FİRUDİN BƏY DARYAL KİMDİR?!

26

Dost-doğma həmyerlimizdir. Ermənilərə qarşı illərlə mücadilə aparan bu generalı gənclik tanıyırmı?  Soruşmuram. Çünki  mən özüm heç bu qəhrəman laçınlımız haqda bir bilgiyə sahib deyiləm. Hətta beş-altı dost arasında  sorğu apardım, onlar da bilmədilər. Bəs xalq olaraq biz nəyi bilirik?! Desəm yox, dünyada hər şeyin altına-üstünə bələd olan 5-10 xalq varsa, onlardan biri də bizik, hamı inanacaq. Milli köklərimizə  bəsit və biganə münasibət əlavə və daha ağır problemləri canımıza dayanmadan yeridir. Yenə imdadı başqa məkanlarda axtarırıq.

Erməni dılğır əsgərini göylərə qaldırır. Biz isə ağır cəbhələrdə zabit şərəfini layiqincə qoruyan, düşmənə qarşı son nəfəsinədək qorxmadan vuruşan general həmyerlimiz haqda ümumiyyətlə, heç nə bilmirik. Biliriksə də çox az bilirik.

Keçmişini görməyən, böyüklərini tanımayan xalq qolsuz-qanadsız quşa bənzər. O, heç vaxt zirvələrdə uça bilməz. Oxuyaq, öyrənək, axtaraq!!!  Milli təhsilimizin və elmi mərkəzlərimizin öhdəsinə düşən maarifləndirmə prosesinə necə can yandırmamız məlumdur. Axı Firudin bəy sıradan birisi deyil ki, onu biganəliyin ağuşundan xilas etməyə bu cür astagəl olaq. Əgər internetdə qarşıma çıxmasa idi, hardan biləcəkdim belə  generallarımız olub, ya yox?

Böyük Atatürkün ” İSTİQLAL” ordeni ilə təltif etdiyi general həmyerlimizin kimliyi barədə dostlar arasında sorğu keçirdim. Hamılıqla gözümüzü döydük və bundan məyusluq keçirdik. Özümüzü ziyalı hesab etdiyimizə, guya Tarixi-Nadiri yarıyacan  oxuduğumuz görə utandıq. Şübhəsiz tanıyanlar da var. Amma bu yüksək orden hər kəsə verilmir, hər kəsə də Atatürk öz əli ilə təqdim etmir. Bəli, nahaqdan utanmdıq. Nə isə!!!! İnternetdən aldığım təəssüratlar altında bu sətirləri yazmağı vətəndaşlıq borcu saydım.

1918-20-ci illərdə AXC ordusunun süvari alayında xidmət keçən hərbiçimiz Şuşanın erməni qəsbkarlarından təmizlənməsində əvəzsiz şücaətləri məndə böyük iftixar hissi oyatdı. Qarabağımızın ruhu olan bu şəhərdə Azərbaycan bayrağını ilk ucaldan da o olmuşdur.

General Firudin bəy Daryal 1901-ci ildə dağlar diyarımız Laçının Təzəkənd kəndində dünyaya gəlmişdir. Əsl adı Fərman olan  hərbiçimizin keçirdiyi  şanlı döyüş yolu hər birimizin üçün əsl örnəkdir.  Bir hərbçi olaraq onun səngər həyatı  bütünlüklə erməni daşnaklara qarşı mübarizə ilə diqqəti cəlb edir. Qarabağın qubernatoru Xosrov bəy Sultanovun bir müddət köməkçi işləyən Firudin bəy yenidən silaha sarılaraq ermənilərə qarşı amansız döyüşə qoşulur və düşmənin Qarabağa xaincə basqınlarının dəf edilməsində bir hərbiçi kimi böyük qəhrəmanlıqlar göstərir.

1918-ci ildə  Şuşaya soxulmuş erməni silahlılarını oradan təmizləyən Firudin bəy 1920-ci ilin martında düşmənin gecəyarısı Xankəndinə hücumunun qarşısını aldıqdan sonra aprelin 2-də Əsgəran tərəfdə erməni generalın hərbi birləşməsinə ağır zərbələr endirir. Düşmən ərazini tərk etməyə məcbur qalır və böyük sayda canlı itki ilə oz yuvasına dönür.

Ancaq AXC-nin süqutu general Daryala çox pis təsir edir və qubernatorluğun binası üzərindən özünün asdığı Azərbaycan bayrağını çıxarıb Laçındakı qohumlarına verir və sonra da tabeliyində olan1200 döyüşçü ilə bərabər Türkiyəyə mühacirət edir. İndi o bayraq hardadır?

Kazım Qarabəkir paşanınn komandanlığı ilə istiqlal savaşına başlayan Firudin bəyin Sarıqamışın, İqdırın, Qarsın, Gümrünün geriyə alınmasında və Şərqi Anadolunun  ermənilərdən təmizlənməsində xüsusi xidmətləri və döyüş təcrübəsi Türkiyə Silahlı Qüvvətləri tərəfindən dəfələrlə yüksək qiymətləndirilir.Döyüş zamanı  yaralanan generala qazi adı verilir. Döyüşə atılan  general bu dəfə yunan ordusu tərəfindən işğal olunan Türkiyənin qərbinin azad edilməsi uğurunda vuruşur. Bu döyüşdə göstərdiyi igidliyə görə Atatürk tərəfindən “İSTİQLAL” ordeni ilə təltif olunur. Türkiyə hökuməti  Firudin bəyə İzmir və İstanbul şəhərlərinin hərbi komendantı  vəzifələrini də etibar edir.

General 1989 -cu ildə 88 yaşında vəfat edir və hərbi mərasimə uyğun olaraq “Karaca Ahmet” məzarlığında torpağa tapşırılır. Hamılıqla  bu qəhrəman həmyerlimizə Allahdan rəhmətlər diləyək!!!

Eldar SABİROĞLU