Salam, xoş gəlmisiniz.

Dünyanı təşvişə salan ölümcül bəla: sürətlə yayılır, qonşu ölkələrə də çatıb - Azərbaycanda isə belə viruslar "yoxdur", amma ölənlər var...

2020-01-23 17:18:00

Dünyanı təşvişə salan ölümcül bəla: sürətlə yayılır, qonşu ölkələrə də çatıb - Azərbaycanda isə belə viruslar

Çinin 25 bölgəsində yayılmış yeni ölümcül virusa yoluxanların sayı 571 nəfərə çatıb. Ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi koronavirusa yoluxanlardan 95-nin vəziyyətinin ağır olduğunu, ölənlərin sayının 20-ə çatdığını bildirib.

Çin rəhbərliyi yeni virusun episentri olaraq bilinən Vuhan şəhərinə giriş-çıxışı bağlayıb. Belə ki, bu gün səhər saatlarından 11 milyon əhalisi olan Vuhana şəhərlərarası nəqliyyat, habelə aviareyslər dayandırılıb. Şəhər polisi ölkənin aparıcı şoselərində patrul nəzarəti həyata keçirir.

Vuhanda karantin elan olundu, əhali təşviş içərisindədir

Çinin Vuhan şəhərində yaşayan rusiyalı Valeriya adlı qız “Life shot” telegram kanalına bildirib ki, şəhərdə karantin tədbirləri görülür. O, etiraf edib ki, epidemiyaya görə əhali uzun müddət küçədə olmaqdan qorxur: “Vuhanda karantin elan olunub, bütün parklar, əyləncə mərkəzləri bağlanıb. Bu barədə bu səhər xəbər tutmuşuq. Buna görə işləmirəm, mənə dedilər ki, evdə qalım”, - Valeriya bildirib.

O, əlavə edib ki, küçəyə çıxan hər kəs maskalardan istifadə edir. Bəzi dükan və müəssisələr işini davam etdirir, amma bazarlar bağlanıb, ictimai nəqliyyat fəaliyyət göstərmir. Yanvarın 22-dən etibarən Çin virusa ilk yoluxma halının aşkarlandığı Vuhana giriş-çıxışı bağlayıb. Şəhərdən uçuşlar, avtobus və qatarların fəaliyyəti müvəqqəti olaraq ləğv edib. Stansiyalarda və hava limanlarında sərnişinlər diqqətlə yoxlanılır.

Twitter-də yayılan görüntülərə əsasən ölümcül virus epidemiyasının episentrinə çevrilmiş və blokadaya alınmış şəhərdə insanlar supermarketlərdə ərzaq üstündə bir-biri ilə dalaşır. Belə ki, sakinlər bloka vəziyyətinin uzun müddət davam edə biləcəyindən qorxaraq ərzaq ehtiyatı yaratmağa çalışır, nəticədə supermarketlərdə uzun növbələr yaranıb. Ərzaq qiymətləri artıb.

Yeni peyda olan koronavirus son bir həftə ərzində ABŞ, Tayland, Cənubi Koreya, Yaponiya, Avstraliya və hətta Rusiyaya keçib. Yoluxanların əksəriyyəti Çindən səfərdən qayıdanlardır.

Çinli alimlər virusun yarasa şorbasından meydana çıxması ilə bağlı versiya irəli sürüblər. Belə ki, həmin şəhərdə restoran və kafelərdə geniş yayılmış yemək olan yarasa şorbasından əhalinin böyük əksəriyyəti istifadə edir. Ehtimal olunur ki, dünyada 2019-nCoV virusunun yayılmasına səbəb olub həmin virusun daşıyıcısı olan yarasadan hazırlanan şorbadır.

Qonşu ölkələrdə də ölümcül virus aşkarlandı, Azərbaycanda isə...

Rusiyada artıq 3 nəfərin 2019-nCoV virusuna yoluxma şübhəsi ilə  qospitalizasiya olunduğu bildirilir. Onlar Çindən gəliblər. Dünya həkimlərinin yeni peyda olunan virusla mübarizə üçün baş sındırdıqları vaxtda bir yandan da “donuz qripi” kimi tanınan H1N1 virusu can alır. Dünən Gürcüstanın Zugdidi rayonundan olan 22 yaşlı qadın qrip virusundan ölüb. Beləliklə də bu il ərzində Gürcüstanda qripdən ölənlərin sayı 3-ə çatıb. Həmçinin  Türkiyədə də “donuz qripi”nə yoluxmalar var.

Ötən ilin dekabrın ikinci yarısından Azərbaycanda da  kəskin respirator viruslarına yoluxanların sayı artıb. Son 10 gün ərzində 2 nəfər səhiyyə rəsmilərinin açıqladığı kimi, pnevmoniyadan vəfat edib. Həmin şəxslərin koronavirusun yaratdığı pnevmoniyadan  ölməsi  ilə bağlı versiyalar  yayılsa da, rəsmi olaraq təsdiqlənmir.

Belə ki, dekabrın sonunda soyuqdəymə və pnevmaniya diaqnozu ilə Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilmiş qadın xəstəxanada ölüb. Yeni ilin ilk günlərində isə daha iki nəfər-Şəkinin İnçə kənd sakini, 1993-cü il təvəllüdlü Xəyalə İsayeva və Balakən sakini 10 yaşlı Turan Mahatov qripdən vəfat edib. X.İsayevanın yaxınları bildiriblər ki, Xəyalə cəmi 2 ay əvvəl ana olub. Onda son vaxtlar qrip əlamətləri olsa da, müalicə almayıb.  Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

10 yaşlı Turan Mahalov isə Balakəndən Bakıya gətirilərkən yolda keçinib. Hər iki faktla bağlı araşdırma aparılır.

“Qabaqlayıcı tədbirlər görülür” - GEM açıqlayıb

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini  Afaq Əliyeva virtualaz.org-a bildirib ki, Azərbaycanda kəskin respirator viruslarına yoluxanların sayında az da olsa artım var. Lakin ölkədə H1N1, yaxud Çində qeydə alınan koronavirus qeydə alınmayıb. Bununla belə artıq qabaqlayıcı tədbirlərə başlanılıb. “Koronavirus və H1N1 virusunun kliniki gedişləri bənzərdir. Hər iki virus qrip əlamətləri kimi boğaz ağrısı, yüksək hərarət, halsızlıq, tənəffüs çatışmazlığı kimi əlamətlərlə büruzə verir. Xəstəlik vaxtında həkimə müraciət etmədikdə pnevmaniya ilə nəticələnir”, -Əliyeva deyib.

Xəstəliyi yüngül keçirənlər çox zaman həkimə müraciət etmirlər. Əliyevanın sözlərinə görə, sonradan ağırlaşmalar mümkündür: “İstənilən halda vaxtında həkimə müraciət etmək, yalnız həkim tövsiyəsi əsasında müalicə olunmaq lazımdır. Xəstəxanaya müraciət edən yüksək hərarəti olan xəstələrdən nümunələr götürərək Taun Əleyhinə Stansiyanın laboratoriyasında yoxlanılır. Hələlik “donuz qripi” virusu qeydə alınmayıb”.

Mərkəz mütəxəssisi əlavə edib ki, koronavirusun Azərbaycana keçməməsi üçün sərhəd keçid məntəqələrində ölkəyə gələnlər yoxlanılır, virusun ölkəyə keçmə ehtimalı aşağıdır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi də bu ayın 16-da Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkarlanması ilə bağlı bu ölkəyə gedənlərə xəbərfarlıq edib. Xəbərdarlıqda bildirilib ki, koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

TƏBİB: Narahatlığa əsas yoxdur

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) virtualaz.org-a ölkədə kütləvi qripə yoluxmalarla bağlı məlumatların doğru olmadığını bildiriblər: “Kəskin respirator viruslara yoluxmalar var. Yəni hər il olduğu kimi bu il də mövsümü xəstəliklərlə xəstələnən var, amma müraciətlər artmayıb, narahatlığa əsas yoxdur”.

