Fatma Qədri və Səməd Vurğun dramaturgiyası

18

Altmış iki illik ömrünün qırx ilini teatr sənətinə həsr etmiş xalq artisti Fatma Qədri maraqlı səhnə ömrü yaşamış nadir sənətkarlardandır. O, səhnəyə sıxdığı ilk günlərdən özündən əvvəl ki, səhnə ustalarından çox şey öyrənmiş, sənətini bu görkəmli sənətkarların ənənələri konteksində inkişaf etdirməyə nail olmuşdur. F. Qədri ifa etdiyi hər hansı rolu sənətkar qəlbinin istisi ilə qızdıra bilirdi. Onun klassik və müasir əsərlərdə yaradığı zəngin xarakterli obrazlar aktrisanın daxili zənginliyinin bariz nümunəsi idi.

1938-ci il oktyabr ayının 5-də S. Vurğunun ilk səhnə əsəri olan “Vaqif” mənzum dramı A. İsgəndərovun quruluşunda tamaşaya qoyuldu və Azərbaycan teatrında tarixi hadisə kimi qeyd olundu. Bu tamaşada Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Əli Qurbanov, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı ilə yanaşı Fatma Qədri də var idi. O, Xuraman obrazına sözün tam mənasında səhnə həyatı verdi. “Fatma Qədri obrazın təbiətindəki ziddiyyətli cəhətləri düzgün qavrayıb, onu bütün dramatizmi ilə göstərə bilirdi… Fatma Qədri Xuramanın şöhrətpərəstlik hisslərini daha qabarıq vermək üçün həyati detallar tapmış, onun faciəsinə tamaşaçını inandırmışdı” (C. Səfərov, A. Babayev).

  1. Qədri Xuramanın həyatındakı faciəli və acı taleyi düzgün duymuşdur. O, həqiqətə şübhə ilə yanaşır və ağır günaha bais olur, bu da onun ömrünün sona yetməsinə vasitə olurdu.

Xuraman epizodik obraz olmasına baxmayaraq, mürəkkəb xarakterə malikdir. “Bu rol onun yaradıcılığında ən yüksək zirvəni təşkil edir… “Bu obrazı yaradan aktrisa Fatma Qədri böyük bacarıq və məharəti bu mütərəddid və daxili ziddiyyətli qadını realist tonda verməsidir. Yalnız aktrisanın sənətkarlığı Xuraman obrazını tamaşaçılar qarşısında real və canlı insan kimi canlandırmağa səbəb olur”.

Bu sətirlər bir qədər qarışıq da olsa, mənanı anladır, ancaq mənim fikrimcə, Xuraman rolunda Fatma Qədri realist obrazdan daha artıq romantik obraz yaratmağa çalışır və buna müvəffəq olur. Onun Xuramanı romantik-realist surətdir” (Ə. Şərif).

Fatma Qədri Xuramanı dərin zövqlə ifa edirdi. Onun ifasında Xuraman səhv etdiyindən əzab çəkirdi, iradəsizlik, zəiflik göstərirdi və bu səbəbdən həyata qatıla bilməyib tələf olurdu. Aktrisa Xuramanın faciəli taleyini və həyatındakı kələ-kötürü duyaraq ifa edirdi. Yəni bu yükün ağırlığını dərk edirdi.

“Fatma Qədri Xuramanı nazlı və vüqarlı bir qadın kimi göstərərək ifadəli bir surət yaradır. Xuraman Vaqifi sevir, onun ağlına, istedadına, insaniyyətinə qiymət verir, lakin o, qayğısız, təlaşsız, əzabsız yaşamaq həsrətindədir; o, dəbdəbəli, parlaq və laqeyd həyat arzulayır. Buna görə də o, Vaqifi tərk edib İbrahim xanın hərəmxanasına köçür. Aktrisa doqquzuncu şəkli xüsusilə qüvvətli oynayır: sarayın zəhərini dadan, təhqir olunan, əzab çəkən Xuraman daxilən təmiz bir insan kimi Vaqifin qarşısında canlanır.” (C. Cəfərov).

