhdini maliyyələşdirmək üçün sərf olunubsa, Türkiyə də öz növbəsində FETÖ kimi, bu ölkədəki Amerika banklarını da qanunsuz çevrilişi maliyyələşdirməkdə ittiham edə bilər. ”Barış pınarı” əməliyyatı başlayan zaman Tramp ABŞ-ın Suriyadan çəkildiyini, lakin neft quyularının Vaşinqtonun nəzarətində olduğunu yazmışdı. Məlumatlara görə, YPG/PYD Suriya neftinin İsrailin “Global Development Corporation” şirkəti tərəfindən istismarına dair razılaşma imzalayıb. Suriya nefti kürdlərin vasitəsilə artıq İsrailin istifadəsinə verilib. Türkiyənin hərbi əməliyyatlarına cavab olaraq yəhudi lobbisinin Konqresin Nümayəndələr Palatasında saxta erməni soyqırımı iddiasının tanınmasına dair qanun layihəsini qəbul etməsi də bununla bağlı idi. Konqresdəki və ümumiyyətlə, ABŞ siyasi isteblişmentinə təsir imkanları olan yəhudi lobbisinin Türkiyəyə qarşı addımları ilk növbədə bu amilə söykənir. Konqresdə bu məsələni müzakirəyə çıxarmaqla yəhudi lobbisi Ərdoğan-Tramp görüşündə ABŞ prezidentinin mövqeyini möhkəmlədərək, Trampın İsrailin neft maraqlarının təmini üçün Türkiyədən güzəşt qoparmağa nail olunmasına çalışırdı.

Məlumatlara görə, 2015-2017-ci illərdə kürd terrorçuları Suriyada Rakka, Deyr əz-Zor, əl-Haseki və s. ərazilərdə ümumilikdə 11 nəhəng neft-qaz bölgəsini ələ keçirərək, onların istismarına dair İsrail şirkətləri ilə razılaşmaya gəlmişlər. İsrail şirkəti ilə müqavilə Suriya Demokratik Şurası deyilən kürdlərin terror təşkilatı adından imzalanıb və ABŞ Maliyyə Nazirliyinin xaricdəki aktivlərə dəstək hüququ sənəddə əks olunub. İsrailin “İsrael Hayom” və ABŞ-ın “Los Angeles Times” qəzetlərində sözügedən şirkətin prezident Trampın razılığını gözlədiyi qeyd olunurdu. ABŞ və İngiltərə anqlo-sakson ölkələri olsalar da, son dövrlərdə onların arasında da pul üstündə çox dərin ziddiyyətlər var. Bu, bəlkə də son 240 ildə ABŞ-in İngiltərədən müstəqillik əldə etməsi savaşından sonrakı ikinci böyük ziddiyyətdir. Məsələnin kökündə iki fövqəldövlət arasında geosiyasi və neft uğrunda mübarizə durur. 2003-cü ildə ABŞ İraqı işğal edərkən İngiltərə ona dəstək verməyin qarşılığında özünün BP və “Şell” (Shell) şirkətlərinin İraqın şimalındakı neft yataqlarında böyük pay sahibi olmamarına təminatı almışdı. İraqda hazırda da neft maraqları olan İngiltərənin əsas tərəfdarı Abadidir. ABŞ isə Bərzani ilə əməkdaşlığa üstünlük verirdi. Hətta Trampın kürəkəni və baş müşaviri Kuşner Bərzanini referendumda dəstək verəcəklərinə inandırmışdı.

Britaniya-ABS rəqabəti həm də ARAMCO ABŞ-Səudiyyə müştərək neft şirkətinin səhmləri uğrunda mübarizədə də davam edir. Bu mübarizəyə Çin də qoşulub. Belə ki, həm Çin, həm Britaniya ARAMCO-da mümkün qədər çox pay sahibi olmaq üçün bu şirkətdə səhmləri olan Səud şahzadələri ilə danışıqlara başlamışdı. Hətta onlardan bir neçəsi öz səhmlərini bu iki ölkəyə satmağa hazırlaşırdı. Məhz bu səbəbdən həmin sülalə nümayəndələri ABŞ-ın razılığı ilə sövdələşmə ərəfəsində təcrid olundular. 85 ildir fəaliyyət göstərən və 800 milyard dollar büdcəsi olan dünyanın ən nəhəng neft korporasiyasının səhmləri uğrunda mübarizədə söhbət trilyonlarla dollardan gedir.

