FANTAZİYALARIN ƏN GÖZƏLİ – Mircəfər Bağırov və Üzeyir Hacıbəyovun söhbəti… / II HİSSƏ

14 May, 2020, 16:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Sənədli hekayə

…O, yeganə sənətkar idi ki, həm fəal kommunist, həm də böyük istedad sahibi idi…

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/fantaziyalarin-%C9%99n-goz%C9%99li-mirc%C9%99f%C9%99r-bagirov-v%C9%99-uzeyir-hacib%C9%99yovun-sohb%C9%99ti/)

Üzeyir bəy otaqda var-gəl edə-edə öz-özünə danışırdı: “Həm öz ürəyim istəyən olar, həm də yoldaş Bağırovun istəyi yerinə yetər. Vokal əsərdən orkestr əsəri daha çox yerinə düşər. Həm melodiyalar rəngarəng olar, həm  yeni bir janr meydana gələr, həm də böyük Motsarta da olan borcumu yerinə yetirərəm. Elə təkcə “Türk marşı” üçün. Doğrudur, böyük Bethovenin də “Türk marşı” var, amma o hara, bu hara… Bethoven bir yol açıb – geniş, möhkəm, tamamilə yeni bir yol. Motsart isə sələflərindən Bethoven qədər fərqlənməsə də, açdığı yollar geniş, möhkəm bir o qədər döşənmiş olmasalar da, sayları çoxdur və hamısı ilə getmək eyni dərəcədə dinləyicini məmnun edir. Bir sözlə Motsart daha əlvandır və “ 40-cı sinfoniya” gözəlliyində ondan sonra hələ heç kim bu dərəcədə gözəl olan  ikinci bir simfoniya yarada bilmədi. Şampan dolu qədəhdən daşıb töküldüyü kimi adamı əsir edən melodiyalar da “40-cı simfoniyadan” o cür çağlayıb daşır. Ancaq təbii ki, mənim öz yolum var. Nə Bethoven, nə də Motsartı heç nədə təkrar etmədim. Bir şeydə səhv elədim ki, inqilabdan qabaqkı operalarımı çox əbəs yerə məhv etdim. Doğrudur, ayrı-ayrı ariya və orkestr hissələrindən faydalandım, amma gərək səbr edə, kütlənin zövqünün ardınca getməyəydim. Nə isə, olan olub, keçən keçib. Hələ kisəmizdə ehtiyat çoxdur. Sadəcə çox ara verdiyimə görə özümü yığışdıra bilmirəm. İnşallah “Fantaziya” ilə həyatımda yeni mərhələ başlayacaq”.

Üzeyir bəy o gündən Motsartın həmin “do major”unu bir-iki dəfə eşitməklə artıq yadında saxlamışdı. Əslində yadda saxlamaq elə bir çətinlikdə törətmirdi. Çünki bütün gözəllik “andante”də cəmlənmişdi.

Və yalnız bundan sonra Üzeyir bəy pianonun arxasına keçib öz “andante”sinin bir neçə variantını zümzümə etdikdən sonra birinin üstündə dayandı. Özü də tərtəmiz “Çahargah” üstündə. Doğrudur, Çahargah savaş, müharibə, göy gurultusu və ildırımlar sintezi  olsa da, Üzeyir bəy daha çox düşüncə və oynaqlığa üstünlük verdi. Həmişəki kimi heç bir əsərini yarım-yarım yazmadığı kimi bir dəfəlik başa çatdırmağı qərara almışdı. Əslində bu elə də çətin məsələ deyildi. Çünki Motsartın “andante”sində olduğu kimi hər şey leytmotiv üzərində qurulurdu. Melodiyanın bütün gözəlliyi hər dəfə motiv təkrar olunanda sanki yeni çalarlarla əks olunurdu. Üzeyir bəy Motsartdan fərqli olaraq heç bir hissəyə üstünlük vermək istəmirdi. Ümumiyyətlə onun bütün yaradıcılığı bu prinsip üzərində qurulmuşdu. “Arşın mal alan”ın bütün ariya, duet, triolarında olduğu kimi Üzeyir bəy heç bir hissəyə üstünlük vermirdi. Kim deyə bilərdi ki, “Əsgər”in və xüsusilə “Gülçöhrə”nin vokal partiyalarının hansı biri  digərlərindən üstündür. Kim deyə bilər ki, “Gülçöhrənin naləsi” onun “Elegiya”sından zəifdir. Hər ikisi eyni dərəcədə gənc qız qəlbinin ilahi sarsıntılarının əksi kimi gözəldir.

