Salam, xoş gəlmisiniz.

GÜRCÜSTANDA ETİRAZLAR NƏTİCƏ VERƏCƏK?

2019-07-04 11:50:40

GÜRCÜSTANDA ETİRAZLAR NƏTİCƏ VERƏCƏK?

Hüseyn Yusubov: “Qaxarianın istefası gözlənilmir”

Elxan Şahinoğlu: “Kreml əlinə düşən fürsətdən istifadə etməyə çalışır”

Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları davam etdirilir. Dünən də aksiya keçirilib. Təşkilatçılar daxili işlər naziri Giorgi Qaxaria istefa verənə qədər hər gün aksiya keçirəcəklərini qeyd ediblər.

Xatırladaq ki, iyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı zamanı qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi etiraz aksiyasılarının başlamasının əsas səbəbidir. Buna görə iyunun 21-də Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa verdi. İyunun 25-də isə Arçil Talakvadze parlamentin yeni sədri oldu.

Həmçinin aksiya iştirakçılarının tələbindən sonra Gürcüstanın hakim partiyası iyunun 24-də Gürcüstanda 2020-ci il parlament seçkilərinin proporsional sistemə uyğun həyata keçirilməsi ilə bağlı qərar verdi. Lakin hakim “Gürcü Arzusu” Partiyasının bəzi “güzəştlərə” getməsinə baxmayaraq, daxili işlər naziri Giorgi Qaxaria istefa vermir. Görünən odur ki, hakim partiya üçün Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzedən daxili işlər naziri Giorgi Qaxaria daha üstün fiqurdur.

“Ola bilər ki, siyasi partiya yaradaq”

Картинки по запросу Hüseyn Yusubov

Gürcüstanda baş verən proseslərə münasibətini ifadə edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov “Hürriyyət”ə dedi ki, bu aksiyalar müxalifət partiyaları tərəfindən təşkil olunmur: “Təşkilatçılar onlar deyil. Yəni bu mitinqləri müxalifət partiyaları idarə etmir. Əsasən Avropapərəst, Avropadan maliyyələşən təşkilatlar və tələbələr edirlər. Tələblər artıq bəyanat verdilər. Bizdina İvanişviliyə müraciət elədilr ki, onlar danışıqlar stoluna oturmaq istəyirlər. Çünki iqtidar rus faktoru ilə bağlı parlamentin sədrini istefaya göndərdi. Eyni zamanda hamının çoxdandır gözlədiyi məsələni, yəni parlamentə seçkilərin proporsional olmasını masaya yatızdırdı və proporsional seçkilərdə baryeri sıfra endirdi. Gürcüstanın seçki qanunlarına görə 5% baryer var idi. Artıq Milli Hərəkat Partiyası və Avropalı Gürcüstan Partiyasından başqa geridə qalan bütün partiyalar o qanun layihəsinin müzakirəsi üçün masa arxasına oturdular və ya oturmağa razılıq verdilər. Bunu şəxsən biz azərbaycanlılar da çoxdan gözləyirdik ki, bu qanuna dəyişiklik olsun. Bu, yeni perspketivlər də açır. Biz də müzakirələr edirik, ola bilər ki, siyasi partiya yaradaq. Çünki artıq sıfır faizlik baryer olanda 12-13 min səsə bir mandat düşür. Bizim də burada yüz minlərlə səsimiz varsa, niyə bu haqda düşünməyək?! Biz bu haqda da düşünməliyik. Burada gedən danışıqlarda qanunların hansı formada olmağı müzakirə olunur. Maraqlıdır, bütün ölkələrdə həmişə iqtidar çalışır ki, bayreri yüksək eləsin, müxalifət isə çalışır ki, bir az aşağı olsun. Bu gün bizdə xurcunların yeri tərs düşüb, iqtidar sıfır faiz təklif edir, müxalifət isə yüksək baryer tərəfdarıdır ki, hər partiya parlamentə düşə bilməsin”.

