“Fəridin orqanizmi güclü olduğundan virusa yoluxduğunu bilməyib”

13
Vaqif Heydərli pandemiyanın transfer əməliyyatlarına təsirini qabartdı

Oktyabrın 5-də premyer-liqada yay “transfer pəncərəsi” bağlandı. Ötən illərdən fərqli bu dəfə “pəncərə” daha çox açıq oldu ki, bu da pandemiya ilə bağlı idi. Əksər elita təmsilçiləri heyətlərini yeni legionerlərlə gücləndirsə də, onların arasında dünya çapında tanınmış isimlərə rast gəlinmədi ki, bu da əslində gözlənilən idi. Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərbə klublarımızın büdcəsinə də təsirini göstərdi. Təsadüfi deyil ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “yeni transferlərlə bağlı riskə getmək istəmirik. Hələ bilinmir ki, pandemiya səbəbindən çempionat sona kimi davam edəcək, yoxsa dayanacaq” söyləmişdi. Ölkənin ən titullu çalışdırıcısının da söylədiklərindən aydın olur ki, klublar böyük pullar qarşılığında düşərgəyə legioner dəvət etməkdə maraqlı deyillər.
Bəs görəsən, agentlər bu məsələ haqda nə düşünürlər? Onlar klub rəhbərlərinin bu addımını dəstəkləyir, yoxsa fərqli fikirdədilər? “Futbol+”dən olan həmkarımız bu suallar ətrafında Vaqif Heydərli ilə söhbətləşib.
– Bir neçə gün öncə premyer-liqada “transfer pəncərəsi” rəsmən bağlandı. Bəlli səbəbdən bu dəfə klublara heyəti gücləndirmək üçün daha çox vaxt verilmişdi. Necə düşünürsən, yaranmış fürsətdən maksimum istifadə edə bildilər?
– Pandemiya ilə bağlı bütün dünyada eyni vəziyyətdi. Bu üzdən nə gələn var, nə də gedən. Hələ sevinməliyik ki, klublarımız bu aralıqda kimlərisə rənglərinə bağlaya bildilər. Viza məsələləri hamıya problem yaratdı. Mən demirəm ki, pandemiya olmasaydı, klublarımız daha güclü və tanınmış oyunçuları dəvət edəcəkdilər. Amma ən azı belə olmayacaqdı.
– Ancaq proseslərin gedişindən belə qənaətə gəlmək olar ki, daha səviyyəli legionerlərin ölkəmizə gəlməməsində klublarımızın maddi durumu da əsas rol oynadı…
– Bütün komandalarımız – güclüsü, zəifi, pullusu, pulsuzu fərq etmir, indi heç kim ada-sana qaçmır. Klublarımız addım atmamışdan öncə min ölçüb, bir ölçürlər. Onlar az pula komandaya daha çox fayda verə biləcək oyunçu axtarırlar. Bu da başadüşüləndi. Onu da nəzərə alın ki, adlı-sanlı oyunçular da çempionatın səviyyəsini diqqətə alıb bura gəlmək istəmirlər. Klubların sayı az, azarkeş marağı da faktiki sıfır səviyyəsində olan birinciliyə hansı tananmış futbolçu gələr? Gərək onlara fantastik pullar təklif olunsun ki, Azərbaycan premyer-liqasına üz tutsunlar. 2000-ci illərin əvvəlində, çempionatımızda böyük pullar dövr edən zaman ajiotaj var idi, oyunlar dolu tribunlar qarşısında keçirilirdi. İndi bütün bunlar yoxdu. Amma ola bilsin, qarşıdakı illərdə yenə buna şahidlik etdik. İnşallah, torpaqlarımız işğaldan azad olunduqdan sonra komandaların sayı artar və futbola yenə böyük sərmayələr yatırdılar. Onda yenə ölkə futbolunda bum yaşanar.
– Klubların transferlərə böyük pullar xərcləmək istəmədiyini, az vəsaitlə komandaya daha çox fayda verə biləcək oyunçular axtarışına çıxdığını bildirdin. Ancaq belə bir deyim var: ucuz ətin şorbası olmaz. Yəqin ki, nə demək istədəyimi başa düşdün.
– Hər klubun öz iddiasına görə transfer siyasəti var. Məsələn, “Qarabağ” fikirləşir ki, mən hansısa futboçuya 500 min versəm də, çempion olacam, 300 minə müqavilə bağladığım futbolçu ilə də. Belə olan halda nəyə görə 200 min artıq xərcləməliyəm. Avropa Liqasına düşmək istəyən klublar da, demək olar ki, eyni cür düşünür. Bu üzdən heç kim çox pul xərcləmək istəmir. Bu siyasət həm də rəqabətsizlikdən qaynaqlanır. İlk turdan hamı Qurban Qurbanovun komandasının çempion olacağını düşünür. Qalan üç yer üçün də milyonluq transferlərə ehtiyac duyulmur.