Eləcə “fantaziya”nın hər üç hissəsi də, bu qüdrətli qəlbdən süzülüb gələn eyni dərəcədə cazibəli, heyranedici musiqi notları idi.

Əslində Üzeyir bəy yalnız birinci hissə “andante”də Motsartdan bəhrələnmişdi. Çünki Motsart sonatasının bütün cazibədarlığı həmin hissədə idi. Amma “do major”u Motsartın barmaqları bəstələmişdi, Üzeyir bəyin isə hər melodiyada, hər notda ürəyi döyünürdü. Əsəri bitirib nota köçürdükdən sonra Üzeyir bəy onun ilk ifasına başladı. Və bir də gördü ki, qapını dır qoyub Məleykə də öz otağından onun çalğısına qulaq asır. Üzeyir bəy gülümsədi:

– Hə, xoşuna gəlirmi?

– Üzeyir bəy əladır. Amma ikinci hissə lap çox xoşuma gəldi.

Bu hadisədən bir neçə ay keçəndən sonra bir gün Müslüm Maqomayev onlara gəldi. Söz-söhbətdən sonra dostu dedi:

– Üzeyir bəy orkestr demək olar ki, hazırdır. Repertuarın bir-iki nömrəsini mən nəzərdə tutmuşam. Qalanları sizin işinizdir. Necə edəcəksiz? Bizim üç yolumuz var. Ya öz yaradıcılıq nümunələrimizdən, ya rus və Avropa klassiklərindən, ya da xalq musiqisi nümunələrindən tərtib etməliyik. Sizin fikriniz necədir?

Üzeyir bəy həmişəki kimi bığlarını didişdirib dedi:

–  Elə hər üçündən. Əgər tamamilə rus və Avropa klassiklərindən tərtib etsək qorxuram ki, xalqımızı, əksər dinləyicilərimizi o qədər də təmin etməsin. Xalq musiqisi nümunələrindən tərtib edə bilərdik. Onda da deyərlər ki, Oqanezaşvilini təqlid ediblər. Kişi arabir mənə sataşsa da, hər halda ilk orkestri o yaratmışdı və bu xidmətini danmaq olmaz. Yalnız öz yaradıcılığımızdan da istifadə etsək, onda da qeyri-təvazökarlıqda ittiham edərlər.

Müslüm bəy bir anlıq duruxdu və sonra gülümsəyib dedi:

– Üzeyir bəy, daha sözüm yoxdur. Ancaq bir xaişim var, özün də bir şey yazmalısan.

Çay gətirən Məleykə bir anlıq duruxdu, Üzeyir bəy ona baxdı və arvadı o dəqiqə başa düşüb susdu. Üzeyir bəy dedi:

–   Yaxşı, cənab sədr. Çalışarıq o vaxtacan bir şey ortaya çıxaraq.

–  O vaxtacan yox e, Üzeyir bəy tez lazımdır. Orkestrlə sabah, birisi gün məşqlərə başlamalısız.

1931- ci ilin yayı idi. Konservatoriyanın konsert zalı ağzına kimi dolu idi. Mərkəzi Komitənin katibləri, Nazirlər Sovetinin rəhbər işçiləri və bir çox nazirlərin iştirak etdiyi hadisə Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin ilk konsertinə həsr olunmuşdu. Mərkəzi Komitənin birinci katibi yəhudi Polonski hər vəcdlə yerli xalqın, ədəbiyyatçıların, musiqiçilərin rəğbətini qazanmağa çalışır, hər bir mədəni hadisədə şəxsən iştirak edirdi. Əksəriyyət isə musiqiçilərdən, təzə əmələ gələn bəstəkarlardan, şair və yazıçılardan ibarət idi. Eyni zamanda Mir Cəfər Bağırovun sədrliyi ilə Azərbaycan Fövqəladə Komissiyasının rəhbərləri də dinləyicilər arasında idilər. Sözsüz ki, onları ən çox maraqlandıran Üzeyir bəyin uzun illərin fasiləsindən sonra yazdığı-yaratdığı yeni əsər idi.

