“Gürcüstan azərbaycanlıları həyatda sağ qalmaq davası aparır” – DEPUTAT AZƏR SÜLEYMANOV

9 May, 2020, 11:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Gürcüstanın indiki vəziyyəti nəinki 90-cı illərdəki, 1941-45-ci illərdəki durumu xatırladır”

“Gürcüstan dövlətindən tələb edirik ki, o separatçı insanlar dövlət qarşısında cavab versinlər və cəzasını çəksinlər, ən əsası da azərbaycanlılardan üzr istəsinlər”

“Bizi qovmaq istəyənlər 90-cı illərdə də buna cəhd göstərdilər, ancaq çox pis nəticə ilə qurtardır, o insanların özləri Gürcüstandan qovuldu, heç  izləri, tozları da qalmadı”

“İnsanların yeganə gəlir mənbəyi olan bazarı da əlindən aldılar, uçurdular və məhsullar torpaqda qalıb, insanlar demək olar ki, aclıq qarşısındadırlar”

Son vaxtlar Borçalıda yaşayan soydaşlarımız gürcü millətçi və şovinist qruplarının nümayəndələri tərəfindən tez-tez təhqirlərə məruz qalır. Hətta məlumata görə, kəndlərdə gürcü millətçiləri tərəfindən təzyiqə məruz qalan, gürcülər tərəfindən döyülən gənclər də var. Məsələnin daha  gərgin tərəfi isə soydaşlarımızı təhqir edən millətçi gürcü gənclərinin səviyyəsini aşıb, bəzi gürcü alimlərinin də xalqımızı təhqir etməsidir.

Qeyd edək ki, bir neçə gün öncə, Əlyazmalar İnstitutunun rəhbəri Zaza Abaşidze öz “Feysbuk” hesbından “hamısını kəndə qapatmalısan və orda məhv olsunlar” demişdi və xalqımızın ünvanına təhqir dolu ifadələr işlətmişdi.

Maraqlıdır ki, soydaşlarımızı təhqir edən adamlar, eləcə də  bu “gürcü alimi”nin açıqlamaları təsadüfidir, yoxsa bunlara Gürcüstan hakimiyyətindən dəstək verənlər var? “Hürriyyət”in bu və digər suallarına cavab almaq məqsədilə Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanovla söhbətləşdik.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/bizi-buradan-kocurm%c9%99k-niyy%c9%99tin%c9%99-dusubl%c9%99r-deputat-az%c9%99r-suleymanov/)

“Biz Gürcüstan vətəndaşıyıq və bütün istəklərimizi də qanun qarşısında Gürcüstandan tələb edəcəyik”

– Etiraf etməliyik ki, Azərbaycan hökuməti də Borçalıda yaşayan azərbaycanlıların təhqir olunmasına heç reaksiya vermir. Bunu necə qarşılayırsınız?

– Biz Gürcüstan vətəndaşıyıq, bütün tələbimiz də, umu-küsümüz də Gürcüstan dövlətindəndir. Biz Gürcüstanın tamhüquqlu vətəndaşıyıq. Azərbaycan bizim canımız, ürəyimiz, qanımızdır, sevdiyimiz bir dövlətimizdir, amma Azərbaycan dövlətindən biz yalnız xahiş edə bilərik, heç nə tələb edə bilmərik. Bizim tələbimiz Gürcüstan dövlətindədir və bu dövlətdən tələb edirik ki, o separatçı insanlar dövlət qarşısında cavab versinlər və cəzasını çəksinlər, ən əsası da azərbaycanlılardan üzr istəsinlər.

O ki qaldı Azərbaycana, əlbəttə, mən minnətardarlıqdan başqa heç nə deyə bilmərəm. Çünki son zamanlar, bu koronavirus vaxtında da Azərbaycan dövləti Gürcüstanı, Gürcüstanda yaşayan azərbaycanlıları diqqətsiz qoymadı və demək olar ki, minlərlə ailələrə yardımlar verildi, dəstək oldu. Gürcüstanda yaşayan azərbaycanlılar adından, şəxsən öz adımdan cənab prezidentə şəxsi təşəkkürümü bildirmək istərdim. Biz Gürcüstan vətəndaşıyıq və bütün tələbimizi də qanun qarşısında Gürcüstandan tələb edəcəyik.

“Erməni əsilli “3 manatlıq gürcülər” var”

– Azər bəy, dediniz ki, “bizi Borçalıdan qovmaq istəyirlər”. Bu halda, milli dövlətmiz olaraq Azərbaycan dövləti sizlərə sahib çıxmalı deyilmi?

– Mən sizə açıq deyim, bizi qovmaq istəyənlər 90-cı illərdə də buna cəhd göstərdilər, ancaq çox pis nəticə ilə qurtardır, o insanların özləri Gürcüstandan qovuldu, heç  izləri, tozları da qalmadı. Biz bura kosmosdan, ya da başqa bir planetdən gəlməmişik. Biz əsrlərdir bu torpaqlarda yaşamışıq, bura bizim vətənimizdir. Ola bilsin erməni əsilli “3 manatlıq gürcülər” var. Bu, tam gürcü ailəsinin fikri deyil, yalnız sosial şəbəkələr “qəhrəman”larının fikridir və heç kimin bizi buradan qovlamağa nə gücü, səlahiyyəti, nə də imkanı çata bilməz. Sadəcə, bir neçə axmaq adamın fikirləridir və biz də buna yaxşı cavablarını veririk. Mən Gürcüstanda yaşayan gənclərimizə minnətdarlığımı bildirirəm, artıq çox yetişən gənclərimiz var, gürcü dilini mükəmməl bilirlər. Azərbaycanın, SOCAR şirkətinin bunda böyük rolu var, minlərlə azərbyacanlı Tiflisdə qaldı və orada universitetlər bitirdilər, gürcü dilində təhsil aldılar. Artıq gürcü ilə Gürcüstanın tarixi, keçmişi, gələcəyi haqqında mübarizə aparan bir gələcəyimiz var. Bir daha vurğulamaq istəyirəm, biz heç bir zaman separatçı olmamışıq və torpaq üçün canımızdan, qanımızda keçən insanlar olmuşuq.

“Savalan Mirzəyev öz fikrini bildirib və dövlətə müraciət edib”

– Gürcüstan parlamentində başqa azərbyacanlı deputatlar da var, onlar da sizinlə birlikdə azərbaycanlıları təhqir edən gürcülər barəsində Gürcüstan dövlətindən cəza tələb edirlər?

-Bilirsiniz, mən müxalifətdə olan bir deputatam. Xatırlayırsınızsa, mən Şvernadzenin vaxtında da ona qarşı gedən insan idim, milli məsələdə heç vaxt nə millət vəkillərindən, nə prezidentdən, nə də kimdənsə məslələt almamışam, ürəyimdən gələn təpərdir. Yəni onlar öz yerlərinə cavabdehdirlər, mən öz yerimə cavabdehəm, hər kəs öz  işini görür. Amma 1-2 yerdə gördüm ki, onlar da səsləniblər, fikirlərini bildiriblər. Savalan Mirzəyev öz fikrini bildirib və dövlətə müraciət edib.

“İnsanların yeganə gəlir mənbəyi olan bazarı da əlindən aldılar, uçurdular”

– Azər bəy, yeri gəlmişkən, sosial şəbəkədə Marneulidəki bazarın bağlanması müzakirə olunur. Bu, nə dərəcədə doğrudur? Bazar təzədən rekanstruksiya olunur, yoxsa…

-Gürcüstanda yaşayan azərbaycanlıların yaşadığı bölgələrdə, artıq Marneuli ilə Bolnisidə demək olar ki, blokada şəraitindəyik. Hitler Leninqradı (Sankt-Peterburq – red.) blokadaya salan kimi, demək olar ki, biz də burda blokada zonasındayıq. Artıq bazarları da əlimizdən alıblar. İnsanların yeganə gəlir mənbəyi olan bazarı da əlindən aldılar, uçurdular və məhsullar torpaqda qalıb, insanlar demək olar ki, aclıq qarşısındadırlar. Əgər 1-2 həftə də belə davam etsə, qarşıdan gələn 2021-ci ilin qış aylarını bu insanlar necə keçirəcəklər? Hər birini evləri demək olar banklarda girovdadır. Hər kəsin banklara borcu var. Demək olar ki, artıq Gürcüstanda yaşayan azərbaycanlıların davası vəzifə davası deyil, üzr istəyirəm, lapatka, fəhləlik və həyatda sağ qalmaq davasıdır. Yəni ölüm-dirim mübarizəsi gedir. Bunu da bu gün Gürcüstan hakimiyyəti və başda Gürcütanı qeyri-formal idarə edən Bidzina İvanişvili edir. Mən onu da deyə bilərəm ki, oktyabr ayında bunların sonudur. Çünki artıq gördüyünz kimi, Gürcüstanın hər yerində mitinqlər başlayıb, insanlar heç nəyə, nə komendat saatına, nə də belə blokadaya baxasıdır. İnsanlar artıq bu yaşayışdan bezib. İnsanlar açıq formada səslərini yüksəltməyə başladılar. Bildiyiniz kimi, bir neçə gün qabaq, Marneulidə bir neçə yerdə mitinq oldu və insanlar “Mişa”, “Mişa” qışqırmağa başladı. Artıq “Mişa” kömək simvoludur, kömək edin, deməkdir. Çünki “Mişa”nın vaxtında azərbyacanlılar tamhüquqlu vətəndaş hesab olunurdular, hər bir kəs torpağını öz adına keçirdi, islahatlar aparıldı, insanlar rahat nəfəs almağa başladı. Amma çox təəssüflər olsun ki, Gürcüstanın indiki vəziyyəti nəinki 90-cı illərdəki, 1941-45-ci illərdəki durumu xatırladır.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93