“Ermənistan ərazisindən atılan raketlərin sayı yerə düşəndən xeyli çox olub”

25

Ramil Məmmədli: “Azərbaycanın hava hücumundan müdafiə qüvvələri onların böyük bir hissəsini zərərsizləşdirib”

“Əgər bir daha belə bir hal baş versə, onda artıq Azərbaycanın Ermənistan ərazisində müəyyən hərbi əməliyyatlar keçirməkdən başqa yolu qalmayacaq”

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva ötən gün keçirdiyi brifinqdə Azərbaycanın mülki əhalisinin və obyektlərinin Ermənistanın hansı ərazilərindən atəşə tutulmasının məlum olduğunu bildirib. Belə ki, o, Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonlarının Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qaldığını bəyan edib. XİN rəsmisi onu da əlavə edib ki, həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.

Bu arada, nəzərinizə çatdıraq ki, Ermənistan parlamentinin deputatı Arman Babacanyan özünün “facebook” səhifəsində Azərbaycanın qaz və neft kəmərlərinin Ermənistan silahlı qüvvələrinin nişanı altına alınmalı olduğunu yazıb: “Azərbaycanda milyardlarla dollarlara çatan Qərb layihələri, infrastrukturlar, qaz və neft kəmərləri regionun təhlükəsizliyinin qarantı olaraq Ermənistan silahlı qüvvələrinin nişanı altına alınmalıdır. Bu, artıq təcili əhəmiyyət daşıyan məsələdir”.

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı isə hesab edir ki, baş verən hadisələrin fonunda Naxçıvan Muxtar Respublikasının Azərbaycana birləşməsi vacib şərtdir. Bu barədə axar.az-da yer alan informasiyaya görə, MHP lideri bunun tarixi zərurət olduğunu vurğulayıb: “Belə demək olarsa, ölüm-qalım məsələsidir. Naxçıvanın birləşməsi baş verərsə, tək səs, tək nəfəs, tək ürək olaraq zalıma və düşmənə qarşı mübarizə aparılacaq. Beləliklə, Azərbaycan haqlı və qanuni mübarizəsində daha güclü olacaq”.

“İnanıram ki, Azərbaycan bizə atılan raketlərin çıxdığı nöqtələri artıq zərərsizləşdirib”

Gördüyünüz kimi, bütün bunlar, ələlxüsus da Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Mingəçevir, Bərdə, Xızı və Abşerona raket zərbələrinin endirilməsi Naxçıvan Muxtar Respublikasından həm Qarabağda düşmən mövqelərinin, həm də Ermənistanın özündə strateji hərbi obyektlərin vurulmasını gündəmə gətirir. Beləliklə, mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, bu gün Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifə Qarabağ ərazisinin tamamilə düşməndən təmizlənməsidir: “Məhz bu məsələyə görə, Azərbaycan güclərin parçalanmasını, cəbhə xəttinin böyüməsini istəmir. Amma bu, heç də o demək deyil ki, Azərbaycanın buna gücü çatmaz. Qeyd edim ki, Azərbaycan Ordusunun bir neçə cəbhədə döyüşmək imkanı var. Burada heç bir problem yoxdur. Sadəcə olaraq, hazırda ölkənin müvafiq rəsmi qurumları Ermənistan ərazisindən Gəncə, Mingəçevir, Bərdə, Xızı və Abşerona raket zərbələrinin endirilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə zəruri məlumatlar verir. Əslində, bunun özü ondan xəbər verir ki, Azərbaycan həmin məqsədə doğru irəliləyir. Odur ki, əgər bir daha belə bir hal baş versə, onda artıq Azərbaycanın Ermənistan ərazisində müəyyən hərbi əməliyyatlar keçirməkdən başqa yolu qalmayacaq. Hesab etmirəm ki, Azərbaycan həmin rahetlərin çıxdığı mövqelərin zərərsizləşdirilməsi üçün hər hansı bir tədbir görmür. Düşünürəm ki, bu iş görülüb. Sadəcə olaraq, söhbət əgər dinc sakinlərə qarşı bu addımın atılmasından gedirsə, Azərbaycan bunu etməyəcək. Yəni ordumuz Ermənistandan fərqli olaraq, dinc sakinlərin yaşadığı mövqelərə raket zərbələri endirməyəcək. Lakin inanıram ki, Azərbaycan bizə atılan raketlərin çıxdığı nöqtələri artıq zərərsizləşdirib”.

Hərbi-siyasi icmalçının sözlərinə görə, Ermənistan ərazisindən atılan raketlərin sayı yerə düşəndən xeyli çox olub və Azərbaycanın hava hücumundan müdafiə qüvvələri onların böyük bir hissəsini zərərsizləşdirib: “Hava hücumlarından müdafiə sistemlərində fərqli bir hesablanma məsələsi var. Yəni ilk öncə raketlərdən ən təhlükəliləri zərərsizləşdirilir. Sonra isə digərləri. Odur ki, əçinliklə demək mümkündür ki, düşmən tərəfdən atılan raketlər yerə düşənlərdən çox olub və onların böyük bir hissəsi zamanında zərərsizləşdirilib”.

Ramil Məmmədli Azərbaycanda hava hücumlarının qarşısını almaq üçün İsrailin “Dəmir Qübbə” sisteminin ölkənin təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malik olduğunu da bildirib: “Azərbaycanın Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri raket komplekslərinin yerinin və radiusunun müəyyənləşdirilməsi üçün lazımi avadanlıqları var. Sadecə olaraq, raketlərin quruluşu fərqlidir. Yeriyən tipli raket komplekslərinin yerinin müəyyənləşdirilməsi və raketin zərərsizləşdirilməsi o qədər də çətin deyil. Lakin smerç raketlərindən atılan mərmilərin zərərsizləşdirilməsi bir qədər  çətin olur. Dünən də Gəncəyə məhz smerç raketlərindən atılıb. Bu gün də Bərdəyə raket zərbələri endirilib. Bəziləri zərərsizləşdirilib. Azərbaycanda hava hücumlarının qarşısını almaq üçün İsrailin “Dəmir Qübbə”  sistemi ölkənin təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa digər hava hücumunun qarşısını almaq üçün sistemlər mövcuddur. Daha iri  və uçuş məsafəsi daha yüksək olan raketləri vurmaq üçün sistemlərimiz var. Hava Hücumundan müdafiə sistemi ən təhlükəli hesab olunanları zərərsizləşdirir. Əgər, bir raketdən bir neçə mərmi atılırsa, o zaman zərərsizləşdirmək də bir qədər problem yarana bilər”.

Vazeh BƏHRAMOĞLU