Ermənistan ordusunda canlı qüvvə çatışmır – “Erməni köçü”nün pərdəarxası/Müsahibə

8

Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Azay müəllim, işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma həyata keçirilir.

– Ermənistan Beyrutdakı partlayışdan sonra orada yaşayan erməni əsilli şəxslərin işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsini reallaşdırır. Qanunsuz məskunlaşdırma ilə bağlı avqust ayından etibarən işğalçı ölkə tərəfindən beynəlxalq hüququn tələb və normaları kobud şəkildə pozulur. Artıq işğal olunmuş ərazilərə qanunsuz köçürmə faktı ölkə ictimaiyyəti və beynəlxalq aləmdə geniş rezonansa səbəb olub. Bununla bağlı ölkəmizin rəsmi qurumları və QHT-lər tərəfindən beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciətlər göndərilib. Müraciətlərdə Ermənistan tərəfinin qanunsuz əməllərinə layiqli cavabın verilməsi tələb olunub. Ümid edirik ki, tələblərimizə operativ reaksiya verilər.

– Ermənistanın qanunsuz köçürmə siyasətində məqsəd nədir?

– Qanunsuz köçürmədə məqsəd Dağlıq Qarabağda ermənilərin sayını süni şəkildə artırmaqdan ibarətdir. Çünki hazırda işğalçı ölkədə hərbi xidmətə yararlı olanların səfərbərliyə cəlb edilməsi ilə bağlı problemlər var. İşğalçı ölkə orduda kritik səviyyəyə çatmış canlı qüvvə çatışmazlığını aradan qaldırmaq üçün bu variantdan yararlanmağa çalışır. Eyni zamanda köçürülən insanları döyüş zamanı “canlı sipər” qismində istifadə etmək niyyətindədir. İşğalçı ölkənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri olan Dağlıq Qarabağ bölgəsinə və 7 ətraf rayona Yaxın Şərqdən insanları köçürməsi heç bir fundamental hüquq normalarına uyğun gəlmir. Ermənistana məxsus olmayan torpaqlarda başqa regionda yaşayan, digər ölkənin vətəndaşını yerləşdirməsi faktı qəbuledilməzdir. Bu, nə beynəlxalq humanitar hüququn tələbləri, nə də normal məntiqə uyğundur.

– Ölkənin qanunla müəyyənləşmiş sərhədləri daxilində digər bir dövlət tərəfindən qanunsuz məskunlaşmaya görə beynəlxalq hüquqda hansı müddəalar nəzərdə tutulub?

– Beynəlxalq hüquq birmənalı şəkildə bu əməlləri qanunsuz sayır. Belə ki, 4-cü Cenevrə Konvensiyasının (“Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında”) 49-cu və 147-ci maddələri var. Həmin maddələrə görə, işğalçı dövlətin zəbt olunan ərazilərə insanları köçürməsi bu Konvensiyanın kobud pozulması hesab edilir. Bu prinsiplər Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qeyd olunub. Həmin Konvensiyanın 49-cu maddəsinə əsasən işğalçı dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal olunmuş əraziyə köçürülməsini təşkil etmək qadağan edilir. Bununla bərabər, Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin əsasını təşkil edən Roma Statusunun 8.2-ci maddəsi mövcuddur. Bu maddəyə görə, işğalçı dövlətin öz əhalisinin bir hissəsini işğal olunmuş ərazilərə köçürməsi müharibə cinayəti kimi xarakterizə olunur. BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Bosniya və Herseqovinadakı vəziyyətə dair 17 avqust 1995-ci il tarixli 2 (47) saylı Qərarında bu qeyd olunub. Həmin Qərarda da ərazidə daha əvvəl yaşamış insanların iradəsinə zidd olaraq torpaqların demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir.

– Beynəlxalq təşkilatların işğalçı ölkənin qanunsuz əməlləri ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz? İşğalçıya qarşı daha sərt ritorikadan istifadə mümkündür?

– BMT Təhlükəsizlik Şurası, ATƏT, ATƏT Parlament Assambleyası, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti və qeyri-qanuni fəaliyyətlərinə dair qətnamələr qəbul edib. Amma işğalçı Ermənistan tərəfi bütün tələbləri qulaqardına vurmağa davam edir. Eyni zamanda ABŞ Qaçqınlar və İmmiqrantlar Komitəsinin və ABŞ Dövlət Departamentinin müvafiq olaraq hesabatları açıqlanıb. 2002 və 2004-cü illərdə dərc edilən hesabatlarda Ermənistanın qanunsuz köçürmə siyasətinə əl atması açıq şəkildə qeyd olunub. Bundan əlavə ATƏT-in Dağlıq Qarabağ bölgəsinə göndərdiyi faktaraşdırıcı missiyanın Hesabatında (2005), məskunlaşmaya dair təqribi statistika göstərilib. Həmin statistikada qeyd olunub ki, nəzərdən keçirilən dövrdə təkcə Laçında təxminən 3 min, digər işğal olunmuş rayonlarda isə 4 mindən çox erməni məskunlaşdırılıb.

– Bəs ATƏT PA-da qanunsuz məskunlaşma və Dağlıq Qarabağla bağlı müzakirələr aparılıb?

– ATƏT PA-nın sentyabrın 2-də Ermənistanın qanusuz məskunlaşdırma siyasəti ilə bağlı açıqlaması var. Həmin rəsmi açıqlamada digər məsələlərlə yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi qeyd edilib. Eyni zamanda münaqişənin xüsusilə Helsinki Yekun Aktının prinsipləri əsasında həlli istiqamətində səylərin artırılması vurğulanır. Paralel olaraq Livan ermənilərinin Ermənistan tərəfindən Dağlıq Qarabağa köçürülməsi ilə bağlı narahatlıq doğurduğu barədə müddəalar qeyd olunur.

– Çağırışlar olsa belə, işğalçının bu əməlləri dayandırması üçün birbaşa təzyiq göstərilmir…

– Xüsusi narahatçılıq doğuran məqam isə ondan ibarətdir ki, bu məsələ ilə bağlı hesabatlarda erməni rəsmilərindən də birbaşa sitatlar gətirilib. Bu da onu deməyə əsas yaradır ki, Ermənistan öz qeyri-qanuni əməllərini gizlətməyə belə cəhd etmir. Ermənistanın bu kimi bütün cinayət əməllərinin yeganə səbəbi isə onun cəzasız qalmasıdır. Eyni zamanda işğalçının ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə birbaşa arxalanması da bu məsələlərdə mühüm əhəmiyyət kəsb edir. Məhz bu zərurətdə də münaqişənin həlli üzrə vasitəçilik missiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin monopoliyasından çıxarılmalıdır. Hazırkı bərbad duruma qiymət vermək üçün Minsk konfransının çağırılması ilə əlaqədar müvafiq addımlar atılmalıdır.