Dünya üçün kritik həftə: “Qlobal depressiya dərinləşir” – Müsahibə

6 Aprel, 2020, 20:04
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Rusiya və Səudiyyə Ərəbistanı arasında martın 6-dan başlayan antaqonist ittihamlar səngiməyib. Rusiya prezidentinin sözçüsü Peskov Səudiyyə əleyhinə bir neçə kəskin ifadə işlətdi, onu nefti kəskin ucuzlaşdırmaqda ittiham etdi, bunun əsas səbəbini Amerikadakı şist neft hasilatçılarını oyundan çıxarmaq istəyi ilə əsaslandırdı”.

“Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban belə deyib.

Hurriyyet.org xəbər verir ki, onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Dünya bazarlarında neftin qiymətləri kifayət qədər ucuzdur, ixracatçı ölkələr çalxantılı bir dönəmdən keçir, demək olar, OPEK də vəziyyəti tənzimləyə bilmir. Yaxın gələcək üçün gözləntiniz nədir?

– Hazırda neftin ucuzlaşması müşahidə olunmur. Çünki ötən həftə London birjası 32.80 dollarla bağlandı. Bu gün London birjası 33.18-lə açıldı, hazırda neftin qiyməti 32.91-dir. Bazar optimist notlarla açıldı, bunun da səbəbləri var. Cümə axşamı OPEK+ formatında video-konfrans keçiriləcək. Bu görüş bazar iştirakçıları arasında əhval-ruhiyyəni artırıb. Bu, pozitivliyə doğru çox yaxşı bir siqnal idi. Ötən həftə Trampın sosial şəbəkədəki iki paylaşımından sonra neft 36 dollaradək qalxdı. Bunu artıran bir səbəb də Rusiya prezidenti Vladimir Putinin gündəlik hasilatın 10 milyon barel azaldılması təklifini dəstəkləməsi oldu. Bu baxımdan, son bir ayda ilk dəfə olaraq, bazarlara pozitiv xəbərlər yönəldilib. Nəticə də özünü çox gözlətmədi, qısa bir müddətdə qiymətlərin 26 dollardan 36-dək artdığını gördük. Yəni bazar gələn xoş xəbərlərin müsbət notlarına köklənib. Bazar bu xəbərləri dəyərləndirir, nəticədə qiymətlər 33 dollar ətrafında dəyişir. Əlbəttə, qiymətlər enə də, qalxa da bilər. Bu, bazarlara daxil olan informasiyaların qırımızı və ya yaşıl olmasından asılı olacaq.

Bununla belə, Rusiya və Səudiyyə Ərəbistanı arasında martın 6-dan başlayan antaqonist ittihamlar səngiməyib. Rusiya prezidentinin sözçüsü Peskov Səudiyyə əleyhinə bir neçə kəskin ifadə işlətdi, onu nefti kəskin uzuzlaşdırmaqda ittiham etdi, bunun əsas səbəbini Amerikadakı şist neft hasilatçılarını oyundan çıxarmaq istəyi ilə əsaslandırdı. Dünən artıq Ərəbistan Krallığının neft və xarici işlər nazirləri Kremlin bu mövqeyinə qarşı kəskin bəyanatlar səsləndirdi, bildirildi ki, Rusiya neft bazarlarında yaratdığı təlatümü Səudiyyə Ərəbistanına yönəltmək istəyir, yaddan çıxarıb ki, martın 6-da 22 ölkənin iştirakı ilə keçirlən toplantıda Rusiyanın mövqeyi bir oldu, 21-nin mövqeyi bir oldu, biz Rusiyanı yola gətirə bilmədik.

– OPEK-in aprelin 6-na təyin olunan toplantısının təxirə salınması bununla bağlı idi?

– OPEK-in toplantısının ayın 9-na keçirilməsinin səbəbinə gəlincə, bu, hələ də Səudiyyə Ərəbistanı və Rusiya arasında gündəlik hasilatın azaldılması ilə bağlı anlaşmanın olmaması ilə izah edilir. Hesab edirəm ki, bu toplantıya qədər bazarlarda sabitliyi hiss edəcəyik. Bu dönəmdə kəskin artım və ucuzlaşma da ola bilər. Buna görə də, bu həftə neft istehsalçıları üçün maraqlı olacaq. Digər yandan, cümə günü G-20 ölkələrinin energetika nazirlərinin görüşü nəzərdə tutulub. Bu görüşdə ABŞ-ın energetika nazirinin hasilatın azaldılması və bazarlardakı vəziyyətlə bağlı Vaşinqtonun rəsmi mövqeyini açıqlayacağı gözlənilir. Hələlik isə qiymətlər hər dəqiqə dəyişir – gah enir, gah qalxır.

– ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Rusiyaya gündəlik hasilatı 10-15 milyon barel azaltmağı təklif etdi. Bu həcmdə azalma mümkündürmü?

– Əslində mümkündür. Amma bunu kimsə bir gün və ya iki həftə ərzində edə bilməz. Bəlkə də bir ay, yaxud bir ay yarım müddətində mümkün olsun. Səudiyyənin imkanı var ki, gündəlik hasilatı 1-2 milyon barel həcmində azlatsın. ABŞ-da da bu ona görə asandır ki, şist neft istehsalçıları bunu edə bilir. Amerikada quyuların işə salınması problem deyil. Rusiyada isə bu problemli idi, əsasən də qış mövsümündə. Amma indi havalar isinir və Rusiya bəyan edir ki, gündəlik hasilatı 1-1.5 milyon barel azalda bilər. Məsələn, Səudiyyə 2 milyon, ABŞ 2 milyon, Rusiya 1.5 milyon barel və ya bu həcmin yarısını öz üzərinə götürərsə, yerdə qalan oyunçular üçün də, bu həcmlərin yarısını azaltması nəzəri baxımdan mümkündür, amma məsələnin başqa tərəfi var. Bununla belə, belə bir addım bazarlara yaxşı bir siqnal olacaq, neftin qiymətləri 40 dollardan da yuxarı qalxa bilər.

Məsələnin digər tərəfinə gəlincə, Çindən tutmuş ABŞ-a qədər neftdən asılı olan ölkələr, hansı ki, onlar neft ehtiyatları yaradıblar, həmin neft ehtiyatları təkcə terminallarda deyil, o cümlədən tankerlərdə yığılıb, Səudiyyənin özündə 2 milyon barel həcmində neftin saxlanıldığı tankerlər var. Həmin ehtiyatı satmaq üçün qiymətlərin artmasını gözləyirlər. Yəni bu artım olan kimi, yenidən milyonlarla barel dəyərində neft satış üçün bazarlara çıxarılacaq. Bu zaman da təklif tələbi üstələyəcək. Bu baxımdan, yenidən qiymətlərin enməsini müşahidə edə bilərik.

Başqa bir məsələ də var, aprelin 20-dən sonra 2020-ci ilin birinci rübün yekunları ilə bağlı şirkətlər öz hesabatlarını açıqlayacaq, habelə ölkələr iqtisadi hesabatlarını təqdim edəcək. Bunun əsasında cari ildə dünya iqtisadiyyatının inkişaf tempinə dair ilkin korrektələr ediləcək. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı artıq bunu edib və çox da ürəkaçan olmayan, təlatümlü xəbərlər verilir. Ayın 20-dən sonra ediləcək korrektlərdən sonra isə vəziyyət dəqiqləşəcək. Bu faktor neftə növbəti ciddi zərbəni vura bilər, bu da yenidən neftə tələbatın azalması ilə bağlıdır.

Tutaq ki, hasilat 10 milyon barel azaldılsın, amma hesabatlar açıqlandıqdan sonra məlum olacaq ki, dünya üzrə istehlak 15 milyona düşüb. Bəs onda necə olacaq? Bu ssenarilərdən çıxış edərək, Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankı hesab edir ki, dünya bazarlarında ən yaxşı halda stabilləşmə əldə etmək müşkül olacaq.

– Rusiya və Səudiyyə Ərəbistanı anlaşsa, bəs OPEK-ə daxil olmayan istehsalçıların buna reaksiyası nə olacaq, onları bu ixtisara cəlb etmək mümkün olacaqmı? Məsələn, Kanada, Braziliya, Norveç, Meksika, ABŞ, Azərbaycan və digərləri…

– İraqın neft naziri bildirdi ki, OPEK 1960-cı illərdə neft ixrac edən ölkələrin yaratdığı bir qurumdur, amma bu o demək deyil ki, bütün ağır yükü bu birlik öz üzərinə götürüb, bundan kənarda olan ölkələr vəziyyətdən istifadə edib qazanc əldə etsinlər. İndi elə bir vəziyyətdir ki, məsələ əməkdaşlıq çərçivəsində həll edilməlidir. İraqlı nazir diqqəti həm Kanada, həm Norveç, həm ABŞ, həm də digərlərinə yönəltdi. Yəni əməkdaşlıq etmədən bu böhrandan çıxmaq mümkün deyil. Bu böhranı İkinci Dünya Müharibəsinə qədər baş vermiş qlobal depressiyalarla da müqayisə edirlər. Yəni əməkdaşlıq olmadan bunun öhdəsindən gəlmək çətin olacaq. Hesab edirəm ki, bunda heç bir şişirmə yoxdur. Dünya heç vaxt enerji bazarında indi hökm sürən təlatümlə rastlaşmayıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93