Hətta hesablamalara görə, 2 il əvvəl özəlləşdirilməsi barədə təşəbbüsləri olan şirkətin dəyəri 10 trilyon dollardır. Belə bir şəraitdə ARAMCO-nu almaq uğrunda ABŞ, İngiltərə və Çin mübarizə aparır. Rusiyanın da bu sövdələşmədə iştirak etmək istəməsi barədə çoxsaylı dəlillər var. Məhz bu səbəbdən Rusiya kürd referendumu, Qüdsün paytaxt elan olunması məsələsində səssiz qaldı. Hətta kürd peşmərgə qüvvələri ilə İraq ordusu Kərkükdə vuruşduğu vaxtda Rusiya Bərzani ilə neft müqaviləsi imzaladı.

İsrailin də kürdlərdən neft aldığı məlumdur. Hətta bu qaçaqmalçılıq sayılan neft məhsulları dünya bazarından çox aşağı qiymətə alınaraq Maltadakı limanlar vasitəsilə daşınırdı. Türkiyə isə daha çox burada tranzit ölkə rolunda çıxış etməkdə maraqlıdır. İraq baş naziri Abadi İraq hökumətininin icazəsi olmadan ölkədən neft daşıyan şirkətləri beynəlxalq məhkəmə ilə hədələyib. Abadinin İngiltərəyə yaxın oldugunu nəzərə alsaq, burada neftin İngiltərəyə veriləcəyi inandırdırıcı ehtimaldır. Hətta ABŞ-ın “Ekson Mobil” (Exxon Mobile) şirkəti Direktorlar Şurasının üzvü olmuş keçmiş dövlət katibi Tillersonun şirkəti də bu mübarizədən yayınaraq ölkənin ucqarlarına çəkilmişdir. ABŞ-ın peşmərgə qüvvələri vasitəsilə İŞİD-dən azad edilən Kərkük və digər bölgələrdə nəzarəti ələ keçirdiyi dövr artıq geridə qalıb. ABŞ Prezidenti Trampın dediyi “Yaxın Şərqdə 6 trilyon pul itirmişik, heç bir nəticə yoxdur, heç olmasa, neft yataqlarının güvənliyə almalıyıq” sözləri də bunları sübut edir. Məhz bu səbəbdən İngiltərə ABŞ və İsrailin Qüds qərarını tanımaqdan imtina etdi. Eyni zamanda, Britaniya Əfqanıstana yaxın olan keçmiş müstəmləkəsi Hindistanda xeyli hərbi qüvvə saxlayır və kəşfiyyat aparır. Burada əsas məqsəd ABŞ-a əl-qol açmağa imkan verməməkdir. İngiltərə 100 illik Yaxın Şərq nefti uğrunda savaşda mövqelərini heç kəsə vermək fikrində deyil. Qüdsün statusu məsələsi bütün dünyada olduğu kimi, islam aləmində də ikitirəlik yaratdı. Bunlardan biri Türkiyə, digəri isə Səudiyyə, Birləşmiş Ərəb Əmirlikləri və Misirin ətrafında olan müsəlman ölkələridir.  Səudiyyə Ərəbistanı islamın əsas ölkəsi, dinin mərkəzi olmasına baxmayaraq Trampın Qüds qərarına sərt şəkildə etiraz etmədi. Səudiyyə krallığında Qüds qərarına etirazın olmaması bir sıra səbəblərlə izah olunur. Bunlardan əsası odur ki, bir müddət öncə krallıqda sulalədaxili təmizlənmə aparılmış, həm Obamanın Demokratlar Partiyasını maliyyələşdirən sülalə nümayəndələri zərərsizləşdirilmiş, həm də Britaniya krallığı və kəşfiyyatı ilə əlaqələri olan şahzadələr hakimiyyətdən uzaqlaşdırılmışlar. Çünki ABŞ-dakı Demokrat və Respublikaçılar partiyalarını maliyyələşdirməyə məcbur edilən ölkələrdən biri Səudiyyədir. Məhz buna görə də Tramp onu impiçment ilə hədələyən rəqib partiyanı maliyyə mənbəyindən məhrum etmək üçün Obama ilə yaxın münasibətdə olan sülalə nümayəndələrinin həbsi göstərişini verdi. Hətta, bəzi iddialara görə, 11 sentyabrda terror aktını törədənlərin Səudiyyə Ərəbistanı vətəndaşları olmasına baxmayaraq, bu ölkə ərazisinə bir bomba belə atılmadı. Əfqanıstan ABŞ tərəfindən işğal olunsa da, ABŞ bu məsələnin üstündən sükutla keçərək, Səudiyyəni elə belə bağışlamadı. Bunun əvəzində ABŞ-ın Səudiyyənin üzərinə 700 milyard dollar kompensasiya qoyduğu bildirilir. Səud sülaləsi bu məbləğin yarısını