– Onu da vurğuladın ki, işğaldan azad olunan bölgələrimizin komandaları sayəsində iştirakçı sayı artacaq. İşqal altında olmayan kifayət qədər rayonumuz var. Onların komandası yoxdusa, yenicə azad olunan, heç bir infrastrukturu olmayan bölgələrin təmsilçilərinin elita və ya birinci divizionda iştirak edəcəyinə inanırsan?
– Hər nə qədər “idman siyasətə qarışmır” desək də, müasir zamanda bunun əksini görürük. Hazırda beynəlxalq arenada ölkəni ən çox reklam edən idman, xüsusilə də futboldu. Fikrimcə, işğaldan azad olunan bütün bölgələrimizdə idman kompleksləri inşa olunacaq, klublar yaradılacaq. Bu bizim üçün prioritet məsələ olacaq. Həmin klublara da normal büdcələr ayrılacaq ki, qısa vaxtda beynəlxalq arenada çıxış etsinlər.
– Hansı klublar transfer dönəmindən daha səmərəli istifadə etdi?
– İndi bu haqda danışmaq bir qədər tezdi. Yeni transferlərin komandaya uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Yeni gələn futbolçudan fantastik çıxış gözləmək bir qədər absurdu. İlk turlarda zəif təsir bağışlayan sabah uğurlu çıxışla adından söz etdirə bilər. Və yaxud ilk oyunlarda bir qədər seçilənlər qarşıdakı turlarda kölgəyə çəkilər. Ona görə də tələsik fikir yürütmək düz deyil. Ən azı qış fasiləsinə qədər gözləmək lazımdı. Onda hansı klubun yay transfer dönəmindən maksimum yararlandığını deyə bilərik.
– Bu “transfer pəncərəsi” də bizim oyunçular üçün uğurlu olmadı. Araz Abdullayevi nəzərə almasaq, heç bir oyunçumuz ölkə xaricinə yollanmadı. Problem nədədi?
– Arazın yaşını nəzərə alsaq, bu keçid də perspektivə hesablanmayıb. Özün də bilirsən ki, bizim planlarımıza bəzi oyunçularımızı ölkə xaricinə çıxarmaq daxil idi. Ancaq pandemiya buna imkan vermədi. Bir neçə oyunçunun legioner həyatı yaşamaq perspektivi var idi, bu yöndə danışıqlar, demək olar, yekunlaşmışdı. Sadəcə, müəyyən səbəblər planlarımızı gerçəkləşdirməyə imkan vermədi. Məsələn, Avropanın çox ölkəsinə viza almaq qeyri-mümkündü. Azərbaycan pandemiya səbəbindən “qırmızı zona” hesab olunduğuna görə səfirliklər viza vermirlər. İnşallah, vəziyyət düzələndən sonra planlaşdırdığımız keçidləri həll edəcəyik.
– Qarşıdan qış transfer dönəmi gəlir. Necə düşünürsən, yanvarda transfer bazarında canlanma olacaq, yoxsa durğunluq davam edəcək?
– Fikrimcə, durğunluq gələn yaya kimi davam edəcək. Çünki hazırda Avropada COVID-19-un ikinci dalğası başlayıb. Qərb ölkələrinin əksəriyyətində yoluxma sayı durmadan artır. Pandemiya isə həm də iqtisadiyyata zərbə vurur. Bu səbəbdən 2021-in yayını gözləmək lazım gələcək.
– Müştərin Fərid Nəbiyevin durumu necədi? Cəmiyyətdən təcrid olunan futbolçu darıxmır?
– Demək olar, hər gün onunla danışıram. Bəzən elə olur ki, bir gündə bir neçə dəfə əlaqə saxlayırıq. Fəridin durumu çox yaxşıdı, heç bir problem hiss etmir. Özü də deyir ki, koronavirusa yoluxduğuna heç inanmır. O, bir neçə komanda yoldaşı və klubun bəzi texniki işçiləri hazırda ev şəraitində təcrid olunublar. Ola bilsin, Fəridin orqanizmi güclü olduğundan virusa yoluxduğunu bilməyib. Yaxın günlərdə, daha dəqiq desəm, oktyabrın 13-də yenidən test verəcək. Ümid edirəm bu dəfə analizi mənfi çıxacaq və Fərid yenidən ümüumi komanda ilə məşqlərə başlayacaq. Özü də çox istəyirdi ki, U-21-in heyətində Slovakiya və Gürcüstana qarşı oynasın. Təəssüf ki, alınmadı.
 Fərid yeni klubunda özünü heç də pis göstərmir. Ona başqa komandalardan təklif var?
– Bu yöndə danışıqlarımız olub. Çexiyanın güclülər dəstəsində çıxış edən klublardan biri Nəbiyevi heyətinə qatmaq istəyir. Qışda da olmasa, böyük ehtimalla yayda Fərid həmin kluba keçəcək.