Erməni əsilli Elif Şafakın soydaşlarını dəstəkləməsi təbiidir Təbii olmayan onun əsərlərinin türk dünyasında tirajlanmasıdır

49

Hurriyyet.org xəbər verir ki, “Çapar” dərgisinin baş redaktoru, araşdırmaçı yazar, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medalına layiq görülmüş Dilqəm Əhməd Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsi dövründə sosial şəbəkələrdə erməni tərəfini dəstəkləyən yazıçı Elif Şafakın əsərlərini boykot eləməyi təklif edib.

Bəs əsərləri Türkiyədə və dünyada tirajlanan, Azərbaycanda bəh-bəhlə satılan Elif Şafak kimdir?

Vaxtilə Fətullah Gülənin atasının erməni olduğu, “Elə bir oğul yetişdirəcəyəm ki, türkləri öz dinləri ilə vursun” dediyi barədə material Hurriyyet.org oxucularına təqdim edilmişdi. Lakin qanlı çevriliş cəhdi ilə Türkiyədə xaos yaratmaq istəyən qüvvələrin sırasındakı tək erməni Gülən deyildi. Hərəkatın ideoloji orqanı olan “Zaman” qəzetində rəhbər vəzifədə işləmiş məşhur yazıçı Elif Şafakın da damarlarında erməni qanı axır.

Eyyup Can Fətullah Gülənin mənəvi oğlu, Elif Şafak isə 2005-ci ildə Berlində Eyyup Can ilə evlənmiş məşhur yazıçı və jurnalistdir.

Elif Şafak 1971-ci ildə, Fransada, Strasburqda doğulub. Valideynləri bu şəhərdəki diplomatik missiyada işləyiblər. Atası sosial psixoloq və akademik Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Sonradan atası ilə anası ayrılıb və onu anası böyüdüb. Orta məktəb təhsilini anasının işlədiyi Madrid şəhərində alıb.

Bəziləri onu Orhan Pamukdan sonra Türkiyənin ikinci roman  müəllifi adlandırırlar. O, ABŞ və Türkiyədə yaşayıb, Arizona ştatındakı universitetdə müəllim işləyib. Əsərləri böyük tirajlarla çap olunub.

Anası erməni olan Elif Şafakın erməni fondlarından pul aldığı barədə türk mətbuatında bir çox iddialar yayılıb. O, 2005-2009-cu illərdə Gülən imperiyasının əsas orqanı olan “Zaman” qəzetinin, ardından “Radikal”ın baş redaktoru olub.  “Zaman” qəzetində işlədiyi zaman, 2006-cı ildə Elif Şafak “Ata və bic” adlı kitab nəşr etdirib. Bu kitabda türk milləti və Osmanlı tarixi barədə ağzına gələni yazıb.

Elif Şafakın “Ata və bic” kitabından bir neçə sitata baxaq: 1…Bütün qohumlarını 1915-ci ildə qəssab türklərin əllərində itirmiş soyqırımzadə bir sülalənin nəvəsiyəm.

  1. …Sən dur Orta Asiyadan gəl, düz Anadolunun bağrına yerləş, sonra bir də gözünü açırsan ki, hər yeri tutublar! Orada yerləşmiş milyonlarla erməni hara getdi bəs? Assimilyasiya edildilər! Əridilər! Yetim qaldılar! Sürgün edildilər. Mal-mülklərindən oldular!
  2. …Adi türklərlə nədən danışacaqsan ki? Təhsilliləri belə ya millətçi, ya da cahildirlər.
  3. …Biri də salamat qalmamışdı, Çankırıya aparılanlar da bir-bir öldürülüblər… Zopalarla, balta sapları ilə döyülüblər. Bəziləri aclıqdan ölüb, bəziləri də öldürülüb.
  4. …Bunu 1915-ci ildə ermənilərin başına gətirənlər türklərdir.
  5. …1909 Adana qırğınlarından, ya da 1915-ci il köçürülməsindən… bunlar sənin yadına nəyi saldı? Erməni soyqırımı deyilən bir şey eşitmisənmi heç?
  6. …Torpağımızdan qovulduq, əşyalarımızdan olduq, bizimlə heyvan kimi rəftar etdilər, qoyun kimi kəsildik. Düz-əməlli, hörmətli ölümü belə bizdən əsirgədilər.
  7. … Kişilər qalmadı. Silah axtarmaq bəhanəsi ilə ermənilərin evlərinə girib qarət edirlər.

Bu kitabı yazdığına görə Elif Şafaka TR Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə, “türk xalqını təhqir etdiyinə görə” cinayət işi qaldırıldı.

Bu məhkəmə işi ilə bağlı Avropa Parlamentində də çıxışlar oldu və Avropadan gələn təlimatla Elif Şafak məsuliyyətə cəlb edilmədi.

2006-cı il sentyabrın 21-də İstanbul məhkəməsi türk millətini “qəssab, cahil, heyvan, istilaçı, bic” adlandıran Elif Şafakın türk millətini təhqir etdiyi barədə iddiaları əsassız sayaraq onu cəzasız buraxdı.

Bu məhkəmədən 10 il sonra isə, yalançı “soyqırımı” iddiaları ilə Türkiyəyə böhtan atan ermənilərin başında durduqları qüvvələr 2016-cı il 15 iyul gecəsi çevriliş cəhdi edərək türk dövlətçiliyinə qarşı silah çəkmək istədilər…