ERMƏNİSTANDA BÖYÜK TƏŞVİŞ – Müdafiə naziri Rusiya, Baş Qərargah rəisi ABŞ səfiri ilə görüşdü

0

Türkiyə və Azərbaycan ordularının 29 iyul-10 avqust birgə hərbi təlimləri Ermənistadan ciddi narahatlığa səbəb olub. Dünən müxalifət partiyalarından birinin rəhbəri Baş nazirə müraciət edərək “Paşinyan, istirahət zamanı deyil, türklər üstümüzə gəlir” deyə çağırış edib. Bu gün isə Ermənistanın müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qasparyan təcili görüşlərə başlayıb.

Erməni mətbuatı yazır ki, David Tonoyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ilə görüşərək, əməkdaşlıq və regional vəziyyəti müzakirə edib. Tonoyan Türkiyə və Azərbaycanın siyasi və hərbi addımlarını dəyərləndirərək bu təlimləri bölgənin sabitliyini pozan hal kimi qiymətləndirib. Xəbərdə o da vurğulanıb ki, Ermənistan Silahlı Qüvvələri, eyni zamanda vahid erməni-rus hərbi birləşmələri vəziyyəti daim nəzarətdə saxlayır və hadisələrin hər hansı bir inkişafına hazırdır. Səfir Kopırkin də diplomatik cavab verərək, müdafiə nazirini sakitləşdirib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan isə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi və ABŞ səfirliyinin hərbi attaşesi polkovnik Skott Maksvellini qəbul edib. Görüşün təşəbbüsçüsü erməni generalın özü olub. Görüşdə regionda yaranmış vəziyyət, hərbi-siyasi vəziyyətin inkişaf perspektivləri müzakirə olunub.

Ermənistan hakimiyyətində siyasi hərəkətliliyi şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Nikol Paşinyan ikili oyununu davam etdirir. “Həm ölkədə anti Rusiya təbliğatını körükləyir, həm də Rusiya-Ermənistan birgə hərbi birləşməsinin köməyinə üz tutur. Bu, faktiki olaraq Paşinyanın iki stulda birdən oturması deməkdir. İki stulda eyni zamanda oturmaq cəhdinin sonu isə heç vaxt yaxşı olmayıb”, – eskpert vurğulayıb.

İ.İsmayıl hesab edir ki, Rusiyanın Cənubi Qafqaz siyasətində dəyişiklik yoxdur. Onun sözlərinə görə, burda Rusiyanın açıq etirazının olmamasını Kremlin Ermənistan hakimiyyətinə xəbərdarlığı kimi də dəyərləndirmək mümkündür: “KTMT üzvü olmasına baxmayaraq, Tovuz hadisələrində Ermənistana açıq yardım edilməməsi, hətta təşkilatın toplantısının təxirə salınması bu xəbərdarlığın tərkib hissəsi idi. Vladimir Putin Paşinyanı cəzalandırmaq istəyir, amma burda Azərbaycana xüsusi şərait yaratmaqla, yəni neytral qalmaqla torpaqların az bir hissəsinin azad olmasını da istəmir. Ona görə də, hələ ki, Paşinyanı bu cür sıxmaqla Ermənistan daxilindəki qüvvələrin hərəkətə keçməsini gözləyir, amma onu da vurğulamaq lazımdır ki, Paşinyandan narazılığın və ona əks olan siyasi qüvvələrin də təsir gücünün miqyası Rusiyanın istədiyi səviyyədə deyil”./“AzPolitika.info”/