“Vaqif” tamaşasının ən təsirli səhnələrindən biri doqquzuncu şəkil yəni zindan səhnəsi idi. “Bu səhnə dramaturq, rejissor və eləcədə, aktyorlar tərəfindən həqiqi sənətkarlıqla yaradılmışdır. Ə. Ələkbərov və Fatma Qədrinin bu səhnəni nə qədər təbii və həyacanlı bir ürəklə ifa etdiklərini sözlə təsvir etmək çətindir.” (M. Mərdanov).

Fatma xanımın ifa etdiyi Xuraman mənəviyyatca aşağı olan bir insan idi. Təmiz məhəbbət ona yabançı idi. Buna görə də o meşşan həyata aldanırdı və pak məhəbbətini ayaqlar altına atırdı.

“Fatma xanım Xuramanın həyat yolunu, təbiətini, hiss və həyəcanları, şöhrətpərəstliyi, az sonra isə yanıldığını, Vaqif kimi nəcib bir insana xəyanət etdiyini başa düşəndə çəkdiyi peşimançılığı böyük temperamentlə, realist boyalarla tamaşaçıya çatdıra bilirdi. O, tamaşaçını Xuramanın tərəddüdlərinə, sevincinə, qüssə və kədərinə inandırırdı. Yeri gəlmişkən qeyd edək ki, Xuraman-Fatma Qədri həyata münasibəti, ətraf mühitə etirazı-üsyanı etibarilə Katerinanı (“Tufan”-İ.A.) xatırladırdı. Aktrisa Xuramanın məhv olmasını onun təmsil və məğlub olması kimi yox, onun düşdüyü vəziyyətə, onu əhatə edən xəbis adamlara, saray həyatına qarşı nifrətinin təzahürü kimi şərh edirdi.

… İlyas Əfəndiyev “Səhnəmizin fəxri” adlı məqaləsində Fatma Qədrinin Xuraman rolundakı çıxışını xatırlayaraq yazır: “Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharət və incəlik mənə o qədər təsir etmişdir ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün qabağından çəkilmirdi. Mənə elə gəlirdi ki, peşimançılıq əzabları içində boğulan Xuramanın hıçqırıqlarını hələ də eşidirəm.

Fatma Qədri bütün bunları nə qədər təbii, nə qədər gözəl ifa edir…”” (A. İsmayılova).

Getdikcə artan şübhələr tamaşanın ikinci və dördüncü şəkillərində Xuraman-Qədrinin qəlbinə yol tapırdı. Ona xoş gəlməyən Vaqifin xarakteri, Vaqiflə İbrahim xan arasında əmələ gələn münaqişə Xuraman-Qədrinin narazılığına səbəb olurdu. Və nəticədə Xuramanda Vaqifə xəyanət edən psixoloji motiv meydana gəlirdi. Xuraman-Qədri sonsuz əzablar keçirir və öz günahını ölümü ilə yuyurdu.

“Fatma Qədri özünə qarşı tələbkar sənətkar idi. İfa edəcəyi hər bir obrazın xırda, hətta ilk baxışda gözə çarpmayan, yaxud əhəmiyyətsiz görünən cəhətlərini aşkarlamağı lazım bilirdi.

… Onun Xuramanı incə hisslərin, həyəcanların, əzəmətli, həm də məlahətli duruşun, coşqun qəlb çırpıntısının birliyindən yaranmışdı. Belə bir rolu yalnız yüksək daxili və fiziki imkanlara malik olan sənətkar ifa edə bilərdi. Xuraman bütün vücudu ilə gözəllik aləmi idi: sanki danışmırdı, faciəvi tora bürünmüş lirik məhəbbət mahnısı oxuyurdu” (İ. Kərimov).

Fatma Qədri Xuramanı tamam mənəviyyatsız insan kimi verməmişdir. Onu zəif xarakterli, qismən iradəsiz bir insan kimi göstərirdi. Qəlbində iki mübarizəni qarşılaşdıran Xuraman-Qədri, axırda tutduğu əməldən peşiman olaraq, zidana salınmış Vaqifdən mərhəmət istəyirdi, rədd cavabı aldıqdan sonra, özünə qəsd edirdi.

  1. Bədirbəyli xatirələrində yazır ki; “Səməd Vurğun özü Fatma xanımı bu rolda çox sevirdi.

Mən onunla 650 dəfəyə yaxın “Varif” tamaşasında çıxış etmişəm və hər tamaşada bu gözəl aktrisanın eyni ilham, eyni şövqlə oynadığının şahidi olmuşam”.

