“Elman Rüstəmov nə vaxt sözünün yiyəsi olub ki…” – ƏKRƏM HƏSƏNOVDAN SƏRT AÇIQLAMA

20 Aprel, 2020, 18:45
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Azərbaycanın əsas problemi dövlət məmurlarının qabiliyyətsizliyidir”

Koronavirus pandemiyası bütün dünyada insanlara, o cümlədən Azərbaycan vətəndaşlarına da ciddi zərər vurur. Çünki insanlar işsiz qalıb, əksər fəaliyyət sahələri qapanıb. Dövlət vətəndaşlara, sahibkarlara  müəyyən qədər yardım etsə  də, bu, onların problemlərini həll edəcək səviyyədə deyil. Ona görə ki, işin, qazancın olmaması öz yerində, üstəlik də əksər ailələrin bank kreditləri var. Banklar isə kredit götürənlərə heç bir güzəşt etmir, cərimə hesablayırlar, əhalinin durumunu nəzərə almırlar. Amma əksər dünya dövlətlərində əhalinin durumunu nəzərə alıb, banklar kredit borclarını dondurublar. Bizdə də bəzi ekspertlər, iqtisadçılar kreditlərin dondurulmasını təklif edir. Hətta bir neçə gün öncə, millət vəkili Aydın Mirzəzadə də xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif etmişdi. Amma həmin vaxt Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, məsələ hazırda müzakirə olunur. E. Rüstəmovun açıqlamasından isə 10 gündən çox vaxt keçir. Ancaq hələ də kredit borclarının dondurulması ilə bağlı heç bir addım atlımır. Görəsən, kredit borclarının dondurulması gecikmir? Hurriyyet.org-un bu və digər suallarına cavab almaq üçün vəkil Əkrəm Həsənovla söhbətləşdik.

-Əvvala, Elman Rüstəmov nə vaxt sözünün yiyəsi olub ki, indi də olsun. 2015-ci ildə devalvasiya vaxtı gördük. Ondan sonra, xatırladıram, sonuncu dəfə yanvar ayında “AtaBank”ın məsələsini  bir neçə həftəyə həll edəcəyini söz vermişdı. Yadınızdadırmı?

-Bəli.

-Hələ də “AtaBank”ın məsələsi bəlli olmayıb, heç bir səs-səmir yoxdur. Halbuki, o, onun birbaşa səlahiyyətidir. Yəni əmanətləri qaytarmayan bankın taleyini Mərkəzi Bank həll edir. Amma bu məsələ əslində, nə qədər təəccüblü olsa da, Mərkəzi Bankın səlahiyyətində deyil. Yəni Elman müəllim öyrəşib, səlahiyyətinə aid oldu-olmadı danışır. Amma onsuz da nə ona, nə də buna əməl etmir. Söhbət nədən gedir? Yəni kreditlərin ödənilməsi dondurulur yaxud borclulara bir neçə aylıq kredit tətili verilir. Hətta bəzi ölkələrdə banklar hətta bunu öz hesabına ediblər. Məsələn, Gürcüstanda, hətta Ermənistanda da bəzi banklar özləri öz hesablarına tətil ediblər. amma əksər ölkələrdə dövlət hesabınadır. Dövlət bankların zərərini qarşılayır ki, banklar belə tətil elan etsin. Bunu heç bir yerdə mərkəzi bank etmir. Mərkəzi  Bankın buna səlahiyyəti yoxdur ki, nə banklara belə göstəriş versin, nə də bunu öz hesabına etsin. Buna görə də bunu hökumət bəyan etməlidir. Dövlət büdcəsindən yaxud başqa haradansa vəsait tapıb, bankların itirəcəyi vəsaitin  heç olmasa bir hissəsini banklara kompensasiya etməlidirlər ki, belə bir tətil elan olunsun. Bu prosesin uzanması onu göstərir ki, hökumətdə vahid fikir yoxdur. Amma təəssüf ki, hamı da bilsin, banklar bugünləri ödənişi vaxtında etməyənə cərimə hesablayırlar. Təəssüf ki, bizdə hökumət də, Mərkəzi Bank da vaxtında tədbir görməmək ənənəsinə malikdir. Məsələn, 2015-ci ildə yadınızdadır devalvasiya baş verdi, insanlar dollar kreditlərini ödəyə bilmədilər. Bundan yalnız 4 il sonra, yəni ötən il dollar kreditləri ilə bağlı hökumət fərman hazırlardı və  cənab prezident də imzaladı. Mən deyim, burada məntiq nə idi? Məntiq o idi ki, kimdən bacarırsınız alın, qalanını sonra həll edərik. Burada da bax, eyni məntiqdir. Yəni baxaq, görək ki, kim ödəyə bilməyəcək. Mən hökumətdə bəzi adamları tanıyıram, onlarla hələ 2015/16-cı illərdə borc məsələlərini müzakirə etmişəm, o vaxtı mənə deyiblər ki, “sən bilmirsən, camaatın pulu var, canları çıxsın, versin də..”. Yəni bax o məntiqlə oturublar. Biri deyir  “verək”, biri deyir, “verməyək”, biri də deyir, “haradan tapaq?” Mən demirəm, hamısı belədir. Amma içərilərində bəziləri var ki, deyir, “əşi, verirlər. Gəlin, hələlik heç nə etməyək, kim verər, verər, kim də verməz, ona sonra baxarıq”. Dünyanın heç bir ölkəsində belə yanaşma yoxdur. Hər yerdə artıq mart ayından belə qərarlar verilib. Belə qərar Ermənistanda 13 martda verilib.

