FANTAZİYALARIN ƏN GÖZƏLİ – Mircəfər Bağırov və Üzeyir Hacıbəyovun söhbəti…

3

…O, yeganə sənətkar idi ki, həm fəal kommunist, həm də böyük istedad sahibi idi…

…Nə yaxşı ki, ölkə, xalq bu qədər varlı-dövlətli idi. Yoxsa ayılıb Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir bəy kimi cəmi bir neçə milli iftixar sahiblərimizin də başını çoxdan yeyərdilər…

1931-ci il idi. 46-cı baharını yaşayan böyük Üzeyir Hacıbəyov yaradıcılıq potensialının çiçəklənən dövrünü yaşasa da, artıq neçə illər idi ki, heç nə yazıb yaratmırdı. Nə qədər operalar, operettalar qəlbində doğulub, qəlbində də yox olurdu. Çünki bu dövr ümumiyyətlə Azərbaycan xalqının həyatında ən faciəvi dövrlərdən biri idi. Bu 11 il ərzində bu bədbəxt respublikaya daha kimlər başçılıq etməmişdi?! Ruslar, yəhudilər və hətta erməni! Özü də necə erməni!!! Mircəfər Bağırovu sürgün etdirən və buna çox-çox peşman olan Levon Mirzoyan! Levon ona görə peşman olmuşdu ki, necə asanlıqla bu güclü və qorxunc erməni düşmənini məhv edə bilərdi, amma etməyib ona Tiflisə dostu Lavrenti Beriyanın yanına qaçmağa imkan vermişdi.

Bəli, bütün bunlar qəlbi təmiz və qüdrətli bir istedad sahibi kimi xalqını sevən Üzeyir bəyin gözləri qabağında olmuşdu. O, necə olmuşdu ki, bu cür iblislərin meydan suladığı bir səltənətdə sağ qalmışdı, heç kim bilmir. Yəqin ona görə ki, Kirovlar, Mirzoyanlar,  Üzeyir bəydən daha vacib məsələlərlə yəni, qızıl və sərvət yığmaqla məşğul olmuşdular. Nə yaxşı ki, ölkə, xalq bu qədər varlı-dövlətli idi. Yoxsa ayılıb Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir bəy kimi cəmi bir neçə milli iftixar sahiblərimizin də başını çoxdan yeyərdilər. Doğrudur, meydan küçüklərin səsi, rejimin şərəfinə zurnaçalanların şən bağırtıları ilə dolmuşdu.

Bu cəhətdən çeçen balası türkləşmiş Müslüm Maqomayev istisna təşkil edirdi. O, yeganə sənətkar idi ki, həm fəal kommunist, həm də böyük istedad sahibi idi.

Nəhayət, budur, iyirminci illərin lap axırlarında böyük dostu Beriyanın sayəsində Stalinin göstərişi ilə Mircəfər yenidən ölkəsinə qayıtdı və əvvəlki kimi ÇK-nın sədri oldu.

Köhnə dostlar görüşüb xeyli söhbət etdilər. Bağırov Üzeyir bəyin bayaqdan diqqətlə onun üzünə baxdığını görüb dedi:

–  Nə işdir, Üzeyir bəy, gözlərini üzümdən çəkə bilmirsən?

– Əziz Mircəfər, inanın ki, gözlərimə inana bilmirəm.

Bağırov da onun üzünə baxdı və bu köməksiz dahinin bu qədər illər ərzində nələr çəkdiyini sanki indi dərk etdi. Dərindən köks ötürüb dedi:

– Eyb etməz, Üzeyir bəy, xalqımızın dostu əziz İosif Vissrionoviçin Stalinin sayəsində ağır günlərimiz, çətin günlərimiz tamamilə arxada qalıb. İndi bizim borcumuz yoldaş Stalinə sübut etməkdir ki, onun qərarı əbəs yerə olmamışdır. Müslümlə əl-ələ verib yeni-yeni gözəl əsərlərlə xalqımızın yenə yaşayıb böyük sənət inciləri yaratmaq qabiliyyətinin ölmədiyini sübut etməliyik.

