“Ermənistan Dağlıq Qarabağdakı erməniləri çörəklə təmin edə bilmir” – Ülvi Quliyev

27 İyun, 2020, 22:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə heç vaxt istəyinə nail ola və Azərbaycan torpaqlarında ikinci erməni dövləti yarada bilməyəcək. Yerevanda hakimiyyətdə olanlar və Dağlıq Qarabağ separatçıları yaxşı anlayırlar ki, işğalın nəticəsini 30 ildir qanuniləşdirə bilmədikləri kimi, indidən sonra da buna nail ola bilməyəcəklər. Çünki BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyan 4 qətnamə qəbul edib. Həmin sənədlərdə Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Bundan başqa, ATƏT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Bütövlükdə bu məsələdə beynəlxalq hüquq tam olaraq Azərbaycanın tərəfindədir. Eyni zamanda düşmənin qarşısında güclü Azərbaycan dövləti, onun yüksək döyüş qabiliyyətli, müasir silah-sursat və texnika ilə təchiz olunmuş ordusu, ən başlıcası Prezident İlham Əliyevin və Azərbaycan xalqının iradəsi dayanıb”.

 

Bunu Milli Məclisin deputat Ülvi Quliyev deyib.

 

O qeyd edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər də bu məsələdə Azərbaycan və azərbaycanlıların haqlı olduğunu anlayırlar və bilirlər ki, indi zəbt etdikləri evləri vaxtilə azərbaycanlılar halal zəhmətləri ilə tikib: “Ermənilər isə işğal nəticəsində həmin evlərə giriblər. Başqasının halal malına, mülkinə sahib olmaq ən böyük günahlardan biridir. Əslində, sıravi ermənilər də işğalın nəticələrinə inanmır və separatçıların idarəçiliyi altında yaşamaq istəmirlər Bunun nəticəsidir ki, sıravi ermənilər ilk fürsətdə oranı tərk edirlər, başqa ölkələrə üz tuturlar. Çünki artıq anlayırlar ki, Ermənistanda və Dağlıq Qarabağda bir qrup adam hakimiyyətə gəlmək, var-dövlət toplamaq üçün onlardan alət kimi istifadə edir”.

 

Ü.Quliyev vurğulayıb ki, Ermənistan və separatçılar insanların Dağlıq Qarabağı tərk etməsinin qarşısını almaq üçün canfəşanlıq edir, müxtəlif qanunsuz yollara əl atırlar: “Azərbaycanın işğal olunmuş ərazilərində uzun illərdir ki, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirilir, Ermənistan, onun havadarları, erməni lobbisi bunun üçün müxtəlif layihələr reallaşdırır, xeyriyyə marafonları adı altında dilənçilik aksiyaları təşkil edirlər, milyonlarla dollar vəsait toplayırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərə yağlı vədlər verərək onları Azərbaycanın işğal olunmuş ərazilərinə gətirməyə, orada məskunlaşdırmağa çalışırlar. Bundan başqa harada bir münaqişə bölgəsi var, Ermənistan rəsmiləri, separatçılar ora burunlarını soxaraq, həmin ərazilərdə yaşayan erməniləri müxtəlif vədlərlə aldadaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gətirmək, orada məskunlaşdırmaq istəyirlər. Xarici ölkələrdə yaşayan bir qrup ermənini də işğal olunmuş ərazilərimizə köçürüblər. Amma Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti ilə istəyinə nail ola bilməyəcək. Uzun illərdir cəhd etmələrinə baxmayaraq, hazırda orada çox az sayda insan yaşayır. Bunun da müxtəlif səbəbləri var. Əvvəla, Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərimizdə aclıq və səfalət hökm sürür. Orada yaşayış üçün minimum şərait belə yoxdur. Ermənistan və separatçılar Dağlıq Qarabağdakı erməniləri çörəklə təmin edə bilmir, nəyinki kənardan da kimlərisə köçürüb gətirsinlər, onları normal həyat şəraiti ilə təmin etsinlər. İkincisi, sıravi ermənilər də anlayırlar ki, bu ərazilər Azərbaycana məxsusdur, burada həmişə azərbaycanlılar yaşayıb. Azərbaycanlıların dağılmış evlərini görəndə çox şeyi başa düşürlər. Ermənistanın təbliğatına baxmayaraq, sıravi ermənilər də anlayırlar ki, Azərbaycan öz ərazilərini azad edəcək, bu evlərin, yerlərin sahibləri bir gün geri qayıdacaq. Ona görə də işğal olunmuş ərazilərdə məskunlaşmaq istəmirlər. Üçüncüsü, erməni lobbisinin Dağlıq Qarabağ erməniləri üçün topladığı ianələr sıravi ermənilərə çatmır, separatçı rejimin rəhbərliyi tərəfindən mənimsənilir. Bütün bunlara görə Ermənistan qanunsuz məskunlşdırma sahəsində istəyinə nail ola bilmir”.

 

Deputat bildirib ki, Ermənistanın Azərbaycan ərazisində qanunsuz məskunlaşdırma planlarının iflasa uğramasının əsas səbəblərindən bir də Prezident İlham Əliyevin apardığı siyasətdir. O qeyd edib ki, dövlətimizin başçısı daimi bu məsələni müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırır: “Cənab Prezident iyunun 25-də “N” saylı hərbi hissənin açılışında da bu məsələyə toxundu. Dövlətimizin başçısı bu məsələ ilə əlaqədar artıq bir neçə dəfə öz fikirlərini bildirdiyini, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində məsələ qaldırdığını söylədi. Əlavə etdi ki, Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirib. Cənab Prezident bundan sonra da bütün beynəlxalq təşkilatlarda bu məsələnin qaldırılacağını söylədi və qanunsuz məskunlaşmaya son qoyulmasını tələb etdi, beynəlxalq ictimaiyyəti də buna çağırdı. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi sayəsində Ermənistan qanunsuz məskunlaşdırma sahəsində istəyinə nail ola bilməyib. Cənab Prezidentin bu mövqeyi həm Ermənistana, həm separatçılara, onların havadarlaarına, həm də bütün dünyaya ciddi bir mesajdır. Mesaj isə ondan ibarətdir ki, əvvəla, Azərbaycan bu qanunsuz məskunlaşdırmaya göz yummayacaq. İkincisi, dünyada nə qədər erməni var, onun hamısını gətirib işğal olunmuş ərazilərdə yerləşdirsəniz belə, həmin ərazilər Azərbaycana məxsusdur və gec-tez işğaldan azad olunacaq”.

 

Deputat hesab edir ki, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə məşğul olan ATƏT Minsk qrupnun həmsədr dövlətləri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətinə göz yummamalıdır və bunun qarşısını almalıdırlar: “Bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda həmin beynəlxalq qurumlar özlərinin elan etdikləri prinspilərə hörmət edərək Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz məskunlaşdırmanın qarşısını almalıdırlar. Buna biganə yanaşılması işğala dəstək vermək və beynəlxalq huquqa hörmətsizlikdir. Beynəlxalq ictimaiyyətin digər hallarda qanunsuz məskunlaşdırma ilə bağlı qəti mövqeyi Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə də şamil edilməlidir”. \\Pravda


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93