-Əkrəm bəy, yeri gəlmişkən, “Paşa Bank Gürcüstan” da  Gürcüstanda öz müştərilərinə 3 ay möhlət verib. Maraqlıdır, belə banklar ölkəmizdə öz müştərilərinə niyə möhlət vermirlər?

– Görürsünüz? Bizim banklarımız bunu niyə öz hesabına etmir? Mən onun izahını dəfələrlə bildirmişəm, əksəriyyətinin vəziyyəti çox pisdir. Bu, həm də dolayısı ilə onu sübut edir ki, onların dərc etdiyi maliyyə hesabatlarının çoxu həqiqətə uyğun deyil. Mən dəfələrlə demişəm ki, onların maliyyə hesabatlarına baxmayın, nə istəyirlər, orada yazırlar. Guya, vəziyyətləri yaxşıdır. Yəni bizim bankların maliyyə hesabatlarına baxsan, Gürcüstanın, Ermənistanın banklarından qat-qat yaxşıdır. Hanı?  Ona görə, etmirlər yox ki, bizim banklar daha pisdirlər. Xeyr, pulları yoxdur. Mə demirəm hamısının yoxdur. Bir neçə bankımız var ki, əslində, vəziyyəti yaxşıdır, edə bilər. Amma baxır ki, əksəriyyət etmir, düşünür  “mən niyə artıq xərc etməliyəm, yaxud digər bankları pis vəziyyətdə qoymalıyam”. Həm də ki, fikiləşir “onsuz da əvvəl-axır dövlət kömək edəcək”. Yəni belə bir yanaşma var. Amma Gürcüstanda oradakılar edirlər. Biz onlardan geri qala bilmirik, axı.

-Nəzərə alanda ki, Gürcüstan bankalarının vəziyyəti bizdən yaxşı deyil, bu, təəssüf doğurur.

-Amma orada edirlər, bunlar da edir. Bizdə niyə bəzi banklar etmir? Çünki o biri banklarımız məcbur olacaq, etsinlər. Əslində, bizim banklarımızın vəziyyəti Gürcüstanın banklarının vəziyyətindən pisdir. Çünki bank nəzarəti zəifdir. Banklarımızda idarəetmə pis gündədir. Məhz böhran zamanı bu problemlər üzə çıxır. Boş-boş danışmaqla deyil, axı. Konkret addım atmaq lazımdır, atmırlar. Hətta mən bir şey deyim. Bilirsiniz, Rusiyada VTB Bankı var, dövlət bankıdır. Həmin VTB Bankının keçmiş SSRİ məkanında hər yerdə, o cümlədən Gürcüstanda, Ermənistanda bankı var, Azərbaycanda da “VTB Azərbaycan” var. Həmin o VTB bankı Gürcüstanda, Ermənistanda tətil elan edib, Azərbaycanda yox.

-Maraqlıdır, niyə? Bu, ayrıseçkilik deyilmi?

-Ayrıseçkilikdir də.. Amma bu, bizim öz günahımızdır. Dediyim kimi, bizdə vəziyyəti yaxşı olan bir neçə bank var ki, onlar qeyrət nümayiş etdirmirlər. Bunu elan etmirlər ki, o biriləri də məcbur olub, etsinlər. Təəssüf hökumətimizdə bəzi adamlar var, onlar  o fikirlə yaşayırlar ki, “camaatın pulu var, canları çıxsın, versinlər. Sonra baxarıq, kimin pulu çatmaz, onların yerinə nəsə edərik”. Təəssüf ki, bu psixologiya var. Amma mən yenə də ümid edirəm ki, bu həftə ərzində bu qərar veriləcək.