– Əziz Mircəfər, nə vaxtdandır ki, barmaqlarım pianonun klavişlərinə və not vərəqlərinə həsrətdir. Bu barədə fikirləşim və nə qərara gəldiyimi yəqin ki, yaxın vaxtlarda nəzərinizə çatdıraram.

*  *  *

Bu hadisədən bir neçə müddət keçdi. Üzeyir bəy bir neçə operanın librettosunun qısa məzmununu  cızsa da, heç birinin üzərində dayana bilmədi. Açığını deyək ki, böyük insan heç cür sosializm ideyalarını, sosialist həyat tərzini təbliğ edəcək nəsə yarada bilmirdi. Bir tərəfdən də ona görə ki, vaxtı ilə Müsavat hökümət qəzetinin redaktoru və himninin müəllifi olduğu üçün bunu özünə sığışdıra bilmirdi. Bir tərəfdən də, xüsusilə kəndlərdə qırğın-qiyamət davam etdiyinə görə bu cür musiqi əsərləri yaratmaq onu sevənləri xeyli təəccübləndirə və təəssüfləndirə bilərdi. Amma onu da bilirdi ki, Bağırov yoldaş da haqlıdır. O, mütləq nəsə yazmalıydı.

Evdə kresloya dirsəklənib fikrə getmişdi ki, çay gətirən Məleykə onun üzünə baxıb gülümsəyərək dedi: Ay Üzeyir, deyəsən yaman fantaziyaya dalmısan.

Üzeyir təəccüblə qaşlarını çatıb gülümsədi, – nə dedin, fantaziya? Ah, əhsən sənə yaxşı yadıma saldın, axı bir dəfə hardasa eşitmişdim ki, musiqidə tərcümə də mümkündür. Gəlsənə, çox sevdiyim Motsartın sonatalarından birini “Fantaziya” adı ilə qulağımız üçün tərcümə edim. Həm təzə bir janrın ilk nümunəsi olar, həm yoldaş Bağırovun sifarişi yerinə yetirilər, həm də ürəyim istəyən bir əsər olar. Məleykə, sən allah, o Motsartın sonatalar not kitabını gətir.

Və kitabı vərəqləyib, bir zamanlar xüsusən Sankt-Peterburqda dönə-dönə  qulaq asdığı sonataların not səhifələrini nəzərdən keçirməyə başladı. Aydındır ki, əsər bizim muğamlardan birinin ladında  yazılacaq. Yaxşı olar ki, çox sevdiyim, amma az istifadə etdiyim “Çahargah” üstündə olsun.

Və yenidən vərəqləyib notları dodaqlarında səsləndirməyə başladı. Nəhayət, birdən dayandı. Aha, bu tamamilə “Çahargaha” uyğundur. Hansıdır, “16-cı sonata – Do major”.

Sonra bütün sonatanı zümzümə etdi. Aha, sonrası asandır.

Bu zaman telefon cingildədi. Məleykə telefonu götürdü və Üzeyir bəyə baxıb dedi, – Müslümdir, səni istəyir.

– Ver bəri.

– Müslüm, eşidirəm, nə var?

Müslüm həyəcanla dedi:

– Üzeyir bəy bilirsənmi, nə var?

–  Nə var?

–  Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin yaradılması haqqında icazə almışam. Bu saat orkestrin heyətini müəyyənləşdirməklə məşğulam. Hansı alətdə nə qədər ifaçı olacaq, ifaçılarda kimlər olacaq, sən də kimləri məsləhət bilirsən deyərsən. Yəqin ki, bir müddət çəkər.

– Dostum, yaman sevinirsən haaa!

– Necə də sevinməyim. Rəhbəri və Baş drijoru ən yaxın dostum olacaq.

Üzeyir bəy qəhqəhə çəkdi.

(Ardı var)

Əlisa NİCAT