Fatma Qədri Xuramanın mürəkkəb, ziddiyyətli xarakterin, daxili aləmini, həyəcanını, faciəsini sənətkarlıqla göstərməyə nail olmuşdur. Tamaşada Ələsgər Ələkbərovun Vaqifindən sonra, Fatma Qədrinin Xuramanı ən dramatik və təsirli obrazlardan biridir. Fatma xanım ifası ilə Xuramanın emosional təsirini daha da artırırdı. Buna görə də Xuraman bir obraz olaraq tamaşaçıları düşündürürdü.

1941-ci il noyabr ayının 6-da S. Vurğunun “Fərhad və Şirin” mənzum faciəsi A. İsgəndərovun quruluşunda tamaşaçılara təqdim olundu.      Adil İsgəndərovun bu quruluşu qəhrəmanlıq dastanı kimi tamaşaçılara təqdim olunmuşdur. Hətta tamaşanın lirik səhnələrində belə qəhrəmanlıq ab-havası düyulurdu. Bu da şübhəsiz dövr ilə əlaqədar idi. Yəni o vaxtın dili ilə desək tamaşaçıları qələbəyə ruhlandırmaq lazım idi. Elə “Kral Lir” tamaşasının repertuardan çıxmasına əsas səbəb də bunu bəhanə elədilər…

Fatma Qədrinin ifa etdiyi Şirin də öz taleyi ilə yanaşı, vətənə olan sevgisi də ön palanda təqdim olunurdu. Onun monoloqlarından hiss olunurdu ki, qəlbində öz vətəninə və Fərhada böyük sevgisi vardır. Aktrisa burada sevgini məharətlə ikiləşdirə bilirdi. Bunlardan biri, ən başlıcası vətən sevgisi və sonda Fərhada olan sevgi idi. Fatma xanım bu hissi peşəkarlıqla tamaşaçıya ötürə bilirdi.

“Şirin xəyallarla yaşayan Şirin rolunu oynayan Mərziyə Davudova və Fatma Qədri onun doğma Azərbaycandan uzaqlardakı həyatının faciəsini, Azərbaycanı öz tabeliyinə keçirmək istəyən Xosrovu da həqiqi məhəbbətlə sevməyin mümkün olmadığını sənətkarlıqla göstərirdilər” (C. Səfərov, A. Babayev).

Tamaşada Şirin bir obraz kimi bütöv deyil. Lakin Fatma Qədrinin ifa etdiyi Şirinin mənəviyyatı olduqca zəngin idi. Bu, tamaşa başlayanda Şirin-Qədrinin tamaşaçı ilə ilk görüşündən hiss olunurdu. Fatma xanımın Şirinində kübarlıq var idi. O, bu obrazı xarakter kimi bütövləşdirə bilirdi.

1945-ci il noyabr ayının 7-də S. Vurğunun dördüncü səhnə əsəri olan “İnsan” mənzum dramı M. Haşımov və Ə. Ə. Ələkbərov tərəfindən tamaşaya qoyuldu. Bu tamaşada Amaliya obrazı Qəmər Topuriya ilə Fatma Qədriyə tapşırıldı.

Bu əsərdəki hadisələr iki xəttə cərəyan edir. Birincisi, xalqların əxlaqi, qəhrəmanlığı, humanizmi, insan kamalının qələbəsi və ikincisi isə xalqların mənəvi qardaşlığı.

  1. Vurğunun “İnsan” hərb mövzusunda yazılan dramından əvvəl üç pyesi (“Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”) tamaşaya qoyulmuşdu. Fatma Qədri bu əsərlərin ikisində (“Vaqif” və “Fərhad və Şirin”) ikinci dərəcəli və baş rol ifa etmişdir. Amaliya ikinci dərəcəli rol olsada, Fatma xanımın S. Vurğun dramaturgiyasında ifa etdiyi üçüncü obraz idi.

“İnsan” mənzum dramının bir neçə gün stol arxası məşqi oldu. Əsərin bir neçə dəfə oxunuşundan sonra nöqsanlar qeyd olundu. Bu əsərdə xeyli qüsurlar var idi ki, bunlardan da əsası düşmənləri karikatura şəklində göstərilməsi idi.