-Ümumiyyətlə, kredit borclarının dondurulması banklar üçün risk yaradır?

-Təbii ki, bu, banklar üçün risklidir. Heç kəs fikirləşməsin ki, banka zərər olmur. Bizdə bəzən insanlar deyir, “banklar eləsin”. Tutaq ki, siz gedib banka min manat əmanət qoymusunuz, bu da illik 5%-dir. Mən isə gedib həmin bankdan 10%-lə min manat kredit götürmüşəm. Elə bank əslində, sizin pulu verə bilər.

-Bəs, problemli kreditlər artanda bank üçün daha çox zərər deyilmi, nəinki indiki şəraitdə zərəri minimallaşdırmaq?

-Aydındır. Ancaq bank fikirləşir ki, “mənim kredit öhdəliyim var”. O, sizə faizi haradan verəcək? Yəni bu, başa düşüləndir, bank üçün itkidir. Amma banklarımızın əksəriyyətinin dərc etdiyi maliyyə hesabatına görə, onlar ötən ili böyük mənfəətlə qurtarıblar. Yəni həmin mənfəətin hesabına edə bilərlər, amma çoxusunun hesabatı yalandır.

-Niyə yalan məlumat verirlər?

-Birinici, ona görə, yalan məlumat verirlər ki, əmanətçilər əmanətlərini oradan götürməsinlər, əmanətlərini bankda saxlasınlar. Yəni bankın vəziyyəti yaxşıdır. İkincisi, xaricdə kredit ala bilsinlər. Yəni xaricdə baxanda ki, bunların vəziyyəti pisdir, kimdir bunlara kredit verən. Üçüncüsü, hər bir halda, bank nəzarəti orqanı var. İndi Mərkəzi Bank nəzarət edir. Nə qədər bərbad olsa da, nəzarət var.  Gəlir deyir, “necə yəni vəziyyətiniz pisdir?” Əgər bankın vəziyyəti pisdirsə, ona qarşı müəyyən sankiyalar tətbiq oluna bilər. Çünki ehtiyat yaratmalıdır. Bu il Mərkəzi Bank nəzarət edir, keçən il Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edirdi. Bank nəzarəti orqanı həmişə həm dövlət başçısının, həm də xalqın gözündən pərdə asıb ki, baxın, bank sistemimizdə vəziyyət əladır. Yəni öz işlərini yaxşı göstərmək istəyirlər. Guya, bunların vəziyyəti yaxşıdır. Amma mən həmişə demişəm, belə deyil, bunların maliyyə hesabatlarına etibar yoxdur. Adi misal deyim, “ATAbank”, hansı ki, son illərdə maliyyə hesabatlarına baxın, guya, mənfəətlə çıxıb. Hanı? Bank artıq 1 ilə yaxındır ki, müflisdir, heç kəsin pulunu qaytarmır. Dünya tarixində olmayan hadisədir ki, heç bir tədbir də görülmür. Belə şey heç bir yerdə yoxdur, bank əmanətçilərin pulunu vermir. Dövlət ya ona kredit verib, kömək etməlidir, ya o bankı alıb, camaatın pulunu verməlidir, ya da onu bağlamalıdır. Yalınız bizdə belə şey var.

Elman Rüstəmovun istefa müəmması - məlum oldu...

-Əkrəm bəy, Mərkəzi Bank uçot dərəcəsini endirsə, banklar da kredit borclarını dondursa, onlar üçün itki olmaz, axı.

-Mərkəzi Bankın uçot dərəcəsi Azərbaycanda heç nəyə təsir etmir. Mən bunu dəfələrlə demişəm.  Uşot dərəcəsi elə bir faiz dərəcəsidir ki, Mərkəzi bank həmin faizlə banklara faiz verir, bizdə vermir, axı. Tutaq ki, lap Mərkəzi Bank elan etsin ki, uçot dərəcəsi 1%-dir, Mərkəzi Bank banklara kredit vermir, ya da çox az verir. İnkişaf etmiş ölkələrdə mərkəzi banklar yaxud Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sistemi fazi saldı. Bu, o deməkdir ki, bankların hamısına nə qədər lazımdır ucuz kredit verilir. Bu dəqiqə bütün dünyada mərkəzi banklar faizləri niyə endiriblər? Çünki banklar çoxlu ucuz kredit götürsün və banklar da sahibkarlara çox kredit versin ki, iqtisadiyyat dayanmasın, inkişaf etsin. Bizdə isə onsuz da uçot dərəcəsi işləmir. Mərkəzi Bank əvvələr də vermirdi, indi isə heç vermir.

-Mərkəzi Bank banklara niyə kredit vermək istəmir ki?