Ümumdünya Səhiyyə Təşkilatı da bu il Azərbaycanda “H1N1 virusunun qeydə alınmadığını açıqlayıb. 

Hava limanlarında mobil izolyatorlar

Dəhşətli virus epidemiyası ilə bağlı əksər ölkələrin hava limanlarında xüsusi tədbirlər həyata keçirilir. Ötən gün Sankt-Peterburq hava limanında ölümcül virusundan şübhələnilən bir sərnişinin xəstəxanaya aparılmasının fotoşəkli sosial şəbəkələrdə yayılmışdı. Qoruyucu geyimdə olan həkimlər izoləedilmiş parçaya bürünmüş şəxsi təcili yardım maşınına qaldırırdılar.

Artıq Şanxay aeroportunda ölümcül Çin koronavirusuna yoluxanlar üçün mobil izolyatorlar ayrılıb. Bununla bağlı Şanxay aeroportunda çəkilmiş videogörüntülər yayılıb. Virus aşkarlanan şəxslər hermetik bağlanmış xüsusi konteynerlər vasitəsilə hava limanı ərazisindən uzaqlaşdırılır. Videodan da görünür ki, qara geyimli bir neçə hava limanı işçisi pəncərələri və qapısı olan kiçik sarı konteyneri hərəkət etdirərək aparırlar.

Azərbaycan gömrükçüləri ölümcül virusun qarşısını necə alacaq…

Azərbaycanın da Dövlət Gömrük Komitəsi də bir neçə gündür  gücləndirilmiş iş rejiminə keçdiyini bəyan edib. Komitədən verilən məlumata görə, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çində naməlum etimologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

Komitədən verilən açıqlamada deyilir ki, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsi ilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.

Bəs Azərbaycana sadalanan əlamətlər aşkar olunan şəxs daxil olmaq istəyərsə, onu digər sərnişinlərdən tədric etmək üçün hermetik bağlanmış  konteynerlər varmı?

“Xüsusi izolyasiya otaqları var…”

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov virtualaz.org-a bildirib ki, nəinki aeroportda, bütün sərhəd keçid məntəqələrində xüsusi izolyasiya otaqları var. Əgər xəstə aşkarlanarsa, dərhal həmin izolyasiya otaqlarına  alınır və müayinə olunur.

Mobil izolə qurğularına gəlincə isə, N. Axundov qeyd edib ki, bu barədə məlumat əldə edən kimi bizimlə bölüşəcək.

Qeyd edək ki, koronavirus infeksiyanın əsas əlamətləri temperaturun yüksəlməsi, burun axması,  halsızlıq və bəlğəmli öskürəkdir. Pnevmaniyaya gətirib çıxaran bu virusa yoluxmanın ilkin  göstəriciləri nəfəs yollarında ortaya çıxan problemlərdir. Koronavirusun dünyada Alfa, Betta və Qamma adı verilən 3 forması mövcuddur. İnsan koronaviruslarına ilk dəfə 1960-cı illərdə rast gəlinib. Bu vaxta qədər Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Çin və digər ölkələrdə yayılıb.

Ürək, ağciyər xəstəlikləri, zəif immunitet sistemi olan insanlar bu virusa daha tez yoluxur. Xəstəliyə yoluxduqdan sonra mübarizədə ilk 15 gün olduqca vacibdir. Çünki, virus bu vaxt ərzində bütün bədənə yayılmağa çalışır. İmmunitet sistemi güclü olan insanlar bəhs edilən xəstəlikdən daha tez qurtula bilir.

Mütəxəssislər koronavirusdan qorunma yollarını da açıqlayıblar. Bu virusa  yoluxmamaq üçün asqıran və öskürən insanlardan uzaq durmaq, ağız maskası ilə gəzmək, xəstəliyin yayıldığı yerlər və heyvanlarla təmasdan uzaq olmaq, gigiyenik qaydalara əməl etmək və xəstəlikdən şübhələnən anda həkimə müraciət etmək lazımdır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93