“Şəxsən Qaxariaya təşəkkürlər yağır”

H. Yusubov vurğuladı ki, iqtidar etirazçıların tələbini yerinə yetirmək haqqında heç bir əlamət göstərmir: “İqtidarın bütün səviyyələrindən çox net şəkildə bu mövqe sərgilənir ki, 20-si gecəsi aksiya iştirakçıları ölkə parlamentinə daxil ola bilərdilər və Daxili İşlər Nazirliyinin qüvvələri bunun qarşısını almışdı. Buna görə də iqtidarın ayrı-ayrı səviyyələrindən Daxili İşlər Nazirliyinə, şəxsən Qaxariaya təşəkkürlər yağır. Müxalifət düşərgəsi isə tam tərsinədir, Qaxariayanı günahlandırırlar. Həmin gün gənc bir qız və oğlan gözünü itirib. Bu şeylərə göz yummaq olmaz. Maraqlıdır ki, həmin gün orada erməni xüsusi təyinatlıları da iştirak edib, bir nəfər xəsarət alıb və bu mövzu açılıb. Bir də təkrar edirəm, artıq tələbələr bəyan ediblər ki, müzakirələr masasına oturmağa razılaşıblar. Bu, o deməkdir ki, mitinqlərdən çəkinəcəklər. Qaxarianın istefası gözlənilmir. Yaxın günlərdə onun istefasının ola biləcəyi haqda heç bir əlamət yoxdur. Etirazların daha geniş miqyas alacağını da düşünmürəm. Həmişə bu cür mitinqlər paytaxtlarda olur. Mitinqlərin də əsas aparıcı qüvvəsi gənclərdən, yəni tələblərdən ibarət olur. Tələbələr də artıq Bidzina İvanişvliyə müraciət elədilər ki, müzakirələr masası arxasında əyləşmək istəyirlər. Demək ki, onlar mitinqlərdən çəkinirlər”.

“Kremldə hesab edirlər ki, Ukrayna Rusiya ilə qarşıdurmada tək qalmaq istəmir”

AŞPA-da Rusiyanın lehinə səs verə bilmərik - ELXAN ŞAHİNOĞLU

Gürcüstanda baş verən prosesləri şərh edən “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Rusiya-Gürcüstan münasibətləri gərginləşir: “Rusiyalı deputatın Gürcüstan parlamentinin sədrinin kreslosunda oturması Gürcüstan müxalifətinin və cəmiyyətinin bir hissəsində narazılıq doğurdu. Rusiyada hesab edirlər ki, baş verənlərin arxasında ABŞ və Ukrayna dayanır. Yəni guya həm ABŞ, həm də Ukrayna Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsini istəyir. Rusiyada Ukraynanın adını ona görə çəkirlər ki, Tiflisdəki mitinq və küçə yürüşlərində Ukraynanın bayrağı dalğalanır.

Digər tərəfdən Kremldə hesab edirlər ki, Ukrayna Rusiya ilə qarşıdurmada tək qalmaq istəmir. Həqiqətən hazırda Kreml qonşuları Ukrayna və Gürcüstana qarşı eyni sərt siyasəti aparır. Halbuki, son illər Rusiya Gürcüstanla münasibətlərin nisbətən yumşalması siyasətinə üstünlük verirdi. Yəni Rusiya Gürcüstanla 2008-ci il müharibəsini unutmaq üzrə idi. Rusiya hakimiyyətinin digər arqumenti odur ki, Rusiya və Gürcüstan diplomatları arasında illərdir İsveçrədə danışıqlar gedir və bu danışıqlarda müsbət nəticələr əldə olunurdu. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin sözlərinə görə, Moskva hətta Gürcüstan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırmağa hazırlaşırdı. Ancaq Karasinin sözlərinə görə, Gürcüstandakı son hadisələr danışıqlar prosesinə zərər vurdu”.