  1. Qədri xatirələrində yazır: “Pyesin quruluşçu rejissoru Məhərrəm Haşımov əsəri müdafiə etməyə başladı və kollektivlə mübahisəyə girişdi.

Bizim teatrın iş üslibu belə idi ki, həmişə tamamlanmamış əsəri qəbul edir, müəlliflə birgə çatışmayan yerləri düzəldirik.

Bu sahədə Adil İsgəndərov, xüsusilə fərqlənirdi. Onun “Vaqif” dramı üzərindəki işi buna canlı misaldır. Uzun illərin təcrübəsi göstərirdi ki, bu üsul daima müsbət nəticələr verir…

Səməd Vurğun, rəssam Bədurə Əfqanlı, Məhərrəm Haşımov, Əliheydər Ələkbərov və kollektiv üzvlərinin iştirakı ilə surətləri təhlil etdik. Birinci olaraq oynadığı Şahbaz rolu barədə Kazım Ziya danışdı. Hiss olunurdu ki, o, obrazı dərindən dərk etməmişdir. Şəxsən mən ondan çox şey gözləyirdim. Rejissor Haşımov bunu onun nəzərinə çatdırdı. Rza Əfqanlı çox kəskin və etikadan uzaq bir şəkildə pyesi bütünlüklə tənqid etdi. Onun fikrincə, pyes çox zəifdir və ana xətti düzgün düşünülməmişdir.

Müəllif açıq tənqid edildiyinə görə təşəkkür etdi. Eyni zamanda gülümsəyərək çox mülayim və səmimi şəkildə onun səhvini sübuta yetirib, bəzi qeydləri  ilə razılaşdı.

Amaliya obrazı barədə yazdığım təhlili oxudum. Çox az sual verildi. Kollektiv üzvlərinin fikrincə, mən obrazı geniş şəkildə və dərindən təhlil etmişdim. Amaliya obrazı maraqlıdır və aktyorun təsirli çıxışı üçün geniş imkan yaradır. Fasilədə Bədurə xanımla obrazın zahiri görkəmi barədə söhbət etdik. Tələblərimiz və zövqümüz bir-birinə uyğun gəldi. Buna görə çox sevindim. Mənə elə gəldi ki, o, fikrimi başa düşmüşdür”.

  1. Qədri ehtiyat edirdi ki, Amaliya rolunun səhnədə canlandıra bilməsin. Ancaq buna baxmayaraq özünə inanırdı. Bu obraz onun üçün yeni idi. O, təxminən iyirmi illik səhnə fəaliyyəti müddətində belə rol ifa etməmişdir.
  2. Qədri bu rolda bəzi çatışmazlıqları S. Vurğuna bildirdi. Əsərdə Amaliya əlli yaşında verilmişdir. Fatma xanım xahiş etdi ki, obrazın yaşı az göstərilsin. Və tamaşaçı inansın ki, general Amaliyanı özü ilə gətirib. Əks halda yaşlı insanı general özü ilə gətirməz. Amaliya həm də yüksək mənsəbə malik nəslin nümayəndəsi idi. S. Vurğun Fatma xanımın sözünü eşidib, mətni dəyişdi.

Stol arxası məşqdə müəllif öz iştirak edirdi və yerində mətnə düzəlişlər edirdi. Bu əsərdə Amaliyanın sözləri az idi. Aktrisa burada obrazın yadda qalması üçün əsas hərəkətlərə üstünlük verdi. Bütün səhnə hərəkətlərini Fatma xanım fikrində panlaşdırmışdı. O, Amaliya obrazını yaxşı ifa edə bildi.

Kollektivin “İnsan” əsəri üzərində gərgin işləməsində baxmayaraq pyesin yazılışında olan qüsurlar onu xilas edə bilmədi. Bu əsər cəmi on yeddi dəfə göstərildi və sonra repertuardan çıxarıldı.

Fatma Qədri duyan, düşünən və tamaşaçını düşünməyə vadar edən aktrisa idi. O ifa etdiyi obrazı hazırlayarkən müşahidə etməyi çox sevirdi. İfa etdiyi heç bir rola məsuliyyətsiz yanaşmırdı. Onu yaratdığı surətin taleyi daim narahat edirdi.

 

İmran AXUNDOV,

fəlsəfə doktoru