Pərdə açıldı, ifaçıların bəziləri yerlərində idilər, qalanları da gəlib yerlərini tutdular.  Üzeyir bəy səhnəyə çıxanda zaldakıların hamısı ayağa qalxıb ilk əl çalan adama baxdılar. Bu, Mir Cəfər Bağırov idi. Onun bığaltı gülümsəməsinin səbəbi yalnız Üzeyir bəyə aydın idi. Alqışlar qopdu və konsert başlandı. İlk səslənən musiqi Çaykovskinin “Qu gölü” baletindən “balaca qu quşlarının rəqsi” oldu. Sən demə dünya musiqisinin incilərindən biri olan bu əsər tarın, kamançanın ifasında necə də gözəl səslənirmiş.

Beləliklə, əsərlər bir-bir səslənir, zalda alqışlar qopur, Üzeyir bəy də yüngülcə baş əyməli olurdu.

Nəhayət konfransye elan etdi:

– Üzeyir Hacıbəyov, “1-ci fantaziya”.

Və orkestr dilə gəldi. Sehrli musiqi dalğa-dalğa salona, ordan isə çölə, ətrafa və bütün Azərbaycana yayılmağa başladı. Əsərin ən böyük orijinallığından biri də Üzeyir bəyin özü üçün də, bir az təəccüblü olan bir şey, bir yenilik, fortepianonun orkestrə qaynayıb qarışması idi. Ön sırada oturan Müslüm ilk dəfə idi ki, Azərbaycan musiqisində fortepianonun orkestrdə bu qədər üzvi şəkildə qaynayıb qarışmasının şahidi olurdu. Və istər-istəməz onun başı musiqinin ahənginə uyğun olaraq yırğalanırdı.

“Alleqro”nun sonlarına yaxın orkestr həzin-həzin çulğalananda birdən-birə zalda görünməmiş hadisə baş verdi. 8-9 yaşlarında bir oğlan qabaq cərgələrin birindən qalxıb səhnəyə qalxan pilləkənlərlə Üzeyir bəyə tərəf qaçdı. Görünür uşağın yaxını olan bir kişi yerindən qalxıb   – Fikrət! deyə həyəcanla çığırdı. Üzeyir bəy orkestrə dayanmağı işarə etdi və salona sükut çökdü. Uşaq düz Üzeyir bəyə tərəf gəlib onun hələ də havada olan əlindən tutub öpməyə başladı. Bu görünməmiş, heyranedici hadisə sözsüzki hamını təəccübləndirdi. Üzeyir bəy bir əli oğlanın çiynində ayağa durmuş kişiyə tərəf səsləndi:

– Sənin oğlundur?

– Bacım oğludur, sizin dostunuz rəhmətlik Məşədi Cəmilin oğludur. Tar çalır və sizə pərəstiş edir.

Üzeyir bəy əlini ağlayan oğlanın saçlarına çəkib, – Oğlum, nə olub? – dedi.

Doqquz yaşlı oğlan göz yaşları içində, – Üzeyir bəy, nə qədər gözəl əsərdir!

Üzeyir bəy heyranlıqla, başını yırğalaya-yırğalaya dedi:

– Oğlum, sən bütün musiqişünasları rüsvay elədin, çox sağ ol. Get otur, davamına qulaq as.

Oğlan geri qayıdanda zalda yenə alqış səsləri qopdu. Həmin balaca oğlan isə gələcəyin böyük bəstəkarı, əsərlərinə böyük Amerika dirijoru Stakovskinin drijorluq etdiyi Fikrət Məşədi Cəmil oğlu Əmirov idi.

Əlisa NİCAT


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93