“Ermənilər rəmzlərlə yaxşı oynayırlar, bizi də oynadırlar” – DEPUTAT ERKİN QƏDİRLİ

23 May, 2020, 13:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

 “Arxiv işlərini də ermənilər bizdən yaxşı bacarır”

“Tədbirin Şuşada keçirilməsi heç nəyi dəyişmir, bir yenilik yaratmır. Xankəndi bizim deyilmi? Xankəndində olan tədbirlərə heç belə emosional yanaşmırıq. Şuşadakı tədbirlə bağlı reaksiyamız Xankəndini Şuşadan daha az istəməyimiz, Şuşanın bizdə qalması şərtilə Qarabağı ermənilərə verməyə hazır olmağımız anlamına gələ bilər, yəni elə yozula bilər. Onu da deyim ki, zamanında belə söhbət olub, xarici diplomatlar belə suallar veriblər”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər deputat Erkin Qədirliyə məxsusdur.

“Ermənilərin oradakı bu tədbiri özlərinə təsəlli, bizə isə acıq vermək üçündür”

E. Qədirli bildirib ki, ermənilərin Qarabağda keçirdikləri seçkiləri heç bir dövlət və ya beynəlxalq təşkilat tanımır, Qarabağın özünü də dövlət sayan yoxdur: “Odur ki, ermənilərin oradakı bu tədbiri özlərinə təsəlli, bizə isə acıq vermək üçündür. Heç birisinin də siyasi anlamı yoxdur. Bilirəm, ağırdır, ona görə də qəzəbini bildirənləri bunu etməkdə haqlı sayıram. Bununla belə, dövlət qərarları duyğular əsasında verilmir və verilməməlidir”.

“Ordumuzun hazır olduğuna inanıram, amma müharibəni udan ordu deyil”

“Cəmiyyətimizin demokratiyaya hazır olmadığını bir kərə yazmışdım. İndi də müharibəyə hazır olmadığını yazım. Ordumuzun hazır olduğuna inanıram, amma müharibəni udan ordu deyil, cəmiyyət olur. Ordu ancaq döyüşləri uda bilir. Ordunun udduğu döyüşlərin siyasi nəticələri isə cəmiyyətin durumundan asılıdır. Yanlış anlaşılmasın deyə, bunu da yazım-problem hazır olmamağımızda deyil, hazırlaşmamağımızdadır. Aydındır ki, burada ən böyük məsuliyyət hökumətin üzərinə düşür”,-deputat vurğulayıb.

“Ermənilərin bizdən güclü olduğu resurs rəmzlərdir”

E. Qədirli qeyd edib ki, müharibə ehtimalını hələlik bir qırağa qoyaq: “Gələk, siyasi danışıqlara. Danışıqların da öz resursları olur – sənədlər, arqumentlər, rəmzlər, arxivlər, kəşfiyyat məlumatları və s. Ermənilərin bizdən güclü olduğu resurs rəmzlərdir. Ermənilər rəmzlərlə yaxşı oynayırlar, bizi da oynadırlar. Məsələn, Xocalını Sumqayıt hadisələrinin ildönümü günündə, Şuşanı Sovetlərin Böyük Vətən Müharibəsinin bitdiyi gündə işğal etdilər, Dilgəmlə Şahbaza 22 illik qondarma hökmü Kəlbəcərin işğalının 22-ci ildönəmində verdilər və s. İndi də Şuşada qondarma prezident seçkilərinin nəticələrini bayram ediblər. Biz bunu ermənilərdən hələ yeni öyrənməyə başlamışıq. Məsələn, Aprel Döyüşlərini Kəlbəcərin işğalı günündə başlamışdıq. Düşməndən də öyrənmək lazımdır. Hələ çox öyrənməliyik. Məsələn, arxiv işlərini də ermənilər bizdən yaxşı bacarır, kəşfiyyat məlumatlarını isə əsasən Rusiyadan alırlar. Qarşıdan 28 May bayramı gəlir, biz isə Rusiyanın arxivlərindən Cümhuriyyət Ordumuzun alay bayraqlarını hələ də ala bilməmişik. Belə olunca, biz rəmzlərdə ermənilərə uduzmağa davam edəcəyik”.

“Sənədlərlə yaxşı işləmirik – mətni oxuya bilsək də, onu oxumağı bacarmırıq”

“İndi də gələk danışıqlarda gerçəkdən güclü olduğumuz resurslara – hüquqi sənədlər və arqumentlər. Burada üstünlük tam bizim tərəfimizdədir. Bununla belə, nədənsə özümüzü (cəmiyyət olaraq) zəif hiss edirik. Nədən belə olur? Çünki: a) işin ancaq informativ tərəfinə güvənirik, performativ tərəfinə yetərli önəm vermirik; b) sənədlərlə yaxşı işləmirik – mətni oxuya bilsək də, onu oxumağı bacarmırıq (bunlar ayrı-ayrı bacarıqlardır – birincisi savadı, ikincisi hermenevtik bilikləri tələb edir); c) hələ də ədalətli bir dövlət qura bilməmişik. Birinci axsaqlığımız haqqında çeşidli mövzularda daha öncə yazmışam. Üçüncü nöqsanımız haqqında da məndən çox başqaları yazıblar. Odur ki, burada ancaq ikinci problemlə bağlı yazmaq istəyirəm”,-deyə deputat əlavə edib.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93