Trampın Yaxın Şərq səfəri zamanı ABŞ-dan 350 milyard dollarlıq silah almaqla ödədi. Digər tərəfdən isə Qüdsün tanınmasına səssiz qalmaq göstərişi verildi. Səudlar sülaləsi hakimiyyətə gələndən bəri hakimiyyət qardaşdan qardaşa keçirdisə, indi artıq atadan oğula keçməyə başladı. Minillik ənənin dəyişməsinə səbəb isə o oldu ki, əvvəlki vərəsəlik sistemində ən cavan varisin 70-ə qədər yaşı olurdu. Hakimiyyətin tez-tez dəyişməsi ölkədaxili qeyri-sabitliyə səbəb ola bilərdi. Bundan narahat olan ABŞ hakimiyyətin atadan oğula, kral Salmanın 32 yaşlı oğlu gənc vəliəhdə keçməsinə şərait yaratmaqla ölkənin uzun illər etibarlı bir şəxsin nəzarətində olmasına şərait yaratdı və sabitliyin təmin olunmasına çalışdı. Gənc vəliəhdin Trampın kürəkəni Kuşnerlə dost olması, Kuşnerin bu yaxınlarda Qüdsün tanınmasına hazırlıq ərəfəsində gizlincə Ər-Riyada səfər etməsi də bildirilir. Belə bir şəraitdə husilərin Yəməndə Səudiyyəni hədəf alması ABŞ-ı bir qədər də narahat etdi. Çünki Yaxın Şərqdəki müttəfiqinin həm daxili, həm xarici təhlükəsizliyi ABŞ-ı narahat edir. “Mülayim islama” keçmək barədə bəyanat da heç şübhəsiz ki, Səudiyyənin dünyada yayılmış obrazını təmizləmək üçün idi. Son dövrlərdə elan olunmuş ABŞ Milli Təhlükəsizlik Strategiyasında Türkiyənin ictimai təşkilatları maliyyələşdirmək yolu ilə radikal islamın yayılmasına dəstək verdiyi barədə iddialar əks olunub. Bu, Səudiyyənin Türkiyə ilə yerini dəyişmək, onu müasir, radikallıqdan uzaq islam ölkəsi kimi təqdim etmək məqsədi daşıyır. Artıq bir müddətdir ki, islam dünyasında liderlik savaşına Türkiyə də qoşulub. İndiki regional şəraitdə Osmanlı imperiyasının torpaqları üzərində nüfuzunu qaytarmaq istəyən Türkiyə islam aləmindəki tarixi rolunu yenidən iddia edir. Onun buna kifayət qədər imkanları var və AKP iqtidarı dövründə qazandığı nüfuzu buna şərait yaradır. Türkiyənin iki mühüm qələbəsi – İslam Əməkdaşlıq Təşkilatının İstanbul zirvəsi və BMT Baş Assambleyasında çıxan qərar bunu bir daha təsdiq etdi. Məhz bu səbəbdən ABŞ, İsraillə yanaşı, Səudiyyə, Misir, BƏƏ kimi ərəb ölkələrinin bundan narahat olduqları aydındır. Artıq bir neçə müddətdir ki, ABŞ-ın Türkiyə siyasətinin dəyişdiyini müşahidə edirik. ABŞ-ın müxtəlif dairələrində Türkiyə əleyhinə iş aparılır. Bunlar sırasında Konqres, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, Dövlət Departamentinin adını çəkmək olar. Onların Türkiyəni NATO-dan və ABŞ-dan uzaqlaşaraq Rusiya və İranla yaxınlaşdığı üçün cəzalandırmaq planları cızması sirr deyil. PKK/YPG ilə əməkdaşlıq, Gülən tərəfdarlarının mütəşəkkilliyini pozmamaq üçün Türkiyədə fəal iş aparılması, Zərrab məhkəməsi, AKP-yə alternativ partiyaların yaradılması və 2019-cu il seçkilərində iştirak planları bununla bağlıdır. ABŞ-ın bir məqsədi var: maksimum imkanlar daxilində Türkiyəni parçalamaq, imkan olmasa ən azından minimum AKP iqtidarının çevrilməsinə və ya seçkilərdə uduzmasına nail olmaq. Türkiyə üçün isə çarələr tükənmir. Liviyada, Aralıq dənizi sahillərində neft-qaz uğrunda savaş aparan qardaş ölkə 2023-cü il Cümhuriyyətin 100 illiyinə zəngin neft-qaz ölkəsi olaraq qədəm qoymağa hazırlaşır.

 Müəllif: Nəzakət Məmmədova

Yazılar digər saytlar tərəfindən götürüldükdə müəllifin imzası və saytın adının qeyd edilməsi vacibdir. Bu bir peşə etikasıdır…