-Çünki devalvasiyadan qorxur. Mərkəzi Bank bilir ki, Azərbaycanda çox az adam var ki, milli valyutanın məzənnəsinə etibar edir. Yəni hamı başa düşür ki, neftin qiyməti düşərsə, deməli, əvvəl-axır devalvasiya olacaq. Buna böyük bir ağıl lazım deyil ki. Və Mərkəz Bank bilir ki, o, indi kredit versə, hamı qaçacaq, o pulu dollara çevirəcək, fikirləşməyəcək, “mən bankın borcunu verim”. Yəni sahibkara ən aşağı 3 il müddətinə kredit verməlisən. 3 ildən az müddətə sahibkara pul lazım deyil. Neynir o pulu.  Sahibkar da o pulu dərhal götürən kimi dollara çevirəcək. Bu da ölkənin valyuta ehtiyatlarını azaldacaq və o sahibkar biləcək ki, “uzağı 1 ilə devalvasiya olacaq, mən də oradan qazanacağam”. Oxucu sual edə bilər ki, niyə Azərbaycanda belə olur, dünyada belə deyil. Bütün dünyada ona görə belə deyil ki, orada məzənnə üzür. Hamı bilir ki, valyuta bu gün düşə, sabah qalxa bilər. Əgər bizim sahibkar bilsə ki, bizim valyuta üzür, (bizim milli valyuta uzun müddətdir ki, üzmür. 1.7-də sabit qalıb) onda o fikirləşməz ki, “mən indi gedim bankdan 3 illik 1 milyon götürüm, onu gedim dollara dəyişim”. Sonra birdən neftin qiyməti qalxsa, manat qalxacaq, axı. Buna görə, risk etməycək ki, “mən bankın pulunu haradan verəcəm, yəni mən indi dollar alıb, manat qalxanda uduza da bilərəm”. Amma indi bilir ki, uduzmaq söhbəti yoxdur. Bilir ki, bizdə milli valyuta ancaq üzüaşağı gedə bilər. Necə ki, benzin. Bu dəqiqə bütün dünyada benzinin qiyməti düşür, bizdə düşmür. Bir az ən istifadə edilməyən benzin növünü endirdilər. Əslində, bizdə bazar iqtisadiyyatı yoxdur. Hamısı inzibati amirlik sistemi ilə idarə olunur. Ona görə, özümüz özümüzü tələyə salmışıq. Buna görə də, Mərkəzi Bank gündə milli valyutanın məzənnəsini ali ideyaya çevirir. Bu, heç yerdə belə deyil. Burax bunu, düşsün, biz də görək, bizim milli valyutamızın əsl qiyməti nədir. Bu halda, sahibkar da, adi insan da biləcək ki, “bu, üzür, mən indi necə edim?” Bu halda, heç kəs qaçıb son manatına dollar almayacaq. Bizdə bu gün belədir. Əslində, indi banklar böyük miqdarda kredit verməlidir ki, iqtisadiyyat işləsin. Necə ki, bütün dünya belədir. Bizdə isə etmirlər, devalvasiyadan qorxurlar. Əşi, sizin üçün devalvasiya ya iqtisadiyyat vacibdir? Azərbaycanın əsas problemi dövlət məmurlarının qabiliyyətsizliyidir və gözdən pərdə asmaq istəkləridir, vəssalam.

-Kredit borcları dondurulmazsa, problemli kredirlərin  artacağı gözləniləndir?

-Mütləq artacaq. Onsuz da yüksəkdir. Karantin günlərində həm adi insanlar, həm də sahibkarlar mənə zəng edirlər. Tamamilə yeni insanlar, yeni kredit götürənlərdir. Adətən mənə müraciət edənlər devalvasiyadan əvvəl kredit götürənlər idi. İndi isə təzə kredit götürənlərdir. Onların içində 1 milyon kredit götürən sahibkarlar var. Artıq deyirlər ki, biz neynəyək, iş yox, pul qazana bilmirik. Təbii ki, problemli kreditlər artacaq. Mən bunu artıq görürəm. Doğrudur, hökumətin tədbirlər planında sahibkarlara, adi insanlara kömək nəzərdə tutulub. Bəziləri deyirlər ki, “bu azdır, kifayət deyil”. Hərənin öz fikri ola bilər, amma nədənsə kredit məsələsi əksini tapmır.

-Bu, postpandemiya dövründə bank sektoru üçün ciddi təhlükə törədə bilər?

-Mütləq və mən proqnoz edirəm ki, belə getsə, banklarımızın sayı kəskin azala bilər.

Şamo EMİN             


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93