“İvanişvilinin Saakaşvilinin xarici siyasətindən fərqləri də var idi”

“Əlbəttə, Gürcüstan hakimiyyətini idarə edən oliqarx Bidzina İvanişvili 2008-ci ilə müharibəsinə, o cümlədən Cənubi Osetiyanın və Abxaziyanın tamamən Rusiyanın nəzarətinə keçməsinə baxmayaraq, Moskva ilə dialoq qurmuşdu. Ancaq Bidzina İvanişvili Rusiya ilə barışmağa tələsmirdi. Çünki Gürcüstan əhalisinin əsas hissəsi Rusiya ilə yenidən tərəfdaş olmaq ideyasını qəbul etmirdi. Buna görə də İvanişvili xarici siyasətdə rəqibi olduğu keçmiş prezident Mixail Saakaşvilinin NATO və ABŞ-la yaxınlıq siyasətinə üstünlük verirdi. Ancaq İvanişvilinin Saakaşvilinin xarici siyasətindən fərqləri də var idi. Məsələn Mixail Saakaşvili Azərbaycanla əlaqələri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdı. İvanişvilinin nəzarət etdiyi dövlət strukturları isə son zamanlar fəal şəkildə Azərbaycana qarşı ərazi iddiasını irəli sürürdülər”, - deyə politoloq nəzərə çatdırdı.

“Rusiya Gürcüstanın NATO-ya inteqrasiyasından narahatdır”

Şahinoğlunun fikrincə, Gürcüstanı cəzalandırmaq üçün Rusiyanın əlinə yaxşı fürsət düşüb: “Moskva baş verənlərdə ABŞ-ın əlinin olduğunu iddia etsə də, əslində, Kreml əlinə düşən fürsətdən istifadə etməyə çalışır. Rusiya Gürcüstanın NATO-ya inteqrasiyasından narahatdır. Ona görə də Moskva son hadisələrdən istifadə edərək Gürcüstana qarşı sanksiyaları sərtləşdirib. Məsələn, Kreml Rusiya vətəndaşlarının Gürcüstana getməsini istəmir. Son illər Gürcüstana ən çox Rusiyadan turist gedirdi. Bu Gürcüstan büdcəsinə illik 500 milyon dollar gəlir gətirirdi. Kreml Gürcüstanı bu qazancdan məhrum etmək istəyir. Kreml Gürcüstan məhsullarının Rusiyaya ixracatını da qadağan etməyi planlaşdırır. Kreml bütün bunları ona görə edir ki, Gürcüstan hakimiyyəti xarici siyasətini dəyişsin”.

“Müxalifət baş verən hadisədən hakimiyyəti zəiflətmək üçün istifadə etməyə çalışır”

“Baş verən hadisələrdən Gürcüstan müxalifəti də istifadə etməyə çalışır: “2020-ci ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ona görə də müxalifət baş verən hadisədən hakimiyyəti zəiflətmək üçün istifadə etməyə çalışır,-deyə politoloq diqqətə çatdırdı.

“Son hadisələr Gürcüstan hakimiyyəti üçün “soyuq duş” effekti yaradır”

E. Şahinoğlu hesab edir ki, son hadisələr Gürcüstan hakimiyyətinin Azərbaycanla bağlı siyasətini də korrektəyə məcbur etməlidir: “Rusiya ilə münasibətlər gərginləşməyənə qədər Gürcüstan hakimiyyəti Azərbaycana qarşı ərazi iddiasını gündəmdə saxlayır, millətçilərin sərhəddə toplaşmasına şərait yaradırdı. Rəsmi Tiflisin bu siyasəti Azərbaycan hakimiyyətində və cəmiyyətində ciddi suallar doğururdu. Hətta Azərbaycanda “Gürcüstanı strateji tərəfdaş hesab etmək olarmı” sualı aktuallaşmışdı. Son hadisələr Gürcüstan hakimiyyəti üçün “soyuq duş” effekti yaradır. Çünki Gürcüstan hakimiyyəti eyni zamanda iki qonşusu - Rusiya və Azərbaycanla münasibətlərin gərginləşməsinə gedə bilməz. Bu Gürcüstan üçün həddən artıq böyük risq olar. Azərbaycandan Gürcüstana təhlükə yoxdur, Gürcüstan üçün ən böyük təhlükə Rusiya istiqamətindəndir. Ona görə də sağlam məntiq diqtə edir ki, Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlərinin gərgin olduğu mərhələdə Azərbaycana qarşı ərazi iddiasından vaz keçməlidir. Əks halda Gürcüstan hakimiyyəti geosiyasi vəziyyətini daha da gərginləşdirəcək”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93