Salam, xoş gəlmisiniz.

Elçibəyin yurduna maraqlı səfər və ortaya çıxan ilginc faktlar... -FOTOLAR, VİDEOREPORTAJ

2018-06-27 18:00:38

Elçibəyin yurduna maraqlı səfər və ortaya çıxan ilginc faktlar... -FOTOLAR, VİDEOREPORTAJ

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı "Yeni Müsavat"ın reportyor qrupu olaraq Bəyin yurdunda - Kələki kəndində olduq.

Kələkidə olduğumuz zaman öyrəndik ki, Əbülfəz Elçibəyin prezidentlik dönəmindən sonra yaşadığı, görüşlərini keçirdiyi, mütaliəyə etdiyi ev, necə varsa, elə də qorunub saxlanılıb. Bir zamanlar onun yaşadığı mənzil hazırda Əbülfəz Elçibəyin ev muzeyi kimi fəaliyyət göstərir. Kələkiyə gələn hər kəs bu evi ziyarət edib, Elçibəyin ruhunu anır. Elə biz də Kələki gəzintimizə bu evdən başladıq.

Muzeyin direktoru, sağlığında Elçibəyin hər zaman yaxınında olan Sabir Lətifli bildirdi ki, 20 ildir, burada olan heç bir əşyanın yeri dəyişdirilməyib. Hətta Elçibəyin sonuncu dəfə doldurulan qəndqabısı, 3 giləsi qalan siqaret qutusu, çarpayısı, paltarı, kitabları və digər bütün əşyaları 20 il öncə necə qoyulubsa, indi də həmin vəziyyətdə saxlanılır.

Muzey barəsində məlumat verən Elçibəyin ailəsinə yaxınlığı ilə tanınan və bizi Kələkiyə dəvət edən Çingiz Özgür söylədi ki, muzeyin çölündə təmir işləri aparılsa da, içəridə heç bir şeyə, hətta divarlara belə, toxunulmayıb.

Maraqlıdır ki, muzeyin girişində ilk olaraq gözümüzə gülləkeçirməz jilet sataşdı. Çingiz Özgür bildirdi ki, bu, vaxtilə Elçibəyin həyatına təhlükənin olduğunun göstəricisidir. Bildirildi ki, Elçibəy təhlükə olsa da, heç bir zaman bu qoruyucu jiletdən istifadə etməyib.

Muzeyin bir otağında stol və stullar qoyulmuşdu. Öyrəndik ki, Elçibəy bu otaqda onunla görüşmək istəyənləri qəbul edib, bəzən burada ictimai şəxslərlə saatlarla söhbət aparırmış. Muzeyə gedən yolda əsgər postu da var. Belə ki, Elçibəy prezident kimi Bakıdan Kələkiyə gələn zaman əsgərlər bu posta dayanaraq, onun keşiyini çəkiblər. Postun hörümçək toru basmış içərisində o vaxtdan hələ də əsgər gödəkçəsi qalıb. Hətta içəridəki kiçik elektrik sobası da buraxdıqları kimi, elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə idi.

Lakin Elçibəy 1993-cü ilin iyun ayında Bakıdan Kələkiyə gələn zaman ilk bu evə deyil, qardaşının mənzilinə gəlib. Həmin evdə də olub, tarixi hadisələrlə maraqlandıq.

Elçibəyin qardaşının oğlu Bünyad Məmmədov söylədi ki, bu evdə xeyli sayda siyasətçilər, şairlər qonaq olublar. Onun sözlərinə görə, ev qonaqlı olduğu üçün Elçibəy istirahət edən zaman daha çox hazırda ev muzeyi kimi fəaliyyət göstərən mənzilinə çəkilərdi. Elçibəyin istirahət üçün seçdiyi yerlərdən biri də Kələkidə dağın qoynunda olan Madar düzü deyilən ərazidir. Buradakı kiçik daxmada Elçibəy "Bütöv Azərbaycan Yolunda" kitabını yazıb. Daxmadakı vəziyyət də olduğu kimi saxlanılıb.

Səfərimizin ikinci günü Elçibəyin doğulduğu "Xəlil Yurdu" deyilən yaylağa yollandıq. Hazırda ərazidə sadəcə, çobanların qaldığı kiçik daxma olsa da, vaxtilə bu yerdə böyük oba məskən salıbmış. Elçibəy də obadakı alaçıqlardan birində dünyaya göz açıb.

Oba barəsində bizə məlumat verən Sabir Lətifli bildirdi ki, bu torpaq onlar üçün müqəddəsdir: "Hazırda burada obanın evlərinin daşları qalıb. Dağın başında olsa da, çətinliklərə baxmayaraq, insanlar burada məskunlaşa biliblər. Hətta obanın yuxarısında qəbiristanlıq da var. Bura Kələkidən 2 min metrə qədər yüksəkdədir. Elçibəyin dünyaya göz açdığı "Xəlil Yurdu" onu sevən hər kəs üçün doğmadır".

Elçibəy yurdunda Türkiyədən qonaq gələn Semih İpek Əbülfəz Elçibəyin adına yazdığı "Elçibəy havası"nı da oxudu. Beləcə orada da Elçibəylə bağlı xatirələri dinləyib, səfərimizi yekunlaşdırdıq.

Daha ətraflı hazırladığımız aşağıdakı videodan məlumat ala bilərsiniz.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru